Şah Abbas və Xurşid Banu/Birinci pərdə

Vikimənbə saytından
Şah Abbas və Xurşid Banu. Birinci pərdə
Müəllif: Üzeyir Hacıbəyov
İkinci pərdə

B i r m e ş ә d ә vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. O d u n ç u öz i k i o ğ l u ilə odun yığırlar.

O d u n ç u (rast üstə)--

Məsəl vardır deyərlər ki,
Çəkən zəhmət yeyər balı;
Çəkib zəhmət, nə bal gördüm,
Nə oldum eyşdən hali.

(M u s i q i)

Bu nə gündür, nə dirlikdir
Ki, heç bir istirahət yox;
Pulum yoxdur, malım yoxdur,
Evim bomboş, içi xali.

(M u s i q i)

B i r i n c i o ğ l u--

Nə bədbəxtin biriymişsən,
Bizi həm eylədin bədbəxt;
Nə busət basmış hər yanı,
Məişətmiz keçir çox səxt;

(M u s i q i)

İ k i n c i o ğ l u--

Bizi insan bilən yoxdur,
Deyən yoxdur ki, kimsən sən;
Nə zillətdir, nə möhnətdir,
Buna bais, bəli, sənsən!

(M u s i q i)

İ k i s i b i r y e r d ә--

Neçün oldun odunçu sən?

(M u s i q i)

O d u n ç u--

Kim? Mən?

O ğ l a n l a r ı--

Bəli, sən!

O d u n ç u--

Babam kimmiş?

O ğ l a n l a r ı--

Odunçuymuş!

O d u n ç u--

Atam kimmiş?

O ğ l a n l a r ı--

Odunçuymuş!

O d u n ç u--

Özüm kiməm?

O ğ l a n l a r ı--

Odunçusan!

O d u n ç u v ә o ğ l a n l a r ı (bir yerdə)--

Biz, siz!

O d u n ç u--

Siz də odunçu oğlu odunçusunuz!

(M u s i q i: təsnif)

Ü ç ü b i r y e r d ә--

Gündə odun yığmaq oldu bizə sənət,
Özgə çəkir ləzzət, qaldı bizə möhnət.
Gərçi əzab çoxdur, evdə çörək yoxdur;
Evdə çörək yoxdur, əmma əzab çoxdur.

Musiqinin üsuluna (taktına) müvafiq odun yarırlar və balta endikcə "hey!" edirlər--"hey!" altı kərədir, sonra yenə oxuyurlar.

Gündə odun yığmaq oldu bizə sənət (və ilaxır).
Ay, hay … odunçuluq oldu bizə sənət!

Baltaları yerə qoyub, hərəsi bir yerə yıxılıb yatırlar. Musiqi çalır. Pərdə dalından X u r ş i d oxuyur.

X u r ş i d (bayatı üstə)--

Yaz gəldi, gül açıldı,
Çəmən, çölə saçıldı;
Könlümdəki yaram da
Qızıl gül tək açıldı.

M u s i q i. X u r ş i d səhnəyə gəlir.

Bülbül oxur nəvasın,
Nəğməsini nəvasın;
Kimdən sorum, ay allah!
Mən dərdimin dəvasın.

Musiqi çalır. X u r ş i d oynayır. Bәədə o d u n ç u v ә o ğ l a n l a r ı oyanırlar.

O d u n ç u (şur üstə)--

Xurşid, nə xürrəmsən, guya ki, qəmin yoxdur.

B i r i n c i o ğ l u--

Xurşid nə bilsin ki, qəm-qüssə nədir?

İ k i n c i o ğ l u--

Toxdur. Ac olsa bilərdi ki, dərd və qəmimiz çoxdur.

X u r ş i d (səmayi-şams üstə)--

Qəm nədir, qüssə nədir, bil ki, xəbərdarəm mən,
Nəyə lazımdır olaq dərd-qəmin həmmali;
Halbuki xaliqi-sübhan yaradıbdırsa qəmi,
Onu rəf etməyə də həqq yaradıb bir hali;
İstiqaməqdir adı ol halın.

O d u n ç u v ә o ğ l a n l a r ı (təsnif üstə)--

Pəh, pəh, pəh!…
Günüz axşama qədər işliyirik heyvan tək, (2 dəfə)
Hər səhər hey, hər səhər hey, hər səhər hey!…
Çüçü-çüçü, tokkuşçu, çüçü-çüçü, tokkuşçu!
Çü, çüçü, çüçü, tokkuşçu!
Belədir dirliyimiz, belədir dirliyimiz!

(M u s i q i)

X u r ş i d (şur üstə)--Eşitməyibsinizmi ki, bir nəfər odunçu Hatəmi-Taiyə nə dedi?

(T ә s n i f)

Hər ke nan əz əməli-xiş xorəd,

(M u s i q i)

Hər ke nan əz əməli-xiş xorəd,
Minnət əz Hatəmi-Tai nəbərəd!

(M u s i q i)

Minnət əz Hatəmi-Tai nə bərəd!

H a m ı s ı b i r y e r d ә--

Hər ke nan əz əməli-xiş xorəd (2 dəfə)
Minnət əz Hatəmi-Tai nə bərəd! (2 dəfə)

(M u s i q i)

Şeypur səsi gəlir; bunlar qorxu ilə qulaq asırlar.

B i r i n c i o ğ l a n (qışqırır)--

Durun qaçaq, yəqin padşah ova çıxıbdır!

X u r ş i d--

Qorxmayın, dayanın görək.

(Yenə şeypur.)

O ğ l a n l a r--

Vallah, durun qaçaq, bizi öldürərlər!

X u r ş i d--

Heç qorxmayın və dayanın!

Marş səsi gəlir, qoşun əhli cərgə ilə girib düzülür. Ş a h A b b a s daxil olur. Bu əsnada qoşun və sair əyan oxuyurlar:

(M a r ş)

H a m ı--

Çox ömr etsin bu şahımız,
Dadına yetsin allahımız.
Qalib gələsən sən düşmənə,
Olmasın asi bir kimsənə.
Ey padşah, sən çox yaşa, (2 dəfə)
Sən çün ədalət padşahısan,
Bizlərə, ey şah, eylə mərhəmət!

(M u s i q i)

Ş a h A b b a s--

Əsgərlərim, çox razıyam, (vəzirə)
Məndən cəmi qoşun əhlinə razılıq et.
Hər bir nəfər bilsin bunu:
Padşahı onlara eylər mərhəmət;
Ta heç kəs heç bir kəsi
İncitməsin, ta zülm olmasın.
Zalimlərə zülm eylərəm,
Qoy cümlə bilsin bu əmrimi.

H a m ı--

Yaşasın padşah! (səkkiz dəfə)

M u s i q i. Qoşun çadır qurmağa məşğul olur.

Ş a h A b b a s (Xurşidə baxır. Rast üstə.)--

O qız kimdir?

V ә z i r--

Odunçudur!

Ş a h--

Ağıllıdır, yəqin o qız, özü də çox gözəl qızdır.
Nə dersən, bax: hərəmxanə eylər bunu qəbul, ya yox?

V ә z i r--

Əgər iradəyi-şahanə iqtiza etsə,
Kimin sözü ola bilər.

Ş a h (təsnif üstə)--

Yəqin o şəxs atasıdır,
Çağır onu gəlsin!

M u s i q i. V ә z i r odunçuya tərəf gedir.

V ә z i r (rast)--

Ey şəxs, səni padşah
Çağırır, irəli gəl!

M u s i q i--odunçu gəlir; odunçunun oğlanları qorxularından bərk titrəyirlər.

B i r i n c i o ğ l a n (ağlamsınaraq)--Dedim sizə durun qaçaq!

(M u s i q i)

Ş a h (odunçuya)--Sən kimsən və nəçisən?
O d u n ç u--Padşah sağ olsun, sənin nökərin odunçudur!
Ş a h--O qız sənin nəyindir?
O d u n ç u--Kənizin mənim evladımdır.

Ş a h (təsnif)--

Sənin qızın, razısanmı, mənə hərəm olsun?

(M u s i q i)

Tez söylə!

O d u n ç u (rast)--

Padşah, əgər öldürtməliyəmsə öldürt!

Ş a h--Eşit, gör nə deyirəm? Sənin qızını: almaq istəyirəm, nə deyirsən, razısanmı?
O d u n ç u--Buyur boynumu vursunlar, günahım varsa sən yaxşı bilirsən.
Ş a h--Nə axmaq kişidir.
V ә z i r--A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? Söylə!
O d u n ç u--Əşhədən-la-ilahi-illəllah və əşhəd….
Ş a h--Burax bu divanəni, oğlanlarını buraya çağır?

M u s i q i. V ә z i r gedir.

V ә z i r--Gəliniz padşahın hüzuruna!

O ğ l a n l a r i k i s i d ә (ağlaşıb qışqırırlar)--Axı bizim günahımız nədir; bizi öldürürsünüz?! Padşah, bizi başına çevir, öldürmə! Padşah, qurban olaq, bizi öldürmə!

Ş a h (qeyz ilə)--

Qoy dursun! Çağır gəlsin qızı!

Q ı z ı çağırır. M u s i q i.

Ş a h (qıza)--

İradəm var səni almaq,
Hərəmlər içrə yer tutmaq,
Sənə layiq görülsə gər,
Ona razı olarsanmı?

X u r ş i d (kamali-çürət ilə)--Yox!…
Ş a h (böyük qeyz ilə)--Cəllad!…

C ә l l a d gəlib qılıncı siyirib hazır durur. O d u n ç u və o ğ l a n l a r ı bir-birindən tutub, bərk titrəyirlər. H a m ı sakitdir. X u r ş i d kamali-çürət ilə p a d ş a h a baxır, musiqi çalır.

V ә z i r (padşaha xitabən, bayatı-şiraz)--

Sən şüçaətdə və qüvvətdə ki, məşhuri-cahansan,
Həm ədalətdə də, söz yox buna, mərufi-zamansan!
Nə ki, vardır həmə larzandı qabağında sənin,
Cürət etməz ola bir kimsə müxalif əmrin.
Lakin, ey şah, azalmaz zərrə qədər şanın gər
Dinləsən sən bu qocalmış vəzirin nitqin əgər!

Ş a h--Söylə görək!

V ә z i r--

Bu qızın cürət ilə yox deməyi heyrətimə oldu səbəb;
Bir soraq ki, səbəbi-yox deməyə nəydi əcəb!

Ş a h --Bil görək!

V ә z i r--

Söylə, doxtər, necə cürət edibən yox dedin!
Padşahın bu sualını belə rədd etdin!
Şübhəsizdir ki, səbəb var sənin cürətinə;
Söylə sən ol səbəbi qıyma, qızım, gəl özünə!

(M u s i q i)

X u r ş i d (təsnif)--

Cürətimin sirrini mən söyləyim, bil, ey vəzir! (2 dəfə)
Ta ki, olsun, ta ki, olsun qoy əyan dil, ey vəzir! (2 dəfə)
Heç bilirmi bir peşə padişahın, ey vəzir! (2 dəfə)
Gər peşəsi olmasa, bil, getmərəm mən heç kəsə. (2 dəfə)

(M u s i q i)

Bil ki, insanın əgər ki, heç bir peşəsi olmasa, (2 dəfə)
Dar dünyada yaşamaq olur müşkül, ey vəzir! (2 dəfə)
Heç bilirmi bir peşə padşahın, ey vəzir! (2 dəfə)
Gər peşəsi olmasa, bil, getmərəm mən heç kəsə. (2 dəfə)

H a m ı (qızdan başqa)--

Padşaha heç yararmı olsun onun peşəsi,
Bunca dövlət tam onundur, həm doludur xəznəsi!

X u r ş i d--

Xah gədadır, xan, bəydir, padşahdır hamısı,
Olmalıdırlar hərəsi bir peşənin sahibi!

M u s i q i. P a d ş a h fikrə gedir.

Ş a h (rast üstə)--Bu söz mənə xoş gəldi. Nə dersən, vəzir, yararmı ki, mən də bir peşə sahibi olam?
V ә z i r--Padşah cağ olsun! Əgər sən bir sənət və peşə bilsən, sənin şanın daha da uca olar!
Ş a h--Ey ağıllı qız, gəl yanıma (gəlir, əlini onun çiyninə qoyur. Odunçu və oğlanlari sevindiklərindən ağlayırlar); vəzir, mənimçin hansı peşəni məsləhət görürsən?
V ә z i r--Padşah sağ olsun! Keçəçilik sənəti çox yarar sənətdir.
Ş a h--Əmr olunsun bir keçəçi ustadı gəlib, məni bu sənətə öyrətsin; (qıza) indi sən mənə gələrsənmi?
X u r ş i d--Bəli!
V ә z i r--Padşahım, təzə sanətin mübarək olsun!
H a m ı--Mübarək olsun, mübarək olsun!

(M u s i q i)

Ş a h (təsnif)--

Yəqin mənim bu peşəmdən camaata nəf var!

H a m ı--Yəqin elədir!

Ş a h--

Yəqin mənim bu peşəmdən camaata nəf var!

H a m ı--Yəqin elədir!

Ş a h--

Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə)

H a m ı--

Artar sənin qədrin,
Baqi qalar əsərin!

Ş a h--

Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə)

H a m ı--

Yaşa, yaşa, yaşa, şahım, ədalətin vardır. (2 dəfə)
Odunçu qız sözü ilə sən olmusan keçəçi. (2 dəfə)

X u r ş i d--

Ey … allah eylər, allah eylər,
Biləsən sən, biləsən sən
Səmərin bu peşənin.

H a m ı--

Çox yaşa bizim şahımız!
Qalmasın yerdə ahımız!

Ş a h--

Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə)

H a m ı--Keçəçilik peşəsindən camaata nəf var!
Ş a h v ә q ı z--Var! (Zəngülə)
H a m ı--Var!

PƏRDӘ