Vaqiflə müşairə
| Vaqiflə müşairə Müəllif: Molla Vəli Vidadi |
Vaqif
Ey Vidadi, sənin bu puç dünyada
Nə dərdin var ki, zar-zar ağlarsan?
Ağlamalı günün axirətdədir,
Hələ indi səndə nə var, ağlarsan?
Vidadi
Vaqif, nə çox yan baş-ayaq atarsan,
Mənə dersən nə bu qədər ağlarsan?
Sənin də başında məhəbbət beyni,
Əgər olsa, eylər əsər, ağlarsan!
Vaqif
Ta cəsədin cüda olmayıb candan,
Bil özünü artıq sultandan, xandan.
Qəriblik, ayrılıq nədir ki, ondan
Bu qədər çəkibən azar, ağlarsan?
Vidadi
Ağlamaq ki, vardır məhəbbətdəndir,
Şikəstə xatirlik mərhəmətdəndir.
Əsli bunlar cümlə mürüvvətdəndir.
Olsa ürəyində betər ağlarsan!
Vaqif
Say qənimət diriliyin dəmini,
Keçən həmdəmlərin çəkmə qəmini,
Əqlin olsun, sil gözünün nəmini,
Dəxi geri gəlməz onlar, ağlarsan!
Vidadi
Ağlamaq möminin əlamətidir,
Nəbinin dininin xoş adətidir,
Əgər bilsən həqqin kəramətidir,
Ta gedincə nuri bəsər ağlarsan!
Vaqif
Əlindən kəndini aldıran fələk,
İnəklərə buzov saldıran fələk,
Yarü yoldaşını öldürən fələk
Məgər səni boylə qoyar ağlarsan?
Vidadi
Neylərsən söyləmiş buzov-inəyi,
Bizimlə eyləmiş belə hənəyi,
Həzrətqulu bəyin ağ dəyənəyi,
Alıbsan əlinə məgər, ağlarsan.
Vaqif
Kimdir indi bu dövrdə ol adəm,
Pərisi yanından heç olmaya kəm,
Qaralırsan bulut kimi dəmadəm,
Ağ yağış tək yaşın yağar, ağlarsan!
Vidadi
Billəm çox uşaqsan, ürəyin toxdur,
Ləhvü ləəb ilə həvəsin çoxdur.
Qocalıq əsəri könlündə yoxdur,
Hələ sonra əqlin kəsər, ağlarsan.
Vaqif
Toy-bayramdır bu dünyanın əzabı,
Əqli olan ona gətirər tabı,
Sənin tək oğlana deyil hesabı,
Hər şeydən eyləyib qubar, ağlarsan.
Vidadi
Oğlan, sən uşaqsan, cavansan hələ,
Yenicə cisminə düşüb vəlvələ,
Tazəcə dəyənək alıbsan ələ,
Qayim tut ki, nagah düşər ağlarsan.
Vaqif
Bidəmağ olmaqdan nə düşər ələ,
Şükr eylə Allaha, gəz gülə-gülə!
Uşaq ha deyilsən tez-tez, habelə
Könlünün şişəsi, sınar, ağlarsan!
Vidadi
Uzaqdan bax, yaxşı fəhm et satirə,
Bu iş baxmaz heç könülə, xatirə,
Istər yüz il bu yollarda qatirə,
Bir gün yanar canü ciyər, ağlarsan.
Vaqif
Keçən işdən mərd igidlər pozulmaz,
Atalar deyiblər, tökülən dolmaz.
Qatıq üçün qışda ağlamaq olmaz.
İnşallah gələr bahar, ağlarsan.
Vidadi
Dövlətindən yetdik nanü nəməgə,
Düşdük indi cadü qatıq yeməgə,
Söz ki, çoxdur yeri yoxdur deməgə,
Əgər bilsən, ey bixəbər, ağlarsan.
Vaqif
İç qatığı, ye darının cadını,
. . . . . . . . . . . . . . .
Neylərsən dövranın dadlı zadını,
Sənə nə olur о zəhrimar, ağlarsan.
Vidadi
Ey mənə göstərən qatığı, cadı,
Onu yeyən tapar külli muradı,
Dünyanın sənə də ləzzəti, dadı,
Bir gün olur axır zəhər, ağlarsan.
Vaqif
Necə ki, dirisən, ölü deyilsən,
Qocalıban yaylar kimi əyilsən,
Padişahsan əgər özünü bilsən,
Neçin olub candan bezar, ağlarsan.
Vidadi
Elə ki, taxıldı burnuna çeşmək,
Qocalıq əl verib dəxi nə şişmək…
Uşaqlar içinə düşər gülüşmək,
Sənin də acığın tutar, ağlarsan.
Vaqif
Yavuz çox qocalan bayatı sevər
Gah öyünü, tək-tək özündən deyər,
Sən də yetişibsən о həddə məyər,
Beyninə bayatı uyar, ağlarsan.
Vidadi
Külli-Qarabağın abi-həyatı,
Nərmü nazik bayatıdır, bayatı,
Oxunur məclisdə xoş kəlimatı,
Ох kimi bağrını dələr, ağlarsan.
Vaqif
Müxəmməs deməyin seyrəklənibdir,
Bayatıda zehnin zirəklənibdir,
Qocalıbsan, qəlbin köyrəklənibdir,
İşdən, gücdən olub bekar, ağlarsan.
Vidadi
Gəl danışma müxəmməsdən, qəzəldən,
Şе’ri-həqiqətdən, mədhi-gözəldən,
Sənin ki, halını billəm əzəldən,
Elə deyib canan, dilbər, ağlarsan.
Vaqif
Yetmişdə ki, belə nəm gələ gözə,
Kəsməyə arasın baxmaya sözə,
Ol zaman ki, yaşın yetişər yüzə
Gəl, gör, onda nə bişümar ağlarsan.
Vidadi
Sarı Çobanoğlu gəlsin yanına,
Axund deyə canın qatsın canına,
Xanın şövkətinə, sənin şanına,
О yaxşı müxəmməs düzər, ağlarsan.
Vaqif
Nədəndi bənizin heç olmur duru,
Sovulub bostanın olubdur uru,
О zaman ki, sənə… . . . . . .
Gözlərin çanaqdan çıxar, ağlarsan.
Vidadi
Dərdlərinə dərman olmaz heç kəsin,
Əbubəkrə hərgiz yetişməz səsin,
Mitilin altında qalır nəfəsin,
Mürği-ruhun göyə uçar, ağlarsan.
Vaqif
Bir gün çəkər qabağına Əzrail,
Deyər: ey kor bəndə, qəflətdən ayıl!
Görərsən bir qərib şəklü şəmail,
Ürəyinə qanlar damar, ağlarsan.
Vidadi
Əzrail ki, çəngəl çalar canına,
Çevrilib baxarsan hər bir yanına,
Ol zamanda sənin ah, əfğanına,
Nə bir gəlin, nə qız yetər, ağlarsan.
Vaqif
Onun çəngəli ki ə’zayə düşər,
Çaxnaşar cəsədin lərzayə düşər,
Tamam sümüklərin vay-vayə düşər,
Diriykən dərini soyar, ağlarsan.
Vidadi
Axirət sözünü salma yadına,
Dürüst deyil mütləq е’tiqadına,
Məhşər günü kimsə yetməz dadına,
Fəryadın fələyə çıxar, ağlarsan.
Vaqif
Yanarsan təpədən çıxar tütünün,
Tutuşar boğazın, kəsilər ünün,
Hələ vardır bundan betər pis günün,
Üqbayə edəndə səfər, ağlarsan.
Vidadi
Mö’min olub qəlbin olsaydı səlim,
Bilərdin xudanın olduğun kərim,
Sənə kərəm eylər əzizü həkim,
Nə çəkərsən xovfü xətər, ağlarsan!
Vaqif
Çün gedərsən о qaranlıq dar yerə,
Qonşu olmaz çağıranda səs verə,
Bir kimsə tapılmaz qapından girə,
Görərsən dörd tərəf divar, ağlarsan.
Vidadi
Mö’minəm zikrimdir daim ilahi,
Uzaqdır könlümdən külli-mənahi,
Əfv olur mö’minin cümlə günahi,
Sənin də könlündən keçər, ağlarsan.
Vaqif
Zahir olur iki şəxsi-qəzəbnak,
Əllərində şeşpər, çapikü çalak,
Onları görəndə zəhrin olur çak,
Qutun qurur, nitqin batar, ağlarsan.
Vidadi
Münkir sözü, sual sözü, sin sözü,
Söz bir gərək, nə danışmaq min sözü,
Dünya axirətdən belə din sözü,
Əlin yoxdur, bəs müxtəsər, ağlarsan.
Vaqif
Bu yanından çıxar о zalım şeytan,
Su göstərər səndən ta ala iyman,
Nə Ömər tapılar, onda nə Osman
Hər biri bir yanda batar, ağlarsan.
Vidadi
Məzarın, məhşərin həqdir cəhəti,
Məhrum qalmaz Məhəmmədin ümməti,
Sən ki, tərk edibsən tamam sünnəti,
Çох çəkərsən qəzəb, qəhər ağlarsan.
Vaqif
Çünki işin çəp düşübdür əzəldən,
Fayda olmaz işlədiyin əməldən,
Mələk verər dəftərini sol əldən,
Günahını bir-bir sayar, ağlarsan.
Vidadi
Mələklər ki, gələr sahib izzətdən,
Ayıra mö’mini asi millətdən,
Görər ki, deyilsən əhli-sünnətdən,
Səni yolum-yolum yolar, ağlarsan.
Vaqif
О gündə ki, qaçar pədərdən püsər,
Gövdənə çulğaşar yalav sərbəsər,
Su verməz içəsən saqiyi-kövsər,
Kabab təki bağrın yanar, ağlarsan.
Vidadi
Əvvəl Bubəkrdir peyğəmbərə yar,
Ömərdir islamı eyləyən izhar,
Osmani-Zinnureyn, heydəri-Kərrar,
Olarlar saqiyi-kövsər, ağlarsan.
Vaqif
Çün töhmət edibsən о həştü çara,
Əlin necə yetər sənin onlara,
Qapılarda dolanırsan avara,
Gör başına gələr nələr, ağlarsan.
Vidadi
Əbubəkrü Ömər, Osmanü Əli,
Cümlə həştü çəhar imamü vəli,
Nе’manü Şafei, Malik, Hənbəli,
Onları cəmiən gəzər, ağlarsan.
Vaqif
Ol zaman ki, qaynar kəllədə beyin,
İmam Əzəm danar sözün, hər şeyin,
Heç üzə mən baxa bilmənəm deyin,
Səni görcək gözün yumar, ağlarsan.
Vidadi
Allahın ki, heç çəkməzsən minnətin,
Tərk edibsən peyğəmbərin sünnətin,
Nə görərsən mə’sumların hörmətin,
Əgər ağlamazsan, əgər ağlarsan.
Vaqif
Həştü çəhar çün halını duyarlar,
Sanma səni öz halına qoyarlar,
Əvvəl onlar səni diri soyarlar,
Sümüyünü ta gömərlər, ağlarsan.
Vidadi
О zaman ki, məhşər xalqı durarlar,
Divan olub sorğu-sual sorarlar,
Əgər səni bu məhzəbdə görərlər,
Yerbəyer budayıb əzər, ağlarsan.
Vaqif
Demə ki, dadıma yetər Maliki,
Dərdə düşər səndən betər Maliki,
Qaçar ilim-ilim itər Maliki,
Yaşınıb bir yerdə yatar, ağlarsan.
Vidadi
Həşrədək qalarsan ahü zar ilən,
Həsrət ilən, çox-çox intizar ilən,
Kələz ilən, əqrəb ilən, mar ilən
Ağzınadək qəbrin dolar, ağlarsan.
Vaqif
Çох kimsələr qıl körpüdən asılar,
Hənbəlinin qaravulu basılar,
Qorxusundan bir bucağa qısılar,
Dinə bilməz mat-mat baxar, ağlarsan.
Vidadi
Həsən Kaşinin ta başın kəsərlər,
Kəsib onu cəhənnəmdən asarlar,
Qızdırıb-qızdırıb oda basarlar,
Onu görüb əqlin çaşar, ağlarsan.
Vaqif
Şafeinin olmaz о qədər suçu,
Əvvəldən axıra ayrıdır köçü,
Gələr fəriştələr, amma bu üçü,
Tutar bir-birinə çaxar, ağlarsan.
Vidadi
Şafeini imamlardan ayırma,
Ümmə xanı görüb riya qayırma,
Bu sözləri ləzgi içrə buyurma,
Səni qalmıqlara satar, ağlarsan.
Vaqif
Qəbirdən ki, çıxıb gedərsən Şama,
О günlərin dönər toya, bayrama,
Əlin yetməz peyğəmbərə, imama,
Qiyamət başına qopar, ağlarsan.
Vidadi
Qapılarda çox toxuna-toxuna,
Ömərdən, Osmandan gəzmə saxına,
Olarsız ki, heç qoymazlar yaxına,
Döyə-döyə öldürərlər, ağlarsan.
Vaqif
Əqlin olsun, on iki imama inan,
Fayda verməz sonra olmaq peşiman,
Yəqin bil ki, qurulacaqdır mizan,
Əməlin qarşında durar, ağlarsan.
Vidadi
İmamlar ha deyil sənin yoldaşın,
Olsaydı gözündə olardı yaşın,
Sən əqildə vardı neçə qardaşın,
Olur-olsun, sən müqərrər, ağlarsan.
Vaqif
Vaxtkən, dəli olma, gəl eşit məndən,
Gəzmə yalvar-yapış onlara gendən,
Amma qorxun olsun Əbülhəsəndən,
Səni əzim-əzim əzər, ağlarsan.
Vidadi
Qulluq etməyibsən Əbülhəsənə,
Gələ, о günündə yar ola sənə,
Yetişməz dadına heç bir kimsənə,
Qalarsan naəlac, naçar, ağlarsan.
Vaqif
Axır sənin necə haldır, bu halın,
Hansı mətləbdədir fikrü xəyalın?
Vədə günü atın, qoyunun, malın,
Əgər doğmaz, əgər doğar, ağlarsan.
Vidadi
Çün sevməzsən atı, qoyunu, malı,
Eşitməzsən hərgiz bu qalmağalı,
Bəs nədir yığıbsan neçə əyalı,
Doğmaz şad olarsan, doğar ağlarsan.
Vaqif
Heç axtarma şahi-heydər Əlini,
İmami-hümamı tamam vəlini,
Yığ başına təpik atan dəlini,
Olar ki, bir-birin qırar, ağlarsan.
Vidadi
Tanırsan Şəmkirli dəli qazini,
Həsəni-Kaşini, Nəsir Tusini,
Tərki-sünnət olan tamam asini,
Görərsən duzəxə girər, ağlarsan.
Vaqif
İmam ki, iraqdır е’tiqadından,
Tamam bildiklərin çıxar yadından,
О zaman çəkilər ah nihadından,
Fəryadın fələyə çıxar, ağlarsan.
Vidadi
Olan peyğəmbərin doğru rahında,
Xuda saxlar onu öz pənahında,
Səni hər kim görər həq dərgahında
Qatar qabağına qovar, ağlarsan.
Vaqif
Başına cəm olub əqlin yığılmaz,
О səbəbdən dərdin, qəmin dağılmaz,
Sənin malın buzov salıb, sağılmaz,
Hər kəs inəyini sağar, ağlarsan.
Vidadi
Şeytan ki, dünyada aldadır kimi,
Xoş gəlir о kəsə dünyanın dəmi,
Çох yığma başına huri, sənəmi,
Qafil özgələrə gedər, ağlarsan.
Vaqif
Cəhənnəmə getsin gedən həmdəmlər,
Olar üçün çəkmə sən munca qəmlər,
Keçən günləri ki, indi bu dəmlər,
Dəli könül əbəs anar, ağlarsan.
Vidadi
Göz neçin ağlayıb tökməsin nəmi,
Heyvan ha deyil ki, çəkməyə qəmi,
Əqlin olsa anıb yarü həmdəmi,
Leylü nahar, şamü səhər ağlarsan.
Vaqif
Həqqi-peyğəmbərə о çaryarə,
Tamam imamlara, həştü çəharə
Uymasan, yanarsan duzəxdə narə,
Kimsə olmaz sənə yavər, ağlarsan.
Vidadi
Nahaq yerə əhli-həqqə dəyənlər,
Peyğəmbərin doğru yolun əyənlər,
Azğın-azğın çaryarə söyənlər,
Çaqqal tək duzəxdə ular, ağlarsan.
Vaqif
Nə yaradır ürəyinin yarası,
Bu vaxtadək olmayıbdır çarası,
Uzun illər kəsilməyib arası,
Şamü səhər, leylü nahar ağlarsan.
Vidadi
Bir göz ki, ağlamaz həm tökməz yaşı,
Əlbəttə, xalidir beyini, başı,
Olmasa, yad eylər yarü yoldaşı
Hərdəm ki, yadına düşər, ağlarsan.
Vaqif
Ol qədər dolandın sağdan və soldan,
Dövlətli xanı da çıxardın yoldan,
Qoymadın ki, verə parçadan, puldan,
Səni xəl’ət əhli tutar, ağlarsan.
Vidadi
Çох bulanma bu dünyanın qanına,
Vəfa yoxdur sultanına, xana,
Danasını bir gün qoymaz yanına,
Bizim inək təki təpər, ağlarsan.
Vaqif
Dünya işində ki, qoçaqsan, qoçaq,
Ölüdən qıvraqsan, diridən qaçaq,
Bir gün sağ olursan, yeddi gün naçaq,
Övrətlər bağrını üzər, ağlarsan.
Vidadi
Səni qamışlıqda yaşıran fələk,
Əqlini başından çaşıran fələk,
Meyxanədən tez-tez düşürən fələk,
Belə qoymaz gün sürər, ağlarsan.
Vaqif
Öləndən sonra da güruhi-naci,
Məzarına salmaz sayə qiyğacı,
Özündən irəli çürük ağacı
Ağzının üstündən çəkər, ağlarsan.
Vidadi
Allah rəbbimdir, Məhəmməd şəfi
Küllühalə oldur əlimü səmi,
Deyilmi yəğfiruzzünubi cəmi,
О gündə gözlərin görər, ağlarsan.
Vaqif
Minərsən qatırı, sürə bilməzsən,
Yolun altın, üstün görə bilməzsən,
Xan gələr yerindən dura bilməzsən,
Qəl’əbəyi qolundan tutar, ağlarsan.
Vidadi
Ağqız oğlu Piri dünya qardaşın,
Hatəmxan ağadır sində yoldaşın,
Sarı Çobanoğlu gözəl dindaşın,
Nə çəkərsən sən dərdü sər, ağlarsan.
Vaqif
Soruşarlar səndən neçə xəbəri,
Üstünə çəkərlər tiğü təbəri,
Söylərsən sözünü dəli-sərsəri,
Hər ləhzədə həzar-həzar ağlarsan.
Vidadi
Münkir, nəkir necə olsa ötüşər,
Sor ki, sonra işin hara yetişər,
Divar gələr bir-birilə bitişər,
Səni oyum-oyum oyar, ağlarsan.
Vaqif
Qıl körpüdən ta ki, sürşər ayağın,
Cəhənnəm xovfindən yarılar yağın
Qorxma yenə Əli olar dayağın,
Əgər anıb həştü çəhar ağlarsan.
Vidadi
Oxuram gər cürmüm var isə əzim,
İnəllahə hüvvət təvvabür-rəhim,
Həqqin olduğuna qəniyü kərim,
Əzəl etməyibsən bavər, ağlarsan.
Vaqif
Vaqif, gərçi əzabı var dünyanın,
Sən neçin xovfini çəkərsən anın,
Tutubsan ətəyin Şahi-mərdanın,
О gülər gülərsən, ağlar ağlarsan.
Vidadi
Şiə xalqı tamam dolar duzəxə,
Qalarlar duzəxdə od yaxa-yaxa,
Mahaldır ki, biri duzəxdən çıxa,
Cümlə olar zirü zəbər, ağlarsan.
Vaqif
Əhli-sünnət vəl-cəmaət peyvəstə,
Gedərlər cənnətə dəstəbədəstə,
О gündə şad olar Vidadi xəstə,
Səni yanlış görüb gülər, ağlarsan.