Elmi mübahisələr/Elmdə populizm – saxtakarlıq və cinayətdir (T.Hacıyevin həmyerlilərinə cavab): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Elmi mübahisələr. | müəllif = Kamil Allahyarov | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərc...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 11: Sətir 11:
| qeydlər =
| qeydlər =
}}
}}

Dünya elmində, xüsusilə də humanitar elm sahələrində «yalançı elm» deyilən bir istilah vardır. Beynəlxalq terminologiyada buna «psevdoelm» və ya «kvazielm» deyilir. Bu istilahlar elm adı altında yalanlar uydurulmasını nəzərdə tutur. Halbuki elmin vəzifəsi həqiqətlərin araşdırılıb tapılmasından ibarətdir. Yalançı elmlə məşğul olan adamlar dünyanın bütün ölkələrində olur və onlar müəyyən məqsədlərlə belə işlərə əl atırlar. Əksər hallarda belə işlərə təsadüfən elm sahəsinə düşmüş istedadsız, ancaq olduqca iddialı, elm sahəsində mühüm vəzifələr tutmaq naminə hər cür kələkbazlığa əl atmağa hazır olan avantürüst tipli adamlar əl atırlar. Bununla da onlar öz şəxsi mənafeləri naminə elmin inkişafına əngəl törədirlər. Hamının bildiyi kimi, elmsiz xalqın gələcəyi yoxdur. Yalançı elm isə xalqa elmsizlikdən də çox zərər yetirir.

Elmin güclü olduğu inkişaf etmiş ölkələrdə yalançı alimlərə az-az təsadüf edilir və onlar əsasən ya sağlam düşüncüdən məhrum fanatiklər, ya da özlərini heç bir sahədə təsdiq edə bilməyən istedadsız adamlar olurlar. Belə ölkələrdə aparıcı vəzifələr həqiqi alimlərin əlində olduğundan və belə elm adamları yalançıları asanlıqla ifşa etdiklərinə görə yalançı alimlər elmin inkişafına maneçilik törədə bilmirlər. Elmin zəif olduğu ölkələrdə isə yalanlar uyduran fırıldaqçılar müəyyən dövrlərdə mühüm vəzifələr ələ keçirərək, elmin inkişafını müəyyən müddətə ləngidə bilirlər. Məsələn, belə bir vəziyyət keçən əsrin 30-40-cı illərində İranda da yaranmışdı. Dünya elmindən xəbərdar olan sağlam düşüncəli ziyalılar isə yalançı elmin ölkənin və xalqın gələcəyi üçün törədə biləcəyi fəsadları yaxşı anladıqlarına görə bunun qarşısını almağa, fırıldaqçı «alimləri» ifşa etməyə çalışırdılar. Görkəmli fars yazıçısı Sadiq Hidayət öz hekayələrindən birində belə bir alimi təsvir edərək, onun dili ilə yazırdı: «Siz elə təsəvvür edirsiniz ki, «samovar» (rus dilində «özüqaynadan» mənasını verir – K.H.) kəlməsi rus sözüdür. Ancaq mən tapmışam ki, bu kəlmə üç sözün birləşməsindən düzəlmişdir: «se» farsca – üç, «ma» ərəbcə – su, «var» isə türkcə – var. Deməli, «samovar» sözü «üç su var» deməkdir».

Təəssüf ki, 1980-cı illərin sonlarından bu gülünc və sağlam düşüncədən kənar «samovar metodu» Azərbaycan elmində də geniş yayılmağa başladı. O zaman ermənilər Azərbaycana qarşı ərazi iddialarını əsaslandırmaq üçün hər cür yalana və saxtakarlığa, o cümlədən də tarixi saxtakarlıqlara əl atırdılar. Onların belə yalanlarını həqiqi elmi üsullar və faktlar əsasında ifşa etmək əvəzinə, bir qrup əsasən dilçilərdən ibarət «alim» yalana yalanla cavab verməyə başladı. Halbuki haqlı tərəfin yalana yalanla cavab verməsinə heç bir ehtiyac yox idi. Bir qədər savad lazım idi ki, ermənilərin təbliğat vasitəsi kimi yaydıqları yalanları tutarlı elmi dəlillərlə ifşa etmək mümkün olsun. Bunu da Z.Bünyadov və İ.Əliyev kimi tarixçi alimlər edir və rus dilində yayırdılar. Ancaq yaranmış vəziyyətdən öz şəxsi mənafeyi naminə faydalanmağa çalışan bir qrup «dil tarixçiləri» bu alimlərə də böhtan ataraq, onları «xəyanətdə», «antitürkçülükdə» günahlandırmağa başladılar. Öz ixtisaslarını belə yaxşı bilməyən bu «dilçilər» xalq arasında ucuz şöhrət qazanmaq, əsərlərinin sayını artıraraq yeni-yeni elmi adlar qazanmaq naminə «samovar metodu» əsasından yeni «tarix» yazmağa başladılar. Onların yalnız Azərbaycan dilində və Z.Bünyadovun təbirincə desək, «Biləcəridən uzağa getməyən» cızmaqaralarında dünya tarixşünaslığının və etnologiya elminin istinasız olaraq bütün xalqlara aid olan ən adi aksiomlarına zidd fikirlər söylənilirdi. Azərbaycan elmini cəfəngiyyata çevirən belə tədqiqatçılar onların gülünc yazılarını tənqid edən alimlərin əleyhinə iftira və böhtanlar yağdırmağa, söyüş və təhqirlər söyləməyə başladılar. Bu yalan, iftira və söyüş kompaniyasında o zaman professor, indi isə AMEA-nın müxbir üzvü olan T.Hacıyev öz aqressivliyi ilə xüsusilə seçilirdi.

Yuxarıda adları çəkilən mərhum akademiklər dünyasını dəyişdikdən sonra isə yalançı alimlər daha da əl-qol açdılar və yalançı elm, populist vətənpərvərlik sahəsində daha çox kitab yazmaqla qabağa getmək, yeni-yeni elmi adlar almaq uğrunda yarışa girdilər. Bu yarışda birincilik yenə T.Hacıyevə məxsus idi. Elmin və xalqın inkişafı üçün çalışan alimləri onlar öz iftira və böhtanları ilə elə qorxutdular ki, onların çoxu susmağa üstünlük verdilər. Sözsüz ki, belə vəziyyət Azərbaycan elmini və təhsilini uçuruma apara bilərdi. Çünki əgər heç bir xarici dil bilməyən, mənbə tanımayan, elmi prinsiplərdən xəbərsiz bu alimlərin «Biz qoca qafqazlı igid ərlərik // Cümlə hünərməndlərik, nərlərik» kimi cəfəngiyyatlarla dolu kitabları xalqın inkişafına kömək etsəydi, onda bizim xalq indi dünyanın ən inkişaf etmiş xalqlarından birinə çevrilməli idi. Ona görə ki, belə cəfəngiyyatları Sabirin, Mirzə Cəlilin qəhrəmanları hələ yüz il bunlardan əvvəl deyirdilər. Məqsədləri də elə indiki xələflərinin məqsədləri ilə eyni idi: «Onda ki, övladi-vətən xam idi // Ax necə kef çəkməli əyyam idi».

Yaranmış vəziyyət bizi məcbur etdi ki, 2006-cı ildə çapdan çıxmış «Qədim Turan: mifdən tarixə doğru» adlı kitabımızın birinci fəslini yalançı elmin ifşasına həsr edək və onun əsaslandığı «samovar metodunun» nə qədər gülünc və cəfəng olduğunu açıb göstərək.
Kitab çıxdıqdan sonra elmi ictimaiyyət tərəfindən maraqla qarışlandı: həm onun iki elmi-tədqiqat institutunda keçirilən müzakirəsində, həm də mətbuat səhifələrində dərc edilən məqalələrdə kitab haqqında müsbət rəylər söylənildi. Ancaq yalançı elmin hamının başa düşəcəyi bir tərzdə, tutarlı faktlarla, dünya elmindən gətirilən çoxsaylı sitatlar əsasında tənqidi T.Hacıyevi yenidən «cin atına mindirdi». O, həmişəki kimi, özünün «kəndxuda çomağını» işə salıb, «Elm» qəzetində (20 mart 2007-ci il) bizim özümüz və kitabımız barədə ağlasığmaz böhtan və iftiralar yazıb, bizi «xalq düşməni», özünü isə xalqın və elmin «Koroğlsu» kimi qələmə verməyə çalışdı. Hər cür söyüş və təhqirlərlə dolu olan bu məqalədə o, gah bizim kitabda qətiyyən olmayan məsələlər barədə iftiralar uydurub, onları bizə mənsub edir, gah bizim yazdıqlarımızı 180 dərəcə tərsinə çevirərək, «ağ» yazdığımızı oxuculara «qara» şəklində təqdim edir, gah da yazdıqlarımızı saxtalaşdıraraq, onlara öz istədiyi mənanı verirdi. Bir sözlə, heç nədən utanmadan, çəkinmədən, vicdan əzabı çəkmədən istədiyi ədalətsizlikləri, yalanları yazırdı. Həm də əvvəlcə böhtan atır, sonra isə özündən uydurduğu böhtan əsasında bizi siyasi şantaja çəkirdi.

Bütün bunlarla kifayətlənməyən Hacıyev eyni zamanda özünün uydurub, bizə mənsub etdiyi böhtanlar əsasında bizi Azərbaycan xalqını «təhqir etməkdə», «rəzalətə» yol verməkdə də günahlandırır. Halbuki, rəzalət bu cür iftiralar yazmaq, Azərbaycan xalqına təhqir isə onun kimin adamın özünü Azərbaycan xalqının «milli düşüncəli ziyalısı» adlandırmasıdır. Burada cənab professorun yadına salmaq istərdik ki, hətta «Mimino» filmindəki erməni professoru da əməllərini kələkbazlıq kimi başa düşdüyü erməni sürücüsünə deyir ki, «sizin kimilər millət üçün rüsvayçılıqdır». Əgər sürücünün kələkbazlığı «millət üçün rüsvayçılıq» sayılırsa, bəs akademikin belə ağlasığmaz iftiralarına, əsassız təhqir və söyüşlərinə nə ad vermək olar? Sözsüz ki, belə əməllər təkcə bir xalq üçün deyil, bütün bəşəriyyət üçün ləkə sayıla bilər.

Biz ermənilərin iftiralarını kəskin tənqid etdiyimiz halda, o bizi ermənipərəst kimi qələmə verməyə çalışaraq, belə bir iftira da uydurur ki, guya biz yazmışıq ki, «biz təmiz türk deyilik, qarışıq millətik desək, ermənilər bizi bağışlayar». Oxucuları buna inandırmaq üçün o, bu cümləni hətta guya bizdən gətirilmiş sitat kimi dırnaqda verir. Hacıyevin məqaləsi başdan ayağa bu cür iftiralardan ibarətdir. «Azadlıq» qəzetinin 25-29 aprel 2007-ci il tarixli nömrələrində dərc edilmiş məqaləmizdə bunların bir qisminə cavab yazılmışdır. Biz bir daha həmin məsələyə yenidən qayıtmazdıq, əgər o, yeni «oyunlar» çıxarmaqla bizi buna məcbur etməsəydi.
Məsələ bundadır ki, Hacıyev öz məqaləsində bizim kitabın bütün respublikada müzakirəsini tələb etdiyi kimi, sonra da sakitləşməyərək, ayrı-ayrı tanınmış ziyalılara, alimlərə şifahi müraciətlər edərək, onları da bizim əleyhimizə sovetsayağı kampaniyaya qoşulmağa və məqalələr yazmağa dəvət edirdi. Ancaq Hacıyev bu alimləri aldada bilmədi: onlar bizim kitabla tanış olduqdan sonra hər şeyi başa düşdülər və Hacıyevin provokasiyalarına uymayaraq, haqqa, ədalətə, xalq mənafeyinə qarşı çıxmaqdan imtina etdilər. Bundan sonra mütəxəssislər, savadlı adamlar arasında kələklərinin baş tutmadığını görən Hacıyev «Kredo» qəzetində bizim əleyhimizə bir neçə məqalə dərc etdirə bildi. Müxtəlif naməlum (hər halda – bizim üçün) adamlar tərəfindən imzalanmış bu iftira və söyüş dolu məqalələrə baxdıqda onlarda Hacıyevin öz üslubu çox aydın şəkildə sezilir: eyni sözlər, eyni intonasiya, eyni böhtanlar, eyni söyüş və təhqirlər, eyni məkr və hiylə, eyni qəzəb, kin, küdurət, həmin sübutsuz və əsassız mühakimələr, həmin məntiqsizlik, həmin qarayaxmalar, «müzakirə» barədə həmin tələblər və s.

Həmin məqalələrdən biri – BSU Türkologiya kafedrasının müdiri N.Novruzovanın və BQU Azərbaycan dili və onun tədrisi kafedrasının müdiri İ.Kazımovun imzası ilə və «Səpilmiş toxumlar cücərmək istəyir» başlığı altında («Kredo» qəzeti, 7 iyul və 30 iyul 2007) çap edilmiş yazı bilavasitə bizim T.Hacıyevə «Diletantın qəzəbi, yoxsa elmdə reketlik» başlığı altında yazdığımız məqaləyə cavabdır. Bu məqaləni oxuduqda bizə elə gəldi ki, biz Hacıyevin bundan əvvəl öz imzası ilə bizim kitab əleyhinə yazdığı məqaləni oxuyuruq. Artıq deyildiyi kimi, burada biz həmin iftira və söyüşləri, həmin üslub və intonasiyanı, həmin «fakt» və «sübutları» gördük.

Ümumiyyətlə, istər faktoloji, istərsə də «samovar metodu» əsasında həyata keçirilən «sübutlar» baxımından Hacıyevin «Elm» qəzetində çap etdirdiyi məqalə ilə «Kredo» qəzetindəki məqalə bir-birini təkrar edir. Ona görə də biz düşündük ki, görəsən nəyə görə sonuncu məqaləni Hacıyev öz adına çap etdirməyib. Yadımıza düşdü ki, biz ona keçəndəfəki cavabımızda yazmışdıq ki, «cənab professor, əgər siz özünüzü alim hesab edirsinizsə, bu üsullardan əl çəkib, kəndxuda çomağını yerə qoyub, vicdanla, mədəniyyətlə elmi mübahisə aparın. Əgər savadınız, elmi səviyyəniz buna imkan vermirsə, onda heç olmazsa, susun!». Görünür, Hacıyev vicdanla, mədəniyyətlə, elmi prinsiplər əsasında polemika aparmağın özü üçün qeyri-mümkün olduğunu başa düşərək, yeni bir üsula əl atmışdır. Ancaq hər halda bunlar bizim düşüncələrimizdir. Məqalə başqa adamların imzası ilə çap olunduğuna görə biz də onu həmin adamların «yaradıcılıq məhsulu» kimi qəbul edirik.

Məqalə “müəllifləri” ustadlarının mədhinə də xeyli yer ayırmışlar. Belə ki, onlar bizə müraciətlə yazırlar: «Vətənpərvər alimlərimizi ələ salaraq, «milli təfəkürlü ziyalı» adlandırırsan... Professor T.Hacıyev elə hər işdə birincidir. Hamı bilir ki, ona çatan heç bir dilçi yoxdur.... Sən nə bilirsən o kişinin türkologiyada, Azərbaycanşünaslıqda olan xidmətlərini...» (Yenə Hacıyevin loru üslubu aydın görünür).

Əvvəla, bizim əleyhimizə yazdığı məqaləsində Hacıyevin özü özünü «milli düşüncəli ziyalı» adlandırdığına görə biz də ona belə müraciət etmişik («düşüncəli» sözü əvəzinə «təfəkkürlü» yazdığımıza görə üzr istəyirik). Başqa sözlə, bu adı (və ya ləqəbi) ona biz verməmişik, özü götürüb. İkincisi isə, əgər sizin bu müraciət formasından xoşunuz gəlmirsə, onda sizin özünüzün irəli sürdüyünüz «epiteti» – «ona çatan heç bir dilçi yoxdur» fikrini də məmuniyyətlə qəbul edə bilərik. Ancaq bu ifadəni epitet və ya müraciət forması kimi işlətmək mümkün olmadığına görə, sizin icazənizlə, fikrinizin əsas mənasını götürüb, «tayı-bərabəri olmayan dilçi» və ya daha sadə formada – «taysız dilçi» kimi də işlədə bilərik. Sizin özünüz də bütün elmi məsələlərdə Hacıyevlə həmfikir olduğunuza, iftiralar yazmaqda ondan geri qalmadığınıza və onunla eyni metodlardan istifadə etdiyinizə görə elə sizin özünüzün də bu epitetə iddia etməyə tam haqqınız çatır. Belə ki, Hacıyev də mənbə kimi başqa populist həmkarlarının məqalə və kitablarındakı uydurmalara istinad edir, siz də. O, da «samovar metodunu» özünün başlıca tədqiqat prinsipi hesab edir, siz də. O, da opponentlərinə iftira və söyüşlər yağdırır, siz də. O da öz adını başqalarını qoyur, siz də. Məsələn, siz yenə bizə müraciətlə yazırsınız: «Sənin fikrincə, əzəldən Azərbaycan ərazisində türklər deyil, irandilli tayfalar yaşayıblar. Sual oluna bilər, bəs sən nədən bilirsən ki, («nədən» yox, «haradan», cənab taysız dilçilər – K.H.) bu ərazilərdə əzəldən məskunlaşmış xalq yoxdur və olmamışdır. Məntiqsiz mühakimədir».

Birinci, cənab taysızlar, siz göstərə bilərsinizmi irandilli tayfaların istər əzəldən, istərsə də sonradan Azərbaycan ərazisində yaşaması barədə biz haradasa nə isə yazmışıq? Əgər siz bunu bizim hər hansı bir yazımızda tapa bilsəniz, gətirin camaatın içərisində bizə göstərin. Söz veriririk ki, əgər gətirib göstərə bilsəniz, biz sizə mükafat verəcəyik (Hacıyevə etibar edənlərin belə vəsiyyətə düşməsi heş də təəccüblü deyil).
Siz bizim fikirləri, Hacıyev etdiyi kimi, 180 dərəcə tərsinə çevirərək, ağ yalanlarla bizim kitabdan xəbərsiz oxucuları bizə qarşı qoymağa çalışırsınız. Əgər bizim kitabda sizin hər abzasda təkrar etdiyiniz kimi, «xalqa təhqir», «dövlətçilik və müstəqillik əleyhinə» fikirlər varsa, onda niyə onları yazmaq əvəzinə belə iftiralar uydurursunuz? Məhz sizin öz şəxsi mənafeyiniz naminə Azərbaycan elmini cəfəngiyyata çevirməyiniz, həqiqi alimləri susdurmağa çalışmağınız dövlətimizin və xalqımızın gələcəyinə təhlükə törədir, cənab dilçilər. Məhz sizin kimi savadsızların, fırıldaqçıların və iftiraçıların özlərini Azərbaycanın «milli alimləri» adlandırması xalqımız üçün təhqirdir. Bizim yazılarda siz özünüzə və başqa alimlərə qarşı hər hansı bir saxtakarlıq, iftira və böhtan faktı tapıb göstərə bilərsinizmi? Əgər tapsanız, gətirin göstərin. Sizin yazılarınız isə başdan ayağa, ayaqdan başa saxtakarlıq və böhtandan ibarətdir. Belə yerdə deyirlər ki, «ustadınız ustaddır». Ancaq təəssüf ki, taysızlığınız da, ustadlığınız da iftira və fırıldaq sahəsindədir. Sizin kimilərin belə əməllərini bizim tənqid etməyimiz isə heç də xalqa təhqir deyildir.

Yuxarıda sizdən gətirdiyimiz sitata qayıdaraq, onun ikinci cümləsini nəzərdən keçirək. Birinci cümlədə siz iddia edirsiniz ki, guya biz yazmışıq ki, «əzəldən Azərbaycan ərazisində türklər deyil, irandilli tayfalar yaşayıblar». İkinci cümlədə isə deyirsiniz ki, guya biz yazmışıq ki, «bu ərazilərdə əzəldən məskunlaşmış xalq yoxdur və olmamışdır». Bizə heç bir aidiyyatı olmayan və bir-birinə zidd belə fikirlər söylədikdən sonra isə üçüncü cümlədə bizi məntiqsizlikdə günahlandırırsınız. Göründüyü kimi, yazdıqlarınızın hamısı iftira və cəfəngiyyatdır.

Dünyanın hər hansı bir ərazisində əzəldən bu günədək məskunlaşmış hər hansı bir xalqın elmə məlum olmaması isə tarix və etnologiya elmlərinin adi aksiomlarındandır ki, sizin kimi taysız dilçilərdən başqa heç kəs belə aksiomların əleyhinə danışmağı özünə rəva bilməz. Biz bu qəbildən olan aksiomlarla sizin kimi özündən razı savadsızları tanış etmək üçün öz kitabımızda tanınmış ingilis və rus alimlərindən çoxlu sitatlar gətirmişik. Məsələn, böyük alimlər kollektivi tərəfindən yazılmış «Şərq tarixi» kitabından gətirdiyimiz sitatda belə deyilir: «Biz artıq gördük ki, tarixdə elə xalqlar olmamışlar və yoxdurlar ki, avtoxtonluğa iddia etmək hüququna malik olsunlar; yəni paleolit və ya heç olmazsa, - neolit dövründən heç hara köçmədən, heç bir xalqla qarışmadan eyni bir yerdə yaşasınlar. Məhz buna görə də «tarixi hüquqlar» barədə mübahisələr mənasızdır» («Şərq trixi» - C. 1, M., 1999, s.614).

Məlumdur ki, beynəlxalq hüquq baxımından da müasir dövrdə ərazi-sərhəd məsələlərinin həllində nəinki qədim, hətta orta əsrlər dövründəki sərhədlər belə nəzərə alınmır. Əgər belə olmasaydı, onda bütün dünya xalqları bir-birinə qarşı ərazi iddiaları irəli sürə bilərdi. Məsələn, amerikalılar Avropaya və dünyanın digər ölkələrinə, ruslar Polşa ərazisinə, macarlar Urala qayıtmalı olardılar. Məhz bizim belə aksiomları Azərbaycan elminə gətirməyimiz bütün karyerasını yalançı elm və yalançı vətənpərvərlik üzərində qurmuş bir çox «taysız alimləri» qəzəbləndirdi. Onların ən adi elmi prinsiplərdən, aksiomlardan xəbərsiz olduqlarını, «samovar metodu» əsasında elmi baxımdan mənasız və əhəmiyyətsiz kitablar yazdıqlarını üzə çıxardı. Onların asan yolla, mənasız kitablar yazmaqla yeni-yeni elmi rütbələr almaq arzularına maneçilik törətdi. Məhz buna görədir ki, kafedra müdirlərinin imzası ilə bizim əleyhimizə yazılmış bu növbəti «Böhtannamədə» ürək ağrısı ilə belə deyilir: «Türklərin Azərbaycan ərazisinin ilkin və əzəli əhalisi – aborignləri olduğunu dişi ilə, dırnağı ilə sübuta yetirənlərin, yazılanların hamısını bir tərəfə atıb, sən də Allahyarov, xalqımızın tarixinə, dilinə həqarətlə baxırsan».
Cənablar, elə məsələ də orasındadır ki, tarix «dişlə», «dırnaqla» yox, ağılla, başla yazılır. «Dişlə», «dırnaqla» iş görmək ümumiyyətlə insana məxsus xüsusiyyət deyildir. Bizim kitabda isə Azərbaycan tarixindən yalnız bir fəsildə – «Madaların mənşəyi» fəslində bəhs edilmiş və onların irandilli olmaması qənaətinə gəlinmişdir. Sizi qəzəbləndirən birinci fəsildə isə biz yalnız metodoloji məsələlərdən danışmış və indiyədək sizin yazdıqlarınız məsələlərin metodoloji cəhətdən elmi prinsiplərə yox, «samovar metoduna» əsaslandığı inkaredilməz şəkildə sübuta yetirilmişdir. Əgər siz bunları səhv hesab edirsinizsə, onda bizim kitabdakı izahları elmi prinsiplər əssaında təkzib etməlisiniz. Siz isə bunu etmək əvəzinə uşaq (və ya saqqallı uşaq) söyüşləri söyür və iftiralar uydurursunuz (Məs., «alimciyəz», «İ.Əliyevin nəvəciyi» və s.). Sizin «Böhtannamədə» elə söyüşlər və iftiralar da vardır ki, şəxsən biz inanmırıq ki, onları Azərbaycanda alim adı daşıyan adamlar arasında T.Hacıyevdən başqa kimsə yaza bilsin. Məsələn, məqalənizin sonunda deyilir ki, belə «alimlərin cavabı vaxtında verilməlidir ki, onların «nadürüst», «bic» nəvə-nəticələri bir daha törəməsin».

Cənab taysız dilçilər, əgər elm belə söyüş və iftiralardan ibarət olsaydı və sizin istədiyiniz avtoritar üsullarla idarə olunsaydı, onda biz də bütün bu söyüşləri onların müəllifinin özünə ünvanlamaqla və ya uyğun sözlərlə (məs., alimçə, akademikçik və s.) cavablandırmaqla öz işimizi bitmiş hesab edərdik. Bundan əlavə, Azərbaycanın elmi ictimaiyyəti artıq yaxşı bilir ki, Sabiri, Mirzə Cəllii daşa basanların «nadürüst» və “bic” nəticələri sizin simanızda artıq çoxdan törəyiblər.

Möhtərəm «milli düşüncəli ziyalılar», siz öz yazılarınızda bundan çıxış edirsiniz ki, bizə mənsub etmək istədiyiniz uydurma sitatları heç kəs bizim kitabla müqayisə edib, yoxlamayacaq. Ona görə də istənilən böhtan və iftiranı yazıb, bizi «xalq düşməni», özünüzü isə «xalqı düşmənlərdən qoruyan qəhrəmanlar» kimi qələmə verə bilərsiniz. Bu isə nəinki elmi prinsiplərə, həm də ən adi mənəvi-əxlaqi normalara sığışmayan hərəkətdir. Siz bunları edəndə heç fikirləşmirsiniz ki, axı siz «alim» adı daşıyırsınız, tələbələrə dərs verirsiniz, onlara mənəviyyatdan, mədəniyyətdən danışırsınız?

Hacıyevi Azərbaycan «milli təfəkkürünün işığı» kimi qələmə verməyə çalışan kafedra müdirləri yenə bizə müraciətlə yazırlar: «Yazırsan ki, o, az-çox elmi əhəmiyyətə malik olan heç bir əsər yazıb ortaya qoya bilməmişdir. Onun kitablarının səciyyəvi xüsusiyyətləri ümumi sözçülükdən, dəfələrlə başqaları tərəfindən deyilmiş köhnə fikirlərin təkrarından, primitiv və bir qayda olaraq, səhv mühakimələrdən… ibarətdir. Allahyarov, sənin kimiləri Tofiq müəllimin kitablarının altına atsaq, boğulub orada qalar».

Cənablar, bu təkcə bizim fikrimiz deyil, ümumiyyətlə, bütün elmi ictimaiyyət belə düşünür. Ona görə də əgər doğrudan da Hacıyevin elmi yenilikləri varsa, onda hökmən onları yığcam halda, elmi müddəalar şəklində çap etdirin. Bizim bu xahişimiz sizə bunu etməyə əsas verir. Əgər siz bunu etsəniz, bu bizim üçün də, elmi ictimaiyyət üçün də çox maraqlı olar. Yoxsa, siz özünüz də bilirsiniz ki, elə alimlər var ki, onların hətta 30-40 kitabı var, ancaq, atalar demişkən, «qırxı birinə dəyməz, biri də heçə».

«Böhtannamə» müəllifləri yazırlar ki, «Allahyarov, sən nə İ.Əliyev, nə Z.Bünyadov, nə də T.Hacıyev ola bilərsən». Cənab taysız dilçilər, bizim heç başqasına oxşamaq fikrimiz də yoxdur. Ancaq hamı bilir ki, İ.Əliyev də, Z.Bünyadov da öz yazılarında, bizim kimi, bir neçə dəfə Hacıyevi yalançı elmlə məşğul olmaqda günahlandırmışlar (Bax: З.М.Буниятов. О некоторых тенденциях в освещании средневековой истории Азербайджана // Azərb.SSR EA-nın xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1987, №3, c.124-127; И.Алиев. О некоторых вопросах этнической истории азербайджанского народа. (Баку, 2002, с.235-279). Ona görə də başa düşmək olmur ki, nəyə görə siz Hacıyevi bu alimlərlə bir sıraya qoymağa çalışırsınız. Bunun üçün Hacıyev, heç olmazsa, yalançı elmdən əl çəkməli, həqiqi elmlə məşğul olan alimlərə böhtan atmamalıdır.

Türkologiya kafedralarının müdirləri bizi «özündən razılıq məcazına tutulmaqda» (taysız dilçilər burada «məcaz» sözü ilə «mərəz» sözünü qarışdırıblar – K.H.), «özündən başqa heç bir mötəbər mənbə qəbul etməməkdə» də günahlandırırlar.
Birinci, xalqı aldadanları ifşa etmək heç də «özündən razılıq» demək deyil. İkincisi isə, cənablar, insafınız olsun, siz özünüz yalançı elmlə məşğul olan digər həmkarlarınızın «əsərlərindəki» uydurmalardan başqa mənbə tanımaq istəmirsiniz. Sizin söylədiklərinizlə isə, hər şeydən öncə, ona görə razılaşmaq mümkün deyil ki, siz öz «samovar metodunuzla» dünya elmində birmənalı şəkildə təsdiq edilən və istinasız olaraq bütün dünya xalqlarına şamil edilən aksiomları rədd etmək istəyirsiniz. Əgər sizin tarix və etnologiya elmləri ilə azacıq da olsa tanışlığınız olsaydı, onda görərdiniz ki, həmin məsələlərdə Azərbaycan xalqı dünya xalqları içərisində heç də istisna təşkil etmir və burada heç bir qəbahət də yoxdur. Siz bunların hamısını bizim kitabda oxumusunuz və onları rədd etməyin mümkün olmamasını da bilirsiniz. Ancaq indiyədək bu barədə yazdıqlarınızın yalan olduğunu etiraf etmək də istəmirsiniz. Ona görə də yeganə əlacınız böhtan və iftira yazmağa qalır. Həm də görün necə iyrənc iftira və təhqirlər yazırsınız.

Hacıyevin iftiralarına verdiyimiz keçən cavabda biz yazmışdıq ki, bizim kitabda türklərin Azərbaycanda nə vaxtdan olması məsələsi qoyulmayıb və biz bu barədə özümüzdən heç nə yazmamışıq. Yalnız yuxarıda göstərilən aksiomlar barədə böyük mütəxəssislərdən sitatlar vermişdik. Məsələn, L.Qumilyovdan verdiyimiz sitatda deyilir: «Dünyada elə ölkə yoxdur ki, onun əhalisi paleolit dövründən bəri bir neçə dəfə dəyişməsin… Bir əcdaddan törəyən etnos yoxdur, olmamışdır və ola da bilməzdi. Bütün insanların atası və anası olduğu kimi, bütün etnoslar da iki və daha çox əcdada malikdirlər» (s.14-15). Məhz belə ümumnəzəri sitatlar gətirdiyimizə və «samovar metodunun» tənqidi barədə yazdıqlarımıza görə T.Hacıyev bizim barəmizdə olmazın iftiralar uydurub yazmışdı. Kafedra müdirlərinin imzası ilə çap olunmuş sonrakı məqalədə də həmin iftira və təhqirlər təkrar olunur: «Qafqazda türklərin gəlmə olduğunu deyən ermənilərlə K.Allahyarovun fikirləri uyğun gəlir. Allahyarov da ermənilər deyəni deyir, onların milli ideologiyasını müdafiə edir (Halbuki bizim kitabda ermənilərin yalanları tutarlı elmi əsaslarla təkzib edilmiş və onların özlərinin gəlmə olduğu yazılmışdır – K.H.). Türklərin Qafqaza sonradan gəldiyini söyləyir. Şəksiz, bu üst-üstə düşür. Belə olan surətdə onun azərbaycanlı, türk olduğuna kim inanar?»
Göründüyü kimi, böhtan və təhqirin həddi yoxdur. Cənablar, əgər biz doğrudan da ermənilərin xeyrinə nə isə yazmışıqsa, nə üçün onu sitat kimi dırnaqda vermirsiniz. Bu dərəcədə iftiraları görəndə yenə adamın yadına rəhmətlik Sabir və Mirzə Cəlil düşür ki, bu cür nadürüst adamların əlindən onlar nələr çəkiblər.

Kafedra müdirlərinin bu növbəti «Böhtannamə»lərində ara-sıra müəyyən qeyri-ixtiyari etiraflar da görünür. Belə ki, onlar yazırlar: «Sən isə Allahyarov, kitabında «yalançı türkçüləri» tənqid edirsən, heç birinin adını və əsərlərini göstərmirsən. Deyəsən, qorxaqsan». Halbuki bu deyilənin əksinə olaraq, Hacıyev bizim əleyhimizə öz adı altında dərc etdirdiyi məqaləsinin elə əvvəlində 15 Azərbaycan aliminin adını yazmışdı ki, guya biz onları təhqir etmişik. Sözsüz ki, bu fitnəkarlığı ilə o, həmin alimləri bizə qraşı qoymaq istəyirdi. Ancaq kələyi baş tutmayandan sonra, indi bərk təəssüflənir ki, biz öz kitabımızda heç kəsin adını çəkməmişik.
Bizi provakasiyaya çəkmək məqsədilə deyilən «qorxaqlıq» məsələsinə gəlincə, deməliyik ki, bizim təkidlə yalançı elmə, populizmə qarşı çıxmağımız elmimizin, xalqımızın gələcəyi ilə bağlıdır və şəxsən heç kəsə qarşı yönəlməyib. Ona görə də biz kitabımızda həmin məsələlərdən ümumi şəkildə danışmışıq (Hər halda biz opponentlərimizə başqa adamların adları altında cavab yazmırıq). Bizim çox aydın şəkildə, təkzibolunmaz dəlillər əsasında verdiyimiz izahatdan sonra hamı yalançı elmin nə qədər əsassız, gülünc olduğunu, xalq üçün nə qədər zərərli olduğunu başa düşdü və heç kəs haqqa qarşı çıxmaq istəmədi. Təəssüf ki, Hacıyev yenə istisna təşkil etdi. Ona görə bugünkü mübahisənin də günahkarı biz yox, o özüdür. Mübahisənin elmi çərçivədən kənara çıxmasının səbəbi də onun seçdiyi böhtan və söyüş üsulu ilə bağlıdır. Elmi mübahisəni demoqogiyaya çevirmək isə onun savadsızlığından irəli gəlir.

Daha sonra bu böhtançılar bizim kitabın yazılması haqqında belə bir hökm verirlər ki, «bu yüz faiz sənə verilən sifarişdir». Deməliyik ki, bundan əvvəl Hacıyevin öz imzası ilə bizim əleyhimizə çap olunmuş məqalədə də belə əsassız fikirlər tez-tez səslənirdi və o zaman Hacıyev «sifariş» sözünü Moskva ilə bağlayırdı. Biz öz cavab məqaləmizdə göstərdik ki, Moskvanın sifarişini yerinə yetirən Hacıyevin dostu Murad Acıdır. Hacıyev isə Azərbaycanda onun əsərlərini təbliğ edir. Qarabağ müharibəsi zamanı M.Acı Rusiyanın hərbi-militarist dairələrinin sifarişi ilə Moskvada çıxan jurnallarda Azərbaycan əleyhinə məqalələr yazırdı. Buna misal olaraq onun 1989-cu ildə «Vokruq Sveta» jurnalının 7-ci nömrəsində çıxan məqaləsini göstərmək olar. Hacıyev kimi «yalançı türkçülük» pərdəsi altında gizlənən bu “haş”sız Acıyev kitablarının birinin müqəddiməsində yazırdı ki, bu kitabın nəşri üçün guya o, Sankt-Peterburqdakı evini satıb və onun kitabları rusların əleyhinə, türkün isə əsarətdən qurtulmasına xidmət edir. Ancaq bu yaxınlarda Bakıda və digər türk respublikalarında onun haqqında Moskvada çəkilmiş film nümayiş etdirildi. Bu film dövlət səviyyəsində və ən tanınmış rus kinomotoqrafçıları tərəfindən hazırlanmışdı. M.Acının həm kitablarında, həm də bu filmdə dediklərinin mənası budur ki, qədimdə ruslarla türklər eyni xalq olublar və İvan Qroznı da daxil olmaqla XV əsrədək bütün ruslar və onların çarları türk dilində danışıblar (Halbuki İvan Qroznının fərmanları, xarici ölkələrə yazdığı məktublar arxivlərdə saxlanılır və onların hamısı rus dilindədir). Rus xristianlığı da guya qədim türklərin tanrıçılıq dinidir. Ancaq sonradan bəzi türk xalqları yolunu azaraq, islamı qəbul ediblər. M.Acıyev demək istədiyi budur ki, yaxşı olar ki, türklər öz əzəli dinlərinə, rus xristianlığına qayıtsınlar. Ruslar XV əsrdə türk dilindən rus dilinə keçdikləri kimi, indi türkcə danışan xalqlar da yaxşı olar ki, öz qardaşlarının dilinə keçsinlər. Çünki ruslar və türklər onsuz da eyni millətdirlər (Məlumdur ki, eyni sözləri də İranda farslar türklərə deyirlər).

Bu filmi Rusiya televiziyalarında göstərmirlər və Rusiya tarix elmi və onun tədrisi də öz əvvəlki axarı ilə gedir. Bu film yalnız türk respublikaları üçün, xüsusilə də Rusiya Federasiyasında yaşayan türk xalqları üçün nəzərdə tutulub və onları ruslaşdırmaq məqsədi daşıyır. Digər müstəqil türk respublikalarında da filmdən bu xalqları Rusiyaya meyilləndirmək və onların elmini yalançı elmə çevirmək üçün istifadə edilir. Təsadüfi deyildir ki, prof. Z.Quluzadənin «Elm» qəzetində yazdığı kimi, M.Acı kitablarında Azərbaycanda tarixşünaslıq elminin olmamasını iddia edir. Yəni biz Azərbaycan tarixçilərinin yazdıqlarına yox, M.Acının yazdıqları cəfəngiyyata inanmalıyıq. Hacıyev isə M.Acının kitablarını Bakıda çap etdirir. Çünki bilir ki, həqiqi elmi olmayan xalqın həqiqi müstəqilliyi də ola bilməz. Elmsiz xalq həmişə güclü dövlətlərdən asılı vəziyyətdə qalacaqdır. Buradan da sifarişlə işləyənin kim olması aydınlaşır.
Keçən dəfəki cavab məqaləmizdə biz qısa şəkildə bu məsələyə toxunduğumuza görə kafedra müdirlərinin indiki «Böhtannamə»sində «Moskva» sözü artıq «İranın sifarişi” ifadəsi ilə əvəz edilmişdir. Bizim əleyhimizə yazılmış digər məqalələrdə də, kafedra müdirlərinin «Böhtannamə»sində olduğu kimi, təkidlə belə bir böhtan yeridilir ki, guya biz yazmışıq ki, «əzəldən Azərbaycan ərazisində türklər deyil, irandilli tayfalar yaşayıblar».

Biz öz kitabımızda İranla bağlı iki məsələyə toxunmuşuq. Birinci dəfə, elmi ədəbiyyatda yayılmış midiyalıların irandilli olması fikrinin əksinə olaraq, sübut etməyə çalışmışıq ki, midiyalılar irandilli olmayıblar. «Kiyanilər İran sülaləsidirmi?» adlı fəsildə isə «Şahnamə»də və digər İran dastanlarında geniş vəsf edilən, farsların milli iftixarına çevrilmiş əfsanəvi kiyanilər nəslinin iranlılara yox, skiflərə məxsus olmasını, iranlılara isə bu skif rəvayət və əfsanələrinin zərdüştilük dini vasitəsilə keçməsini çoxsaylı tarixi və mifoloji faktlar əsasında sübut etmişik. Bunlardan başqa, biz İran barəsində heç nə yazmamışıq. Bizim kitabda İran barədə yazılanların bunlardan ibarət olduğu halda bu fitnəkarlar bizi «iranpərəstlikdə», «İrandan sifariş almaqda» günahlandırmaq istəyirlərsə, görün biz bunları yazmasaydıq necə fitnə-fəsadlar törədə bilərdilər. Həm də bu dərəcədə böhtanlar yazan adamlar utanmadan özlərini «milli türk ziyalıları» adlandırır, bizi isə gah «ermənipərəst» (bizim kitabda ermənilərin yalanları da ifşa edilmişdir), gah «ruspərəst», gah da «iranpərəst», ümumiyytələ isə «türkün düşməni» kimi qələmə verməyə çalışır, bizim guya Azərbaycan xalqını təhqir etməyimizdən danışırlar. Halbuki hər bir adama tamamilə aydındır ki, məhz bu cür fitnəkar və mənəviyyatsız adamların özlərini «milli alim», «Azərbaycan ziyalısı» adlandırmalarının özü xalqımız və elmimiz üçün təhqirdir. Ancaq nə etmək olar? N.Nərimanov demişkən, «əgər bu xalqın oğlusansa, dözməlisən».

Məqalələrində ana dilindən, dövlətçilikdən, müstəqillikdən dəm vuran, bizim isə guya bütün bunların əleyhinə olduğumuzu iddia edən Hacıyevin bu anlayışlara real münasibətini göstərən daha bir fakt.
Məlum olduğu kimi, Respublika Orfoqrafiya Komitəsinin qərarı ilə yazımızdan apostrof götürülmüşdür. Bu komitə dövlət qurumudur, qərar da dövlətçilik səviyyəsində olan bir qərardır və respublikamızın bütün ərazisində ona riayət olunmalıdır. Ancaq Hacıyev redaktoru olduğu «Dədə Qorqud» jurnalında indiyədək apostrofu saxlayır və apostrofsuz gətirilən məqalələrin hamısını müəlliflərə geri qaytarır ki, «gedin apostrofu qoyun yerinə, sonra gətirin». O, bu inadını onunla əsaslandırmağa çalışır ki, klassik poeziyada işlənən bir neçə ərəb sözü vardır ki, onları apostrofsuz yazdıqda onlar səs tərkibi baxımından başqa sözlərlə eyniləşərək, omonim (səs tərkibi baxımından eyni, mənaca müxtəlif) sözlərə çevrilirlər. Ancaq sual oluna bilər: Azərbaycan dilində onsuz da yüzlərlə omonim sözlər vardır ki, onlar elə əvvəllər də apostrofsuz işlənirdilər, indi də. Məgər onlar bizim dilimizə, yazımıza maneçilik törədirlərmi? Dilimizdə olan yüzlərlə omonim sözə daha bir neçəsinin əlavə edilməsi nəyi dəyişəcəkdir?

Klassik poeziyada işlənən bəzi ərəb sözlərinin apostrofla və ya apostrofsuz işlənməsindən asılı olmayaraq, onsuz da xalq onların mənasını anlamır və kitablarda onların lüğəti verilir. Lüğətlərdə isə omonim sözlərin bütün mənaları göstərilir. «Dədə Qorqud» jurnalı isə klassik poeziya məcmuəsi yox, folklorşünaslıq jurnalıdır.
Göründüyü kimi, bu cür səhv və mənasız düşüncələri və tərsliyi ilə Hacıyev qanunları da pozur, ana dilimizə də sayqısız yanaşır. Əgər hər adam onun kimi özü üçün bir orfoqrafiya qaydası yaradarsa, onda yazı qaydalarımızda nələr baş verə biləcəyini təsəvvür etmək çətin deyil (Ancaq yaxşı ki, Hacıyev bu əməlində də istisna təşkil edir). Digər elmi sahələrdə də Hacıyevin ağlı, düşüncəsi elə bu cürdür və məhz həqiqi elmlə məşğul ola bilmədiyinə görədir ki, bərk-bərk yalançı elmdən yapışıb, ötürmək istəmir. Elmdə özünü heç cür təsdiq edə bilməyən bu akademik öz «mühümlüyünü» belə oyunlarla göstərmək istəyir. Həqiqi elmdən danışan hər bir savadlı və vətənpərvər tədqiqatçıya qarşı isə o, hər cür ağılasığmaz böhtanlar atır, fitnəkarlıqlar edir, onları gözdən salmağa çalışır. Çünki hər işdə, hər yerdə o başda oturmalıdır və yuxarıda taysız dilçilərin də yazdığı kimi, «o elə hər işdə birinci» olmalıdır. Ən acınacaqlısı isə budur ki, Azərbaycan elminə qənim kəsilən, savadlı alimlərin başına bəla olan bu adam Ali Attestasiya Komitəsində humanitar elmlər üzrə ekspert komissiyasının sədri vəzifəsini tutur. Aydın məsələdir ki, o, həqiqi elmi əsaslarla yazılmış dissertasiyaları geri qaytaracaq, yalançı elmdən yazanların dissertasiyalarını isə təsdiq edəcədir. Məcburiyyət qarşısında qalan aspirant və dissertantlar isə həqiqi elmi atıb, yalançı elmlə məşğul olmalı olacaqlar. Bu isə Azərbaycan elmini faciəli bir vəziyyətə salacaqdır.

Murad Acının əlaltıları belə bir gülünc iddiada da bulunurlar ki, guya biz Hacıyevə cavab yazmaqla «məşhurlaşmaq» istəmişik. Çox qəribə iddiadır. Belə çıxır ki, Hacıyev bizə qarşı hər cür insana yaraşmayan söyüş, təhqir, iftira deyə bilər, biz isə ona cavab verməməli, bunların böhtan və fitnəkarlıq olmasını göstərməməliyik, yoxsa o, indi də bizi «məşhurlaşmaqda» suçlaya bilər.

Əlbəttə, Hacıyevin 1001 fitnəsi ilə üzləşmək heç kəsə xoş olmadığı kimi, bizə də xoş deyil. Ancaq onun iftiralarından çəkinməyə də dəyməz. Sədi demişkən, «hesabı düz olanın mühasibədən (yoxlamadan) nə qorxusu?». Əgər Sabir və Mirzə Cəlil kimi böyük dahilər belə söyüş və iftiralara dözüblərsə, biz də dözməliyik. Ancaq onun əməllərini ifşa edənlərə qarşı qəzəbini təhqir və iftira ilə söndürən Hacıyev də başa düşməlidir ki, daha hamı onu tanıyır və onun yazdıqlarına onsuz da inanan yoxdur. Ona görə də o, nə qədər çox söyüş söyür, böhtan atırsa, o qədər də çox özünü hörmətdən salır. Atalar demişkən, «ən böyük biclik düzlükdür». Hacıyev heç olmazsa ahıl vaxtında bunları başa düşməli, saxtakarlıqlardan, «mənəm-mənəmlikdən» əl çəkməli, «yetənə yetib, yetməyənə bir daş atmaq» mərəzindən xilas olmalıdır. Təsadüfi deyil ki, bizim ona mətbuat səhifələrində verdiyimiz keçən cavabı elmi ictimaiyyət sevinclə qarşıladı ki, «nəhayət, haqq-ədalət öz yerini tutdu». Təəssüf ki, «burda mənəm, Bağdadda Kor Xəlifə» iddiası ilə yaşayan Hacıyev hamını cana yığmaqla özünü belə bir vəziyyətə gətirib çıxarmışdır. Ancaq hələ də o, «dəvə başın soxdu kola, elə bildi ki, heç kəs onu görmür» prinsipi ilə hərəkət edir. Həmin «kollardan» biri də elə onun yalançı türkçülüyü, populist vətənpərvərliyidir. Əgər Hacıyev belə «vacib əməllərdən» əl çəkərsə, ola bilər ki, elmdə də ciddi bir söz deyə bilsin; oxumaq heç zaman gec deyil.

Biz öz kitabımızda beynəlxalq elmdə skiflərin nəyə görə hind-Avropa mənşəli hesab edilməsinin səbəblərini də göstərmişik. Bu ilk növbədə dil faktlarına əsaslanır. Məsələn, «çay» sözünə skif dilində «ra», rus dilində «reka», ingilis dilində «rivə», fars dilində «rud» deyilir. «Ana» sözünə skif dilində «mata», «Avesta» dilində «matar», rus dilində «mat», ingilis dilində «mazə», fars dilində «madər» deyilir. Biz çoxlu belə müqayisələr göstərmişik. Həmçinin həm çoxsaylı tarixi məlumatlardan, həm də qədim skif ərazilərində buzlaqlar içərisində saxlanılmış və skif dövrünə aid olan insan cəsədlərindən məlumdur ki, skiflər sarısaç, göygöz olmuş və avropayi irqə malik olmuşlar. Qədim türklərin, o cümlədən də hunların və göytürklərin qarasaç və monqoloid irqə malik olmaları isə məlumdur.
İndi baxaq görək bu məşhur taysız dilçilər skiflərin türk olmasını hansı «mötəbər dəlillər» əsasında sübut edirlər: «Yazırsan ki, skiflər türk deyil. Ağ yalandır… Skifin at üstündə oturuşunun, at üstündə ox atmasının təsvirində türkü görməyən alimin düşüncəsində məntiq axtarmaq nə qədər məntiqə söykənir? Türk və skifdən başqa hansı etnosun atın südündən və ətindən qida kimi istifadə etməsini tarix qeydə alıb?»

Cənablar, siz özünüzü anadangəlmə alimlər hesab etdiyinizə görə kitab oxumursunuz. Ancaq yəqin ki, televizora baxırsınız. Belə halda qədim xalqların əksəriyyətinin at üstündə ox atmasını (o cümlədən də Makedoniyalı İsgəndər haqqındakı filmdə) görməlisiniz. Yəqin bunu da görmüsünüz ki, hətta hal-hazırda da Afrika köçəriləri atın və dəvənin südündən qida kimi istifadə edirlər. Çingiz-xan haqqındakı filmdə monqolların da qımıs içməsini görə bilərsiniz. Rusiya ərazisində yaşayan bir çox qeyri-türk xalqlar (məs., buryatlar, kalmıklar və s.) indi də qımıs içirlər. Köçərilik şəraiti hər yerdə uyğun mədəniyyət yaradır. Ona görə də belə gülünc «sübutları» alim yox, yalnız «saqqallı uşaq» deyə bilər. Həm də sizin tarix sahəsində elementar təsəvvürləriniz olmadığına görə bilmirsiniz ki, Avrasiya çöllərində skif hegemonluğu b.e. əvvəlki əsrlərə, türk dövrü isə b.e. sonrakı əsrlərə aiddir. Belə gülünc «sübutlarınız» və «samovar metodunuzla» siz böyük elmə (beynəlxalq akademik elmə) heç bir təsir göstərə bilməzsiniz, yalnız Azərbaycanda elmi yalan və cəfəngiyyat «küllüyünə» çevirməklə, onun inkişafını ləngidə bilərsiniz. Belə «sübutlar» əsasında, populizm və xaltura yolu ilə yazılmış kitablar hesabına elə Hacıyevin özünün əldə etdiyi elmi rütbələr və vəzifələr göz qabağındadır. Bəs elmimiz və xalqımız bundan nə qazanıb? Sözsüz ki, zərərdən və rüsvayçılıqdan başqa heç nə.

Siz həmçinin, cənab taysız dilçilər, bizi günahlandırırsınız ki, biz öz elmi tədqiqatlarımızda sizin «samovar metodu» və populizm üzərində qurulmuş «saqqalı uşaq elminizə» yox, sizin «türkün düşməni» adlandırdığınız beynəlxalq akademik elmin prinsiplərinə əsaslanırıq. Məlum olduğu kimi, vaxtilə hophop və «Şeyx Nəsrullahlar» da Axundovu, Sabiri və Mirzə Cəlili elə eyni məsələdə günahlandırırdılar.

Bizim əleyhimizə son aylarda yazılmış başqa məqalələr də eynilə belə səciyyədədir və sanki eyni bir adam tərəfindən yazılmışdır. Məsələn, «Kredo» qəzetinin 30 iyun 2007-ci il tarixli nömrəsində Haciyevin 15-dən çox həmyerlisi və işçisi tərəfindən imzalanmış «Tariximizə ləkə yaxanlar AMEA-nın tarix institutunun direktoru akademik Yaqub Mahmudova» adlı məqalədə heç bir əsas göstərmədən, ümumi şəkildə bizim kitabın guya «milli dövlətçiliyimizə zidd» olmasından uzun-uzadı danışılır və onun müzakirəsi tələb olunur. Yalnız bircə yerdə kitabdan fakt gətirilməsinə cəhd edilir və yazılır ki, guya «K.Allahyarov «Kitabi – Dədə Qorqud»un XV əsrdən sonra yazılmasını iddia edir». Ancaq bu da iftiradır, biz belə şey yazmamışıq. Həm də Hacıyevin bu iftirasına əvvəlki yazımızda ətraflı cavab vermişik.
Burada yenə başqa alimləri bizə qarşı çıxmağa təhrik etmək məqsədilə və tammailə Hacıyevin hiyləgərlik üslubuna uyğun formada yazılır ki, «K.Allahyarov «Azadlıq»da çıxan məqaləsində hiylə işlətmişdir, qəzəbini yalnız bir nəfərə (yəni T.Hacıyevə – K.H.) yönəltmişdir».
Cənab fitnəkarlar, əgər biz öz məqaləmizi bilavasitə T.Hacıyevin «Böhtannamə»sinə cavab kimi yazmışıqsa, təbiidir ki, yalnız onun haqqında da danışacağıq da, daha başqaları ilə bizim nə işimiz ola bilər.
Məqalənin anlaşılmaz adından göründüyü kimi, bu savadsız dilçilər prof. Y.Mahmudovu da «tariximizə ləkə yaxanlar» sırasına aid edərək, əslində onu da təhqir etmişlər.

Müzakirə məsələsinə gəlincə, Hacıyevə yazdığımız keçən cavabda biz bu məsələyə öz münasibətimizi bildirmişik: «Biz bu tələblə tamamilə razıyıq, ancaq bir şərtlə: bizim kitabla yanaşı onun məqaləsi də müzakirə edilsin və bütün yuxarıda göstərilən və göstərilməyən saxtakarlıqlar yoxlanılsın. Kimin fırıldaqçı və şarlatan olmasını qoy müzakirə iştirakçılarının özləri müəyyənləşdirsinlər».
Haciyevin həmyerlisi İ.Kazımov isə «Kredo» qəzetinin 23 iyun 2007-ci il tarixli nömrəsindəki son dərəcə savadsız yazısında ümumi şəkildə iftira və böhtanlar söylədikdəm sonra yazır ki, guya biz «irandilli tayfaların Azərbaycan ərazisinin ilk sakini olduqlarını sübuta yetirmək» istəmişik. Cənab İ.Kazımov, sizin savadsızlığınızın hansı dərəcədə olması öz işinizdir, ancaq nəyə görə bizim haqqımızda bu dərəcədə iftira yazırsınız. Biz nəinki belə şey yazmamışıq, əksinə, bunun əksini sübut etməyə çalışmışıq. Siz yəni o dərəcədə savadsızsınız ki, bildiyiniz yeganə dil olan müasir Azərbaycan dilini də düzgün anlaya bilmirsiniz? Əgər öz doğma dilinizi başa düşə bilmirsinizsə, onda bəs hansı hüquqla 5 min il bundan qabaq mövcud olmuş şumer dilindən dəm vurursunuz?
Sözsüz ki, siz Azərbaycan dilində oxumağı da bacarırsınız, bizimlə mübahisədə haqsız olduğunuzu da bilirsiniz. Ancaq haqsız olduğunuzu etiraf etmək istəmədiyinizə görə böhtan və iftira yazmaqdan başqa yolunuz qalmır. Bu isə, yumuşaq desək, mənəviyyatsızlıqdır.
Cənablar, elmi məsələlər iftira və söyüşlə həll edilmir. Əgər siz haqlı olduğunuzu iddia edirsinizsə, onda bunu sübut etmək üçün mən sizə belə bir təklif edirəm.

Siz gözdən pərdə asmaq, özünüzü bizə cavab verən kimi göstərmək xatirinə yazdığınız məqalələrdə hər şeyi qarmaqarışıq halda verirsiniz. Sizin yazılarınız böhtan və iftira baxımından yüksək səviyyədədir. Ancaq onlarda heç bir düzgün elmi fikir tapmaq mümkün deyil. Əgər özünüzü haqlı sayırsınızsa, onda bütün bu qarmaqarışıq halda yazdıqlarınız məsələlərdən yalnız ikisini seçib, onların məhz sizin dediyiniz kimi olduğunu elmi prinsiplər və ilkin mənbələr əsasında sübut etməyə çalışın. Sonra bu məqalənizin bir nüsxəsini verin mənə və mən sizin yazdıqlarınıza cavab hazırlayım. Sonda isə hər iki məqaləni «Elm» qəzetinin eyni bir nömrəsində, qoşa səhifələrdə dərc etdirək. Qoy oxucular özləri onları müqayisə edərək, kimin haqlı olmasını görsünlər. Belə halda hansı tərəfin saxtakarlığa və iftiraya yol verdiyi də dərhal üzə çıxacaqdır. Əgər siz Hacıyev başda olmaqla öz yazdıqlarınızı elmi şəkildə əsaslandıra bilsəniz, biz elə öz cavabımızda sizi təbrik edəcəyik. Yox əgər biz sizinlə razılaşmasaq, nəyə görə razılaşmadığımızı, nəyə görə sizin tədqiqat metodlarınızı qeyri-elmi hesab etdiyimizi bir-bir göstərəcəyik. Oxucular da kimin haqlı olduğunu özləri başa düşəcəkələr və bununla da hər şey aydınlaşacaq. Ancaq bir daha təkrar edirik ki, siz ya ilkin mənbələrə, ya da beynəlxalq elmdə qəbul edilmiş ciddi tədqiqatlara əsaslnmalısınız, bir-birinizin uydurmalarına yox. Məsələn, şumer dilinin guya türk dili olmasını əsaslandırmaq üçün heç bir filoloji təhsili, elmi dərəcəsi olmayan aptekçi Taryel Nüvədilinin kitabçalarına yox, şumer dilini bilən mütəxəssislər tərəfindən (belələri isə bütün dünyada cəmi bir neçə nəfərdən ibarətdir) hazırlanmış lüğətlərə istinad etməlisiniz. Taryel Nüvədilinin özünün də dediyi kimi, o, bu kitabçaları mərhum prezident Heydər Əliyevə və Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirələ göndərib, onlardan «tədqiqatlarını» başa çatdırmaq üçün vəsait istəmək üçün yazmışdı. Ancaq məktublarına cavab almadıqdan sonra özü də yazdıqlarının uydurma olmasını etiraf etdi və belə işlərdən əl çəkdi. Siz, yüksək elmi titullar və elmi dərəcələr daşıyan alimlər isə indi də onun uydurmalarından mötəbər mənbə kimi istifadə edirsiniz.

Ümumiyyətlə, sizin məşğul olduğunuz yalançı elm Azərbaycan elminə indiyədək zərərdən və rüsvayçılıqdan başqa heç nə verməmişdir. Bizim xalqı qabağa aparmaq, onu xarici ölkələrdə təmsil etmək üçün isə həqiqi elm, həqiqi alimlər lazımdır. Həqiqi alimlər isə yalnız sağlam elmi mühitdə yetişə bilər. Siz isə özünüzün bilavasitə vəzifəniz olan dilçilik işlərini kənara qoyub, tarixi və digər məsələlərlə məşğul olmaqla elmi mühiti cəfəngiyyata və cəhalətə çevirirsiniz. Düzdür, biz başa düşürük ki, dilçilik dəqiq elmdir, burada həqiqi elmi prinsiplərə əsaslanan çoxlu əsərlər yazıb, akademik olmaq çətindir. Ancaq hər kəs öz istedad dərəcəsi ilə barışmalı, «ayağını yorğanına görə uzatmalıdır». Siz isə bununla barışmaq istəməyərək, yalançı elmlə məşğul olmağa üstünlük verirsiniz. Sizin yalanları ifşa edənləri isə «müstəqilliyimizin», «dövlətçiliyimizin» düşməni kimi qələmə verməyə çalışırsınız. Əgər bütün bunlar belə deyilsə, siz öz yazdıqlarınızı düzgün hesab edirsinizsə, onda bizim yuxarıda yazdığımız təkliflə razılaşın. Əgər bu təklifə müsbət cavab verməsəniz, onda bununla da bütün yazdıqlarınızın yalan olduğunu etiraf etmiş olacaqsınız.

Sonda biz qəzet redaktorlarına da müraciət etməyə məcburuq. Biz «Qədim Turan: mifdən tarixə doğru» adlı kitabımızın I fəslində yalançı elmi tənqid etdiyimizə görə Azərbaycan elmində populizmin banisi və hamisi sayılan prof. Tofiq Hacıyev bizim kitabımız və özümüz barədə böhtan və təhqirlər yazıb, qəzetlərdə müxtəlif üsullarla çap etdirməklə məşğuldur. Bu ağlasığmaz böhtan və iftiraları oxuyanda başa düşmək olmur ki, bu akademikin ağlı qaçıb, yoxsa bu nə işdir? Ona görə də biz Sizdən xahiş edirik ki, bundan sonra o, bizim kitab barədə Sizə məqalə təqdim etdikdə ondan kitabın özünü də istəyin və yoxlayın. Əgər düzgün yazılıbsa, maqəlani çap edin, yox əgər böhtan və iftira yazılıbsa, onu başa salın ki, bu dərəcədə böhtan və söyüş yazmaq olmaz.

Bu da çox gülüncdür ki, bizim keçən məqaləmizdə göstərdiyimiz böhtan və iftiraları nəyə görə yazdığını izah etmək əvəzinə, Hacıyev artıq iki dəfə çap olunmuş və məzmununda bizə qarşı terrora çağırışlar olan həmin köhnə «Böhtannamə»sini qoltuğuna vurub, yenidən çap etdirmək üçün redaksiyaları gəzir. Cənab professor, buna əmin ola bilərsiniz ki, daha sizin «Böhtannamə»lərə inanan yoxdur. Ona görə də ahıl vaxtınızda özünüzə əziyyət verməyə dəyməz. Nahaq yerə deyilməyib ki, «yalançının evi yandı, heç kəs inanmadı».

10:53, 28 may 2017 tarixindəki versiya

Diletantın qəzəbi, yoxsa elmdə reketlik (T.Hacıyevə cavab) Elmi mübahisələr. Elmdə populizm – saxtakarlıq və cinayətdir (T.Hacıyevin həmyerlilərinə cavab)
Müəllif: Kamil Allahyarov
Yalançı elmin iflası (İ.Kazimova və “İks” cənablarına cavab)

Dünya elmində, xüsusilə də humanitar elm sahələrində «yalançı elm» deyilən bir istilah vardır. Beynəlxalq terminologiyada buna «psevdoelm» və ya «kvazielm» deyilir. Bu istilahlar elm adı altında yalanlar uydurulmasını nəzərdə tutur. Halbuki elmin vəzifəsi həqiqətlərin araşdırılıb tapılmasından ibarətdir. Yalançı elmlə məşğul olan adamlar dünyanın bütün ölkələrində olur və onlar müəyyən məqsədlərlə belə işlərə əl atırlar. Əksər hallarda belə işlərə təsadüfən elm sahəsinə düşmüş istedadsız, ancaq olduqca iddialı, elm sahəsində mühüm vəzifələr tutmaq naminə hər cür kələkbazlığa əl atmağa hazır olan avantürüst tipli adamlar əl atırlar. Bununla da onlar öz şəxsi mənafeləri naminə elmin inkişafına əngəl törədirlər. Hamının bildiyi kimi, elmsiz xalqın gələcəyi yoxdur. Yalançı elm isə xalqa elmsizlikdən də çox zərər yetirir.

Elmin güclü olduğu inkişaf etmiş ölkələrdə yalançı alimlərə az-az təsadüf edilir və onlar əsasən ya sağlam düşüncüdən məhrum fanatiklər, ya da özlərini heç bir sahədə təsdiq edə bilməyən istedadsız adamlar olurlar. Belə ölkələrdə aparıcı vəzifələr həqiqi alimlərin əlində olduğundan və belə elm adamları yalançıları asanlıqla ifşa etdiklərinə görə yalançı alimlər elmin inkişafına maneçilik törədə bilmirlər. Elmin zəif olduğu ölkələrdə isə yalanlar uyduran fırıldaqçılar müəyyən dövrlərdə mühüm vəzifələr ələ keçirərək, elmin inkişafını müəyyən müddətə ləngidə bilirlər. Məsələn, belə bir vəziyyət keçən əsrin 30-40-cı illərində İranda da yaranmışdı. Dünya elmindən xəbərdar olan sağlam düşüncəli ziyalılar isə yalançı elmin ölkənin və xalqın gələcəyi üçün törədə biləcəyi fəsadları yaxşı anladıqlarına görə bunun qarşısını almağa, fırıldaqçı «alimləri» ifşa etməyə çalışırdılar. Görkəmli fars yazıçısı Sadiq Hidayət öz hekayələrindən birində belə bir alimi təsvir edərək, onun dili ilə yazırdı: «Siz elə təsəvvür edirsiniz ki, «samovar» (rus dilində «özüqaynadan» mənasını verir – K.H.) kəlməsi rus sözüdür. Ancaq mən tapmışam ki, bu kəlmə üç sözün birləşməsindən düzəlmişdir: «se» farsca – üç, «ma» ərəbcə – su, «var» isə türkcə – var. Deməli, «samovar» sözü «üç su var» deməkdir».

Təəssüf ki, 1980-cı illərin sonlarından bu gülünc və sağlam düşüncədən kənar «samovar metodu» Azərbaycan elmində də geniş yayılmağa başladı. O zaman ermənilər Azərbaycana qarşı ərazi iddialarını əsaslandırmaq üçün hər cür yalana və saxtakarlığa, o cümlədən də tarixi saxtakarlıqlara əl atırdılar. Onların belə yalanlarını həqiqi elmi üsullar və faktlar əsasında ifşa etmək əvəzinə, bir qrup əsasən dilçilərdən ibarət «alim» yalana yalanla cavab verməyə başladı. Halbuki haqlı tərəfin yalana yalanla cavab verməsinə heç bir ehtiyac yox idi. Bir qədər savad lazım idi ki, ermənilərin təbliğat vasitəsi kimi yaydıqları yalanları tutarlı elmi dəlillərlə ifşa etmək mümkün olsun. Bunu da Z.Bünyadov və İ.Əliyev kimi tarixçi alimlər edir və rus dilində yayırdılar. Ancaq yaranmış vəziyyətdən öz şəxsi mənafeyi naminə faydalanmağa çalışan bir qrup «dil tarixçiləri» bu alimlərə də böhtan ataraq, onları «xəyanətdə», «antitürkçülükdə» günahlandırmağa başladılar. Öz ixtisaslarını belə yaxşı bilməyən bu «dilçilər» xalq arasında ucuz şöhrət qazanmaq, əsərlərinin sayını artıraraq yeni-yeni elmi adlar qazanmaq naminə «samovar metodu» əsasından yeni «tarix» yazmağa başladılar. Onların yalnız Azərbaycan dilində və Z.Bünyadovun təbirincə desək, «Biləcəridən uzağa getməyən» cızmaqaralarında dünya tarixşünaslığının və etnologiya elminin istinasız olaraq bütün xalqlara aid olan ən adi aksiomlarına zidd fikirlər söylənilirdi. Azərbaycan elmini cəfəngiyyata çevirən belə tədqiqatçılar onların gülünc yazılarını tənqid edən alimlərin əleyhinə iftira və böhtanlar yağdırmağa, söyüş və təhqirlər söyləməyə başladılar. Bu yalan, iftira və söyüş kompaniyasında o zaman professor, indi isə AMEA-nın müxbir üzvü olan T.Hacıyev öz aqressivliyi ilə xüsusilə seçilirdi.

Yuxarıda adları çəkilən mərhum akademiklər dünyasını dəyişdikdən sonra isə yalançı alimlər daha da əl-qol açdılar və yalançı elm, populist vətənpərvərlik sahəsində daha çox kitab yazmaqla qabağa getmək, yeni-yeni elmi adlar almaq uğrunda yarışa girdilər. Bu yarışda birincilik yenə T.Hacıyevə məxsus idi. Elmin və xalqın inkişafı üçün çalışan alimləri onlar öz iftira və böhtanları ilə elə qorxutdular ki, onların çoxu susmağa üstünlük verdilər. Sözsüz ki, belə vəziyyət Azərbaycan elmini və təhsilini uçuruma apara bilərdi. Çünki əgər heç bir xarici dil bilməyən, mənbə tanımayan, elmi prinsiplərdən xəbərsiz bu alimlərin «Biz qoca qafqazlı igid ərlərik // Cümlə hünərməndlərik, nərlərik» kimi cəfəngiyyatlarla dolu kitabları xalqın inkişafına kömək etsəydi, onda bizim xalq indi dünyanın ən inkişaf etmiş xalqlarından birinə çevrilməli idi. Ona görə ki, belə cəfəngiyyatları Sabirin, Mirzə Cəlilin qəhrəmanları hələ yüz il bunlardan əvvəl deyirdilər. Məqsədləri də elə indiki xələflərinin məqsədləri ilə eyni idi: «Onda ki, övladi-vətən xam idi // Ax necə kef çəkməli əyyam idi».

Yaranmış vəziyyət bizi məcbur etdi ki, 2006-cı ildə çapdan çıxmış «Qədim Turan: mifdən tarixə doğru» adlı kitabımızın birinci fəslini yalançı elmin ifşasına həsr edək və onun əsaslandığı «samovar metodunun» nə qədər gülünc və cəfəng olduğunu açıb göstərək. Kitab çıxdıqdan sonra elmi ictimaiyyət tərəfindən maraqla qarışlandı: həm onun iki elmi-tədqiqat institutunda keçirilən müzakirəsində, həm də mətbuat səhifələrində dərc edilən məqalələrdə kitab haqqında müsbət rəylər söylənildi. Ancaq yalançı elmin hamının başa düşəcəyi bir tərzdə, tutarlı faktlarla, dünya elmindən gətirilən çoxsaylı sitatlar əsasında tənqidi T.Hacıyevi yenidən «cin atına mindirdi». O, həmişəki kimi, özünün «kəndxuda çomağını» işə salıb, «Elm» qəzetində (20 mart 2007-ci il) bizim özümüz və kitabımız barədə ağlasığmaz böhtan və iftiralar yazıb, bizi «xalq düşməni», özünü isə xalqın və elmin «Koroğlsu» kimi qələmə verməyə çalışdı. Hər cür söyüş və təhqirlərlə dolu olan bu məqalədə o, gah bizim kitabda qətiyyən olmayan məsələlər barədə iftiralar uydurub, onları bizə mənsub edir, gah bizim yazdıqlarımızı 180 dərəcə tərsinə çevirərək, «ağ» yazdığımızı oxuculara «qara» şəklində təqdim edir, gah da yazdıqlarımızı saxtalaşdıraraq, onlara öz istədiyi mənanı verirdi. Bir sözlə, heç nədən utanmadan, çəkinmədən, vicdan əzabı çəkmədən istədiyi ədalətsizlikləri, yalanları yazırdı. Həm də əvvəlcə böhtan atır, sonra isə özündən uydurduğu böhtan əsasında bizi siyasi şantaja çəkirdi.

Bütün bunlarla kifayətlənməyən Hacıyev eyni zamanda özünün uydurub, bizə mənsub etdiyi böhtanlar əsasında bizi Azərbaycan xalqını «təhqir etməkdə», «rəzalətə» yol verməkdə də günahlandırır. Halbuki, rəzalət bu cür iftiralar yazmaq, Azərbaycan xalqına təhqir isə onun kimin adamın özünü Azərbaycan xalqının «milli düşüncəli ziyalısı» adlandırmasıdır. Burada cənab professorun yadına salmaq istərdik ki, hətta «Mimino» filmindəki erməni professoru da əməllərini kələkbazlıq kimi başa düşdüyü erməni sürücüsünə deyir ki, «sizin kimilər millət üçün rüsvayçılıqdır». Əgər sürücünün kələkbazlığı «millət üçün rüsvayçılıq» sayılırsa, bəs akademikin belə ağlasığmaz iftiralarına, əsassız təhqir və söyüşlərinə nə ad vermək olar? Sözsüz ki, belə əməllər təkcə bir xalq üçün deyil, bütün bəşəriyyət üçün ləkə sayıla bilər.

Biz ermənilərin iftiralarını kəskin tənqid etdiyimiz halda, o bizi ermənipərəst kimi qələmə verməyə çalışaraq, belə bir iftira da uydurur ki, guya biz yazmışıq ki, «biz təmiz türk deyilik, qarışıq millətik desək, ermənilər bizi bağışlayar». Oxucuları buna inandırmaq üçün o, bu cümləni hətta guya bizdən gətirilmiş sitat kimi dırnaqda verir. Hacıyevin məqaləsi başdan ayağa bu cür iftiralardan ibarətdir. «Azadlıq» qəzetinin 25-29 aprel 2007-ci il tarixli nömrələrində dərc edilmiş məqaləmizdə bunların bir qisminə cavab yazılmışdır. Biz bir daha həmin məsələyə yenidən qayıtmazdıq, əgər o, yeni «oyunlar» çıxarmaqla bizi buna məcbur etməsəydi. Məsələ bundadır ki, Hacıyev öz məqaləsində bizim kitabın bütün respublikada müzakirəsini tələb etdiyi kimi, sonra da sakitləşməyərək, ayrı-ayrı tanınmış ziyalılara, alimlərə şifahi müraciətlər edərək, onları da bizim əleyhimizə sovetsayağı kampaniyaya qoşulmağa və məqalələr yazmağa dəvət edirdi. Ancaq Hacıyev bu alimləri aldada bilmədi: onlar bizim kitabla tanış olduqdan sonra hər şeyi başa düşdülər və Hacıyevin provokasiyalarına uymayaraq, haqqa, ədalətə, xalq mənafeyinə qarşı çıxmaqdan imtina etdilər. Bundan sonra mütəxəssislər, savadlı adamlar arasında kələklərinin baş tutmadığını görən Hacıyev «Kredo» qəzetində bizim əleyhimizə bir neçə məqalə dərc etdirə bildi. Müxtəlif naməlum (hər halda – bizim üçün) adamlar tərəfindən imzalanmış bu iftira və söyüş dolu məqalələrə baxdıqda onlarda Hacıyevin öz üslubu çox aydın şəkildə sezilir: eyni sözlər, eyni intonasiya, eyni böhtanlar, eyni söyüş və təhqirlər, eyni məkr və hiylə, eyni qəzəb, kin, küdurət, həmin sübutsuz və əsassız mühakimələr, həmin məntiqsizlik, həmin qarayaxmalar, «müzakirə» barədə həmin tələblər və s.

Həmin məqalələrdən biri – BSU Türkologiya kafedrasının müdiri N.Novruzovanın və BQU Azərbaycan dili və onun tədrisi kafedrasının müdiri İ.Kazımovun imzası ilə və «Səpilmiş toxumlar cücərmək istəyir» başlığı altında («Kredo» qəzeti, 7 iyul və 30 iyul 2007) çap edilmiş yazı bilavasitə bizim T.Hacıyevə «Diletantın qəzəbi, yoxsa elmdə reketlik» başlığı altında yazdığımız məqaləyə cavabdır. Bu məqaləni oxuduqda bizə elə gəldi ki, biz Hacıyevin bundan əvvəl öz imzası ilə bizim kitab əleyhinə yazdığı məqaləni oxuyuruq. Artıq deyildiyi kimi, burada biz həmin iftira və söyüşləri, həmin üslub və intonasiyanı, həmin «fakt» və «sübutları» gördük.

Ümumiyyətlə, istər faktoloji, istərsə də «samovar metodu» əsasında həyata keçirilən «sübutlar» baxımından Hacıyevin «Elm» qəzetində çap etdirdiyi məqalə ilə «Kredo» qəzetindəki məqalə bir-birini təkrar edir. Ona görə də biz düşündük ki, görəsən nəyə görə sonuncu məqaləni Hacıyev öz adına çap etdirməyib. Yadımıza düşdü ki, biz ona keçəndəfəki cavabımızda yazmışdıq ki, «cənab professor, əgər siz özünüzü alim hesab edirsinizsə, bu üsullardan əl çəkib, kəndxuda çomağını yerə qoyub, vicdanla, mədəniyyətlə elmi mübahisə aparın. Əgər savadınız, elmi səviyyəniz buna imkan vermirsə, onda heç olmazsa, susun!». Görünür, Hacıyev vicdanla, mədəniyyətlə, elmi prinsiplər əsasında polemika aparmağın özü üçün qeyri-mümkün olduğunu başa düşərək, yeni bir üsula əl atmışdır. Ancaq hər halda bunlar bizim düşüncələrimizdir. Məqalə başqa adamların imzası ilə çap olunduğuna görə biz də onu həmin adamların «yaradıcılıq məhsulu» kimi qəbul edirik.

Məqalə “müəllifləri” ustadlarının mədhinə də xeyli yer ayırmışlar. Belə ki, onlar bizə müraciətlə yazırlar: «Vətənpərvər alimlərimizi ələ salaraq, «milli təfəkürlü ziyalı» adlandırırsan... Professor T.Hacıyev elə hər işdə birincidir. Hamı bilir ki, ona çatan heç bir dilçi yoxdur.... Sən nə bilirsən o kişinin türkologiyada, Azərbaycanşünaslıqda olan xidmətlərini...» (Yenə Hacıyevin loru üslubu aydın görünür).

Əvvəla, bizim əleyhimizə yazdığı məqaləsində Hacıyevin özü özünü «milli düşüncəli ziyalı» adlandırdığına görə biz də ona belə müraciət etmişik («düşüncəli» sözü əvəzinə «təfəkkürlü» yazdığımıza görə üzr istəyirik). Başqa sözlə, bu adı (və ya ləqəbi) ona biz verməmişik, özü götürüb. İkincisi isə, əgər sizin bu müraciət formasından xoşunuz gəlmirsə, onda sizin özünüzün irəli sürdüyünüz «epiteti» – «ona çatan heç bir dilçi yoxdur» fikrini də məmuniyyətlə qəbul edə bilərik. Ancaq bu ifadəni epitet və ya müraciət forması kimi işlətmək mümkün olmadığına görə, sizin icazənizlə, fikrinizin əsas mənasını götürüb, «tayı-bərabəri olmayan dilçi» və ya daha sadə formada – «taysız dilçi» kimi də işlədə bilərik. Sizin özünüz də bütün elmi məsələlərdə Hacıyevlə həmfikir olduğunuza, iftiralar yazmaqda ondan geri qalmadığınıza və onunla eyni metodlardan istifadə etdiyinizə görə elə sizin özünüzün də bu epitetə iddia etməyə tam haqqınız çatır. Belə ki, Hacıyev də mənbə kimi başqa populist həmkarlarının məqalə və kitablarındakı uydurmalara istinad edir, siz də. O, da «samovar metodunu» özünün başlıca tədqiqat prinsipi hesab edir, siz də. O, da opponentlərinə iftira və söyüşlər yağdırır, siz də. O da öz adını başqalarını qoyur, siz də. Məsələn, siz yenə bizə müraciətlə yazırsınız: «Sənin fikrincə, əzəldən Azərbaycan ərazisində türklər deyil, irandilli tayfalar yaşayıblar. Sual oluna bilər, bəs sən nədən bilirsən ki, («nədən» yox, «haradan», cənab taysız dilçilər – K.H.) bu ərazilərdə əzəldən məskunlaşmış xalq yoxdur və olmamışdır. Məntiqsiz mühakimədir».

Birinci, cənab taysızlar, siz göstərə bilərsinizmi irandilli tayfaların istər əzəldən, istərsə də sonradan Azərbaycan ərazisində yaşaması barədə biz haradasa nə isə yazmışıq? Əgər siz bunu bizim hər hansı bir yazımızda tapa bilsəniz, gətirin camaatın içərisində bizə göstərin. Söz veriririk ki, əgər gətirib göstərə bilsəniz, biz sizə mükafat verəcəyik (Hacıyevə etibar edənlərin belə vəsiyyətə düşməsi heş də təəccüblü deyil). Siz bizim fikirləri, Hacıyev etdiyi kimi, 180 dərəcə tərsinə çevirərək, ağ yalanlarla bizim kitabdan xəbərsiz oxucuları bizə qarşı qoymağa çalışırsınız. Əgər bizim kitabda sizin hər abzasda təkrar etdiyiniz kimi, «xalqa təhqir», «dövlətçilik və müstəqillik əleyhinə» fikirlər varsa, onda niyə onları yazmaq əvəzinə belə iftiralar uydurursunuz? Məhz sizin öz şəxsi mənafeyiniz naminə Azərbaycan elmini cəfəngiyyata çevirməyiniz, həqiqi alimləri susdurmağa çalışmağınız dövlətimizin və xalqımızın gələcəyinə təhlükə törədir, cənab dilçilər. Məhz sizin kimi savadsızların, fırıldaqçıların və iftiraçıların özlərini Azərbaycanın «milli alimləri» adlandırması xalqımız üçün təhqirdir. Bizim yazılarda siz özünüzə və başqa alimlərə qarşı hər hansı bir saxtakarlıq, iftira və böhtan faktı tapıb göstərə bilərsinizmi? Əgər tapsanız, gətirin göstərin. Sizin yazılarınız isə başdan ayağa, ayaqdan başa saxtakarlıq və böhtandan ibarətdir. Belə yerdə deyirlər ki, «ustadınız ustaddır». Ancaq təəssüf ki, taysızlığınız da, ustadlığınız da iftira və fırıldaq sahəsindədir. Sizin kimilərin belə əməllərini bizim tənqid etməyimiz isə heç də xalqa təhqir deyildir.

Yuxarıda sizdən gətirdiyimiz sitata qayıdaraq, onun ikinci cümləsini nəzərdən keçirək. Birinci cümlədə siz iddia edirsiniz ki, guya biz yazmışıq ki, «əzəldən Azərbaycan ərazisində türklər deyil, irandilli tayfalar yaşayıblar». İkinci cümlədə isə deyirsiniz ki, guya biz yazmışıq ki, «bu ərazilərdə əzəldən məskunlaşmış xalq yoxdur və olmamışdır». Bizə heç bir aidiyyatı olmayan və bir-birinə zidd belə fikirlər söylədikdən sonra isə üçüncü cümlədə bizi məntiqsizlikdə günahlandırırsınız. Göründüyü kimi, yazdıqlarınızın hamısı iftira və cəfəngiyyatdır.

Dünyanın hər hansı bir ərazisində əzəldən bu günədək məskunlaşmış hər hansı bir xalqın elmə məlum olmaması isə tarix və etnologiya elmlərinin adi aksiomlarındandır ki, sizin kimi taysız dilçilərdən başqa heç kəs belə aksiomların əleyhinə danışmağı özünə rəva bilməz. Biz bu qəbildən olan aksiomlarla sizin kimi özündən razı savadsızları tanış etmək üçün öz kitabımızda tanınmış ingilis və rus alimlərindən çoxlu sitatlar gətirmişik. Məsələn, böyük alimlər kollektivi tərəfindən yazılmış «Şərq tarixi» kitabından gətirdiyimiz sitatda belə deyilir: «Biz artıq gördük ki, tarixdə elə xalqlar olmamışlar və yoxdurlar ki, avtoxtonluğa iddia etmək hüququna malik olsunlar; yəni paleolit və ya heç olmazsa, - neolit dövründən heç hara köçmədən, heç bir xalqla qarışmadan eyni bir yerdə yaşasınlar. Məhz buna görə də «tarixi hüquqlar» barədə mübahisələr mənasızdır» («Şərq trixi» - C. 1, M., 1999, s.614).

Məlumdur ki, beynəlxalq hüquq baxımından da müasir dövrdə ərazi-sərhəd məsələlərinin həllində nəinki qədim, hətta orta əsrlər dövründəki sərhədlər belə nəzərə alınmır. Əgər belə olmasaydı, onda bütün dünya xalqları bir-birinə qarşı ərazi iddiaları irəli sürə bilərdi. Məsələn, amerikalılar Avropaya və dünyanın digər ölkələrinə, ruslar Polşa ərazisinə, macarlar Urala qayıtmalı olardılar. Məhz bizim belə aksiomları Azərbaycan elminə gətirməyimiz bütün karyerasını yalançı elm və yalançı vətənpərvərlik üzərində qurmuş bir çox «taysız alimləri» qəzəbləndirdi. Onların ən adi elmi prinsiplərdən, aksiomlardan xəbərsiz olduqlarını, «samovar metodu» əsasında elmi baxımdan mənasız və əhəmiyyətsiz kitablar yazdıqlarını üzə çıxardı. Onların asan yolla, mənasız kitablar yazmaqla yeni-yeni elmi rütbələr almaq arzularına maneçilik törətdi. Məhz buna görədir ki, kafedra müdirlərinin imzası ilə bizim əleyhimizə yazılmış bu növbəti «Böhtannamədə» ürək ağrısı ilə belə deyilir: «Türklərin Azərbaycan ərazisinin ilkin və əzəli əhalisi – aborignləri olduğunu dişi ilə, dırnağı ilə sübuta yetirənlərin, yazılanların hamısını bir tərəfə atıb, sən də Allahyarov, xalqımızın tarixinə, dilinə həqarətlə baxırsan». Cənablar, elə məsələ də orasındadır ki, tarix «dişlə», «dırnaqla» yox, ağılla, başla yazılır. «Dişlə», «dırnaqla» iş görmək ümumiyyətlə insana məxsus xüsusiyyət deyildir. Bizim kitabda isə Azərbaycan tarixindən yalnız bir fəsildə – «Madaların mənşəyi» fəslində bəhs edilmiş və onların irandilli olmaması qənaətinə gəlinmişdir. Sizi qəzəbləndirən birinci fəsildə isə biz yalnız metodoloji məsələlərdən danışmış və indiyədək sizin yazdıqlarınız məsələlərin metodoloji cəhətdən elmi prinsiplərə yox, «samovar metoduna» əsaslandığı inkaredilməz şəkildə sübuta yetirilmişdir. Əgər siz bunları səhv hesab edirsinizsə, onda bizim kitabdakı izahları elmi prinsiplər əssaında təkzib etməlisiniz. Siz isə bunu etmək əvəzinə uşaq (və ya saqqallı uşaq) söyüşləri söyür və iftiralar uydurursunuz (Məs., «alimciyəz», «İ.Əliyevin nəvəciyi» və s.). Sizin «Böhtannamədə» elə söyüşlər və iftiralar da vardır ki, şəxsən biz inanmırıq ki, onları Azərbaycanda alim adı daşıyan adamlar arasında T.Hacıyevdən başqa kimsə yaza bilsin. Məsələn, məqalənizin sonunda deyilir ki, belə «alimlərin cavabı vaxtında verilməlidir ki, onların «nadürüst», «bic» nəvə-nəticələri bir daha törəməsin».

Cənab taysız dilçilər, əgər elm belə söyüş və iftiralardan ibarət olsaydı və sizin istədiyiniz avtoritar üsullarla idarə olunsaydı, onda biz də bütün bu söyüşləri onların müəllifinin özünə ünvanlamaqla və ya uyğun sözlərlə (məs., alimçə, akademikçik və s.) cavablandırmaqla öz işimizi bitmiş hesab edərdik. Bundan əlavə, Azərbaycanın elmi ictimaiyyəti artıq yaxşı bilir ki, Sabiri, Mirzə Cəllii daşa basanların «nadürüst» və “bic” nəticələri sizin simanızda artıq çoxdan törəyiblər.

Möhtərəm «milli düşüncəli ziyalılar», siz öz yazılarınızda bundan çıxış edirsiniz ki, bizə mənsub etmək istədiyiniz uydurma sitatları heç kəs bizim kitabla müqayisə edib, yoxlamayacaq. Ona görə də istənilən böhtan və iftiranı yazıb, bizi «xalq düşməni», özünüzü isə «xalqı düşmənlərdən qoruyan qəhrəmanlar» kimi qələmə verə bilərsiniz. Bu isə nəinki elmi prinsiplərə, həm də ən adi mənəvi-əxlaqi normalara sığışmayan hərəkətdir. Siz bunları edəndə heç fikirləşmirsiniz ki, axı siz «alim» adı daşıyırsınız, tələbələrə dərs verirsiniz, onlara mənəviyyatdan, mədəniyyətdən danışırsınız?

Hacıyevi Azərbaycan «milli təfəkkürünün işığı» kimi qələmə verməyə çalışan kafedra müdirləri yenə bizə müraciətlə yazırlar: «Yazırsan ki, o, az-çox elmi əhəmiyyətə malik olan heç bir əsər yazıb ortaya qoya bilməmişdir. Onun kitablarının səciyyəvi xüsusiyyətləri ümumi sözçülükdən, dəfələrlə başqaları tərəfindən deyilmiş köhnə fikirlərin təkrarından, primitiv və bir qayda olaraq, səhv mühakimələrdən… ibarətdir. Allahyarov, sənin kimiləri Tofiq müəllimin kitablarının altına atsaq, boğulub orada qalar».

Cənablar, bu təkcə bizim fikrimiz deyil, ümumiyyətlə, bütün elmi ictimaiyyət belə düşünür. Ona görə də əgər doğrudan da Hacıyevin elmi yenilikləri varsa, onda hökmən onları yığcam halda, elmi müddəalar şəklində çap etdirin. Bizim bu xahişimiz sizə bunu etməyə əsas verir. Əgər siz bunu etsəniz, bu bizim üçün də, elmi ictimaiyyət üçün də çox maraqlı olar. Yoxsa, siz özünüz də bilirsiniz ki, elə alimlər var ki, onların hətta 30-40 kitabı var, ancaq, atalar demişkən, «qırxı birinə dəyməz, biri də heçə».

«Böhtannamə» müəllifləri yazırlar ki, «Allahyarov, sən nə İ.Əliyev, nə Z.Bünyadov, nə də T.Hacıyev ola bilərsən». Cənab taysız dilçilər, bizim heç başqasına oxşamaq fikrimiz də yoxdur. Ancaq hamı bilir ki, İ.Əliyev də, Z.Bünyadov da öz yazılarında, bizim kimi, bir neçə dəfə Hacıyevi yalançı elmlə məşğul olmaqda günahlandırmışlar (Bax: З.М.Буниятов. О некоторых тенденциях в освещании средневековой истории Азербайджана // Azərb.SSR EA-nın xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1987, №3, c.124-127; И.Алиев. О некоторых вопросах этнической истории азербайджанского народа. (Баку, 2002, с.235-279). Ona görə də başa düşmək olmur ki, nəyə görə siz Hacıyevi bu alimlərlə bir sıraya qoymağa çalışırsınız. Bunun üçün Hacıyev, heç olmazsa, yalançı elmdən əl çəkməli, həqiqi elmlə məşğul olan alimlərə böhtan atmamalıdır.

Türkologiya kafedralarının müdirləri bizi «özündən razılıq məcazına tutulmaqda» (taysız dilçilər burada «məcaz» sözü ilə «mərəz» sözünü qarışdırıblar – K.H.), «özündən başqa heç bir mötəbər mənbə qəbul etməməkdə» də günahlandırırlar. Birinci, xalqı aldadanları ifşa etmək heç də «özündən razılıq» demək deyil. İkincisi isə, cənablar, insafınız olsun, siz özünüz yalançı elmlə məşğul olan digər həmkarlarınızın «əsərlərindəki» uydurmalardan başqa mənbə tanımaq istəmirsiniz. Sizin söylədiklərinizlə isə, hər şeydən öncə, ona görə razılaşmaq mümkün deyil ki, siz öz «samovar metodunuzla» dünya elmində birmənalı şəkildə təsdiq edilən və istinasız olaraq bütün dünya xalqlarına şamil edilən aksiomları rədd etmək istəyirsiniz. Əgər sizin tarix və etnologiya elmləri ilə azacıq da olsa tanışlığınız olsaydı, onda görərdiniz ki, həmin məsələlərdə Azərbaycan xalqı dünya xalqları içərisində heç də istisna təşkil etmir və burada heç bir qəbahət də yoxdur. Siz bunların hamısını bizim kitabda oxumusunuz və onları rədd etməyin mümkün olmamasını da bilirsiniz. Ancaq indiyədək bu barədə yazdıqlarınızın yalan olduğunu etiraf etmək də istəmirsiniz. Ona görə də yeganə əlacınız böhtan və iftira yazmağa qalır. Həm də görün necə iyrənc iftira və təhqirlər yazırsınız.

Hacıyevin iftiralarına verdiyimiz keçən cavabda biz yazmışdıq ki, bizim kitabda türklərin Azərbaycanda nə vaxtdan olması məsələsi qoyulmayıb və biz bu barədə özümüzdən heç nə yazmamışıq. Yalnız yuxarıda göstərilən aksiomlar barədə böyük mütəxəssislərdən sitatlar vermişdik. Məsələn, L.Qumilyovdan verdiyimiz sitatda deyilir: «Dünyada elə ölkə yoxdur ki, onun əhalisi paleolit dövründən bəri bir neçə dəfə dəyişməsin… Bir əcdaddan törəyən etnos yoxdur, olmamışdır və ola da bilməzdi. Bütün insanların atası və anası olduğu kimi, bütün etnoslar da iki və daha çox əcdada malikdirlər» (s.14-15). Məhz belə ümumnəzəri sitatlar gətirdiyimizə və «samovar metodunun» tənqidi barədə yazdıqlarımıza görə T.Hacıyev bizim barəmizdə olmazın iftiralar uydurub yazmışdı. Kafedra müdirlərinin imzası ilə çap olunmuş sonrakı məqalədə də həmin iftira və təhqirlər təkrar olunur: «Qafqazda türklərin gəlmə olduğunu deyən ermənilərlə K.Allahyarovun fikirləri uyğun gəlir. Allahyarov da ermənilər deyəni deyir, onların milli ideologiyasını müdafiə edir (Halbuki bizim kitabda ermənilərin yalanları tutarlı elmi əsaslarla təkzib edilmiş və onların özlərinin gəlmə olduğu yazılmışdır – K.H.). Türklərin Qafqaza sonradan gəldiyini söyləyir. Şəksiz, bu üst-üstə düşür. Belə olan surətdə onun azərbaycanlı, türk olduğuna kim inanar?» Göründüyü kimi, böhtan və təhqirin həddi yoxdur. Cənablar, əgər biz doğrudan da ermənilərin xeyrinə nə isə yazmışıqsa, nə üçün onu sitat kimi dırnaqda vermirsiniz. Bu dərəcədə iftiraları görəndə yenə adamın yadına rəhmətlik Sabir və Mirzə Cəlil düşür ki, bu cür nadürüst adamların əlindən onlar nələr çəkiblər.

Kafedra müdirlərinin bu növbəti «Böhtannamə»lərində ara-sıra müəyyən qeyri-ixtiyari etiraflar da görünür. Belə ki, onlar yazırlar: «Sən isə Allahyarov, kitabında «yalançı türkçüləri» tənqid edirsən, heç birinin adını və əsərlərini göstərmirsən. Deyəsən, qorxaqsan». Halbuki bu deyilənin əksinə olaraq, Hacıyev bizim əleyhimizə öz adı altında dərc etdirdiyi məqaləsinin elə əvvəlində 15 Azərbaycan aliminin adını yazmışdı ki, guya biz onları təhqir etmişik. Sözsüz ki, bu fitnəkarlığı ilə o, həmin alimləri bizə qraşı qoymaq istəyirdi. Ancaq kələyi baş tutmayandan sonra, indi bərk təəssüflənir ki, biz öz kitabımızda heç kəsin adını çəkməmişik. Bizi provakasiyaya çəkmək məqsədilə deyilən «qorxaqlıq» məsələsinə gəlincə, deməliyik ki, bizim təkidlə yalançı elmə, populizmə qarşı çıxmağımız elmimizin, xalqımızın gələcəyi ilə bağlıdır və şəxsən heç kəsə qarşı yönəlməyib. Ona görə də biz kitabımızda həmin məsələlərdən ümumi şəkildə danışmışıq (Hər halda biz opponentlərimizə başqa adamların adları altında cavab yazmırıq). Bizim çox aydın şəkildə, təkzibolunmaz dəlillər əsasında verdiyimiz izahatdan sonra hamı yalançı elmin nə qədər əsassız, gülünc olduğunu, xalq üçün nə qədər zərərli olduğunu başa düşdü və heç kəs haqqa qarşı çıxmaq istəmədi. Təəssüf ki, Hacıyev yenə istisna təşkil etdi. Ona görə bugünkü mübahisənin də günahkarı biz yox, o özüdür. Mübahisənin elmi çərçivədən kənara çıxmasının səbəbi də onun seçdiyi böhtan və söyüş üsulu ilə bağlıdır. Elmi mübahisəni demoqogiyaya çevirmək isə onun savadsızlığından irəli gəlir.

Daha sonra bu böhtançılar bizim kitabın yazılması haqqında belə bir hökm verirlər ki, «bu yüz faiz sənə verilən sifarişdir». Deməliyik ki, bundan əvvəl Hacıyevin öz imzası ilə bizim əleyhimizə çap olunmuş məqalədə də belə əsassız fikirlər tez-tez səslənirdi və o zaman Hacıyev «sifariş» sözünü Moskva ilə bağlayırdı. Biz öz cavab məqaləmizdə göstərdik ki, Moskvanın sifarişini yerinə yetirən Hacıyevin dostu Murad Acıdır. Hacıyev isə Azərbaycanda onun əsərlərini təbliğ edir. Qarabağ müharibəsi zamanı M.Acı Rusiyanın hərbi-militarist dairələrinin sifarişi ilə Moskvada çıxan jurnallarda Azərbaycan əleyhinə məqalələr yazırdı. Buna misal olaraq onun 1989-cu ildə «Vokruq Sveta» jurnalının 7-ci nömrəsində çıxan məqaləsini göstərmək olar. Hacıyev kimi «yalançı türkçülük» pərdəsi altında gizlənən bu “haş”sız Acıyev kitablarının birinin müqəddiməsində yazırdı ki, bu kitabın nəşri üçün guya o, Sankt-Peterburqdakı evini satıb və onun kitabları rusların əleyhinə, türkün isə əsarətdən qurtulmasına xidmət edir. Ancaq bu yaxınlarda Bakıda və digər türk respublikalarında onun haqqında Moskvada çəkilmiş film nümayiş etdirildi. Bu film dövlət səviyyəsində və ən tanınmış rus kinomotoqrafçıları tərəfindən hazırlanmışdı. M.Acının həm kitablarında, həm də bu filmdə dediklərinin mənası budur ki, qədimdə ruslarla türklər eyni xalq olublar və İvan Qroznı da daxil olmaqla XV əsrədək bütün ruslar və onların çarları türk dilində danışıblar (Halbuki İvan Qroznının fərmanları, xarici ölkələrə yazdığı məktublar arxivlərdə saxlanılır və onların hamısı rus dilindədir). Rus xristianlığı da guya qədim türklərin tanrıçılıq dinidir. Ancaq sonradan bəzi türk xalqları yolunu azaraq, islamı qəbul ediblər. M.Acıyev demək istədiyi budur ki, yaxşı olar ki, türklər öz əzəli dinlərinə, rus xristianlığına qayıtsınlar. Ruslar XV əsrdə türk dilindən rus dilinə keçdikləri kimi, indi türkcə danışan xalqlar da yaxşı olar ki, öz qardaşlarının dilinə keçsinlər. Çünki ruslar və türklər onsuz da eyni millətdirlər (Məlumdur ki, eyni sözləri də İranda farslar türklərə deyirlər).

Bu filmi Rusiya televiziyalarında göstərmirlər və Rusiya tarix elmi və onun tədrisi də öz əvvəlki axarı ilə gedir. Bu film yalnız türk respublikaları üçün, xüsusilə də Rusiya Federasiyasında yaşayan türk xalqları üçün nəzərdə tutulub və onları ruslaşdırmaq məqsədi daşıyır. Digər müstəqil türk respublikalarında da filmdən bu xalqları Rusiyaya meyilləndirmək və onların elmini yalançı elmə çevirmək üçün istifadə edilir. Təsadüfi deyildir ki, prof. Z.Quluzadənin «Elm» qəzetində yazdığı kimi, M.Acı kitablarında Azərbaycanda tarixşünaslıq elminin olmamasını iddia edir. Yəni biz Azərbaycan tarixçilərinin yazdıqlarına yox, M.Acının yazdıqları cəfəngiyyata inanmalıyıq. Hacıyev isə M.Acının kitablarını Bakıda çap etdirir. Çünki bilir ki, həqiqi elmi olmayan xalqın həqiqi müstəqilliyi də ola bilməz. Elmsiz xalq həmişə güclü dövlətlərdən asılı vəziyyətdə qalacaqdır. Buradan da sifarişlə işləyənin kim olması aydınlaşır. Keçən dəfəki cavab məqaləmizdə biz qısa şəkildə bu məsələyə toxunduğumuza görə kafedra müdirlərinin indiki «Böhtannamə»sində «Moskva» sözü artıq «İranın sifarişi” ifadəsi ilə əvəz edilmişdir. Bizim əleyhimizə yazılmış digər məqalələrdə də, kafedra müdirlərinin «Böhtannamə»sində olduğu kimi, təkidlə belə bir böhtan yeridilir ki, guya biz yazmışıq ki, «əzəldən Azərbaycan ərazisində türklər deyil, irandilli tayfalar yaşayıblar».

Biz öz kitabımızda İranla bağlı iki məsələyə toxunmuşuq. Birinci dəfə, elmi ədəbiyyatda yayılmış midiyalıların irandilli olması fikrinin əksinə olaraq, sübut etməyə çalışmışıq ki, midiyalılar irandilli olmayıblar. «Kiyanilər İran sülaləsidirmi?» adlı fəsildə isə «Şahnamə»də və digər İran dastanlarında geniş vəsf edilən, farsların milli iftixarına çevrilmiş əfsanəvi kiyanilər nəslinin iranlılara yox, skiflərə məxsus olmasını, iranlılara isə bu skif rəvayət və əfsanələrinin zərdüştilük dini vasitəsilə keçməsini çoxsaylı tarixi və mifoloji faktlar əsasında sübut etmişik. Bunlardan başqa, biz İran barəsində heç nə yazmamışıq. Bizim kitabda İran barədə yazılanların bunlardan ibarət olduğu halda bu fitnəkarlar bizi «iranpərəstlikdə», «İrandan sifariş almaqda» günahlandırmaq istəyirlərsə, görün biz bunları yazmasaydıq necə fitnə-fəsadlar törədə bilərdilər. Həm də bu dərəcədə böhtanlar yazan adamlar utanmadan özlərini «milli türk ziyalıları» adlandırır, bizi isə gah «ermənipərəst» (bizim kitabda ermənilərin yalanları da ifşa edilmişdir), gah «ruspərəst», gah da «iranpərəst», ümumiyytələ isə «türkün düşməni» kimi qələmə verməyə çalışır, bizim guya Azərbaycan xalqını təhqir etməyimizdən danışırlar. Halbuki hər bir adama tamamilə aydındır ki, məhz bu cür fitnəkar və mənəviyyatsız adamların özlərini «milli alim», «Azərbaycan ziyalısı» adlandırmalarının özü xalqımız və elmimiz üçün təhqirdir. Ancaq nə etmək olar? N.Nərimanov demişkən, «əgər bu xalqın oğlusansa, dözməlisən».

Məqalələrində ana dilindən, dövlətçilikdən, müstəqillikdən dəm vuran, bizim isə guya bütün bunların əleyhinə olduğumuzu iddia edən Hacıyevin bu anlayışlara real münasibətini göstərən daha bir fakt. Məlum olduğu kimi, Respublika Orfoqrafiya Komitəsinin qərarı ilə yazımızdan apostrof götürülmüşdür. Bu komitə dövlət qurumudur, qərar da dövlətçilik səviyyəsində olan bir qərardır və respublikamızın bütün ərazisində ona riayət olunmalıdır. Ancaq Hacıyev redaktoru olduğu «Dədə Qorqud» jurnalında indiyədək apostrofu saxlayır və apostrofsuz gətirilən məqalələrin hamısını müəlliflərə geri qaytarır ki, «gedin apostrofu qoyun yerinə, sonra gətirin». O, bu inadını onunla əsaslandırmağa çalışır ki, klassik poeziyada işlənən bir neçə ərəb sözü vardır ki, onları apostrofsuz yazdıqda onlar səs tərkibi baxımından başqa sözlərlə eyniləşərək, omonim (səs tərkibi baxımından eyni, mənaca müxtəlif) sözlərə çevrilirlər. Ancaq sual oluna bilər: Azərbaycan dilində onsuz da yüzlərlə omonim sözlər vardır ki, onlar elə əvvəllər də apostrofsuz işlənirdilər, indi də. Məgər onlar bizim dilimizə, yazımıza maneçilik törədirlərmi? Dilimizdə olan yüzlərlə omonim sözə daha bir neçəsinin əlavə edilməsi nəyi dəyişəcəkdir?

Klassik poeziyada işlənən bəzi ərəb sözlərinin apostrofla və ya apostrofsuz işlənməsindən asılı olmayaraq, onsuz da xalq onların mənasını anlamır və kitablarda onların lüğəti verilir. Lüğətlərdə isə omonim sözlərin bütün mənaları göstərilir. «Dədə Qorqud» jurnalı isə klassik poeziya məcmuəsi yox, folklorşünaslıq jurnalıdır. Göründüyü kimi, bu cür səhv və mənasız düşüncələri və tərsliyi ilə Hacıyev qanunları da pozur, ana dilimizə də sayqısız yanaşır. Əgər hər adam onun kimi özü üçün bir orfoqrafiya qaydası yaradarsa, onda yazı qaydalarımızda nələr baş verə biləcəyini təsəvvür etmək çətin deyil (Ancaq yaxşı ki, Hacıyev bu əməlində də istisna təşkil edir). Digər elmi sahələrdə də Hacıyevin ağlı, düşüncəsi elə bu cürdür və məhz həqiqi elmlə məşğul ola bilmədiyinə görədir ki, bərk-bərk yalançı elmdən yapışıb, ötürmək istəmir. Elmdə özünü heç cür təsdiq edə bilməyən bu akademik öz «mühümlüyünü» belə oyunlarla göstərmək istəyir. Həqiqi elmdən danışan hər bir savadlı və vətənpərvər tədqiqatçıya qarşı isə o, hər cür ağılasığmaz böhtanlar atır, fitnəkarlıqlar edir, onları gözdən salmağa çalışır. Çünki hər işdə, hər yerdə o başda oturmalıdır və yuxarıda taysız dilçilərin də yazdığı kimi, «o elə hər işdə birinci» olmalıdır. Ən acınacaqlısı isə budur ki, Azərbaycan elminə qənim kəsilən, savadlı alimlərin başına bəla olan bu adam Ali Attestasiya Komitəsində humanitar elmlər üzrə ekspert komissiyasının sədri vəzifəsini tutur. Aydın məsələdir ki, o, həqiqi elmi əsaslarla yazılmış dissertasiyaları geri qaytaracaq, yalançı elmdən yazanların dissertasiyalarını isə təsdiq edəcədir. Məcburiyyət qarşısında qalan aspirant və dissertantlar isə həqiqi elmi atıb, yalançı elmlə məşğul olmalı olacaqlar. Bu isə Azərbaycan elmini faciəli bir vəziyyətə salacaqdır.

Murad Acının əlaltıları belə bir gülünc iddiada da bulunurlar ki, guya biz Hacıyevə cavab yazmaqla «məşhurlaşmaq» istəmişik. Çox qəribə iddiadır. Belə çıxır ki, Hacıyev bizə qarşı hər cür insana yaraşmayan söyüş, təhqir, iftira deyə bilər, biz isə ona cavab verməməli, bunların böhtan və fitnəkarlıq olmasını göstərməməliyik, yoxsa o, indi də bizi «məşhurlaşmaqda» suçlaya bilər.

Əlbəttə, Hacıyevin 1001 fitnəsi ilə üzləşmək heç kəsə xoş olmadığı kimi, bizə də xoş deyil. Ancaq onun iftiralarından çəkinməyə də dəyməz. Sədi demişkən, «hesabı düz olanın mühasibədən (yoxlamadan) nə qorxusu?». Əgər Sabir və Mirzə Cəlil kimi böyük dahilər belə söyüş və iftiralara dözüblərsə, biz də dözməliyik. Ancaq onun əməllərini ifşa edənlərə qarşı qəzəbini təhqir və iftira ilə söndürən Hacıyev də başa düşməlidir ki, daha hamı onu tanıyır və onun yazdıqlarına onsuz da inanan yoxdur. Ona görə də o, nə qədər çox söyüş söyür, böhtan atırsa, o qədər də çox özünü hörmətdən salır. Atalar demişkən, «ən böyük biclik düzlükdür». Hacıyev heç olmazsa ahıl vaxtında bunları başa düşməli, saxtakarlıqlardan, «mənəm-mənəmlikdən» əl çəkməli, «yetənə yetib, yetməyənə bir daş atmaq» mərəzindən xilas olmalıdır. Təsadüfi deyil ki, bizim ona mətbuat səhifələrində verdiyimiz keçən cavabı elmi ictimaiyyət sevinclə qarşıladı ki, «nəhayət, haqq-ədalət öz yerini tutdu». Təəssüf ki, «burda mənəm, Bağdadda Kor Xəlifə» iddiası ilə yaşayan Hacıyev hamını cana yığmaqla özünü belə bir vəziyyətə gətirib çıxarmışdır. Ancaq hələ də o, «dəvə başın soxdu kola, elə bildi ki, heç kəs onu görmür» prinsipi ilə hərəkət edir. Həmin «kollardan» biri də elə onun yalançı türkçülüyü, populist vətənpərvərliyidir. Əgər Hacıyev belə «vacib əməllərdən» əl çəkərsə, ola bilər ki, elmdə də ciddi bir söz deyə bilsin; oxumaq heç zaman gec deyil.

Biz öz kitabımızda beynəlxalq elmdə skiflərin nəyə görə hind-Avropa mənşəli hesab edilməsinin səbəblərini də göstərmişik. Bu ilk növbədə dil faktlarına əsaslanır. Məsələn, «çay» sözünə skif dilində «ra», rus dilində «reka», ingilis dilində «rivə», fars dilində «rud» deyilir. «Ana» sözünə skif dilində «mata», «Avesta» dilində «matar», rus dilində «mat», ingilis dilində «mazə», fars dilində «madər» deyilir. Biz çoxlu belə müqayisələr göstərmişik. Həmçinin həm çoxsaylı tarixi məlumatlardan, həm də qədim skif ərazilərində buzlaqlar içərisində saxlanılmış və skif dövrünə aid olan insan cəsədlərindən məlumdur ki, skiflər sarısaç, göygöz olmuş və avropayi irqə malik olmuşlar. Qədim türklərin, o cümlədən də hunların və göytürklərin qarasaç və monqoloid irqə malik olmaları isə məlumdur. İndi baxaq görək bu məşhur taysız dilçilər skiflərin türk olmasını hansı «mötəbər dəlillər» əsasında sübut edirlər: «Yazırsan ki, skiflər türk deyil. Ağ yalandır… Skifin at üstündə oturuşunun, at üstündə ox atmasının təsvirində türkü görməyən alimin düşüncəsində məntiq axtarmaq nə qədər məntiqə söykənir? Türk və skifdən başqa hansı etnosun atın südündən və ətindən qida kimi istifadə etməsini tarix qeydə alıb?»

Cənablar, siz özünüzü anadangəlmə alimlər hesab etdiyinizə görə kitab oxumursunuz. Ancaq yəqin ki, televizora baxırsınız. Belə halda qədim xalqların əksəriyyətinin at üstündə ox atmasını (o cümlədən də Makedoniyalı İsgəndər haqqındakı filmdə) görməlisiniz. Yəqin bunu da görmüsünüz ki, hətta hal-hazırda da Afrika köçəriləri atın və dəvənin südündən qida kimi istifadə edirlər. Çingiz-xan haqqındakı filmdə monqolların da qımıs içməsini görə bilərsiniz. Rusiya ərazisində yaşayan bir çox qeyri-türk xalqlar (məs., buryatlar, kalmıklar və s.) indi də qımıs içirlər. Köçərilik şəraiti hər yerdə uyğun mədəniyyət yaradır. Ona görə də belə gülünc «sübutları» alim yox, yalnız «saqqallı uşaq» deyə bilər. Həm də sizin tarix sahəsində elementar təsəvvürləriniz olmadığına görə bilmirsiniz ki, Avrasiya çöllərində skif hegemonluğu b.e. əvvəlki əsrlərə, türk dövrü isə b.e. sonrakı əsrlərə aiddir. Belə gülünc «sübutlarınız» və «samovar metodunuzla» siz böyük elmə (beynəlxalq akademik elmə) heç bir təsir göstərə bilməzsiniz, yalnız Azərbaycanda elmi yalan və cəfəngiyyat «küllüyünə» çevirməklə, onun inkişafını ləngidə bilərsiniz. Belə «sübutlar» əsasında, populizm və xaltura yolu ilə yazılmış kitablar hesabına elə Hacıyevin özünün əldə etdiyi elmi rütbələr və vəzifələr göz qabağındadır. Bəs elmimiz və xalqımız bundan nə qazanıb? Sözsüz ki, zərərdən və rüsvayçılıqdan başqa heç nə.

Siz həmçinin, cənab taysız dilçilər, bizi günahlandırırsınız ki, biz öz elmi tədqiqatlarımızda sizin «samovar metodu» və populizm üzərində qurulmuş «saqqalı uşaq elminizə» yox, sizin «türkün düşməni» adlandırdığınız beynəlxalq akademik elmin prinsiplərinə əsaslanırıq. Məlum olduğu kimi, vaxtilə hophop və «Şeyx Nəsrullahlar» da Axundovu, Sabiri və Mirzə Cəlili elə eyni məsələdə günahlandırırdılar.

Bizim əleyhimizə son aylarda yazılmış başqa məqalələr də eynilə belə səciyyədədir və sanki eyni bir adam tərəfindən yazılmışdır. Məsələn, «Kredo» qəzetinin 30 iyun 2007-ci il tarixli nömrəsində Haciyevin 15-dən çox həmyerlisi və işçisi tərəfindən imzalanmış «Tariximizə ləkə yaxanlar AMEA-nın tarix institutunun direktoru akademik Yaqub Mahmudova» adlı məqalədə heç bir əsas göstərmədən, ümumi şəkildə bizim kitabın guya «milli dövlətçiliyimizə zidd» olmasından uzun-uzadı danışılır və onun müzakirəsi tələb olunur. Yalnız bircə yerdə kitabdan fakt gətirilməsinə cəhd edilir və yazılır ki, guya «K.Allahyarov «Kitabi – Dədə Qorqud»un XV əsrdən sonra yazılmasını iddia edir». Ancaq bu da iftiradır, biz belə şey yazmamışıq. Həm də Hacıyevin bu iftirasına əvvəlki yazımızda ətraflı cavab vermişik. Burada yenə başqa alimləri bizə qarşı çıxmağa təhrik etmək məqsədilə və tammailə Hacıyevin hiyləgərlik üslubuna uyğun formada yazılır ki, «K.Allahyarov «Azadlıq»da çıxan məqaləsində hiylə işlətmişdir, qəzəbini yalnız bir nəfərə (yəni T.Hacıyevə – K.H.) yönəltmişdir». Cənab fitnəkarlar, əgər biz öz məqaləmizi bilavasitə T.Hacıyevin «Böhtannamə»sinə cavab kimi yazmışıqsa, təbiidir ki, yalnız onun haqqında da danışacağıq da, daha başqaları ilə bizim nə işimiz ola bilər. Məqalənin anlaşılmaz adından göründüyü kimi, bu savadsız dilçilər prof. Y.Mahmudovu da «tariximizə ləkə yaxanlar» sırasına aid edərək, əslində onu da təhqir etmişlər.

Müzakirə məsələsinə gəlincə, Hacıyevə yazdığımız keçən cavabda biz bu məsələyə öz münasibətimizi bildirmişik: «Biz bu tələblə tamamilə razıyıq, ancaq bir şərtlə: bizim kitabla yanaşı onun məqaləsi də müzakirə edilsin və bütün yuxarıda göstərilən və göstərilməyən saxtakarlıqlar yoxlanılsın. Kimin fırıldaqçı və şarlatan olmasını qoy müzakirə iştirakçılarının özləri müəyyənləşdirsinlər». Haciyevin həmyerlisi İ.Kazımov isə «Kredo» qəzetinin 23 iyun 2007-ci il tarixli nömrəsindəki son dərəcə savadsız yazısında ümumi şəkildə iftira və böhtanlar söylədikdəm sonra yazır ki, guya biz «irandilli tayfaların Azərbaycan ərazisinin ilk sakini olduqlarını sübuta yetirmək» istəmişik. Cənab İ.Kazımov, sizin savadsızlığınızın hansı dərəcədə olması öz işinizdir, ancaq nəyə görə bizim haqqımızda bu dərəcədə iftira yazırsınız. Biz nəinki belə şey yazmamışıq, əksinə, bunun əksini sübut etməyə çalışmışıq. Siz yəni o dərəcədə savadsızsınız ki, bildiyiniz yeganə dil olan müasir Azərbaycan dilini də düzgün anlaya bilmirsiniz? Əgər öz doğma dilinizi başa düşə bilmirsinizsə, onda bəs hansı hüquqla 5 min il bundan qabaq mövcud olmuş şumer dilindən dəm vurursunuz? Sözsüz ki, siz Azərbaycan dilində oxumağı da bacarırsınız, bizimlə mübahisədə haqsız olduğunuzu da bilirsiniz. Ancaq haqsız olduğunuzu etiraf etmək istəmədiyinizə görə böhtan və iftira yazmaqdan başqa yolunuz qalmır. Bu isə, yumuşaq desək, mənəviyyatsızlıqdır. Cənablar, elmi məsələlər iftira və söyüşlə həll edilmir. Əgər siz haqlı olduğunuzu iddia edirsinizsə, onda bunu sübut etmək üçün mən sizə belə bir təklif edirəm.