Məzmuna keç

Ustad Səməd ilə aşıq Valehin 3-cü deyişməsi

Vikimənbə saytından
Ustad Səməd ilə aşıq Valehin 3-cü deyişməsi
Müəllif: Aşıq Valeh — Aşıq Səməd
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Aşıq Səməd

Fikrin-zikrin gəzir uca göyləri,
Söylə görüm, Valeh, hara gedirsən?
Karvanların qatar-qatar dayanıb,
Söylə görüm, Valeh, hara gedirsən?

Aşıq Valeh

Fikrim edir asimanı ziyarət,
Eşit, ustad, deyim hara gedirəm.
Yükümü tutmuşəm ərşi-əladan,
Sevda üçün bir bazara gedirəm.

Aşıq Səməd

Yükünü tutmusan ərşi-əladan,
Qatarların gəlsin dərdi-bəladan.
Nəcəf çöllərindən, Məkkə binadan,
Söylə görüm, oğlum, hara gedirsən?

Aşıq Valeh

Dərsimi vermisən torət, qurandan,
İncildən, zaburdan, külli cahandan.
Yerdən, göydən, ərşdən, kürşdən, gümandan,
Onlar ilə zəncir dara gedirəm.

Aşıq Səməd

Səməd içib minbir eşqin camını,
Əzbər deyər hər xilqətin sanını.
Sənə bağışlayır öz karvanını,
Sahib sənsən, o bazara gedirsən.

Aşıq Valeh

Zərnigar Dərbənddə dönüb aslana,
Otuz doqquz aşıq salıb zindana.
Valehi çağırır deyiş meydana,
Canım ustad, o meydana gedirəm.