Məzmuna keç

Yar aşığıyam

Vikimənbə saytından
Yar aşığıyam
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Kimsəyə meyl etməz vüqarım mənim,
Təkcə sən dilbərin yaraşığıyam.
Eşqin həkk olunub qalıb sinəmdə,
Əzəldən deyirəm: – yar aşığıyam.

Huridən də ötə camal üstəsən,
Bu camala canım qurban istə, sən.
Sahibi-ixtiyarsan, əgər istəsən,
Öz əlinlə bağrım yar, aşığıyam.

Gözəllik hüsnündə var, bəhrəsini dər,
Özgələri hüzurunda nədilər?
Məmmədhüseyn sənə ayrı nə dilər,
Arzum budur: – yara yar aşıq qıyam.