Valeh və Zərnigar dastanı

Vikimənbə saytından
Valeh və Zərnigar dastanı
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Bu qoca dünyada ömrə yox vəfa.
Görən olacaqdı nələr dünyada?
İnsan olan şirin-şirin danışar,
Heyvan olan gedər mələr dünyada.

Üstündən el keçmiş dağlar görmüşəm.
Çapılmış, talanmış bağlar görmüşəm.
Mənəm, deyənləri ağlar görmüşəm,
Kimi ağlar, kimi gülər dünyada.

Yeddi yeyər, səkkiz səkər, beş mələr,
Mənəm deyənlərin yurdu heç mələr.
Qaynar bulaq, axar çaylar, çeşmələr,
Necə olacaqdır, sular dünyada.

Səməd ki, var bir quruca cəsətdir,
Ölüm ki, var bu hamıya qismətdir.
Çarxı fələkdə bu necə mürvətdir,
Cavan oğlanlar da ölür dünyada.

Aşıqlar ustadnaməni bir deməyiblər, biz də deyək iki olsun.
Təmiz xəyalların, saf ürəklərin,
Zimistanı çönər novbahar olar.
Xain fasiqlərin, zalım kəslərin,
Baharlı günləri çovğun – qar olar.

İnsan yaranıbdı yaratmaq üçün,
Bağban mahir olar bar artmaq üçün
Əmək şöhrət tapar var artmaq üçün,
Düz əməl sahibi ixtiyar olar.

Deyən varmı, xain artar, ucalar.
Yaltaq çuğul səadətdən bac alar.
Xalqın sevən nə ölər, nə qocalar,
Əsirlər dəyişdikcə bərqərar olar.

Bəşəriyyət dövran üçün deyilmi?
Şən yaşamaq hər can üçün deyilmi?
Mehribanlıq insan üçün deyilmi?
Xaspoladın sözü eldə car olar.

Ustadlar ustadnaməni iki deyiblər, üç deyiblər. Biz də deyək üç olsun, düşmənin ömrü puç olsun.

Həyat bir məktəbdir min –bir mənalı.
Hər insan öz yolun tutub, gedəcək.
Aqillər gəzəcək səadət tapa,
Nadanlar qəflətdə yatıb, gedəcək!

Çalış, hər əməlin sənin, düz olsun,
Fikrin-zikrin xəlsalətli söz olsun,
Mehriban ol, dost tanışın yüz olsun.
Hər kəs layiqini tapıb, gedəcək!

Vara arxalanıb mənəm deyənlər,
Tənə üçün fəxri libas geyənlər,
Yaltaqlıq eyləyib çörək yeyənlər,
Namusun, qeyrətin satıb, gedəcək!

Təbib olub, dərdə dərman verənlər,
Hakim olub, xalqa devran verənlər,
Mənəm deyib, hər gün fərman verənlər,
Əldən ixtiyarın atıb, gedəcək!

Xaspolad sadiqdir, bilir görənlər.
Ədalət naminə devran sürənlər.
Xalqını-yurdunu candan sevənlər,
Mətləb-muradına çatıb, gedəcək!
 
Sizə hardan xəbər verim Qarabağ mahalının Ab¬dal-Gülablı kəndindən. Bəli, elə ki, Aşıq Valeh aşıqlıq sənəti ilə eldə məşhurlaşdı, hər mahalda tanındı, bütün vaxtı el şənliklərində olurdu. Bir gün, Səməd adlı bir cavan oğlan gəldi Valehin yanına, xahiş etdi ki, onu özünə şagird qəbul etsin. Valeh dedi, cavan adın Səməd olmasa idi səni qəbul edərdim. Çünki mənim də ustadımın adı Səməddir.

Gələcəkdə kimi deyəcək Səməd Valehin ustadı olub, kimi deyəcək, yox, şagirdi olub, ona görə səni şagird qəbul edə bilməyəcəm.
 
Cavan Səməd ustad Səməddən xahiş edir ki, Valehə desin onu şagird qəbul etsin. Bəli, ustad Səməd Valehə dedi, ustadın ustad adı var, şagirdin şagird. Oğlanı şagird qəbul etdi. Beləliklə cavan Səməd Valehə şagird oldu.
Elə olurdu ki, Valeh aylarla səfərdə olurdu, ona görə də atası Valehi öz qardaşı qızı Sənəmə nişanladı ki, Valeh sox uzaqlara getməsin. Valeh hara getsə şagirdi Səmədi də özü ilə aparardı.
Bir gün Valeh Arazbar kəndində bir falçı qarının adamları aldatdığını qarıya sübut etdi, həmin axşam Arazbar kəndində məclis qurdular. Çaldılar, çağırdılar həmin qarı da məclisdə olur. Səhər Valeh Səmədlə kənd¬dən gedəndə həmin qarı Səmədi yanlayıb deyir ki, oğlan əvəzsiz aşıqsan, ancaq sən nə qədər Valeh ilə aşıqlıq etsən hörmətin olmayacaq. İstəyirsənsə hörmətin ola, Valehdən ayrıl tək aşıqlıq et.
Qarının hiyləsi Səmədi aldadır. Səməd yarımçıq ola-ola Valehdən ayrılır. Başlayır tək hərlənməyə. Hansı kəndə gedirsə görənlər deyir, oğlan bəs ustadın Valeh hanı? Səməd nə qədər hərlənirsə bir deyən olmayır ki, çal-çağır. Belə olanda Səməd öz-özünə deyir: belə olmadı, mən gərək elə bir səmtə gedəm ki, orda Valeh tanınmaya. Bəlkə onda məni bir aşıq kimi qəbul edələr.
Beləliklə, Səməd üz tutur Dağıstan tərəfə. Gəzə-gəzə gedir çıxır Dəmir Qapı Dərbəndə. İndi xəbər eşidin, Dəmir Qapı Dərbənddə tacir Süleymanın qızı Zərnigar xanımdan.
Zərnigar xanım atanın-ananın bircəsi olduğu üçün atası onu üç dildə məsul olmağa nail etmişdir. Odur ki, Zərnigar xanım hər elmə müyəssər olmaqla yanaşı, həm də təbli bir şairə idi. Saz çalıb, söz oxumaqda üstün məharəti var idi. Atası vəfat edəndən sonra Zərnigar babası dəmirçi Muradın himayəsində qalır. Həddi- buluğa çatanda Zərnigarın gözəlliyindən çox, varına aşiq olanlar başlayırlar Zərnigara elçi düşməyə.
Zərnigar babasından xahiş edir ki, onun ərə getmək ixtiyarını özünə versin. Babası onun xahişini qəbul edir, gələn elçilərə Zərnigar özü cavab verir, get-gedə elçilərin sayı artır. O öz-özünə deyir: – Mən bu elçilərin hansınasa – razılıq versəm, yox dediklərim onu məhv edəcək. İndi mən başqa yol tapmalıyam. Axır bir qərara gəlir. Gedir Dərbəndin hökmdarı Şabəndə bəyin hüzuruna və deyir: – Bəy sağ olsun, mən gəlmişəm sizdən təvəqqe edəm, car çəkib hər yana xəbər çatdırasınız ki, mən o adama ərə gedəcəm ki, o adam mənimlə saz ilə deyişə, deyişmədə mənə üstün gələ. Mənim ilə deyişib məğlub olanları dustaq edib zindana salacam, aciz qalanların sayı qırxa çatanda hamısının boynunu vuracam.
Şabəndə bəy Zərnigarın təklifini qəbul edib, bütün Dağıstana xəbər çatdırır. Deməli, Səməd Dəmir Qapı Dərbəndə çatanda, Zərnigarla meydan açıb aciz qalanların sayı otuz səkkizə çatmışdır. Heç nədən xəbəri yox Səməd küçə ilə gedərkən onu Zərnigarın kənizi görür və onu Zərnigarın imarətinə aparır.
Səməd Zərnigarı görəndə sevinir ki, burda xeyri olacaq.
Səməd bərabərə çatır, salam verib, cavab alır.
Zərnigar deyir: – Aşıq, adın nədir?
Səməd deyir: – Xanım, adım Səməddir.
Zərnigar deyir: – Səməd nədir? - deyir addır də.
Zərnigar deyir: – Əlindəki nədir? – deyir, sazdır də.
Zərnigar deyir: – Saz nə deməkdir?
Səməd deyir : – Çalğı alətidir.
Zərnigar deyir: – Hansı bazarın aşiqisən və xiridarın kimlərdir?
Səməd deyir: – Xanım siz məni başa düşmədiniz, mən saz aşiqiyəm, çalıb oxuyuram.
 Zərnigar kənizlərə deyir: – Aşığı məqamına aparın. Kənizlər Səmədin sazını əlindən alıb aparıb salırlar aşiqlər olan zindana.
 Zindana girəndən sonra Səməd məsələni başa düşdü. Gecə zindanda olanlar ölümləri yaxınlaşdığını yəqin etdilər. Zərnigar dustaqlara üç gündən bir hərəsinə bir çörək verərdi.
 Səhəri yenə də adəti üzrə zindanı açdırdı. Üç adama bir çörək paylatdı, qayıtmaq istəyəndə Səməd dedi:
– Xanım bizi bu zindana nə üçün saldırmısan?
Zərnigar dedi: – Bilmədiyiniz sənətin sənətkarı olduğu¬nuz üçün.
Səməd dedi: – Ay xanım, biz cücə -plov aşiqiyik, sənin tayın - bərabərin qalıb yerlə, göylə əlləşə-əlləşə, sən də haylayıb bizi doldurmusan bu zindana.
Zərnigar deyir: – Qoçağım, belə danışmaqda yəqin bir ümid yerin var. Kimdir mənim o, bərabərim?
Səməd dedi: – Mənim ustadım.
Zərnigar dedi: - Sənin ustadın kimdir və adı nədir, özü haralıdır?
Səməd dedi: – Adı aşıq Valehdir, 25 yaşı var, özü də Qarabağ mahalının Abdal – Gülablı kəndindəndir.
Zərnigar: – Ona namə yazsam bura gələrmi?
Səməd: –Yerini bilsə naməsiz də gələr. İş belə olanda Zərnigar Səmədin qandalını açdırdı gətirdi öz mənzilinə dedi ki, oğlan, indi mən sənin o, ustadına mək¬tub yazacam, gör sənin ustadın ona cavab verə biləcəkmi? Pəri adlı kənizi kağız-qələm götürdü, görək Zərnigar nə deyir, Pəri nə yazır:

Zərnigar

Bizdən salam olsun aşıq Valehə,
Əgər aşıqsansa bu meydana gəl.
Ya aşıqlıq adın götür üstündən,
Ya hünərin varsa bu devrana gəl.

Səməd dedi: – Xanım, gözəl dedin, ikinci bəndi elə de ki, bu meydanın şərti – cəfasın bilsin.

Zərnigar

Dilimdən çıxıbdır bir belə ilqar,
Kim məni bağlasa ollam ona yar,
Aşıqlar sərindən tikdirrəm minar,
Əgər qıyar olsan, şirin cana, gəl.
Səməd dedi: – Xanım, gözəl dedin, üçüncü bəndi elə de ki, o bilsinki bura ondan qabaq da gələn var.

Zərnigar

Necə aşıqları eyləmişəm bənd,
Əyağında kündə, boynunda kəmənd,
Adım Zərnigardı, məkanım Dərbənd,
Məni anar olsan Dağıstana gəl.

Bəli, sözlər tamama yetdi. Zərnigar yenə də Səmədi zindana göndərdi. Səhəri iki nəfər bacarıqlı cavan ləzgi çağırdı dedi: – Qoçaqlarım, atlanın mənim bu naməmi aparın Qarabağ mahalının Abdal-Gülablı kəndində aşıq Valehə çatdırın. Cavabın da alın gətirin.
Bəli, ləzgilər naməni alıb Qarabağa yol elədilər. Soraqlaşa-soraqlaşa Abdal - Gülablı əkənəklərinə çatanda gördülər bir yaşlı kişi xış ilə yer əkir.
Ləzginin biri dedi: – Yaxşı aşığın cəmaəti də hazır¬cavab olur. Bu qocaya bir söz deyəcəm.
Ləzgi dedi: – Ay dayı bizim bir abbası pulumuz var, özümüz də acıq, sizin yerdə o abbasını nəyə verək ki, həm yeyək doyaq, yerdə qalanını da yenə bir abbasıya sata bilək.
Qoca fikirləşməmiş deyir ki, kəndin girəcəyində qəssabxana var. Kəl qarnını bir abbasıya verirlər. Bir kəl qarnı alın, içalatın yeyin, ətini satın həm qarnınız doysun, həm də pulunuz olsun.
Ləzgilər dinmədilər, gedib kəndə çatdılar. Gördülər kənddə toy var. Getdilər toya qonaq oldular. Toy çox təmtəraqlı toy idi. Axşam xeyli zurna çalındı, oynadılar, güldülər, toy bəyi dedi, indi də aşıq Valeh gəlsin onu eşidək.
Aşıq Valeh gəldi çatdı, çağırdı bir nəfər ayağa qalxdı, Valehə dövran yığdı, ləzginin biri dövrana pul verdi, biri də Zərnigarın naməsini. Valeh tez yerindən qalxdı, naməni aldı açdı və oxudu, rəngi dəyişdi, sonra güldü. Heydər bəy dedi, aşıq Valeh namə kimdəndir?
Aldı Valeh, görək nə deyir:

Gözləriniz aydın olsun,
Gəlibdir yarın kağızı.
Bülbül uçar yuvasından,
Gəldi qubarın kağızı.

Bu yerdə nişanlısı Sənəm yadına düşdü, aldı dal bəndin:
İnciməsin gülü ondan,
Gələr günlər keçər candan,
Can ayrılar cananından,
Gəldi nigarın kağızı.

Valeh ağlar yana-yana,
Yandı bağrım, döndü qana,
Çağırır cəngi – meydana,
O, Zərnigarın kağızı.

Valeh namənin bütün təəssüratın danışdı. Heydər bəy dedi, əvvəl rəngin qaçdı, sonra güldün, o nəyə görə idi?
Valeh dedi, rəngim ona görə dəyişdi ki, təəccübləndim, gülməyim ona görə oldu ki, Dəmir Qapı Dərbənddə Zərnigar nə bilir ki, Qarabağ mahalının Abdal-Gülablı kəndində aşıq Valeh var. Yəqin mənim o fərsiz şagirdim keçib Zərnigarın cənginə, mənim yerimi o deyib.
Heydər bəy dedi, aşıq Valeh fikrin nədir? Valeh dedi, fikrim getməkdir.
Aldı görək nə deyir, de gəlsin:

Qarabağdan dov eyləyib gəlirəm!
Məndən dov tələbin varsa, de gəlsin.
Cəhənnəmi bu dünyada göstərim.
Hansı bəndə günahkarsa, de gəlsin!

Çıxaram meydana divana nisbət,
Pəhləvanam İbni Məlcana nisbət,
Fironu -firdosi sal-sala nisbət,
Onlardan da xəbərdarsa, de gəlsin.

Mənəm, şair Məhəmmədin nabatı.
Aşıq Gülüm, aşıq Cunun Nəbati,
Aşıqlıqda hər kimsənin övladı ,
Valehinən bərabərsə, de gəlsin!

Söz tamama yetdi. Heydər bəy dedi: - Aşıq Valeh Qarabağ böyük, məğlub edilməz bir mahaldır, yaxşı fikirləş, gedib Qarabağın adını batırsan nəslini yer üzündən kəsəcəyəm.
Valeh dedi: – Heydər bəy, qorxma mən də sənətimin xanıyam. Aldı dübarə görək Zərnigar xanıma nə deyir:

Xanım

Saz götürüb Qarabağın adından,
Gəlirəm cənginə, Zərnigar xanım,
Gücümə güc çatmaz cəngavər kimi,
Gəlirəm cənginə, Zərnigar xanım!
Çəkilib xəlvətə çox qubar etmə !
Pərişan qəlbləri tari-mar etmə!
Küskün aşıqları səngisar etmə!
Gəlirəm cənginə, Zərnigar xanım!

Valehəm, mətləbdən almışam kamı,
Sərimə huş verib badənin tamı,
Sinəmdə xilqətin min bir kəlamı,
Gəlirəm cənginə, Zərnigar xanım!

Söz tamama yetdi, Aşıq Valeh ləzgiləri öz evinə qonaq apardı. Zərnigar haqqında ətraflı məlumat aldı, səhəri ləzgiləri yola salanda, qonqlara dedi ki, Zərnigara deyərsiniz, siz ora çatandan on gün sonra onun hüzurunda olacağam. Bəli, ləzgilər qayıtdılar Dərbəndə. Valehin məktubunu Zərnigara verdilər və əlavə gördüklərinin, bildiklərinin hamısını Zərnigara söylədilər.
Zərnigar kənizlərə tapşırdı ki, onun otağına girməsinlər. Başladı ciddi hazırlaşmağa. İndi Zərnigar Dərbənddə yol gözləməkdə olsun, xəbər eşidək aşıq Valehdən. Valeh bir də görür ki, söz verdiyi vaxtdan xeyli keçib o, hələ Qarabağdadır. Odur ki, gəldi anasının yanına, dedi ana, mənə səfər tədarükü gör. Dəmir Qapı Dərbəndə gedəcəm. Anası hər nə qədər cəza-fəza eləsə də kar etmədi. Naçar qalıb dedi, oğul onda sən get Sənəmgilə, görüş, deməlini de, sən gələnə qədər mən də səfər ehtiyatı görum.
Valeh Sənəm ilə görüşməyə gedəndə anası özün yetirdi ustad Səmədin yanına. Dedi ay Səməd, Valeh əlimdən gedir, gümanım sənə gəlir, gedək bizə Valehi qoyma Dərbəndə gedə.
Səməd Valehgilə getməkdə olsun, eşidin Valehdən. Valeh getdi, gördü Sənəm evdə yoxdur, qonşuda qız toyuna gedib. Sənəmgilin nökəri Rəhimə dedi ki, get toy evinə, xəlvəti Sənəmə de ki, evə gəlsin.
Rəhim getdi, hündürdən çağırdı: – Ay Sənəm bacı, Valeh qağam deyir, evə gəlsin, ona söz deyəcəm. Dedi qayıtdı. Valeh gördü Rəhim gəlir, ancaq Sənəm yoxdur, aldı görək Rəhimə nə deyir:

Başına döndüyüm yarın nökəri,
Dərdimi canana dedin, nə dedi?
Sən də mənim kimi şirin dil ilə .
Çəkildin pünhana dedin, nə dedi?

Hatəm bağçasında oynar gülinən,
Gəlməmişəm yanda qallam ilinən.
Sən də mənim kimi şirin dilinən,
Yalvardın, sən ona dedin, nə dedi?

Rəhim dinmədi. Aldı dübarə:

Mən sevmişəm ağ üzündə xalını,
Yoxsa məndən gizlər, gül camalını?
Divanə Valehin ərzi – halını,
Yusufi - kənana dedin, nə dedi?

Söz tamama yetdi. Valeh gördü Sənəm gəlir, yanında bir qız, bir gəlin var. Bunları görəndə Valeh Rəhimdən əl çəkdi üz tutdu onlara, aldı görək nə dedi:

Toy evindən gələn qızlar-gəlinlər,
Toyunuzdan əcəb hallı gəlmisiz.
Aşığı öldürməkdə varmı qəsdiniz?
Fikir eyləyib, nə xəyala gəlmisiniz?
Sənəmgil nə isə xəlvət pıçıldaşdılar.

Aldı Valeh

Bir -birin çağırır nə, şirin bacı,
Bir dərdə düşmüşəm yoxdur əlacı!
Nə vaxdır dahanım dadıyır acı,
Üçünüz də ləbi- ballı gəlmisiz!

Bu sözdən Sənəm bikef oldu. Aldı Valeh dübarə:

Eynini eynimdən eyləmə iraq,
Aşıqam, didəmdən tökülər fəraq!
Bir Sənəm, bir Valeh, bir xəlvət otaq,
Hayıf ola, qalmaqallı gəlmisiz!

Qız-gəlin getdi. Sənəm yalnız qaldı, xeyli söhbət¬ləşdilər. Valeh Dərbəndə getmək üçün çətinlik ilə icazə aldı. Evlərinə qayıtdı, gördü ustadı Səməd onlardadı. Ustadına salam verdi, görüşdü və dedi: – Ay usta, onsuz da mən səni ziyarət etməmiş getməzdim, niyə əziyyət çəkdin?
Səməd dedi: – Valeh onlardan keçib, sazları tarazla, bir az söhbət edək.

Aldı Aşıq Səməd

Fikrin-zikrin gəzir uca göylərdə,
Söylə görüm Valeh, hara gedirsən?
Karvanların qatar-qatar dayanıb,
Söylə görüm Valeh, hara gedirsən?

Aldı Valeh

Fikrim edir asimani ziyarət,
Eşit ustad, deyim, hara gedirəm!
Yükümü tutmuşam ərşi- əladan
Sevda üçün bir bazara gedirəm!

Aldı Səməd

Yükünü tutmusan ərşi- əladan,
Qatarları gəlsin Kərbübəladan!
Nəcəf çöllərindən, Məkkə binadan,
Söylə görüm Valeh, hara gedirsən?

Aldı Valeh

Dərsimi vermisən İncil, Qurandan,
Zəburdan, Tövratdan sirri - imandan
Adəmdən başlamış axır zamandan,
Onlarınan zəncir – dara gedirəm!

Aldı Səməd

Səməd içib min bir eşqin camını,
Əzbər deyər hər xilqətin sanını,
Sənə bağışlayır öz kərvanını,
Sahib sənsən o, bazara gedirsən.

Aldı Valeh

Zərnigar Dərbənddə dönüb aslana,
Otuz doqquz aşiq salıb zindana,
Valehi çağırır cəngi- meydana,
Canım ustad, o, meydana gedirəm!
 
Sözlər tamama yetdi Səməd dedi: –Valeh, indi mənə yaxşı-yaxşı qulaq as, dediyim sözlərə cavab istərəm:

Aşıq Səməd

Uğur olsun səfərinə, dayanma!
Bürüyübdü qəmli xəyanət səni!
Şagirdlər imdadı sənsən dünyada!
Aşiqlər eyləyər ziyarət səni!

İsmini sorsalar denən, yek- tayam
Natiqi elmidə qəlbi dəryayam,
Naşı deyiləm Haqdan gələn sevdayam!
Açan əli etməz xəcalət səni!

Əldə Quran Səməd baxır göylərə,
Qocalmışam, mizrab çatmır simlərə,
Bəlkə öldüm, görüş qaldı məşərə,
Tapşırıram Haqqa əmanət səni!

 Sözlər tamama yetdi. Valehin anası dedi: – Ay Səməd, mən səni gətirdim ki, qoyma Valeh gedə, demədim ki, gəl bunu yola sal. Səməd dedi: - Ay Püstə, getməsə olmaz.
 Bəli, səhəri gün Abdal-Gülablı cəmaəti Valehi yola salmaq üçün toplaşdılar Səfirlər tirəsinə. Aşıq Valeh yola düşmək istəyəndə gördü nişanlısı Sənəm asta-asta ağlayır. Sənəmi ağlar görən Valeh aldı görək nə dedi:

Gəl sevgilim, halallaşaq ayrılaq,
Getdim öldüm, bəlkə bir də gəlmədim.
Gözüm baxsın o gözlərə doyunca,
Getdim öldüm, bəlkə bir də görmədim.

İşi belə görən aşıq Səməd tavar sazını aldı sinəsinə, Sənəm əvəzindən aldı, görək nə dedi:

Yaman yerdə ağlar qoydun qəlbimi,
Get Valehim, sağlıq ilə gələsən!
Taleh yazan belə etdi dərdimi,
Get Valehim, sağlıq ilə gələsən!

Aşıq Valeh

Gecə-gündüz yahu deyib çağlarsan,
Şənlik məqamında qara bağlarsan,

Ölsəm məni nakam deyib, ağlarsan!
Əcəl yetdi, bəlkə bir də gəlmədim.

Aşıq Səməd

Ömür boyu unudulmaz bu halət,
İnam ilə qəbul olar ziyarət,
Tapşırmışam səni Haqqa əmanət,
Get Valehim, sağlıq ilə gələsən!

Aşıq Valeh

Valehəm, yolda yoxdur zavalım,
Sarsılıb taqətim, pozulub halım
Sərsəm edir sərim, çaşır xəyalım,
Ömür bitdi, bəlkə bir də gəlmədim.

Aşıq Səməd

Səməd deyir, oyan qəflətdə yatma,
Kam alıb, Dərbənddə mətləbə çatma!
Ağlar qalan Sənəmini unutma!
Get Valehim, sağlıq ilə gələsən.

Sözlər tamama yetdi. Səməd hönkür-hönkür ağladı. Ustadını Ağlar görən Valeh aldı görək nə deyir:

Aşıq Valeh

Toplanan cəmaət, ağlayan ustad,
Gəlin, halallaşaq, mən gedər oldum.
Ömrümün mülkünü, eşqin bağını,
Vaxtsız aldı boran, çən, gedər oldum!

Aldı Səməd görək nə deyir:

Aşıq Səməd

Qəlbimin vüqarı, çeşmimin nuru,
Qəmgin olma bu səfərdən gələrsən.
Cismimin taqəti, sərimin şuru,
Şadlığınan bu səfərdən gələrsən.

Aşıq Valeh

Sevib - sevilənlər olmaz cəfasız,
Neçə aşiq- nakam qalıb səfasız,
Zaman qarışıqdır, ömür vəfasız,
Gəlin halallaşaq, mən gedər oldum!

Aşıq Səməd

Talanın itidir, şüurun cavandı,
Qarşındakı böyük bir imtahandı,
Məğlubiyyət tarixinə ziyandı,
Bu səfərdən, şadlığnan gələsən!

Aşıq Valeh

Valehəm, ay ustad, səfərim iraq,
Zaval gəzir məni əlində çıraq,
Qürbətdə qəribə kim olar, dayaq?
Gəlin halallaşaq, mən gedər oldum!

Aşıq Səməd

Səmədəm, sorağım çatıb hər yana,
Bu əhvalat düşər dildə dastana.
Tapşırmışam səni şahı-mərdana
Bu səfərdən, şadlığnan gələsən!

Söz tamama yetdi. Səməd dedi, Valeh mənə diqqətlə qulaq as, gör nə deyirəm. Aldı Səməd görək nə deyir:

Aşıq Səməd

Get Valehim, sənə uğurlar olsun,
Yadda saxla əlif – lamı unutma!
Əbcət hesabını düz əzbər elə,
Cim üstündə cüt nidanı, unutma!

Yadda saxla, innaməndə tey biri,
Həfti, həşti, çahar, pənci, sey, biri,
Sureyi yasini, həmdicey biri,
Məhşəri gəz, ibtidanı, unutma!

Divaniyə cəm üstündə mayə qat,
Təcnisi müxəmməslə yana at,
Qıfılbəndi, müxəmməsi baha sat,
Əyaxda gəz, son gümanı, unutma!

Səməd deyər, axtar sirri günbəzi,
Ley üstündə gəzdir dodaqdəyməzi,
Ney altında hərlə diltərpənməzi,
Məkanda bazar aç, kanı, unutma!

Söz tamama yetişdi. Valeh adamlarla vidalaşdı, üzünü tutdu dağlara, aldı görək nə dedi:

Aşıq Valeh

Alçaqlı - ucalı dağlar,
Halal eylə, hümbət eylə,
Laləli, nərgizli bağlar,
Halal eylə, hümbət eylə!

Köçkün gedir düzlərinən,
Dövran sürdük sizlərinən,
Neçə gəlin, qızlarınan,
Halal eylə, hümbət eylə!

Valeh gedir bir murada,
Sığınıbdır min bir ada,
Ya gələ, ya gedə bada.
Halal eylə, hümbət eylə!

Söz tamama yetişdi. Valeh yoluna davam etdi. İki gün yol getdi. Tanımadığı bir kəndə çatdı, gördü ki, adamlar ona təəccüblə baxırlar və biri-birilərinə nə isə deyirlər. Valeh bildi ki, burda nə isə bir iş var.
Bir nəfərdən soruşdu:
– Əmican, deyəsən aşıq sizə başqa cür görünür?
Kişi dedi:
– Cavan oğlan, bizim bu kənddə Xanlar adlı dərin savadlı bir molla var, özü də şairdir. O, aşıq tayfası ilə çox əyridir, harda aşıq görsə bir cavabsız söz deyir, aşığın sazını əlindən alıb sındırır. Bizim camaat aşıq üzünə həsrətdir, ona görə sənə təəccüblə baxırlar.
Ancaq, sənin bəxtindən həmin molla kənddə yoxdur, darı zəmisinin alağını etməyə gedib. Valeh mollanın getdiyi yeri öyrənib, düz ora getdi. Gördü molla su arxının kənarında kölgələnir. Hündürdən salam verdi. Molla səysəndi. Valehə baxıb güldü. Valeh dedi:
–Molla nəyə güldün?
  Molla Xanlar soruşdu:
– Aşıq hardan gəlirsən?
 Valeh dinməz, söyləməz atdan düşdü, sazını köynəyindən çıxardı. Dedi: Molla, yaxşı qulaq as, deyim hardan gəlirəm:

Soruşursan, ərzimi al,
Deyim, haradan gəlirəm.
Körpəlikdən dərsim alıb,
Cəlil -Cabbardan gəlirəm.

Fikir gəzir Asumanı,
Ərşi əladan gəlirəm!
Tilisimlər açarıyam,
Sirri -binadan gəlirəm.

Neyniyirsən, xəbər alıb,
Sehri -səfadan gəlirəm.
Tutmuşam mən yüklərimi,
Muzdu babaldan gəlirəm.

Valehəm mən, sənət tacın,
Aşiqlərə paylamışam.
Gəl ziyarət eylə, məni,
Turi – sinadan gəlirəm.

Söz tamama yetdi. Molla gördü, bu aşıq xatalı aşıqdı. Dedi, aşıq sənə yaxşı yol. Get, mənimlə görüşmə¬yini heç yerdə demə.
Valeh dedi:
–Arxayın ol bir xeyir də, birdə şərdə danışacam.
Valeh yoluna davam etdi, gəlib çatdı Kür çayına. Yaxınlaşdı bərəyə. Artıq axşam idi. İki nəfər bərəçi Valehi Şirvan taya keçirdilər.
Bu bərəçilərin kəndində Məsum Əfəndi adlı bir şair vardı. O, ətrafı aşıq üzünə həsrət qoymuşdu. Harda aşıq görsə bir söz deyib, dolaşdırıb, sazını sındırıb, libasını soyardı.
Bərəçilər bildilər ki, bu aşıq Əfəndini eşitməyib, nabələdi. Odur ki, sözləşib Valehi qonaq apardılar. Xəlvəti qonum-qonşuya xəbər verdilər ki, aşıq qonağımız var. Gələn adamlar toplandılar. Hələ mərəkə düzəlməmiş bir nəfər əhvalatı Əfəndiyə çatdırdı. Qəflətən Əfəndi məclisə gəldi. Əfəndi dama girəndə, hamı ayağa qalxdı, Valeh istədi qalxa, amma qalxmadı.
Duranlar əyləşdi. Əfəndi dedi: – Aşıq haralısan?
Valeh dedi: – Qarabağlıyam, Əfəndi dedi, əsli hu.
Valeh dedi, izah et. Əfəndi dedi, izaha ehtiyac yoxdu. Mən içəri girəndə hamı ayağa qalxdı, sən qalxmadın, demək ədəbin çatmadı.
Valeh dedi:
–Yox Əfəndi mən də istədim ayağa qalxam, döşümdəki elm qoymadı, dedi, bu nə adamdı ki, onun ayağına qalxırsan. Əfəndi xeyli hirsləndi və dedi: – Hardan gəlib, hara gedirsən?
Valeh dedi: – Kandan gəlib, məkana gedirəm.
Əfəndi dedi: – Kan nədi, məkan nədi?
Valeh dedi: – Kan bu dünya, məkan o dünya.
Əfəndi dedi: – Doğurdanda sözündə arifsən. İndiki səfərin haradı?
Valeh dedi: – İndiki səfərim Dəmirqapı Dərbəndə, Zərnigarın meydanına.
Bu sözü deyəndə hamı təəccübləndi. Əfəndi dedi: – Cavan oğlan mənim bilmədiyim elm, oxumadığım kalam yoxdur, Zərnigar adı gələndə bədənim əsir. Gedib 39 adamın ölümünə bais olma.
Valeh dedi: – Əfəndi, mən bura məsləhətə gəlməmi¬şəm.
Əfəndi dedi: – Onda mən səni bir yüngül imtahan edəcəm, cavab verə bilsən gedərsən, verə bilməsən sazını da, atını da alacam, libasını soyunduracam.
Valeh dedi: – Saz almaq aşıqlıqda adətdi, at alıb, libas soyundurmaq quldurluqdu. Siz bunun hansından¬sınız?
Əfəndi daha da qəzəbləndi, başladı deyişməyə. İndi görək Əfəndi nə deyir. Valeh nə cavab verir?
O vaxt onlar deyib, indi də biz deyək:

Məsum Əfəndi

Kəndində laf edib, şairəm deyən,
Sualımın qabağında döz indi.
Diksinmə, çəkinmə, qısqınma, qorxma,
Al sualı, ver cavabı tez indi.

Aşıq Valeh

Bilseydik mahalı bəndə salmısan,
Eybullan gəlməzdik bura biz indi.
Diksinmərəm, qısqınmaram, qorxmaram,
Xəbər alsan o sualdan yüz indi.

Məsum Əfəndi

O, kim idi, getdi haraya qurban?
O, kim idi, doğdu bir neçə oğlan?
O, kim idi, əvvəl nahaq qan?
Nə səbəbdən arasında gəz indi.

Aşıq Valeh

Cəbrail gətirdi Ülfətə qurban,
Həvva idi, doğdu yüz səksən oğlan,
Qabil Habili öldürdü etdi nahaq qan,
Adəm verməmişdi ona qız indi.

Məsum Əfəndi

O, kim idi, rükət namazı qıldı?
Neçə il orada xidmətə daldı?
Neçə min mələyə xidməkar oldu?
Axırında danışmadı düz indi?

Aşıq Valeh

Mələk Mais rükət namazı qıldı,
Səysən min il orada xidmətdə daldı,
Səksən min mələyə xidmətkar oldu,
Oldu şeytan, danışmadı düz indi.
 
Məsum Əfəndi

O, kimdir ki, əlləri var neçə min?
Hər əlində barmaqları neçə min?
Hər barmaqda qələm çalar neçə min?
Bunu bilən aşığa yox, söz indi.

Aşıq Valeh

Cəhənnəm maliki əlləri yeddi min,
Hər əlində barmaqları yeddi min,
Hər barmaqda qələm çalar yeddi min,
Onu biz görməyək görün, siz indi.

Məsum Əfəndi

Məsum Əfəndi kim, sahibi qüdrət?
Harada danışdı min kəlmə xəlvət?
O nəydi, verdilər de, ona zinət?
Aşıqsansa bu sözlərə, döz indi?

Aşıq Valeh

Valehəm, Məhəmməd sahibi – qüdrət,
Mehracda danışdı min kəlmə xəlvət,
Behistə verdilər de, ümid zinət,
Onun ərkanına quluq, biz indi.

Söz tamama yetdi. Əfəndi dedi: Doğurdanda sən kamil sənətkarmışsan. İndi Zərnigarın meydanına gedə bilərsən.
Valeh dedi:
– Əfəndi dedim ki, mən bura məsləhətə gəlməmişəm.
Sən dedin mən cavab verdim, indi də mən deyəcəm, sən cavab verəcəksən!
Əfəndi dedi:
 – Ay oğlan, mənim oxumadığım kalam, bilmədiyim elm yoxdur, sən mənə nə deyərsən?
Valeh dedi:
 – Mən, kimə nə demək lazım olduğunu yaxşı bilirəm. Qulaq as, gör nə deyirəm.
Aldı Valeh, görək nə deyir:

Aşıq Valeh

Gəl Əfəndi, səndən xəbər alayım,
Bir hesab var, onu istərəm səndən.
Hesab çoxdur vacehinə yetmişəm,
Haqqın min bir adın istərəm səndən.

Əfəndi dinmədi. Valeh dedi:
– Əfəndi, niyə cavab vermirsən?
Əfəndi dedi:
 – Yüz ala qarğaya bir sapand daşı deyiblər, axırda elə söz deyəcəm hamısına əvəz olacaq.
Aldı aşıq Valeh dübarə:

Göydən yerə enən de neçə daşdı?
Qiymətsiz satılan hansı qumaşdı?
Məğrubdan məşriqə neçə araşdı?
Dünyanın qırağın istərəm səndən.

Söz yenə cavabsız qaldı. Aldı Valeh dübarə:

Mən Valehəm, cismi ümman içində,
Minarə yapmışam umman içində,
Həştərxan dənizi umman içində,
Suyunun hesabın istərəm səndən.

Sözlər tamama yetdi.
Əfəndi dedi:
– Oğlan məndə məlumat kitabı var, gedib ona baxıb, gəlib cavab verəcəm. Əfəndi getdi, hələ də gəlməyib.
İş belə olanda adamlar Valehə əhsən dedilər. Aşıq Valeh lazımı qədər çaldı- çağırdı, gecəni orada axşamladı. Səhər yoluna davam etdi.
Axşam Şirvan xanı Abdulla xana qonaq oldu. Abdulla xan ilə Valeh Şuşada Murad bəyin toyunda tanış olmuşdu.
Bəli, aşıq Valeh Abdulla xan ilə xeyli söhbət edəndən sonra saray əhli üçün çalıb-çağırmağa başladı.
Abdulla xanın Dilbər adlı bir bacısı vardı. Dilbər xanım öz kənizinə xətaya parçadan paltar geyindirib, məclisə göndərdi. Özü məndurə parçadan paltar geyinib, məclisə gəldi, kənizin qabağında oturdu.
Valeh xətayə paltar geyəni xanım, məndurə paltar geyinəni kəniz hesab edib, ürəyindən keçirdi ki, bu ədəbsiz kim idi. Gəldi xanımın qabağında oturdu. Bu sözü bilmədən eşidilən səslə dedi. Bir az keçmiş Dilbər xanım məclisi tərk etdi. Etdiyi xətadan Valehin xəbəri olmadı.
Məclis qurtardı, hər kəs öz evinə getdi. Abdulla xan dedi, aşıq Valeh çox sağ ol, yaxşı çaldın-çağırdın, ancaq yaxşı olmadı ki, sən mənim var- yox bir bacımı “ədəbsiz” adlandırdın. O da məclisi tərk etdi.
Valeh təəccüblə dedi:
– Xan sağ olsun, mən belə iş etməmişəm, siz nə danışırsınız?
Xan dedi:
 – Aşıq Valeh etməyinə etdin, ancaq nə etmək olar, keçib.
Aşıq Valeh bildi ki, ürəyindən keçirdiyini dili ilə deyib.
Bəli, gecəni yatdılar, səhər çörək yeyəndə xan dedi:
–Aşıq Valeh, görürəm çox narahatsan, hasarın o tərəfindəki imarət bacımınkıdır, sazını götür get bacım Dilbər xanımın könlün al. Valehə də bu lazım idi, tez Dilbər xanımın imarətinə keçdi, gördü Dilbər xanım kənizləri ilə baş açıq, sinə açıq süfrədə əyləşib, çörək yeyirlər. Valeh salam verdi, cavab almadı, heç Valehə əhəmiyyət verən olmadı. Valeh sazı hərlədi sinəsinə.
Aldı görək nə dedi:

Aşıq Valeh

Durum dolanım başına,
Aşığından küsən dilbər.
Üzüm sürtüm ayağına,
Nə mən dinim, nə sən dilbər.

Dilbər xanım dinmədi. Aldı dübarə:

İtirmişəm maralımı,
Bir sinəsi yaralımı,
Gündüz səbri- qərarımı,
Gecə yuxum kəsən dilbər.

Dilbər yenə dinmədi. Aldı dübarə:

Həsrətin gəzər canda,
Bərabərin yox cahanda,
Bu züm olmaz müsəlmanda
Sən kafərsən, nəsən, dilbər.

Dilbər yenə də dinmədi. Aldı dübarə:

Valeh əvvəl bir bəy idi,
Müjkanların qəddin əydi,
Nə dedim ki, sənə dəydi?
Bu mən, dilbər! Bu, ən dilbər!

Dilbər xanım gülümsündü, dedi:
– Aşıq bizim bu görüşümüzə elə bir söz deyə bilsən ki, həm xoşuma gələ, həm də acığıma, onda sənin günahından keçərəm.
Valehə də bu lazım idi. Aldı görək nə deyir:

Aşıq Valeh

Bu yer gözəlinə nabələd oldum.
Söz dedim, qurumuş dilə bükülmüş.
Xətayə görüncə eylədim xəta
Dürlü gövhər bir məndulə bükülmüş.

Səhər ikən mehman olduq bunlara.
Geyməmiş batıblar yaşıl allara
Qızıl qolbənd vub şümşad qollara.
Gümüş kəmər incə belə bükülmüş.

Dilbər xanım gülümsəyərək, ala gözlərini Valehə sarı süzdü.
Aşıq Valeh

Qurban olum ala gözün şəstinə,
Süzüb, baxıb girmə canım qəsdinə
Əlimi qoyum tər sinən üstünə,
Müxəyə, darçına, hilə bükülmüş.

Dilbər xanım key kimi göründü. Aldı Valeh, dübarə:

Nabələdəm ulusuna, soyuna,
Mina gərdəninə, uca boyuna.
Divanə Valehi sən al qoynuna.
Elə bil ki, bülbül gülə bükülmüş.

Dilbər xanım dik qalxdı ayağa dedi:
 – Aşıq sən nə danışırsan?
Valeh dedi:
 – Xanım əhdinə vəfa et. Həm xoşuna gəldi, həm acığına. Dilbər xanım gülümsündü və dedi:
 – Aşıq doğrudan da layiqli aşıqsan, keçdim günahından.
Valeh otaqdan çıxanda gördü ki, Abdulla xan durub otağın qabağında, özü də qaşlı-qabaqlıdır.
Valeh dedi:
– Xan niyə belə kefsizsən?
Abdulla xan dedi:
 – Aşıq Valeh ayıb deyilmi sən mənim bacıma deyirsən: - Valehi al qoynuna?
Valeh dedi:
 – Xan elə demədim, dedim ki, divanə Valehi çağır toyuna.
Xanın sifəti açıldı, oturdular, yedilər, doydular, Xan dedi: -Aşıq Valeh, sən gedən yollarda qırx Hərəmilər yurd salıb, gəlib-gedən yolçuları qarət edib, özlərini də öldürürlər. Odur ki, ehtiyyatlı ol. Sənə bir tüfəng verəcəm, dağlara çatanda yol ikiləşəcək, nə badə sol yandakı yolla gedəsən, sağ yandakı yolla gedərsən.
Aşıq Valeh xan verən tüfəngi də çiyninə salıb, yoluna davam etdi. O qədər getdi ki, Şamaxı dağlarına çatdı, yavaş-yavaş mürgülədi. Sağ əvəzinə at sol ilə getdi. Hərəmbaşı baxdı ki, bir atlı yol ilə gəlir, bir nəfəri göndərdi dedi: – Get o atlını bura gətir. Hərəmi Valehə yaxınlaşdı, gördü bunun çiynində tüfəng, bir çiynində də qara torbada bir iri şey var. Hərəmi elə zənn etdi ki, torbada olan dəmir toppuzdu, fikirləşdi ki, mən buna bir söz desəm o toppuzu bir dəfə mənə yendirsə, o dünyalıq olacam. Odur ki, heç bir söz demədən qayıtdı. Hərəmbaşına dedi ki, ağa o, atlı nəhəng bir pəhləvandı, çiynində bir dəmir toppuzu var. Yeddi batmandan ağır. Heç o məni adam saymadı.
Hərəmbaşı hay vurdu. Hərəmilər atlandı, aşıq Valehi ortaya aldılar, səsə-küyə Valeh atın üstündə oyandı, gördü iş-işdən keçib. Tez Hərəmbaşı atdan düşüb, Valehə yaxınlaşdı, dedi: – Ədə, haramzada sən kimsən ki, mənim göndərdiyim adamı saymırsan?
Valeh dedi: – Ey nakam şiri- nər murad üstəyəm, mənə rəhm et! Hərəmbaşı rəhmə gəlmiş padşah kimi gülümsündü, dedi: – Qonaq, mənim nakam olduğumu bilən yoxdur. Sən nə bildin ki, mən nakamam? (Sən demə Hərəmbaşının sevgilisini ildırım vurub, öldürübmüş, ona görə o, təsəlli tapmaq üçün bu yola düşmüşmüş).
Valeh dedi: – Mən Valehəm, İnşallah nitqimə gələn düz olar. Hərəmbaşı dedi: – Oğlan, mən hələ bu dağlarda əlimə düşəni salamat buraxmamışam, ancaq səni buraxacam. Bir az bizə yalvar, səni ondan sonra buraxacam ki, uşaqlar şübhələnməsinlər.
Alır Valeh, görək nə deyir:

Canalıcı pəhləvanlar, igidlər.
Öldürmən, Xudaya bağışlan məni!
Mövlası, mollası, mərdlər ağası,
O, şiri Xudaya bağışlan, məni!

Mənki çıxdım vətənimdən güzara,
Könül həsrətdən olub səd –para,
Bir qərib aşığam yazıq- biçara,
Sahibi -sevdaya bağışlan məni!

Mən Valehəm, deyim ərzi halımı,
Qatil olub, kəsmən ümid yolumu,
Tamahınız varsa, alın malımı,
Natiqi - mövlaya bağışlan, məni.
Hərəmbaşı dedi bu ki, aşıq kərəvəzin biri imiş. Tüfən¬gini alın, buraxın getsin. Bəli, Valehin tüfəngini aldılar, özünü buraxdılar.
Valeh həmin günü Şamaxıya çatdı. Hacı Möhsümlə onun karvansarasının qarşısında rastlaşdı. Axşam Hacı Möhsüm Valehi öz mənzilinə dəvət etdi. Valeh gördü ki, Hacının yanında bir neçə tacir-tüccar var. Salam verib əyləşdi.
Hacı dedi: – Aşıq sazını al hardan gəlib, hara getdiyini de, bizdə bilək.
Aldı Valeh, görək nə dedi:

Qarabağdan səfər etdim,
Mülki- Şirvana mən gəldim.
Məcnun tək düşdüm səhraya,
Dəli -divanə mən gəldim.

Daşkəsən gədiyin ötdüm,
Əcayib sehrlər etdim.
Şamaxı şəhrinə yetdim,
Sanki rövzana mən gəldim.

Xoşdu Cavanı yaylağı,
Soyuq suyu, tər bulağı,
Bahar fəsli gələn çağı,
Əcəb xəndana mən gəldim.

Mən Valehəm, Zərnigara,
Canımı saldın odlara,
Sığındım Pərvərdigara
Misli - pərvanə mən gəldim.

Söz tamama yetdi, Hacı Möhsüm Valehin səfər məqsədini öyrəndi. Ertəsi gün Valehi öz evinə qonaq etdi. Yaxşı məclis qurdu. Valehə yaxşı köməklik etdi. Dağıstana yola saldı.
Bəli, Valeh bir neçə gün yol getdi. Çatdı Samur çayına, gördü çay qan-qan edir. Aşağı - yuxarı xeyli fırlandı. Keçid tapmadı. Sazı aldı sinəsinə görək nə dedi:

Əsriyib, əsriyib kükrəyib axan,
Ağzı ağköpüklü divana Samur.
Atanın-ananın bircə oğluyam
Qıymagınan sən bu mehmana, Samur.

Qanlı-qanlı qayalardan çıxırsan,
Şaqqıldayıb dərələrdən axırsan,
Yerdən tərpənəndə evlər yıxırsan,
Baxmırsan heç yaxşı-yamana, Samur!

Valeh deyər, bulaqlardan gözün var,
Güclüsən sən, qüvvətli də sözün var.
Nə çox şaqqaların, nə çox izin var,
Neçəsin vermisən, ziyana, Samur!

Söz tamama yetəndə bir yaşlı kişi gəldi Valehin yanına. Dedi: – Ay oğlan, sən çalıb-çağırandan sənə qulaq asıram. Görürəm nabələdsən, bu çayın keçidi xeyli aralıdadır. Çay aşağı get keçidə çatarsan. Valeh xeyli getmiş, keçidə çatdı. Gördü bir ağır sürü qoyun çayın kənarındadı, yanında bir heyvərə çoban, Valehi görən kimi tutdu atının yüyənindən. Dedi: – Ə, aşıq deyirlər aşıqlar çayı qurudur, qarı əridir, daşı dilləndirir, indi yaxşıca düşmüsən əlimə bu çayı qurutsan sənə bir nazlı erkək verəcəm, qurutmasan vay halına. Üç gündü qalmışam burda bu sürünü o taya keçirməliyəm.
Valeh gördü ki, dilbilməz əlinə düşüb, kələyə əl atmasa işi xarabdır. Odur ki, dedi, çoban, elə mən çay qurudan aşıqlardanam. Mən oxuyanda yuxarı baxıram, sən də gərək gözlərini dikəsən çaya, mən oxuduqca çayın vəziyyətini mənə deyəsən. Bəli, çoban çənəsini söykədi çomağa, gözlərini dikdi çaya. Çay çox iti axırdı. Aldı Valeh görək nə dedi:
Samur çayı qəmli-qəmli axırsan,
Üzərindən nə devranlar keçibdir!
Küllü -Dağıstanın seyrəngahısan,
Boran qopub, nə tufanlar keçibdi!

Nuh tufanı yatıb sən yaranmısan,
Neçə qərinələr yola salmısan,
Süleymanlar köçüb, hələ qalmısan,
Dəyişilib, nə əyyamlar keçibdir!

Çoban dedi: – Aşıq sözü kəsmə, çay geri qayıdır.

Aşıq Valeh

Həsrət qoyma ay çay, bizi beş günə,
Barı kəmənd atma, ömrün püşkünə.
Adı bəlli Məhəmmədin eşqinə,
Valeh kimi neçə canlar keçibdir.

Söz tama yetən kimi çobanın gözləri axdı. Üzüqoylu yıxıldı suya. Valeh fürsəti verməyib atını vurub çayı keçdi o biri taya. Çoban özünü düzəldənə qədər Valeh aralandı. Valeh getməkdə olsun, xəbər eşidək Dərbənddən. Zərnigar səbirsizliklə Valehin yolunu gözləyirdi. Dustaq aşıqların yaxın qohumları Dərbəndin küçələrində hərlənirdilər. Dərbəndin hökmdarı Şabəndə bəy Zərnigara elə ixtiyar verməyinə peşman olmuşdu. Eşitmişdi ki, Qarabağdan Valeh adlı bir aşıq gələcək. Adamlarına tapşırmışdı ki, ayıq-sayıq olsunlar, aşıq Valeh Dərbəndə gələndə o Zərnigarla görüşməmiş onu Şabəndə bəyin yanına aparsınlar.
Bəy onun necə aşıq olmağını yoxlaya, sonra Zərnigarın meydanına buraxa.
Bəli, Valeh gəldi çatdı Dərbəndə. Küçə ilə gedəndə gördü hündür hasarlı gözəl mənzərəli, bağçalı bir imarət var. At üstündən imarətin həyətinə baxanda gördü həyətin bağçasında bir neçə yaraşıqlı qızlar şənlik edirlər. Baxdı ki, bir nəfər əndazəli qız bu qızlardan aralı fikir içində güllər arasında zümzümə edə-edə hərlənir. Göz qənimin tanıyar. Valeh öz-özünə deyir, yaraşır aşıqlar yağısı Zərnigar özü ola. Aşığa söz demək adətdi. Gəl buna bir neçə söz de, Zərnigar olsa özün nişan verəcək. Olmaz, çıxıb gedərəm. Aldı Valeh görək nə dedi:
Aşıq Valeh

Keşdə çıxan ay vəfalı nazənin,
Keşd eləyib, nə havalı gəzirsən?
Neçə aşıqları bəndə salmısan,
Götürübsən muz babalı gəzirsən.

Valeh çöz deyəndə bütün qızlar Zərnigarın yanına toplandılar.
Zərnigar dedi: – Ay əcəli yetmiş yazıq, salam verdin cavab gözlə.
Tez Zərnigara sazın verdilər. Valeh bildi ki, bu Zərnigardır. Ancaq Zərnigar Valehin kim olduğunu bilmədi. Aldı Zərnigar, görək nə cavab verdi:

Zərnigar

Bahar əyyamıdır, işrət çağıdır,
Keşd eyləyib öz baxçamı gəzirəm.
Otuz doqquz aşiq bəndə salmışam.
Gen açmışam, mən meydanı gəzirəm.

Aşıq Valeh

Bu dünya dediyin bir bivəfadır,
Ona ilac yenə sövqü-səfadır.
Yarsız gəzmək sənə xeyli cəfadır,
Eyləyibsən nə xiyalı gəzirsən.

Aşıq Zərnigar

Xaliqi ləm yəliz vahidi yek tay,
Veribdir qüdrətdən mənə kamal pay,
Gəlməz bu əsirdə mənə aşıq tay,
Tamam İranı ol, Turanı gəzirəm.

Aşıq Valeh

Valeh kimi gəzmə ahu-zarınan,
Gövhəri sərf eylə xiridarınan.
Sən də qovuş bir münasib yarınan,
Bülbül kimi nə sevdalı gəzirsən.

Valeh adı çəkiləndə Zərnigar diqqətlə Valehə nəzər saldı, aldı görək nə dedi.
      Zərnigar

Gör necə boynuna saldırram kəmənd,
Sərindən tikdirəm min ərə pülənd,
Adım Zərnigardı, məkanım Dərbənd,
Valeh kimi növcavanı gəzirəm.

Söz tamama yetişdi. Valeh həyətə daxil olmaq üçün darvazaya yaxınlaşdı. Zərnigar cəlladı əvəz eləyən iki nəfər kəniz göndərdi ki, Valeh həyətə girmək istəsə ona bir iki yüngül zərbə vurun, bəlkə gözü qorxa. Valeh atdan düşdü, qapıya yaxınlaşmaq istəyəndə kənizlər sınmaz ağacla Valehi budadılar. Elə ki, Valeh özünü onların əlindən qurtardı, nə edəcəyini bilmədi. Bu yerdə iki nəfər yasovul Valehin yanına gəldilər, dedilər aşıq adın nədir? Valeh dinmədi. Bir də xəbər aldılar. Aşıq adın nədir? Valeh dedi, adımı deməyəcəm. Dedilər niyə? Dedi, adımı deyəndə məni döyürlər. Yasavullar dedilər, Allaha and olsun sənə heç nə etmərik adını de. Dedi, adım aşıq Valehdir.
Nə aşıq Valeh - deyə təəccübləndilər. Valeh dedi, sözünüzün üstə dürun. And içmisiniz. Yasavullar dedi: – Ay aşıq, səni Dərbəndin hakimi Şabəndə bəy gözləyir.
Bəy eşidib ki, Dərbəndə Aşıq Valeh adlı bir aşıq gələcək. Neçə gündür şəhərə gözətçi qoyub ki, səni onun yanına apara. İndi bizimlə gedəssən Şabəndə bəyin yanına. Bəli, aşıq Valehi apardılar Şabəndə bəyin hüzuruna. Bəy Valehi çox gözəl qəbul etdi, otağına apardı. Gördü Valeh kefsizdi, səbəbini xəbər aldı. Valeh Zərnigarın kənizlərinin qaba hərəkətini bəyə dedi. Bəy Zərnigarı çağırtdırdı. Kənizlərin belə hərəkətinin səbəbini xəbər aldı. Zərnigar güldü, dedi: – Bizim qızlar Valeh ilə Dağıstan zarafatı ediblər, deyib, öz imarətinə qayıtdı.
Gecə Şabəndə bəy Valeh ilə söhbət edirdi. Bu yandan Zərnigar Pəri adlı kənizlə Şabəndə bəyin həyətinə gəldi. Evə yaxın dayandılar ki, Şabəndə bəy ilə aşıq Valehin nə danışdıqlarını eşidələr. Onlar qapıya gələn kimi Valeh söhbətin kəsdi, sazını götürdü. Aldı görək, nə dedi:

Bu gələn bir cüt gözəlin,
Yolunda qoymuşam səri,
Biri əcəb səfalıdır,
Birisinin adı Pəri.

Biri dağların qarıdı,
Biri bağçalar barıdı,
Küllü dünyanın varıdı,
Pərdəyə salıb sər-səri.

Valeh sevdi Zərnigarı,
Olar onun xidmətkarı,
Atsa üzündən rüqabı,
Mat eylər Şəmsi-Qəməri.

Söz tamama yetdi.
Pəri dedi: – Zərnigar aşıq Valeh bizim bura gəlməyimizi bildi. Bu sözləri ona görə oxudu.
Zərnigar dedi: – Ay Pəri, Valeh münəccim deyil. O, bizim bura gəldiyimizi nə bilir? - deyib, Zərnigar sağ ayağını daşın üstünə qoydu. Aldı Valeh, dübarə görək nə dedi:
 
İki günəş o zillətdən şəs olub,
Yayılıb aləmə üzün bürümüş.
Hər ikisi bir-birindən səfalı,
Yayılıb aləmə üzün bürümüş.

Həsrəti qəlbimdə ləkə bağlamış,
Çərpayı sinədə ləkə bağlamış,
Pünhan namə yazıb ləkə bağlamış,
Yayılıb aləmə üzün bürümüş.

Valeh dərd əlindən buraqı minmiş,
İr -Yaqub orada burağı minmiş,
Sol ayağı qalxıb buraqı minmiş,
Yayılıb aləmə üzün bürümüş.

Söz tamama yetdi. Zərnigar dedi: – Pəri gedək Valeh tilsimli aşıqdır, işin çətinə düşəcək. Bu tərəfdən Valeh əyləşdi. Şabəndə bəy soruşdu: – Aşıq Valeh nəyə görə sən bizim söhbətimizi yarımçıq qoyub, sazı götürdün? Valeh dedi: – Bəy Zərnigar qapıya gəlmişdi. Bizi dinləyirdi.
Şabəndə bəy qapıçını çağırtdı. Xəbər aldı ki, bura kim gəlmişdi? Qapıçı dedi: – Ağa özünüz buyurmuşsunuz ki, Zərnigar nə vaxt mənim qəbuluma gəlsə mane olma. Zərnigar bir nəfər kənizi ilə gəlmişdi. Qayıtdı getdi.
Şabəndə bəy Valehə diqqətlə baxdı və dedi: – Aşıq Valeh, doğrudan da valehedicisən.
Səhəri gün Şabəndə bəyin əmri ilə hər tərəfə car çəkildi. Xəbər verildi ki, axırıncı aşıq ilə Zərnigarın deyiş¬məsidir. Ya, qırx aşığın boynu vurulacaq, ya da aşıqlar azad olacaq, ya da Zərnigar ərə gedəcək.
Bu xəbəri ətraf kəndlərə də çatdırdılar. Günortaya qədər Dərbəndin böyük meydanına dəstə-dəstə adamlar toplandılar. Günorta Şabəndə bəy divanxana işçiləri ilə aşıq Valehi deyiş meydanına gətirdilər. Bu tərəfdən Zərnigar xanım öz adamları ilə 39 dustaq aşıqları həmin meydana gətirdilər. Boyunlarında kəmənd, ayaqları qandallaqlı hamısı bir-birinə çələkli. Bəli, elə ki, meydan quruldu, şərtnamə təzədən yazıldı. Şərtnamə belə oldu: – Əgər aşıq Valeh Zərnigara üstün gəlsə, onda həmin meydanda Zərnigarın kəbini Valehə kəsiləcək. Valeh Zərnigarı Qarabağa gətirsə, onda Zərnigarın kəbini Valehə kəsiləcək. Qalanı isə Zərnigarın yaxın qohumlarına çatacaq.
Bəli, şərtnamə imzalandı, təsdiq edildi. Zərnigarla aşıq Valeh girdilər deyiş meydanına, Görək Zərnigar nə deyir? Valeh nə cavab verir?
O vaxt onlar deyib, indi də biz deyək:

Zərnigar

Qarabağdan dov eyləyib gəlmisən,
Yer üzündə mən İsayam, sən nəsən?
Öz əlinlə yaxşı yıxdın evini,
Haqqdan gələn bir bəlayam, sən nəsən?

Aşıq Valeh

Ay nazənin, şagirdlərin ustadı,
Hamı bilir mən yektayam, sən nəsən?
Dərsimi almışam kamil ustaddan,
Eşq içində dolu payam, sən nəsən?

Zərnigar

Çoxların salmışam xanı turaba,
Sal altında aciz qalıb cavaba.
Səni də pay göndərəcəm hesaba,
Bu əyyamda mən dəryayam, sən nəsən?

Aşıq Valeh

Çox sənin kimilərin al eylərəm mən,
Aparıb, özümə mal eylərəm mən,
Dəryanın üzündən yol eylərəm mən,
Mərifətdə mən Musayam sən nəsən?

Zərnigar

Zərnigaram, səni çəkərəm dara,
Başından tikdirrəm kəllə- minara!
Bir kəsin var, edə dərdinə çara?
Haqqdan gələn bir sevdayam, sən nəsən?

Aşıq Valeh

Ustadım Səməddir, sakini -Abdal
Əgər üzün görsən, olar dilin lal!
Valehəm, Hafizə vermərəm macal,
Mən ona gərraham, hələ sən nəsən?

Sözlər tamama yetdi. Hər tərəfdən əhsən sədası eşidildi. Zərnigar kədərli, qəzəbli halda aldı, dübarə görək nə deyir:

Zərnigar

Bizdən salam olsun aşıq Valehə,
Əgər aşıqsansa, gəl eyliyək, cəng.
Görək ki, kim kimə verir zavalı,
Kim – kimin əlində mat olur, dil– təng.
Aşıq Valeh

Al cavabın deyim, Zərnigar xanım!
Mənəm, aşıqlarda bir giranı – sənk.
Zərrəcə yerimdən tərpədə bilməz
Yığılsa Rum – qeysər, ta Hindi -firəng.

Zərnigar

Əcəl gətiribdir səni bu girə,
Sənin də gərdənin keçər zəncirə!
Üç gündə bir çörək verərəm cirə,
Yanar əhvalına dəryada nəhəng.

Aşıq Valeh

Aşıq olan özün sənə bab etməz,
Sədanı eşidən gecə xab etməz,
Dəmir zəncir eşq oduna tab etməz,
Gəl, mənə bağlama top, ilə tüfəng.

Zərnigar

Qoymaram yetəsən səni yarına,
Bir təpiyim dəyər bürcü – barına,
Bir zərbə gələrəm rüzügarına,
Aşıq sərdarıyam mənəndi pişəng.

Aşıq Valeh

Qurban olum qoynundakı narına,
Zərb ilə danışma, danış maına.
Kəl gərək ki, bu meydanda dayana,
Aslan davasına tab etməz pələng.

Zərnigar

Meydana gətirib səni də əcəl,
Çəkərsən əlimdən gəngilə cədal.
Zərnigaram, sabah meydanıma gəl!
Bu bir sözdür, sənə eylədim rəng.

Aşıq Valeh

Qurban olum, sən tək nazlı ceyrana,
Sən bir zənən, mən durmuşam mərdana.
Valehəm, sinəmə qoydun nişana,
Yüz kamandar atsın min tiri – xətəng.

Sözlər tamama yetdi. Deyişmənin ardı səhərə qaldı.
Dustaq aşıqlar haray saldılar ki, aşıq Valeh, deyişməni səhərə qoyma! Zərnigar bir tilsim qurduracaq, səni, karıxdıracaq. Valeh dedi: – Narahat olmayın, qoyun nə bilir işlətsin.
Bəli. Səhər açıldı, yenə həminki meydan quruldu. Yenə də Zərnigar qabağa düşdü. Aldı görək nə deyir, Valeh nə cavab verir.
Zərnigar

O necə şəhərdir, ay aşıq Valeh?
On iki bazarı, əlli iki küçəsi, üç xocası var.
Üç yüz altmış beş onun içindədir.
Altmış min iki yüz iyirmi iki həm xocası var.

Aşıq Valeh

O şəhər bir ildir Zərnigar xanım,
On iki ayı , əlli iki həftəsi, üç bayramı var.
Üç yüz altmış beş gün hesabıdır,
Altı min iki yüz iyirmi iki rükət namazı var.

Zərnigar

O necə aləmdi on beş çırağı?
Doqquz bağbanı var, on iki bağı.
Mütəssil pərkarda on beş otağı,
Ona qərar qoyanın nə xilası var?

Aşıq Valeh

İsulidin Firudin on beş hesabı,
Doqquz yol oğlu on iki imamı.
Mütəssil pərkarda cənnəti – damı,
Mömünün cənnətdə çox xilası var.

Zərnigar

Altı min yüz altmış altı Hacı,
On dörd pəhləvanı, var çox xərracı.
Səkkiz min yeddi yüz altmış kərpici
Onu yalqız yapanın nə binası var?

Aşıq Valeh

Altı min altı yüz altmış altı ayədi ayət,
On dörd sində onda tapır hidayət.
Səkkiz min yeddi yüz altmış bir ildə saat,
Onu yalqız yapanın bir binası var.

Zərnigar

Altı min iki yüz iyirmi iki yarın dükanı,
De neçə mənzildir onun təkanı?
Neçə pəhləvandır yoxlayım onu,
Söylə, bu sözlərin nə mənası var?

Aşıq Valeh

Altı min iki yüz iyirmi iki namazdı bir il
On yeddi rükəti bir gündədir bil.
Yeddi əzan yerə deyil mütəssil,
Dediyin sözlərin bu mənası var.

Zərnigar

Yüz on dörd otuza eylərəm şükür,
Yüz bir dərviş orda oxuyur zikir.
Zərnigar aləmdə çəkərmi fikir?
Şəriəl – mürtəza tək ağası var.

Aşıq Valeh

Yüz on dörd otuzdu sureyi – Quran,
Yüz bir təsbehidir, həm zikri sübhan.
Valehə köməkdir o şahı mərdan,
Bu meydanda güclü müddəası var.

Sözlər tamama yetdi. Zərnigar çox kədərli vəziyyətdə aldı görək nə deyir:
Zərnigar

Səndən xəbər alım, ay aşıq Valeh,
Əvvəl nə şey xəlq elədi sübhanı?
Neçə şeyda ondan oldu aşikar?
Yaratdı sifəti, namı, nişanı.

Aşıq Valeh

Al cavabın deyim, Zərnigar xanım,
Əzəl bir dürr xəlq eylədi sübhanı,
Cəmi aləm ondan oldu aşikar,
Yaratdı sifəti, namı, nişani.

Zərnigar

Deynən görüm, nədir yerin əsas?
Nə üstündə qərar tapıb, durası?
Neçə ildir, yerlə göyün arası?
Nədən yaratdılar, həft asimanı?

Aşıq Valeh

Bil ki, bir balıqdı yerin əsası,
Gav üstündə qərar tapıb durası.
Səksən min il yerlə göyün arası,
Nurdan xəlq etdilər həft asimanı.

Zərnigar

O kim idi, kimdən xof etdi qaçdı,
Yüz səksən min il orda xaba uğraşdı.
Qəməd idi, onlar ilə qarışdı,
Adları kəhf idi, ismi-bəyanı.

Aşıq Valeh

Dağa-ynus Allahdan xof etdi qaçdı,
Yüz səksən min il orda xaba uğraşdı,
Qəməd idi, onlar ilə qarışdı,
Adları kəhf idi, ismi-əyanı.

Zərnigar

Zərnigarın bilmək olmaz sanını,
Şəhidlərin heç yumazlar qanını!
O kimdi alacaq özü canını?
O kim idi öldü, dirildi canı?

Aşıq Valeh

Valeh yulduz bilmək olmaz sanımı,
Şəhidlərin yumadılar qanını,
Əzrail alacaq özü canını,
O Cəsərsuzdu öldü, dirildi canı!

Sözlər tamama yetdi. Zərnigar başı aşağı getdi. Sazını divana təhvil verdi.
Dedi: – Aşıq Valeh, mən təslim. İndi mənim də, dustaq aşıqların da küllü - ixtiyarı səndədir.
Valeh dedi: – Zərnigar xanım nə oldu ki, sən dedin, mən cavab verdim, indi də mən deyəcəm, sən cavab ver.
Zərnigar dedi: – Aşıq Valeh nə lazımsa, mən dedim, sən də cavab verdin. Artıq söz nəyə gərəkdir?
Valeh dedi: – Zərnigar xanım sənin dediyin sözlərdən demədiyin sözlər yüz dəfə çoxdur. Mən sənin demədiyin sözlərdən bir neçəsini deyəcəm. Aldı görək, Valeh nə dedi:

Aşıq Valeh

Səndən xəbər alım Zərnigar xanım,
Əvvəlki mətləbin, kamın neçədir?
Nə ilə kamilsən, nə ilə naqis?
Mürtəzəndə dolu camın neçədi?

Zərnigar

Al cavabın deyim, ay aşıq Valeh,
Əvvəlki mətləbin kamın ikidir.
Ədəbli kamildir, ədəbsiz naqis
Mürtəzəndə dolu camım ikidir.

Aşıq Valeh

O nədir ki, batilində nazirdi?
O nədir ki, vücudunda hazırdı?
O nədir ki, şər ruzində zahirdi.
O nədir ki, demək olmaz ikidir?

Zərnigar

O Tanrıdır böyüklükdə nazirdir.
O uşaqdır vücudumda hazırdır.
Dörd kitabda şəfa ulduz zahirdir.
Bundan artıq dolu camım ikidir.

Aşıq Valeh

Mən Valehəm, neyləmişəm, neyləyim?
Bir Əliflə bir dal neylər söyləyin?
Tökün kitabları hesab eyləyin,
O nədir ki, demək olmaz ikidir?

Axırıncı bəndi Zərnigar aça bilmədi. Meydanda səs-küy ucaldı. İşi belə görən Valeh axır bəndi özü açdı.

Aşıq Valeh

Aşıq olan sözün açıq söyləyər,
Yüz min naşı bir kamilə neynəyər?
Bir əliflə bir dal min bir eyləyər,
Ad yiyəsi demək olmaz ikidi.

Söz tamama yetdi. Aşıq Valeh Zərnigarla birlikdə dustaq aşıqları da yoxlamaq üçün aldı görək nə deyir?

Aşıq Valeh

Eşitsin aşıqlar, desin Zərnigar,
Məhəbbət bəhrinə çay hardan gəlir?
On səkkiz min aləm harda birləşir?
Xilqətin qəhrinə pay hardan gəlir?

Cavab olmadı. Aldı Valeh dübarə:
Həfti, həşdi se çaharın cəmin de!
Gizli qalan bir hesabın kəmin de!
Mürsəl nə dilərin keçmiş dəmin de!
İl kimnən cəmlənir, ay hardan gəlir?

Valehə dərs verib Kərəmin Kanı!
Ərəs aləminin kimdi soltanı?
Hardadı varlığın sirri, pünhanı?
Bahar nədən doğur, yay hardan gəlir?

Söz tamama yetdi. Sözlər cavabsız qaldı. Bəy ayağa qalxdı, dedi: – Aşıq Valeh kifayətdi. Sənə alqışlar olsun. Əlavə dedi: Şeyx Şaban, şərtnaməyə əsasən bizim Zərnigar xanımın kəbinin bu meydanda xalqın qarşısında Qarabağlı aşıq Valehə kəsməyini məsləhət bilirəm. İş belə olanda Zərnigar öz-özünə dedi: – Gör bəxtim məni nə günə qoydu, adlı-sanlı igid oğlanları bəyənməyən canım indi bir aşığın qulu oldu, hər halda mən Valehin əsl arvadına qul olmalıyam. Belə deyib, Zərnigar həzin-həzin ağladı. Zərnigar xanımı ağlar görən aşıq Valeh sazını aldı sinəsinə, görək nə deyir:
Aşıq Valeh

Xumar gözə yaraşmayır,
Bəsdi, Zərnigar ağlama.
Xəbər verib hər tərəfə,
Çəkdirmisən car ağlama.

Özün mənə namə yazıb,
Etmisən İlqar ağlama.
Səni ovlayan Tərlanı,
Hesab edib, sar ağlama.

Öz əhdinə çatmaq üçün
Qurdur mənə dar, ağlama.
Aşıqlarda mürvət olar
Dar qurub, divan ağlama.

Bu kimsəsiz aşıqları,
Qəmlərə büryan ağlama.
Asumana pülənd olub
Bu qəm-qüssə zar ağlama.

Bil, mən sənin uğrunda,
Neçə borandan keçmişəm.
Neçə-neçə daşqın çaydan,
Neçə tufandan keçmişəm.

Neçə arzu, neçə dilək,
Neçə gümandan keçmişəm.
Ömrümə qəsd eyləyib,
Bu şirin candan keçmişəm.

 Gəl qiymət ver bu zəhmətə,
Sevimli Nigar ağlama!
Bu gün şadlıq məqamıdır,
Əl ver ələ, əl sevinsin.

Talant qəlbdə coşa gəlsin,
Ürək gülsün, dil sevinsin.
Xəbər çatsın Qarabağa.
Bayram etsin, el sevinsin.

Aşıq Valeh kama çatsın,
Sazındakı tel sevinsin.
İxtiyarım varmı, bu gün?
Deyəm sənə yar, ağlama!

Söz tamama yetdi. Eşidənlər Valehə əhsən dedilər. Zərnigar gülə-gülə Valehə yaxınlaşdı, dedi, aşıq Valeh əlini ver əlimə, ölüncə mən səninəm. Sən də mənim.
İş belə olanda Şeyx Şaban kəbini kəsdi, hər ikisinə xeyir-dua verdi. Aşıq Valeh dustaq aşıqları azad etdi. Şa¬girdi Səməd dedi: – Ay usta, qul xatasız olmaz, ağa da kərəmsiz. Keç mənim günahımdan, qovma məni hüzurun¬dan. Valeh dedi: – Səməd, Qarabağacan bir yerdə gedəcə¬yik, sonrasına baxarıq. Şabəndə bəy dedi: – Aşıq Valeh Zərnigar xanım sənə layiqdir, hər ikinizə xoş günlər arzulayıram. İndi Zərnigarla get, məndən olsa, toyunu burada, Dərbənddə edərik.
Valeh dedi: – Bəy bağışla, bu mümkün deyil, ona görə ki, bütün Qarabağ xalqının gözü yoldadır, məni gözləyir.
Şabəndə bəy dedi: – Yaxşı razıyam, ancaq Qarabağa səfər edəndə, bir gün əvvəl mənə məlumat ver. Bəli, mə¬rəkə bitdi. Aşıq Valeh Zərnigarla gəldi, dayandılar imarətin qapısında.
Zərnigar dedi: – Aşıq Valeh indiyənə kimi bu imarət mənim idi, indi oldu sənin. Daxil oldular saraya, söhbət¬ləri biri-birinə zəncirləndi, yedilər, içdilər, dincəldilər.
Səhər aşıq Valeh durdu, baxdı. Zərnigar cahı-cəlal ilə, yəni köynəkcək bağçanı sehr edir. Tez sazını aldı əlinə. Getdi, Zərnigara çatanda aldı görək nə dedi:

Aşıq Valeh

Səhər-səhər xiyabanlar içində,
Sənin kimi nazlı yarı görəsən.
Hey baxasan qamətinə, boyuna
Sinəsində qoşa narı görəsən.

Söhbət üçün çəkiləsən pünhana,
Fikir təmiz ola, ürək mərdana.
Deyəsən-güləsən mehriban yana
Xəyalında düz ilqarı görəsən.

Gül borana düşər öz budağında,
Qızıl parlaq olmaz öz yatağında.
Valeh, Qarabağda öz otağında,
Ömür boyu Zərnigarı görəsən!

Söz tamama yetdi. Zərnigar dedi: – Valehcan, sözlərindən aydın olur ki, Vətənə getmək istəyirsən. O, sənin öz ixtiyarındadır. Nə vaxt desən mən hazıram. Valehə də bu lazım idi. Həmin günü Şabəndə bəyə məlumat verdi ki, səhər yola düşmək istəyir.
Şabəndə bəy bir kəcaba düzəltdirdi. Dərbəndin say-seçmə igidlərindən qırx nəfər hüzuruna dəvət etdi. Tapşırdı ki. Aşıq Valeh və Zərnigar xanımı salamət öz vətənlərinə aparsınlar.
Səhəri gün Karvan yola başladı, dəbdəbə ilə Qarabağa çatdılar. Valeh Səmədi muştuluğa göndərdi. Səməd Abdal-Gülablı kəndinə çatdı. Xəbər elədi, Heydər bəy bir böyük dəstə atlı ilə Valehgili qarşıladı. Həmin gün Valehin qapısına gətirilən qurban mal və qoyunun sayı həddini aşdı. Dərbəndli qonaqları yola salandan üç gün sonra aşıq gəldi, Valehin toyu başlandı. Aşıq Valeh Zərnigarla ailə qurdu, ömrlərinin sonuna qədər bir yerdə yaşadılar.
Qeyd: Söylənənlərə görə ustad Səməd Valehin əvvəlki nişanlısı, həm də əmisi qızı Sənəmi öz kiçik oğluna aldı.
Bir aşıq gəldi, Valehin toyunun duvaqqapmasında bu sözləri oxudu:

Gəl ey sazım, tərif deyək,
Yaraşır dastan cahana
Gərdişində heyran qalıb,
Kim olub, mehman cahana.

İbtidadan bivəfadır,
Bağlama peyman cahana.
Bir gün gələr beş gün ağlar,
Kim olsa soltan cahana.

Əbədilik sahib olub,
Kim verib, fərman cahana?
Adəm ata, Həvva ana,
Gəldi cahana, getdimi?

Nuh kimi bir Nəbini,
Saldı tufana getdimi?
Yunis, Əziz, Zəkəriyyə.
Düşdü borana getdimi?

İbrahimi, həm Musanı,
Saldı gümana getdimi.
Növbə ilə gəlib, gedib,
Gör neçə insan, cahana.

O Firdovsi Əbülqasım,
Gör neçə il qələm çaldı.
Nizami də şairlikdə,
Həqiqətin tacın aldı.

Əbdürrəhman cami yazdı,
Yusifi zillətə saldı.
Nəsimi, həm Xəyyam, Sədi,
Ömür boyu fikrə daldı.

Şair olub, dastan deyib,
Neçə göhərkan cahana.
Rüstəm Zal da atlananda,
Vuruşmağa ər gəzirdi.

O bizanslı İsfəndiyar,
Bir nər oğlu, nər gəzirdi.
Diz çöküb, təslim olub,
Neçə pəhlavan cahana.

İsgəndəri - zil qərinə,
Neçə il devran elədi.
Neçə yurdu talan etdi,
Ölkələr viran elədi.

Nadir, Çingiz, Teymurləng
Hər yana fərman elədi.
Cəmşid, Qacar, Əfrasiyab,
Könüllər al-qan elədi.

Heç sahib ola bilmədi
Təxti-Süleyman cahana.
Ustad Səməd, Faiz Cəfər
Sənətində ad eylədi.

Aşıq Valeh, Aşıq Qəmbər,
Könülləri şad eylədi.
Xəstə Qasım, şair Abbas,
Ömür boyu dad eylədi.

Ələsgərlə Molla Cümə,
Şeirdə fəryad elədi.
Xaspolad da saz götürüb,
Söyləyir dastan cahana.