Əsir Azərbaycanım

Vikimənbə saytından
Əsir Azərbaycanım
Müəllif: Almas İldırım
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.


Nerdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə “layla, balam” çağıran,
Azərbaycan, mənim baxtsız anam, oy,
Neçə ildir həsrətinlə yanam, oy?!.

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirimi qırsa, oy!..
Hökm etsə, bu sərsəm gediş dursa, oy!..

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən…
Azərbaycan, mənim eşsiz* yurdum, oy!..
Ölməz eşqim, içimdəki dərdim, oy!

Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neynim qürbət eldə günü mən,
Sənsiz neynim Allahı mən, dini mən?
Azərbaycan, mənim tacım, taxtım, oy!
Oyanmazmı kor olası baxtım, oy?!