Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar
Görünüş
| Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar Müəllif: Molla Vəli Vidadi |
| Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 66. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url) |
Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,
Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.
Könül şəhbazını əldən uçurdum, taqəti getdi,
Düşüb pərvazə meyil etməz, sınıbdır pərrü bal, ağlar.
Mənəm о bağibani-baği-möhnət kafəti*-dövran,
Yıxıb gülzari-ömrümdən necə tazə nihal, ağlar.
Sirişkimlə xəyalım yadigari-ruzi-firqətdir,
Budur, vəchi ki, onu saxlaram hər mahü sal, ağlar.
Əziza, qaldı həsrət həşrə tək didar didarə,
Kəsildi hər tərəfdən, yox bir ümmidi-vüsal ağlar.
Demən fəryadi-zərimdə əbəs dağlara ün düşmüş,
İtirmiş gözlərim səyyadi bir türfə qəzal, ağlar.
Çətindir can bədəndən cismi-tər yanından ayrılmaq,
Odur bu gündə düşdükcə, Vidadi xəstəhal ağlar.