Yeridi (Aşıq Ələsgər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yeridi
Müəllif: Aşıq Ələsgər
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Bir közəl keçdi qarşıdan,
Sallandı, yana yeridi.
Kirpik çaxdı, oğrun baxdı,
Od saldı cana, yeridi.

Ovçu tək bərədə durdu,
Qaşlarından kaman qurdu,
Müjganın sinəmə vurdu,
Qəmzəsi qana yeridi.

Hanı belə huri, qılman?!
Eyləmir dərdimə dərman.
Çeşmim yaşı olub ümman,
Yaşılbaş sona yeridi.

Camalın bənzətdim aya,
Əhsən qüdrət verən paya.
Endirib salmadı saya,
Dost mehribana, yeridi.

Dedim: qız, getmə, amandı,
Ələsgər oduna yandı.
Dedi: qocadı, pirandı,
Mərdü-mərdanə yeridi.