Vidadi ilə müşairə
| Vidadi ilə müşahirə Müəllif: Molla Pənah Vaqif |
Vaqif, nə tez sənəmlərdən əl çəkdin,
Birin bir inəyə qiymət eylərsən,
Hələ sonra keçiyə də enərsən,
Alsa müştəriyə minnət eylərsən.
Demədimmi alma ağ dəyənəyi,
Danadan, buzovdan etmə hənəyi,
İndi nə çox istəyibsən inəyi,
Hələ sonra daha şiddət eylərsən.
Dovtələb olubsan, gedibsən xandan,
Ölüncə çıxmanam ta gülüstandan,
İnşaallah çalışsan, habelə candan,
Hər nə desən bir aqibət eylərsən.
Bir igidsən, işlərində daim ol,
Demənəm ki, qəflət eylə, naim ol,
Xan buyuran qulluqlarda qaim ol,
Gör düşmənə nə həqarət eylərsən.
Əgər Allah xana verə nüsrətlər,
Zaye olmaz heç çəkdiyin zəhmətlər,
Başa gəlir eylədiyin niyyətlər,
Gər sidq ilə nəngü qeyrət eylərsən.
Quşçu Namazəli yeyib-yatmasın,
Daim sözün məsləhətə qatmasın,
Çox da özün hər meydana atmasın,
Qafil о igidi xiffət eylərsən.
Bizim Abdullahın vardır qədəmi,
Onun da ha imdi gəlibdir dəmi,
Yenə qoymaz о Gəncədə adəmi,
Əgər ki, sən bir işarət eylərsən.
Baqqal ilən Əli müştağındadır,
Molla Səfərəli fərağındadır,
Xeyrin olsun hər kəs yığnağındadır,
Onlar ilən zövqü işrət eylərsən.
Biz də təşrif buyurmuşduq bağacan,
Eşitdik gəldiyin Nəsib ağadan.
Mən ha bilməz idim ta bu çağacan,
İndi bildim hünər, cürət eylərsən.