Tərəhhəm li, təkəlləm, ya ğəzalə
Tərəhhəm li, təkəlləm, ya ğəzalə Müəllif: Həsənəli xan Qaradaği |
Tərəhhəm li, təkəlləm, ya ğəzalə,
Ucaltma çərxə buncə ahü nalə.
Gəlüb göftarə şəkərriz olmaq,
Yaraşub sən kimi tutiməqalə.
Eylədür məh yüzində zülf, güya,
Urub məh dövrəsinə əbri-halə.
Götür yüzdən niqabın, aç cəmalın,
Ziya kəsb eylənür ondən hilalə.
Bənəfşəvardur başım dizimdə,
Düşüb eşqində yüz fikrü xəyalə.
Vüsalın hasili şəhdi-müsəffa,
Fəraqın hasilidür ahü nalə.
Yetişmiş başə ömrim, şimdi hicran,
Nəvaziş eyliyüb, dönmüş vüsalə.
Əyağ tək düşmüşəm başdən əyağə,
Əlim dut, saqiya, doldur piyalə.
Bana bir cam dut, saqi, o meydən,
Qılum hal əhlini heyran bu halə.
Pərişan eyliyən fikrü xəyalım,
Pərişan zülfidür, mişkin kəlalə.
Sızıldar ney kimi könlim dəmadəm,
Düşüb yüz picu tab zülfi-çalə.
Könül verdim o zülfə, əl götürdim,
Bu gündən kim uyubdur xəttü xalə.
Sərasər dağlanubdur misli-lalə,
Bu könlim qan yudub, yetmiş zəvalə.
Hal əhli yadə salmaz əhli-halı,
Nədən yeksər olubdur qeylü qalə?
Nədür bais, Qəradaği, cəhandə
Olubsən ğəmlərə buncə həvalə?