Məzmuna keç

Yarəb, bu gedən sərvi-sərəfraz kimindir?

Vikimənbə saytından
Yarəb, bu gedən sərvi-sərəfraz kimindir?
Müəllif: Molla Vəli Vidadi

Yarəb, bu gedən sərvi-sərəfraz kimindir?
İnsan bu surətdə olur az, kimindir?

Xəlq içrə ki, yoxdur belə məqbulü müzəlləf,
Meydani-gözəllikdə bu sərbaz kimindir?

Qaşı, gözü, əndamı, təmamən əl ayağı,
Hər bir sümüyü başına yüz naz kimindir?

Munca ki, sərapa bəzənib dürlü cəvahir,
Zərrin qəba, simu sərəndaz kimindir?

Tuş oldu sənə, xəstə Vidadi, bu əcəldir,
Yoxsa ki, nə sözdür belə şəhbaz kimindir?