Yara yüz (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yara yüz
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Ağlaya-ağlaya düşdüm yollara,
Yar ayrısı dərdü-möhnət, yara yüz.
Dərdim oldu əvvəlkindən beşbetər,
Şan-şan oldu qara bağrım, yara yüz.

Tutdum yar əlindən bəlkə sağalam,
Saqi məstü, saqi sərxoş, saqi lam,
Çətin, çətin bu yaradan sağalam,
Dərd bir oldu, dərman doxsan, yara yüz.

Mən Abbasam, yara qurban yar üçün,
Doğra bağrım, kəs ciyərim yar üçün,
Yar odur ki, bu dünyada yar üçün,
Yaxa yırta, zülf dağıda, yara üz.