Yağış (Rəşid bəy Əfəndiyev)

Vikimənbə saytından
Yağış
Müəllif: Rəşid bəy Əfəndiyev


Yağış gəlir yağa-yağa,
Ya rəb, yağa bizim bağa,
Yeri doyunca içirə,
Çəmən gələ düzə, dağa.
Ey aləmin canı yağış,
Yağ, islat dünyanı, yağış!

Hava hərdəm gözəlləşə,
Aça çiçək çəmən, meşə,
Yağmur yağıb günəş doğa,
Çıxa əkinçilər işə,
Ey aləmin canı yağış,
Yağ, islat aləmi, yağış!

Bostançılar, əkinçilər,
Yaz olanda yağış dilər.
Yerə, yurda toxum saçar,
Meyvəsinin qədrin bilər.
Ey aləmin canı yağış,
Yağ, islat dünyanı, yağış!

Əkin Allah süfrəsidir,
Taxıl qeybi xəzinəsidir.
Öküz, kotan, mala, toxum,
Xəlqə ruzi təknəsidir.
Ey aləmin canı yağış,
Yağ, islat dünyanı, yağış!