Vikimənbə:Günün mətni/dekabr 8

Vikimənbə saytından

Məcnunun məktubunu Leylinin oxuması
Nizami Gəncəvi

Məktub başlanmışdı böyük allahla
Misilsiz, əvəzsiz o padişahla.
Batinə, zahirə bələd qüdrətlə,
Sərt daşa gövhərlər verən hikmətlə.
Göydə ulduzları qoruyub güdən,
Ulduz karvanına başçılıq edən,
Hər qəlbi dostluqla işıqlandıran,
Gecənin qəlbində işıq yandıran,
Baharı su ilə doyuzduranla,
Bütün möhtaclara kömək duranla.
Sonra, öz dərdini açıb dərindən:
Deyirdi kül olmuş ciyərlərindən:
"Bu məktub sənədir, ey üzü mahım,
Sənsən bu dünyada son qərargahım...
Yox-yox, bu, qanına qərq olan məndən
Öz qanını satan sənədir, bilsən.
Daşlar arasında qalmış bir açar
Sən tək xəzinəyə necə yol açar.
Canan, ayağıyın torpağıyam mən,
Bəs kimin suyusan bu saflıqla sən?
Mən ki, alçalıram qədəmlərinə,
Kimin ətəyindən tutursan yenə?
Mən sənin dərdini gizli çəkirəm,
Bəs kimin qəmidir sən çəkdiyin qəm?