Uzun dərya
Uzun dərya Müəllif: Cəfər Cabbarlı |
(Siyahət xatiratımdan)
Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri-nihan, xalq görə işləri gündən də əyan, sən də ki, qalma nigaran, çünki sənə yazmayıram xeyli zaman, şeir və ya meir-filan; indi dayan mən sənə bir-bir səbəbin söyləyim: ol vaxt ki, mən yazmağı atdım, o zamandan yatıram evdə yanıncan; neçə gündür ki, gəlib üstümə molla oxuyur "yasin", Quran. Bəli, zahirdə dua eyləyir, amma ürəyindən tələsir, tezcə ölüm mən, qurula süfreyi-ehsan, gələ bu mollaya yağlı fisincan, oxuya bir-iki "yasin", ala on beş manat ondan da, xülasə bu naxoşluq səbəbin də deyirəm: işdən olunuz müxbir və halı, mən ölüm saxla sualı, mənə ver bircə məcalı, sözümün var hələ dalı: günü bir gün yığılıb beş nəfər insan ki, hamı pak müsəlman; özü də tazə cavan, hər biri bir şiri-jəyan, Rüstəmi-dəstan, danışıb olduq hamı birgə bir "Gömurnat bağı" səmtinə rəvan, bircə dayan, gör hələ daldan nə gəlir: tez gedib ol dəmdə oturduq, üçü əyləşdi yerə, mən də ki, Əhmədlə ayaq üstə durduq. Danışırdıq, gülüşürdük; gəzişən qızlara hərdəm sataşırdıq, gedib hər dəm də olara qarışırdıq ki, bizə bir dənə "balvan!” da deyib qovlayalar, ta ki, o dəmdə qayıdıb kor-peşman dayanırdıq yenə əvvəlki yer üstə... geri baxdıqda nə gördük ki, gəlir bir yekə dəstə, hamısı xırda uşaqdır, yasavul boyları bəstə; o ki, bulvarda muzik-zad da çalırlar. Oturub cümləsi bizdən o yana, oldular həm söhbətə məşğul, sözü qılmayıram tul: qərəz Tanrıbala anladi karı, cumub ol vaxt ayağa dedi ki: getməliyəm, mən onu tutdum: səni tanrı, oturubsan hələ bir qədri də barı! Bu oturdu. Bu tərəfdən də Kərim xan çənəsin əydi ki, bu xırda uşaqlar bizi döyməkliyə olmuş hamı hazır; onu da Məşdi Hacı eylədi rahət. O zaman mən də bilirdim iş alıb özgə qiyafət. Ayağa durdu o dəm bircə yasavul, dedi: ey şəxs filani! Niyə siz Qardaşımı döymisiniz? Onda dedim: aşna, demə böylə yalanı, hamımız pak müsəlman, eləyirlər bizə böhtan; bu zaman bir səs eşitdim ki; qaçın, adə, gəlirlər, qaçın ha... Gəldi ayaqlar səsi. Amma mən utandım, hələ bir qədər dayandım. Birisi söylədi, ey şəxs "maşannik!”. Necə yoldaşsınız! Oldəm geri baxdım ki, sayım, bir də nə gördüm, hamı qaçmış, hələ mən bircə nəfər qalmışam. Üz tutdum olara, dedim: and olsun əziz canınıza, təkcə mənəm, hər nə bilirsiz, ediniz. Birisi dedi: əl çəkiniz ondan tutunuz yerdə qalanları! Qaçanları vurunuz öylə, bədəndən çıxa canları... Xülasə, bu da baş tutmadı. Birisi yapışıb onda yaxamdan məni saldı təpik altına; vah, vah nə yedin turşu-şirin, vur ki, vurasan. Təpik ol dəmdə ilişdi gözümə; sanki alov çıxdı gözümdən, burada getdim özümdən. Oyanıb bir də nə gördüm ki, öz evimizdəyəm, arvadlar hamı cəmləşib başıma; birisi de¬yib ağlar, birisi başımı bağlar. Dedim: aya, nə olubdur, ayağa durmağa cəhd eylədim, amma ki, nə gördüm daha yox məndə nə taqət, nə filan, Allah aman, halını olubdur nə yaman... Ay Baba! Oldur ki, sənə xeyli zaman yazmayıram; çox yatıram evdə, yanıncan hələ fikr eyləyirəm, bəs nə olubdur mənə, əhvalımı etmiş belə məğşuş, oluram saniyədə beş yüz on altı kərə bihuş, Baba, sözlərimə yaxşı elə guş, gəlir bircə bu söz yadıma ki, onda mənim yoldaşımın birisi... ki qaçırdı özü, amma ki, deyirdi bu sözü:
Dövrəmi aldı duman,
Mən qaçıram, sən də qaç!
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Mərd olan insan qaçar,
Ta ki, qurtarsın təni,
Sən də yerin varsa qaç;
Yoxsa əzərlər səni.
Gər dayanırsan dayan,
Əfv elə bu bəndəni.
Dursam əgər burda mən,
Xub döyəcəklər məni.
Yox ki başımda saman,
Mən qaçıram, sən də qaç!
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Mən dəliyəm ki, salım
Öz başımı cəncələ?
Sən ki, dayandın, işin
Düşdü yaman əngələ.
Vaxt var ikən qaçım,
Sən də ki, sağ ol hələ.
Yoxsa düşərmi belə
Qaçmağa fürsət ələ?
Salma mənə heç güman,
Mən qaçıram sən də qaç;
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Əhməd uzun qıçlıdır,
Qaçdı qurtardı özün;
Qaldı ki, o Mir Bəğəl,
Söyləmirəm heç sözün;
Mən də ki, heç durmaram;
Söyləyirəm lap düzün;
Tanrıbala döyülüb;
Qan bürüyübdür gözün,
Ensə yerə asiman,
Mən qaçıram, sən də qaç!
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Bir də nə gördüm, qaçır
Tülkü kimi Mir Bəğəl,
Qaçdığı dovşan kimi
Gözdən itiblər əzəl.
Ortada mən qalmışam,
Heç yerə çatmaz əl;
Söylədi ruhum o dəm
Cismimə: - Ey kəməhhəl!
Etmə məni imtahan,
Mən qaçıram, sən də qaç!
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Cism sərildi yerə.
Oldu cida huşdan;
Qan damarıma donub,
Düşdü daha cuşdən,
San qaçırıb "Maryanı"
İntelligent duşdən;
Bircə bu üç kəlmə söz
Çəkməyir əl guşdən:
Mən qaçıram, sən də qaç!
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Babacan, bir gecə evdə oturub fikr edirdim. Necədir millətin halı, nədədir fikrü xəyalı? Oturub xəlvət ev içrə verir idim özümə belə zorba sualı: ki, on ildir bu bizim qəzetçilər gündə yazır zorba məqalə, hamısı zor eləyib əqlü kəmalə, bu hünərlər hələ nəsr ilə deyil, bir də görürsən yazılıb şeir-filan, yarısı yalan, müxtəsər hansına baxarsan hamı "hürriyyəti-nisvan" - deyə fəryad qılır, aləmi bərbad qılır. Bəzi yazır: qız oxuyub alsın ədəb, şarei-əqdəs dəxi etmişdi tələb, diqqət ilə fikir verilsə görülər qızlar hamı olmalıdır ər kimi azadə ki, heç kəs ona bir söz deməyə etməyə cürət, atıla pərdeyi-zülmət, yaxıla hayili-nikbət, gəzə hər yan, dolana xürrəmü xəndan, girə cəmiyyətə, ya başqa bu cür milli məkanə daha evdə oturub gəlməyə canə, o zamanlar ki, çəkir isti zəmanə, əriyib istidən evdə nə dönə zorba piyanə, sənə qurban belə biüzrü bəhanə, ola ərlər kimi onlar dəxi bir sahibi-fərman, edilə işləri asan, daha qultək satılıb, qalmayalar zarü pərişan, dili-büryan, gözü giryan, ürəyi lalə kimi dopdolu al-qan, nə sayılsın dəxi heyvan, nə döyülsün, nə də qol-qıçı əzilsin, hamı insan sayıla, bəlkə bu biçarə yazıq millətə dərman tapıla.
Bəli, bu məsələyə səs verən oldu, nə qədər əhli-əba, molla yava, səbri-əda, kani-vəfa, bir də ki, Şiraz ilə Tabriz arasından yığılan molla öküzlər, olar hərçənd ki, öz xeyrini gözlər, deyəcəklər ki, hamı qızlara lazım deyil əsla, oxuyub elm bilə, gündə otuz dəfə gərək qız döyülə, həm söyülə, dinsə əgər ağzına vursun əri şillə, şapalaq, peysərinə bir-iki yumruq, belinə bircə təpik, qıçlarına bir neçə toppuz və çomaq, ta əzilə əl-ayağı, həm göyərə, həm də şişə dil-dodağı, hasili ömrün keçirə böylə səyaq ilə ki, ərz eyləmişəm.
Hə, nə deyirdim ki, bayaq mən oturub fikr qılırdım, arabir öz-özümə belə deyirdim: nə qədər qəztəçilər dad elədi, bəhsdə lap ad elədi, qızları dilşad elədi, mən kimi bu dad ilə bidad ilə, fəryad ilə, azad qılıb eylədilər şadü-xürrəm. Ham "hürriyyəti-nisvan", ham azadeyi-insan, nə səbəblə buna əfrad müsəlman, çalışıb eyləməyir şövq ilə çarə, harada qaldı o fəryad-fəğan, yenə oldu haman köhnə daban, bəs o zaman söylədilər millət oyandı. Hamısı bidəti dandı, zərərin xeyrinə qandı, budamı oldu fəsanə, atılıb getdi o yanə, bu da baş tutmadı, iş qaldı çobanə, yenə qızlar oda yandı, hamı möhnətdən usandı, yorulub, həm əzilib bir ölü tək yerdə uzandı. Baba, bu işlərə baxdıqca mənim halım olur xeyli pərişan, o zaman əl uzadıb bir qəzet aldım ələ, gördüm ki, yazıb əşrəfi-dövran, o nədir? Əxri-müsəlman ki, onun ruhuna qurban, adı da çıxdı yadımdan, o ki hər gündə otuz beş opera ortalığa tullayır asan, hamısında yazılıb yaxşı qəzəllər, hamısı aşiqi sözlər, oxuduqca adamın ruhunu yellər, bu sayaq şeir yazan olmayıb əsla, nə əzəldə, nə də axırda olar, kim budu bir şairi-mütləq, özü də etmiş özün lap o Füzuli babaya varis, bər haqq; vinovat, çıxdım, özümdən mən ölüm sınma sözümdən, yazıb axırda belə eylədi: a müsəlman! Bu da bir ilk qədəmdir ki, bizim səhnəyə də çıxdı xanım, həm oxudu şurilə şahnaz, arada oynadı bir az, atılıb getdi o gözəl bığlı xanım, yəni ki, ağdamlı canım, qız rolunu qız ifa edəcək, zor və hünər göstərəcək, bu şərəflə bu günə müslüm olan "Yomi-müqəddəs” deyərək, zərlə də tariximizə yazmalıdır. Mən burada söyləyim: ay can, nə gözəl oldu, müsəlman qızı da səhnəyə çıxmış, nə qəşəng iş, nə müqəddəs əməl, indi deyərəm səhnə dirildi, babacan, lap bu zaman qəlbim olub xürrəmü xəndan, otura bilmədim olvaxt sevincimdən, o dəm durdum ayağa, atılıb düşdüm otağa, qapını bağlayıban, körpə uşaq tək yüyürüb getdim uzağa. Tez əl atdım papağa, qapıb atdım göyə, urra deyə bir dəfə papaq düşdü sola, sonra da sağa, bu səfər düşdü qabağa, yenə də millət oyandı, daha urra deyə atdım papağı, düşdü o dəm yanmış ocağa, alışıb yandı bütün, lap külə döndü, ürəyim burda döyündü, azacıq şadlığımın şiddəti söndü, bəcəhənnəm ki, papaq kül kimi yanmış, döndüm geri, tapdım qəzeti, ta oxuyub o gözəl işdən, hələ o ilk qədəmdən olum halı, oxudum bir də nə gördüm, Baba can, səhnəyə çıxmışdım “madam Vaskanyan", Allah aman, heyif o papaqdan, bunu, ey kaş oxuyaydım haman əvvəlcə bayaqdan, təzədən bir də yüyürdüm ki, görüm bəlkə papaq sovxa dirilmiş, hələ bu dəfə də heç zərrə qədər kül də papaqdan yox idi, qəlbdə dərdim çox idi, kor-peşman oturub orda yerə söylədim: ey qəzetə yazanlar, bu nə işdir, tutaq operaçı nəfi üçün böylə edir, siz nə üçün qəzetənizə dərc qılıb xalqa verirsiniz? Burada bir təzəlik yox ki, əzəldən də "madam Liza və ya “Şura"-filan səhnədə tutmuşdu məkan, bir yekə meydan, yox idi bircə müsəlman, yenə də şükr ola ağdamlı özü pak müsəlman tapılır, naz ilə segah oxuyur, biz bilir idik bunu ki, səhnədə yox müslümə, ol səhnə işin qeyrə veriblər, olan qəsdimizə halı ediblər. Hələ, bişəkk, bizə xeyli gülüblər, işimiz ləng ikən ancaq papağım yandı nahaq, bir buna bax! Ortaya atmış özünü, millət oyandı, ay aman, mən də dedim, bəs nə olubdur? Nə olubdur? Nə olubdur?
Nə olub səhnəyə çıxmışdır "Arus Vaskanyan".
Nəzər etdikdə, yenə köhnə qapı, köhnə daban.
Mən dedim şükr ola ki, müslümə çıxmış araya,
Olacaq bir gün üzüm isti dəyərsə qoraya.
Bizə daim o gülənlər hanı, gəlsin buraya;
Baxıram millət oyandı, sözü qalmış soraya.
Hələ tərif olunur bircə dama Vaskanyan,
Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban.
Atılıb düşdüm o qədri ki, yoruldu ayağım,
Heç nə yox, boş yerə manqalda yaxıldı papağım.
İşi də əksinə gördükdə pozuldu damağım;
Bunu görcək, ay Baba, gəldi mənim ağlamağım;
Nə bilim ortaya çıxmışdır "Arus Vaskanyan",
Nəzər etdikdə, yenə köhnə qapı, köhnə daban.
Mən dedim hansı xanımdır görəsən eyləmiş ad,
Səhnəyə çıxmaq ilə millətini eylədi şad.
Görünür eylədi nisvanı qəzetlər azad.
Yoxsa heç ortada bir şey yox imiş qeyri-təzad.
Demə çıxmış araya bircə madam Vaskanyan,
Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban.
Bu isə ilk qədəm, yol ver, a millət başına,
Ağla, çünki yenidən çıxdı şərik bozbaşına.
Özün azca yemisən, get xəbər et yoldaşına,
Bu sayaq ilk qədəm dəysin əmi, öz başına!
Nə imiş ilk qədəm: bircə Arus Vaskanyan,
Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban.