Vikimənbə:Günün mətni/dekabr 5

Vikimənbə saytından
Keçid et: naviqasiya, axtar

Məcnunun ulduzlara şikayəti
Nizami Gəncəvi

Gecə parlayırdı bir gündüz kimi,
Göylər tər-təzəydi yaşıl düz kimi.
Qızıl həmailin şəddələrindən
Qızıl geyinmişdi göy üzü, bilsən.
Səyyarə ədəblə əl bağlayaraq,
Üfüqün fərşinə döyürdü ayaq.
Uzaqdan lahövlə vəla deyərək,
Divə qılıncını çəkmişdi şimşək.
Gecənin nafəsi fələkdə yandı,
Ayın gövhərindən yer işıqlandı.
Göydə parladıqca nafəylə gövhər,
Ətirlə, bəzəklə doldu üfüqlər.
Fələk çərx üstündə tutmuşdu qərar.
Qütbün qələsinə çəkmişdi hasar.
Fərqəd öz atını çapırdı yenə,
Gəmisi çatmışdı Şətt sahilinə.
Fələk hər addımda büsat açırdı
Gecəyə yüz cürə ulduz saçırdı.
Pərvin al və sarı ipək tutaraq,
Qızıl sancağına çəkirdi bayraq.
Ay sarı ipəkdən tutmuşdu halə,
Rübəndi bənzərdi onun xəyalə.

Ardını oxu...