Məzmuna keç

Vikimənbə:Günün mətni/oktyabr 30

Vikimənbə saytından

Kitabın yazılmasının səbəbi
Nizami Gəncəvi

Bir gün nəşəliydim, aləm şad kimi,
Dəmlər içindəydim Keyqubad kimi.
Qaşlarım açıqdı, sanki bir kaman,
Qarşımda dururdu yazdığım divan.
Üzümə tutmuşdu güzgüsünü baxt,
Səadət saçımı darardı, o vaxt,
Dəstə bağlamışdı güllərdən səhər,
Səhəri oxşardı yaqut şəfəqlər.
Könül pərvanəsi əlində çıraq,
Mən bülbül olmuşdum, məst olmuşdu bağ.
Bayraq qaldırmışdım söz zirvəsinə,
Hünər lövhəsini yazırdım yenə.
Qələm dimdik olub deşirdi ləli,
Turaca dönmüşdü təbimin dili.
Qəlbim deyirdi ki, söz əməyimdir,
Səadət yoldaşım, bəxt köməyimdir.
Yenəmi dünyada boş nəfəs alım?
Yenəmi aləmdən kənarda qalım?
Dövran şadlıq bəzmi qurandan bəri
Qovdu məclisindən boş gəzənləri.
Mədəsi ac olan işsiz bir köpək
Boş-boş oturmaqla taparmı çörək?