Yaxşı ad

Vikimənbə saytından
Jump to navigation Jump to search
Yaxşı ad
Müəllif: Aşıq Hüseyn Bozalqanlı
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Təcnis

Səyyad olub ov bərəsin kəsəndə,
Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat.
Ovun gəlib bərəsinə çatanda,
Sərvaxt dayan, dürüst tuşla, yaxşı at.

Bekar arvad cavan əri qocaldar,
Əsil olsa, çox dərdini azaldar,
Üç şey deyim, insan başın ucaldar,
Yaxşı səxa, yaxşı sürfə, yaxşı ad.

Arsız qohum xalqı sənə güldürər,
Pis qardaşın dərdi adam öldürər.
Hüseyn deyər, yıxılsan da qaldırar,
İgid düşmən, ilqarlı dost, yaxşı yad.