Tənbəl Əhməd

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Tənbəl Əhməd
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir padşahın üç qızı var idi. Padşahın xatırı istədi ki, qızlarına qonaq getsin. Əvvəlcə böyük qızına xəbər göndərdi ki, bu axşam vəzir-vüzəra ilə qonaq gələcəkdir. Qız qazanları dordurur, otaqları bəzəyir, çıraqban eləyir. Ayaqları altına payandaz döşəyir, böyük bir qonaqlıq hazırlayır. Padşah ətrafında vəzir-vəkil ilə gəlib yeyib-içir, gedəndə soruşur:

– Qızım, bu dövlət, bu cəlal sənin üçün hardandır?

– Ata, sənin dövlətindəndir.

Bu söz atasının xoşuna gəlir. Deyir ki, sağ ol, qızım. Sabahı günü ortancıl qızın üstünə xəbər göndərir ki, bu axşam ona qonağam, hazırlansın, vəzir-vüzəra ilə ona qonaq gələcəyəm. Ortancıl qızı da otaqları bəzətdi, çilçıraqları yandırtdı, küçələri süpürtdürdü, ayaqları altda payandaz saldırdı.

Padşah vəzir-vəkili ilə gəlib, yeyib-içdi, durub gedəndə soruşdu ki, qızım, bu dövlət, bu cəlal sənin üçün haradan?

Dedi:

– Atam sağ olsun, bu dövlət sənin dövlətindir.

Bu söz padşahın xoşuna gəldi:

– Sağ ol, qızım, – dedi.

Padşahın üçüncü qızı bunu eşitdi. Padşah bunun üçün də xəbər göndərdi. Amma kiçik qız eylə hazırlıq görmədi. Payandaz döşəmədi, nə də otaq bəzəmədi. Padşah vəzir-vüzarə ilə gəldi. Dərvişin oldu- ğundan nə tapdılar yedilər, içdilər. Padşah gedəndə qızından xəbər aldı ki, qızım, bu cəlal, bu dövlət sənin üçün haradan?

Qız dedi ki:

– Qismətim budur.

Bu söz padşaha çox acıq gəldi: necə yəni, qismətim budur? Mənim malımı-dövlətimi basıb yeyirsən və sora qismətim budur deyirsən?

Qız dedi:

– Öylədir, atam, çünki sənə də Allah verib, mən də ondan yeyirəm. Allah verməsəydi, nə sən yeyə bilərdin, nə də mən yeyərdim.

Sabah oldu. Padşah qızının boynunu vurdurmaq istədi. Vəzirlər padşahın əl-ayağına düşdülər:

– Ay padşah, hər nə olsa qızındır, yazıqdır, padşahlar arasında sənin üçün əyibdir, biabır olarsan: deyərlər ki, bax, padşah bir sözdən ötrü öz qızının boynunu vurdu.

Məsləhət gördülər, dedilər:

– Yaxşısı budur ki, onu bir yasaq adama ver, getsin acından ölsün.

Padşah razı oldu. Axtardılar, şəhərin qırağında yol üstə bir qorxaq və tənbəl Əhməd oturmuşdu. Bunun qırdan bir damı, bir də qocalmış anası vardı.Elə tənbəldi ki, yoldan ötənlər ağzına çörək versəydi yeyəcəkdi, yerə düşsəydi götürməzdi.

Qızı buna verdilər. Qız axşam gələndə tənbəl bir az cana gəlmişdi. Sabah oldu. Qız buna bir manat verdi:

– Al bunu.

Oğlan götürdü, getdi bazara. Bir sövdəgara tuş gəldi, soruşdu:

– Əhməd, haradan gəlirsən?

Dedi:

– Padşahın qızını veriblər mənə, o da bir manat verib ki, get bazardan şey-mey al. Amma ki, manatı da xırdalama. Qalmışam mətəl, necə eləyim?

Sövdəgar buna dedi:

– Gəl gedək mənim qatırlarıma qulluq elə. Axşam gedəndə o şeyləri mən alım verim sənə, artıq pul da verərəm.

Bu da getdi, qatırların altını-üstünü gördü, axşam olmamış sövdəgər gəldi. Deyir:

– Əhməd bu qumu görürsən, sabah bundan palçıq tutub dama salarsan, mən də sənə yenə şey-mey alıb verərəm, üstəlik pul da verərəm.

Bu qayıdanacan Əhməd o qumu palçıq tutub dama salır. Sövdəgar gəlib görür ki, bu sabahkı işin də yarısını görüb. Ona bir yekə nimçə aş, çörək və şey-meyləri ilə üstəlik pul verir, onu yola salır. Gənə sabah gəlib qatırlara baxmağı tapşırır, bir neçə gün boylə davam edir. Bir gün sövdəgar deyir:

– Əhməd, mən səfərə gedəcəyəm, səni də özümnən aparmaq istəyirəm. Nə deyirsən?

Əhməd deyir:

– Qoy gedim padşahın qızına məsləhət eləyim, görüm nə deyir.

Gedir padşahın qızına məsləhət eləyir. Padşahın qızı deyir ki:

– Eybi yoxdur, get.

Bunlar yola çıxırlar. Yol suları qurtarmışdı özləri də gəldilər yolun qırağında bir köhnə quyunun başına çatdılar. Bunlar dolçanı ipə bağlayıb quyuya saldılar, ip boş çıxır, deyirlər ki: “A insan, sinsən, nə sən? Biz öldük, suzunnan ölürük”.

Quyuya kim düşsün, kim düşsün, Əhməd. Əhmədin belinə ip bağlayıb salladılar. Əhməd görür quyunun dibində, suyun başında bir div oturub.

Dedi:

– Nöşün bizə su vermirsən?

Dedi:

– Saqqız ver, su verim.

Əhməd ipi tərpədir, çəkirlər yuxarı. Karvannan bir parça saqqız tapır, enir aşağı, verir divə. Div də su buraxır, özü də Əhmədə bir nar bağışlayır. Karvan atları tamam sirab olur.

Əhməd yuxarı çıxırdı ki, o biri yannan bir ayrı karvan gəlib, düşdü. Əhmədə saqqız verib, təzədən salladılar. Əhməd genə də karvanın özünü, atlarını sırab eləyir. Div yenə Əhmədə bir nar bağışladı. Gələn karvan Əhmədgilin şəhərinə gedirdi. Əhməd də bu iki narı və bir azda onunçun yığılmış pulu-xərcdiyi verib: “Filan yerdə, yolun kənarında bir damım var, bir qarı anamnan bir də əyəlim var, apararsan bu pulu və bu narları verərsən, deyərsən ki, bunları Əhməd göndərdi. Özləri gəldilər, İsfahana çatdılar, düşdülər karvansarada. Əhməd atların, qatırlarını qulluğunu elədi. Dedi ki, ürəgim tutulur, gedim bir şəhərdən qıraq gəzim özümçün. Çıxıb şəhərdən qıraq, gəldi çərhovuzun qırağında soyundu, çimdi və sora yatdı çərhovuzun üstündə. Bu dəmdə üç göyərçin gəldi, ağacın başına qondu. Quşlardan birisi dedi:

– Bacılı-bacılı.

Dedi:

– Can bacılı.

– Bu Əhmədi tanıyırsan?

Dedi:

– Nə Əhməd?

Dedi: – Bu həmən tənbəl Əhməddir ki, yolun qırağında qır damı vardı. Ağzına çörəyi versəydilər yeyərdi, yerə düşsəydi, tənbəlliynən götürməzdi. İndi həmən o şəhərin padşahının qızını buna verdilər ki getsin acınnan ölsün. Bu da sövdəgara rast gəlib bura çıxıb, gəl adama bir şey bağışlayax.

O birisi dedi:

– Yatıbdır oyaq, oyaqdır sayaq olsun, sayaqdır eşitsin: bu çərhovuzun dibində yeddi küp qızıl var. Mən onu bağışladım. Əhməd, durub qazıb çıxardarsan.

Əhməd bunu eşitdi və o biri dedi ki:

– Hindistan padşahının qızı naxoşdu onun dərmanı bu ağacdadır. Yarpağınnan qızın əndamına çəksən, qız sağalar, qızı da verəcəklər ona.

O birisi dedi:

– Əhmədin Hindistan şəhərinə getməsi üçün dəryaları keçməyi lazımdır. Mən də bu ağacın qabığından ona bağışladım. Hansı dəryaya vursa qabağına yol açılar.

Bunu da Əhməd eşitdi. Bunu deyib quşlar pırr eləyib ötdülər. Əhməd durdu çərhovuzun dibini qazdı. Gördü ki, bir dənə böyük daş çıxdı, əl atıb daşı qopartdı. Gördü bir daha mağara açıldı. Girib gördü ki, yeddi dənə küp ağzınacan dolu qızıldı. Zəncirlənib biri-birinə axırıncısın üstündə bir dana qızıl xoruz.

Sabah oradan qalxdılar, üçün çubuğundan da götürür. İndi Hindistana getməkdə olsunlar. Gəlirlər, qabaqlarına dərya çıxır, qalırlar dəryanın kənarında. Əhməd deyir ki, Allah kərimdi. Gecəni yatırlar burada. Gecə vaxtı Əhməd durub o çubuğu vurur dəryaya; dəryadan yol açılır bunlarcun. Səhər dururlar, görürlər ki, hacannan işdənmiş yoldur ki, özü qalxır. Gəlib axırda bu qız olan şəhərə çatırlar. Bular karvansarada düşməkdə olsunlar, Əhməd deyir:

– Mən bu şəhəri gəzmək istəyirəm.

Əhməd şəhərə çıxır. Bir dəst həkimlik libası alır, geyir əyninə, o yarpağı da qoyur cibinə. Padşahın imarətinin qabağında birisi bunu görür. Deyir:

– Eşitmişəm padşahın qızı naxoşdur. Gəlmişəm ki, onu müalicə eləyim. Get padşaha xəbər apar, deyinən taza həkim gəlib.

O adam gedib padşaha xəbər aparır. Padşah deyir:

– Gedin o həkimi götürün görüm, necə şeydir.

Götürüb gəlirlər. Padşah deyir ki, ey həkim, otuz doqquz həkimi zindana salmışam. And içmişəm qırx olsa, qırxının boynunu vurduracağam. Sən gəl buların qanına susama.

Əhməd deyir:

– Ey padşah, əgər mən qızını yaxşı edə bilməsəm, onların da əvəzinə mənim boynumu vur. Sabah mən gəlləm. Sən car çəkdirginən ki, bazar-dükan bağlı olsun. Qızıvı qaravaşlar aparsınlar hamama, mən də gəlləm ona dərman çəkərəm. Yaxşı olar.

Əhməd oradan gəlib soyunub paltarlarını gizlədir, atlara qulluq eləməyə başlayır.

Sabah olanda Əhməd genə də geyinib padşahın qapısına gəlir. Padşah da car çəkdirir ki, bazar-dükan bağlansın. Bir nəfər adam küçədə olmasın, qızım hamama gedəcək.

Qızı gətirib apardılar hamama. Əhməd də bu yannan getməkdə olsun hamama.

Əhməd bu qızı dörd əl-ayağından çəkir çarmıxa. Yarpağı yandırıb külünü isladıb yaxır qızın əndamına. Qıza bir çillə çəkir. Qız özünnən getdi. Haçandan-haçana qız özünə gəlib, gözünü açır. Görüblər ki, qız da zərrəcən heç naxoşluq yoxdur. Padşaha muşduluqçu gedir ki, qızın yaxşı oldu.

Padşah da hökm eləyib, payandaz döşənib hamamın qapısından padşahın evinəcən. Qızı aparıb evə. Əhmədi də padşah apartdırır öz yanına. Padşah Əhmədin özünə qonaqlıq, mərəkə eləyib deyir:

– Həkimbaşı, mən əhd eləmişdim ki, hər kim qızımı yaxşı eləsə, qızımı verim ona.

Əhməd də deyir:

– Baş üstə. Mənim də qəbulumdur. Ancaq sabah gəlib deyərəm sənə.

Əhməd bir vaxt xəbər tutdu ki, bayır axşam olub. Karvansaraya gəldi. Sövdəgər soruşdu:

– Əhməd harada idin?

Day Əhməd gizlədə bilmədi. Necə olmuşdu, macərasını ona danışdı. Dedi:

– Sövdəgər, bu dövlət də sənindir. Bu qızı da ki, mənə veriblər buların ikisi də sənindir.

Sövdəgər deyir:

– Yox Əhməd, hələ bu sənin qismətinmiş, hələ sənindi. Bağışlayıram sənə. Hindi Əhməd sənin bizim yanımızda qalmağın layıq döyül. Get sabah kəbinüvü kəsdir, qızı al, get vilayətüvə. Biz də sövdəmizi elərik, gələrik.

Əhməd deyir:

– Yox, mən səni qoyub getmərəm. Dövləti sənnən qazanmışam.

Bu çox deyir, sövdəgər az eşidir. Əhməd gedib padşahın qızını alır, sora gəlir sövdəgərin yanına. Sövdəgər deyir ona:

– Get beş-on dənə dəvə al, on-on beşi daha qutu və bir neçə top arşın malı al. Olarnan gedib həmən şəhərdə, həmən xəzinənin üstündə düşərsən. Oların hamısını gecəynən yığarsan sandıqlara, hər birinin üstünə bir top mal qoyarsan, mıxlarsan. Səni tutanda deyərsən ki, arşın malı almışam, vilayətimə aparıram satmağa. İnanmırsız, baxın. Əhməd də gedir tacirin sözüynən on-on iki dəvə alır. Bir gündə on-on iki sandıq və bir neçə top arşın malı gətirib gəlir. Sabahınan gəlir padşahın yanına ki, mən istəyirəm gedəm şəhərimizə.

Padşah deyir:

– Mənə bir həftə möhlət ver, qızım üçün kəcava bağlatdırım.

Padşah qıziçin kəcava bağlatdırıb qızı qoyur kəcavaya. Əhməd götürüb oradan qızı, kəcavaynan, bir neçə atnan həmən xəzinə olan şəhərə gəlməkdə olsun. Bunu qoyaq burada.

Xəbəri sizə kimdən, xəbəri Əhmədin arvadınnan. Sövdəgər pulları, narları götürüb evə vermişdi. Pullar xərclənməkdə idi. Bir gün Əhmədin anası dedi:

– Qızım, ürəyim yanır, dur oğlum göndərən narın birini kəs mənim üçün.

Gəlin durub narın birini kəsəndə gördü ki, içi cavahirlə doludur. O cavahirdən götürüb damın həndəvərini aldı. Qarıya da bir qədər pul verdi ki, getginən mənə daş yonan, daş çıxardan gör. Qarı da gedib bir bənna götürüb binanı yavaş-yavaş başladılar tikməyə. Bir ayın müddətində qız burada bir imarət tikdirdi ki, heç padşaha müyəssər dögül.

Dörəsinə də hasar-zad çəkdirib, həyətində bağ-bağça, bağçanın ortasından fəvvarə var. Gül öz bülbülün çağırır. Qul-qarabaş tutdu, necə ki, atasının evində bəxtəvərlik olurdu, bir az da onnan artıq eləməyə başladı. Bu burada qalmaqda olsun, danışım sizə Əhməddən. Əhməd gəlib həmən xəzinənin üstə düşdü. Gecəynən qızılları sandıqlara doldurdu, arşın malların da üstə qoydu və sandıqların ağızlarını mıxlayıb gəlməyə başladı. Əhməd öz şəhərin qırağına çatanda dəvələri şəhərin qırağında qoyub gedir evlərinə xəbər versin. Gəlir görür ki, qırlı damın yerində bir alt-üst imarət var, həyət qapısını taqqıldadır. Nökərlər, qullar xəbər verir:

– Ay xanım, bir atdı gəlib, içəri girmək istəyir.

Padşahın qızı gəlib qapının dalına xəbər alır:

– Ay qonaq, kimsən?

Əhməd deyir:

– Mənəm ey, mən.

– Sən kimsən?

Əhmədin adı yadından çıxır. Deyir ki, adım yadımdan çıxıb, gedim öyrənim gəlim. Əhməd gəlir şəhərin qırağına, adamlarınnan soruşur ki, mənim adım nədir. Deyirlər, ağa Əhməd. Əhməd təzədən gəlir adını deyir. Arvad da qapını açdırır, görür həqiqətdə Əhməddir. Əlini salır Əhmədin boynuna, götürür yuxarı. Əhməd ürəyində deyir ki, ey diliqafil mən getmişəm padşahın qızı görəsən nə edib ki, bu evi tikdirib. Çıxıb yuxarı, görür anası olub on dörd yaşında cavan. Anasıynan görüşür. Əmmə qaşqabağı hələ açılmayır. Padşahın qızı o saat xəbər tutur. Deyir:

– Əhməd, o şeylər ki, sənin fikrinnən keçir, oları qoy bir qırağa. Əhməd, sən göndərdigün narın birisini anam kəsmək istədi, ürəyi yanırdı. Kəsdim, içi dolu cavahir çıxdı, onun yarısıynan bu dəsgahı düzəltmişəm. Gətirib o birisini kəsdilər, gördülər bunun da içi cavahirdir. Qız dedi:

– A kişi, baxtım oğlanımış.

Dedi:

– Bunda hələ nə var? Dövləti mən gətirmişəm.

Dəvələri çəkir içəri. yüklərin vurur anbara. Sövdəgər də gəlir çıxır. Əhməd bir xonça cavahirdən düzəldir, aparır onun üçün. Çünki bunlar hamısı onun əyağınnandır.

Günlərin bir günü padşah evə gedirdi, qız uzaqdan bunu gördü, özünü on dörd qələmnən bəzədi, zinətləndi. Atası gəlib qapılarından keçəndə pəncərədən boylanıb baxırdı. Padişah başını götürüb gördü ki, öylə bir qızdı ki, misli şəhərdə yoxdu.

– Vay dad məni sancı dutdu.

Əlini qoydu boş bögrünə.

Vəzir gəldi:

– Padşah, sənə nə oldu?

– Məni tez aparın evə.

Qız gəldi Əhmədin yanına.

– Əhməd, hal-güzəran, macara belə. Sabah mənim atam mənim üçün elçi göndərəcək, sən də məni verərsən ona.

Əhməd dedi:

– A qız, arada kişini biyabır eləmiyəcəksən ki?

– Sənin işin olmasın.

Sabah oldu, gördülər ki, qapı döyüldü, Əhməd getdi qapıya, gördü vəzirdu. Vəzir dedi:

– Bəs elçiyə zaval yoxdu. Mən padşahın tərəfinnən gəlmişəm, sizdə bir qız var, onu padşah istəyir.

Əhməd dedi:

– O bir yetim qızdır, mənim bacımdır, qurban olsun padşaha.

Vəzir gəlib padşaha xəbər verdi:

– Ay padşah, aldım sənin üçün qızı.

Padşah deyir:

– Ey vəzir, sabah get gör adamımızı haçan verəcəklər və bizdən nə istəyirlər?

Sabah oldu, vəzir gəlib qapını döyür.

– Nə var?

– Padşah deyir adamımızı tez versin, nə istəyir bizdə aparaq.

Əhməd deyir:

– Qıza bəs nə istəyirsən?

Deyir ki:

– Beş kisə düyü, on dana qoyun, bir xəlvər un göndərsin.

Sabah hər nə padşaha layıq istəmişdi yolladı. Qız da aldı buları gətirib özündən o yana ötürdü. Padşah molla göndərdi, kəbin kəsildi. Cəlal-dəsgah ilə qızı apardılar, taxt qurdular. Qızı da qoydular gəlin otağına. Padşaha xəbər verdilər. Padşah gəldi gördü ki, qız oturub təxtin üstündə. Padşah içəri girən kimi qız qaçdı təxtin bu başından getdi oturdu o başında. Dalın da çevirdi atasına.

Padşah bir saat gözlədi, gördü olmıyacaq. Dedi ki:

– Ey, səni mənim üçün götürüblər, məni sənin üçün gətirməyiblər. Bir dedi, iki dedi, gördü olmadı. Üç dedikdə, qız başını açıb atasına baxdı:

– Ay utanmaz! Adam da öz qızını alar?

Padşah çox utandı.

– Ay dadı-bidad, bu necə şeydir? – dedi və gecəynən qızını evinə yola saldı.

Sabah oldu qızı, padşahı qonaq çağırdı. Padşah vəzir-vəkilnən gəlmişdi. Qız hamını buraxdı, atasını gecə qalmağa saxladı. Padşah bu dəm-dəsgaha baxıb təəccüblə soruşdu ki, qızım, bunlar haradan? Qız dedi:

– Ata, dövlətimi sabah görkəzəcəyəm, hələ bu harasıdı.

Sabah oldu. Əhməd gətirdiyi qızılları padşaha görkəzdi, padşahın ağzı açıla qaldı. Qız dedi:

– Ata, yadındadırmı mən sənə dedim ki, hamıya qismət verir. Sənin acığına gəldi. Sən də məni götürüb tənbəl Əhmədə verdin ki, mən gedim acınnan ölüm. Əmmə Əhməd ruzu dalınca getdi, qismətini axtardı və tapdı. İndi bu qismət belədi.

Padşah deyirdi:

– Oğlum Əhməd, o biri qızlarım bədbəxt olmuş. İndi gəl sən mənim tacıma, taxtıma sahib ol, mən də qocalmışam, gedim beş gün ibadət eliyim.

Onlar da yedi, içdi, muradına, yetişdi. O gün olsun ki, olmayanlar üçün olsun.