Yar əlindədi
Görünüş
Yar əlindədi Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Can yığışıb boğazıma yetişib,
Dərmanım alagöz yar əlindədi.
Neyləyər bu dərdə yüz loğman, təbib,
Əncamı o qızın xoş dilindədi.
Çox çalışdım, cəhdim əbəs, puç oldu,
Həsrət könül qəmi-qüssədən doldu.
Adam qoyun, yar gələn yol bu yoldu,
Gəlməsə, axtarın öz elindədi.
Məmmədhüseyn düşüb eşqin oduna,
Yar yetişə bəlkə bircə dadına.
Qurban dedim, canı onun adına,
Gələr olsa vədəsi bu gündədi.