Vikimənbə:Günün mətni/dekabr 15

Vikimənbə saytından
Jump to navigation Jump to search

Məcnunun əzəməti haqqında
Nizami Gəncəvi

Məcnunu sərsəri zənn etmə ki, sən.
Deyildi gördüyün divanələrdən.
Oruclu, namazlı, nurlu bir çıraq,
Əqlə yad deyildi, ədəbdən uzaq,
Vaxtının ən böyük bir alimiydi,
Aləmi şərh edən Loqman kimiydi.
Gizli mənalara o yol açardı,
Qəlbində göylərin min sirri vardı.
Qızıl sikkəsi tək hər sözü gözəl,
Lələ bənzəyərdi dediyi qəzəl.
Dəlinin ağlına bələddir hər kəs,
Ondan bu incilər saçıla bilməz.
Dünyanın qeydini tamam ataraq,
Qeydsiz bir həyat sürürdü ancaq.
Onda ölüm fikri aşıb daşırdı,
Köç tədarükünə hazırlaşırdı.
Deyirdi: "Can evim alışır dərddən,
Ölüm qurtaracaq məni möhnətdən".
Kim ki, düz gəlməsə dünyayla, inan,
Çətin can qurtarar bu dar dünyadan.
Dünyanı dörd əllə tutsa bir nəfər,
Çətinliklə köçüb dünyadan gedər.
Məcnun yol yoldaşı gəzmədən bir an,
Açırdı zənciri öz varlığından.

Ardını oxu...