Yaşılbaş sonalar göllərə gəlir
Jump to navigation
Jump to search
Yaşılbaş sonalar göllərə gəlir Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Göy buludlar arasından süzülüb,
Qatar - qatar nizamlanıb düzülüb,
Bir cərgəsi qatarından üzülüb,
Yaşılbaş sonalar göllərə gəlir.
Sellər - sular, aşır – daşır, sellənir,
Buz bulaqlar məcrasında göllənir,
Bülbül cıxıb yuvasından dillənir,
Yaşılbaş sonalar göllərə gəlir.
Ildırımlar guruldayıb çaxışır,
Novruz gəlir, küsülülər barışır.
Arpa göldə ördək qaza qarışır,
Yaşılbaş sonalar göllərə gəlir.