Vikimənbə:Günün mətni/noyabr 25

Vikimənbə saytından

Leylinin İbn-Səlama verilməsi
Nizami Gəncəvi

Bir xəbər tutunca tez İbn-Səlam
Tələsdi vədəyə versin sərəncam.
Şahlıq cəlalilə, dəbdəbəsilə
Keçirmək istədi Leylini ələ.
Çoxlu xəzinəylə elçi gəldilər.
Xalvarla qənd gəldi, batmanla ənbər.
Nafə müşkü ilə mədən ləlləri
Bəzədi büsbütün qumlu çölləri.
Geyinsin, bəzənsin deyə o dilbər,
İpəklə yükləndi gələn dəvələr.
Atlardan "ərəbi", "bəxti", "təkavər"
Gətirdi ağıla sığmayan qədər
İnsan döyüşdürən qızıllar ki, var,
Qum kimi dağıdıb səpirdi onlar.
Qızılı qum kimi səpdikcə yenə,
Sanki qum tökürdü düşmən gözünə.
Nəydi o səxavət, nəydi o rəftar!
O böyük calala heyran qaldılar.
İki gün dincəldi o yol yorğunu,
Elçini çağırıb öyrətdi onu.