Məzmuna keç

Torpaq (Mikayıl Müşfiq)

Vikimənbə saytından
Torpaq
Müəllif: Mikayıl Müşfiq

Hər şeyin anası, qaynağı sənsən!
Sənin varlığına ölüm-itim yox.
Sən bütün-bütünə ruhsan, bədənsən,
Gözəl torpaq, sənə çox borcluyam, çoх!
Bu qardaşım ağac, bu dal, bu yarpaq,
Hamsını canladan sənin şirəndir.
İnsan da, ey qoca, ey köhnə torpaq,
Sənin hər addımda dəyişdirəndir!
Sən və mən bir ruhuq iki qalıbda,
Qara torpaq, səni yerdən alıb da
Göylərə qaldıran əməllərindir!
Sənə qüvvət verən, sənə ruh verən,
Çoraq çöllərini çiçəkləndirən
Mənim şən əməyim, alın tərimdir!