Zavallı könlüm
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Zavallı könlüm Müəllif: Məhəmməd Hadi |
Xərababadi-qəmdir eşq ilə e'mar olan könlüm,
Yanır sevdayi-canan ilə atəşzar olan könlüm.
Duyurkən suzişin hərdəm bəlavü afəti-eşqin,
Yenə məftuni-sevdadır, yenə biar olan könlüm.
Nasıl tərk eyləsin sevdayı, səhhətyabi-sevdadır,
Həqiqət eşqi ilə daima bimar olan könlüm.
Sən uçduqca uç, ey dilbər, şu istiğna fəzasında!
Niyaz eylər sənə hər an nəvazişkar olan könlüm.
Səni dildən çıxarmam, məqbərəndir qəlbi-qəmnakim
Girer xakə səninlə mədfəni-əsrar olan könlüm!
Gəh ağlar, gəh gülər, gah oynayar əksi-cəmalinlə,
Tühəf bir tifldir, bax, mə'kəsi-rüxsar olan könlüm.
Çıxarmaq hiç qabilmi səni ayineyi-dildən?
Səfasi həp səninlə lövheyi-əkdar olan könlüm.
Səni gördükcə iqrar eyləyir xəllaqi-afaqə,
Sənə məczub olan ol ənfüsi-inkar olan könlüm.
Verər mərdanə can, bir zərrə atmaz izzəti-nəfsin,
Sənin çeşmində, ey hürum, həqirü xar olan könlüm.