Məzmuna keç

Vaqif, nə tez sənəmlərdən əl çəkdin!

Vikimənbə saytından
Vaqif, nə tez sənəmlərdən əl çəkdin!
Müəllif: Molla Vəli Vidadi

Vaqif, nə tez sənəmlərdən əl çəkdin,
Birin bir inəyə qiymət eylərsən?
Hələ sonra keçiyə də enərsən,
Alsa müştəriyə minnət eylərsən.

Puç olsun qocalıq, gördün ki, necə,
Bir pulca xublara gəlməzmiş vecə,
Gündüz fikr etdiyin baş tutmaz gecə,
Tamam puçdur hər nə söhbət eylərsən.

Xublar işində ki, qiyqac olursan,
Onların tə’ninə amac olursan,
Sən ki, alığa da möhtac olursan,
Əbəs yerə neçin zəhmət eylərsən.

İşin ki, düşübdür Arayatıya,
Oğul da olsa, dəxi baxmaz atıya,
Birin də mən allam örkən-çatıya,
Əgər qayırmağa möhlət eylərsən.

Sifariş etmişdin qəl’əbəyiyə
Ki, sən göz-qulaq ol bizim dəyiyə,
Müştərini doldurubdur payiyə
Necə ki, keyfindir ləzzət eylərsən.

Demədimmi alma ağ dəyənəyi,
Danadan, buzovdan etmə hənəyi,
İndi nə çox istəyibsən inəyi,
Hələ sonra daha şiddət eylərsən.

Dovtələb oluban gedibsən xandan,
Ölüncə çıxmanam ta Gülüstandan.
İnşallah çalışsan habelə candan
Hər nə desən, bil, aqibət eylərsən.

Bir igidsən, işlərində daim ol,
Demənəm ki, qəflət eylə, naim ol,
Xan buyuran qulluqlarda qaim ol,
Gör düşmənə nə həqarət eylərsən.

Əgər Allah xana verə nüsrətlər,
Zaye olmaz heç çəkdiyin zəhmətlər,
Başa gəlir eylədiyin niyyətlər,
Gər sidq ilə nəngü qeyrət eylərsən.

Quşçu Namazəli yeyib-yatmasın,
Daim sözün məsləhətə qatmasın,
Çox da özün hər meydana atmasın,
Qəfil о igidi xiffət eylərsən.

Bizim Abdullahın vardır qədəmi,
Onun da ha indi gəlibdir dəmi,
Genə qoymaz о Gəncədə adəmi,
Əgər ki, sən bir işarət eylərsən.

Baqqal ilən Əli müştağındadır,
Molla Səfərəli fərağındadır.
Xeyri olsun hər kəs yığnağındadır,
Onlar ilən zövqü işrət eylərsən.

Hərgiz olmaz haq gölünün fənası,
Əskik olmaz yaşıl başlı sonası,
Məhşərətən qaim olsun binası
О məscid ki, doğru imrət eylərsən.

Biz də təşrif buyurmuşduq bağatan,
Eşitdik gəldiyin Nəsib ağadan,
Mən ha bilməz idim ta bu çağatan,
İndi bildim hünər, cür’ət eylərsən.