Yatıb oyanmaz, oyanmaz
Görünüş
Yatıb oyanmaz, oyanmaz Müəllif: Şair Məmmədhüseyn |
Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.11 |
Yönü bəri baxan dağlar,
Yatıb oyanmaz, oyanmaz.
Üstündəki ağır ellər,
Yatıb oyanmaz, oyanmaz.
Girdim yarın xanəsinə,
Laçın qonmaz binəsinə.
Əlim qoydum sinəsinə,
Yatıb oyanmaz, oyanmaz.
Qurbanam qələm qaşına,
Gör nələr gəldi başına.
Səs verrəm dostum guşuna,
Yatıb oyanmaz, oyanmaz.
Yarım yaman yatmış idi,
Ürbəndini atmış idi,
Müşk-ənbərə batmış idi,
Yatıb oyanmaz, oyanmaz.
İgidin dönməsin əhdi,
Yana çevrilməsin təxti.
Məmmədhüseynin qara bəxti,
Yatıb oyanmaz, oyanmaz.