Məzmuna keç

Vədə vermişdür nədən ol yar gəlsün, gəlmədi

Vikimənbə saytından
Vədə vermişdür nədən ol yar gəlsün, gəlmədi
Müəllif: Həsənəli xan Qaradaği

Vədə vermişdür nədən ol yar gəlsün, gəlmədi?
Tuti dillü bir şəkərgöftar gəlsün, gəlmədi.

Əldə mey camın dutub, göz intizarın çəkmişəm,
Gözlərəm ol gözləri xümar gəlsün, gəlmədi.

Hər yetən kimsə könül mülkinü viran eylədi,
Mən dedim dil sahibi sərdar gəlsün, gəlmədi.

Bu qədər təxir eylər, ya Rəbb, nə olmuş, bilməzəm,
Gəlməmək fikri olub, ya var, gəlsün, gəlmədi.

Ol vəfalu bivəfa olmaz, nədəndür bilməzəm
Əhd edüb bir bu qədər, zinhar, gəlsün, gəlmədi.

Ya xətayə uğradı, ya kəmxüllətidən istədi,
Ahu gözlü, kəc baxış dildar gəlsün, gəlmədi.

Könlim istər, əl yetişməz, ey Qəradaği, nedim,
Bu xəzan içrə dedim, gülzar gəlsün, gəlmədi.