İnildər (Koroğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İnildər
Müəllif: Koroğlu
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Sənə deyim, aşıq Cünun,
Gözlərimdə yaş inildər.
Bir igid oğul ucundan,
Şeş atanda beş inildər.

Telli Nigar məlul durar,
Əl qoynunda boynun burar.
Müjganın sinəyə vurar,
Göz oxşayar, qaş inildər.

Könlümü namərdlər yıxsa,
Polad qolçaq qolum sıxsa.
Misri qılınc qından çıxsa,
Leş sərilər, baş inildər.

Coşdu, dəli könül coşdu,
Mövc verdi, kəllədən aşdı.
Bir meşəyə ki, od düşdü,
Quru yanar, yaş inildər.

Koroğluyam, sözüm çoxdu,
Sözlərim peykanlı oxdu.
Hansı igidin sonu yoxdu,
Ocaq sönər, daş inildər.