Tellər oynadı
Görünüş
Tellər oynadı Müəllif: Cəfər Cabbarlı |
Bir mən idim, bir sən idin, bir də yamaclar ...
Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.
Onda ki, ağ umuzlara töküldü saçlar,
Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.
Bir biz idik, bir düz idi, bir də al boya...
Dağ başında uçan quşlar endilər çaya.
Sən dedin ki: "Bütün dünya qoy dönsün toya!"
Çaldı qaval, uzaq kənddə ellər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.
Endi duman örtü kimi dünya qarardı,
Ara-sıra əsən bir yel saçın darardı,
Onda ki, oynaq tellərin boynumu sardı
Çaxdı şimşək, coşdu sular, sellər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.