Açın üzləri

Vikimənbə saytından
Açın üzləri
Müəllif: Mirzə Əli Möcüz

Niqabi eylədi icad bir şahin hərəmi
Ki, misli-paşinə səng arizi-müxəddər idi.

Cəmali-ənvərinə salmadı niqab hərgiz
Cənabi Fatimə ki, doxtəri-peyəmbər idi.

Kəmalin əmrini şövq ilə etdi istiqbal
Olar ki, ruxi-vəcahətdə mahi-ənvər idi.

Və lakin eylədi lənət çinanki biz Şimrə
O bacılar ki, misali-Nəkir-Münkər idi.

O hökm eylədi dilşad əhli-namusi,
Günahkar xanımlar niyə mükəddər idi?

Biduni xofu tərəddüd niqabisiz məşuq
Gedərdi aşiqi-zarin ziyarət eylər idi.

Niqabi açsa xanım sahibindən eylə həras,
Niqabü çadirə səttari-çeşmi-şöhər idi.

Bəsa olub ki, dadaş bacini edib təqib
Bəqəsdi-eşqü həvəs, bilməyib ki, xahər idi.

Xoşa o günlərə ki, tacirin, bəyin, xanın,
Qızının adı Şərəf, oğlununki Əskər idi.

Qoya bilərdi məgər adın oğlunun Pərviz,
O günləri ki, axundlar "əmiri-ləşkər" idi?

Darardı saqqalın on beş yaşındakı oğlan,
Müti mərdi-dəyanət o gün ki, bərbər idi,

Əgər o devrüdə kəşfi-hicabi nisvandan
Edəydi bəhs müdiri "Sitarə" kafər idi,

Kəmançəvü dəfü tari şikəst edər günlər
Cəmaəti-tələbə Rüstəmi-Şəbüstər idi.

Nə çəkməsi, nə corabi olardı sərbazın,
Xoşa o günlərə ki, canişin Müzəffər idi.

Nə şahdən, nə vəliəhdidən edərdi həras
O həllac oğlu[1] ki, min atlıya bərabər idi.

Alardı bacü xərac əhli-şəhrdən hər gün
Şərarət əhlinə çün Seyyid-həmzə[2] səngər idi.

Girərdi bəstə adam öldürən zaman qatil,
Ona himayət edən şəxs əhli-mənbər idi.

Rəvayət eyliri ravi ki, səhni-topxanə
Qəzayi-hacət üçün məbrəzi-müqərrər idi.

Bina bəqovli-cənabi-şəhiri Qaani[3]
Nikola, Nasirəddinə qulami-kəmtər idi.

Onun rikabin öpərmiş təmam dövlətlər,
Əmir ona qapıçı, qeysər isə mehtər idi.

Əgər baxaydı məhəbbətlə səmti əflakə,
Düşərdi qorxuya sükkani-ərş, titrər idi.

Ətabək[4] açmış idi karxaneyi-füqəra,
Səxadə hatəm ona bir kəminə növkər idi.

Duayi-müftəxoran hifz edərdi sərhəddi,
Dilavərani-vətən seyyidü qələndər idi.

Nə daxil ilə vardı işi, nə xaric ilə;
Təmam səyi, təmənnası vəsli-dilbər idi.

Gecə sabaha kimi cəng edərdi mərdanə,
Sərayi mərkəzi-nisvani-mahmənzər idi.

Cəmalin açsa xanım qorxar əqrəbasindən
Onu dilavər edən ruybəndü çadər idi.

Bəcayi inki deyə xəlq ona səhabi-bilad,
Deyərdi: Zilli-xuda! Xəlq itaət eylər idi.

Zəban dahanda müqəffəl, qələm qələmdanda,
O günkü gündə danışmaq məgər müyəssər idi?

İstinadlar[redaktə]

  1. XIX əsrin axırlarında Həllac oğlanları adı ilə Təbrizdə məşhur olan qardaşlara işarədir. Varlılardan zorla pul alıb yoxsul ailələrə verirdilər. Dövlət tərəfindən qətl edilmişdir.
  2. Təbrizdə məşhur məsciddir
  3. Nəsrəddin şahın saray şairi olub həddən artıq şit hədiyyələr yazmaqla məşhurdur.
  4. Nəsrəddin şahın baş vəziri