Məzmuna keç

Təraneyi-milli

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Təraneyi-milli
Müəllif: Məhəmməd Hadi

Çiraği-müzlimi-ümmid işıqlanmazmı, yanmazmı?
Siyəhru bəxtimiz ğədrü cəfasından utanmazmı?
Məzari-cəhldə xabideyi-qəflət oyanmazmı?
Maarif qönçəsilə gülşəni-ümmət donanmazm?
Usandı xamələr təhrirdən, millət usanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?
Girib biganələr ehramə oldu məzhəri-ne’mət,
Hicaz əhli hələ məxmurü məsti-badeyi-qəflət,
Buna qabilmi insan olmasın dəmbəsteyi-heyrət?
Müqəddəs həqqin istirdadə sə'y etməkdə hər millət,
Hüququn anlayıb da bu səfalətdən usanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?
Rəhi-millətdə himmətpərvəran ibzali-mal eylər,
Həmiyyətlə vətən təhsili-ikmalü cəmal eylər,
Həmiyyət olsa, övladi-vətən kəsbi-kəmal eylər,
Ricalın himməti-mərdanəsi qəl'i-cibal eylər*,
Dənaətdən, xəsasətdən, ləamətdən usanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?
Əsasi-şər'imiz cövdət, həmiyyət, sə'yü qeyrətdir,
İlahi, bəxtiyar olsun o kəs kim, əhli-himmətdir,
Vücudi aləmi-islam üçün fəxrü-şərafətdir,
Buyurmuş fəxri-aləm əsxiya əshabi-cənnətdir.
Hədisi-Mustafayə qəlbü vicdanlar inanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?
Ümumun rahətin dərpiş qılmaq şani-insandır,
Ümuri-xeyrə ehsan etmək ən məqbul ehsandır,
Təavün baisi-hürriyyəti-əbdi-əsirandır,
Edən kəsbi-təməddün qibtəbəxşi-əhli imkandır,
Olub huşyar bilməm novmi-səkrətdən usanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?
Həmiyyətpərvərani-aləm oldu vasili-amal,
Həmiyyət ilə etmişdir miləl tə’mini-istiqbal,
Nə yerdə himmət olsa, ol yerə məftundur iqbal,
Edər himmətlə millət iktisabi-şani-alülal.
Həvayi-nəfsə uymuş bihəmiyyətlər usanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?
Ziyanə uğradı sərsmayeyi-ömri-giranmayə,
Və "zəllə sə'yühüm"* bürhandır isbati-də'vayə,
Təalipərvəran şəhpərgüşadır ərşi-mə'nayə,
Olur infaq ilə insan nail birrü təqvayə,
Olub da nişvəyabi-cudi’ xissətdən usanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?
Kərəmkaran edər sərfi-məsan nəfi-ümmətdə,
Səzadırmı sən izzətlə yaşa, məxluq zillətdə?
Təhəmmül etməz insaniyyət, olsun xəlq zəhmətdə,
Olur məhzuz vicdan görsə xəlqi əmnü rahətdə,
Həya etməzmi nəfsin bəsləyənlər, bir utanmazmı?
Açıldı sübhü sadiq, xabdən millət oyanmazmı?
İrişdi hümmət ilə milləti-məs'udə məqsude,
Keçirdik ömri-qiymətdarı biz bihudə-bihudə,
Biz olduq əhli-xüsran, həmsəfərlər yetdilər sude,
Bu gün bizlərdən istikrah edir əqvami-mövcudə,
Dözərmi nifrətə, bilməm, həqarətdən usanmazmı,
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?
Həyatın mə'niyi-əslisi şəfqətdir, məhəbbətdir.
Cahanə gəlmədən mətlub xəlqüllahə xidmətdir,
İbadə xidmət etmək ən müqəddəs bir ibadətdir,
Şu ati beyti-naçizim kəlami-xatəmiyyətdir:
Olub bidar, bilməm, bu əsarətdən usanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?