Yetişirmola

Vikimənbə saytından
Yetişirmola
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Ərizə yazaram səba yellənnən,
Ərizəm canana yetişirmola?
Fələk məni tərki-vətən eylədi,
Nazlı yar əhvalım soruşurmola?

Əzəldən aşığam tuti dillərə,
Müsəlsəl saçlara, siyah tellərə,
Axdı eynim yaşı, döndü sellərə,
Yar içən sulara qarışırmola?

O qızıl gülləri dərməyən Dilqəm,
Dərib pünhan yerə sərməyən Dilqəm,
Bu dünyada yarı görməyən Dilqəm,
Yarəb, o dünyada görüşürmola?