Məzmuna keç

Yan-yana

Vikimənbə saytından
Yan-yana
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Dara zülfün, hör hörüyün, at dala,
Düzülsün gərdəndə qoşa, yan-yana.
En bulaq üstünə, gözlərəm yolun,
Dolaşaq qol-boyun, gəzək yan-yana.

Həsrətinlə ahu-zarda qalanam,
Elə deyil mən inciklik, qal anam.
İstəsən ki, yar eşqinə qalanam,
Hökm elə qəlbimə, de sən yan, yana.

Bir danış, din, pünhan eşqim dil açar,
Qəlb evimi səntək şirin dil açar.
Məmmədhüseynin yanar qəlbi dil açar,
Atəşinə bu dağ-daş, hər yan, yana.