Aşıq Əli Şairov

Vikimənbə saytından
Aşıq Əli Şairov (2011)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Bütöv Azərbaycan" qəzeti, 27 iyul 2011-ci il. № 25 (113).


Türkdilli xalqlara məxsus ozan, varsaq, yanşaq, aşıq ifaçılığı və yaradıcılığı ən qədim dövrlərdən bu günə qədər zənginləşə-zənginləşə gəlib çatmışdır. Azərbaycan şifahi xalq ədəbiyyatının mühüm bir hissəsini təşkil edən aşıq yaradıcılığı xalqımızın milli adət-ənənələrini, mədəniyyətini, tarixini qoruyub yaşatmış, mühafizə etmişdir.
Görkəmli alimimiz filologiya elmləri doktoru, professor Qara Namazov "Aşıqlar" kitabının müqəddiməsində yazır: "Özünə qədər çeşid-çeşid adlar daşımış, neçə-neçə tarixi keçidlərdən keçmiş aşıq sənəti xalqımızın qədim və zəngin tarixində, bu tarixin çarpaşıq yollarında onun mənəvi dünyasına, bədii təfəkkür və milli mədəniyyətinə layiq dayaq olmuşdur." [1, s.3].
Aşıq sənətini yaşadan aşıqlarımız el-oba içində həmişə hörmət-izzət sahibləri olmuşlar. XX əsrin birinci yarısında yaşamış Aşıq Əli Şairov da bu belə aşıqlarımızdandır.
Şairov Əli Şamil oğlu 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, XIX əsrin məşhur el şairi Məmmədhüseynin nəticəsidir. Məmmədhüseynə el-oba arasında sadəcə "Şair" deyə müraciət edildiyindən onun nəslinə "Şairlilər" deyilmişdir. Elə bu səbəbdən də onun şair təxəllüsünü nəvə-nəticələri soyad kimi qəbul etmişlər. Əli Şairovun qısa nəsil şəcərəsi belədir:
Novruz — Həsən — Məmmədhüseyn — Xəlil — Şamil — Əli
Əli Şairov haqq vergili şair və aşıq olmuşdur. Bunu həmkəndliləri dəfələrlə söhbətlərində təsdiqləmişlər. Onun sazı və əlyazmaları son vaxtlara qədər qohumları tərəfindən saxlanıldığı söylənilsə də, hələlik bu sadalananlardan heç birini əldə edə bilməmişik. Hətta şair Məmmədhüseynin də şeirlərinin böyük bir qisminin onun əlyazmalarından əldə olunduğu söylənilir.
Aşığın həyat və yaradıcılığı haqqında xeyli araşdırma aparmışıq.
Filologiya elmələri namizədi İslam Ələsgərin tərtib etdiyi Göyçə mahalının ayrı-ayrı kəndlərində yaşamış aşıqların siyahısında Aşıq Əlinin də adına rast gəlinir. [2, s.14].
Xasay Zeynalovun 2001-ci ildə yazdığı "Göyçə mahalının tarixindən yarpaqlar" adlı əlyazmasından: "Bu gəlimli-gedimli dünyada şair Məmmədhüseynin və nəticəsi Əli Şairovun yadımda qalan, yaşlıların yaddaşlarında qalan saralmış dəftər vərəqlərində olan şeirlərini az da olsa, itib batmasın deyə oxucularımıza çatdırmağı özümə bir şərəfli iş və borc hesab edərək, toplayıb qələmə aldım."[3, s.63]. Folklorçuluq ənənələrini davam etdirən Xasay Zeynalov əlyazmasında Aşıq Əli Şairovun "Keyti dağı", "Bu dada", "Dəs-dəs", "Ay fələk", "Gedirəm", "Gəlha gəli var" ("Var" — A. Y.), "Görmüyəm", "Getdi", "Anamı" ("Qanamı" — A. Y.), "İndi", "Eylər" rədifli qoşmaları, "Ay qız" rədifli gəraylı, "Qabaq" rədifli divani, "Aşıq Abbasəli və Əli Şairovun deyişməsi" adlı 14 şeirini qələmə almışdır. [3, s.104–114].
Tədqiqatçı Qara Namazov "Aşıqlar" kitabında yazır: "Əli də babası (Şair Məmmədhüseyn nəzərdə tutulur — A. Y.) kimi saz havaları üstə qoşma və gəraylılar söyləmiş, daha çox el şairi kimi tanınmışdır. O, 1941-ci ildə ikinci dünya savaşına getmiş, 1943-cü ildə cəbhədə həlak olmuşdur. Bu şeirlər gənc aşığın məhəbbət duyğularının bədii ifadəsi kimi aşıqların sazında, sözündə yaşamışdır." [1, s.136]. Qara müəllim həmçinin aşığın "Var" rədifli qoşmasını da həmin kitabda çap etdirmişdir. [1, s.136–137].
Aşıq Əli Şairov haqqında "Durna qatarı-II" ədəbi toplusunda oxuyuruq: "Şair Məmmədhüseynin nəvəsi (nəticəsi — A. Y.) olan Əli gözəl təbə malik olub, müxtəlif janrlarda çoxlu şeirlər yazıb. Ancaq əfsuslar olsun ki, bu günə qədər istedadlı söz ustadının kitabı çap olunmayıb". [4, s.122]. Kitabda həmçinin aşığın "Xətəngi" ("Dönübdü" — A. Y.), "Gərəkdi", "Gördüm", "Keyti dağı" və "Getdi" rədifli qoşmaları olmaqla cəmi 5 şeiri çap olunmuşdur. [4, s.122–125].
Bu sətirlərin müəllifinin 2008-ci ildə Göyçə mahalının Daşkənd kəndinin aşıqları və şairlərinin həyat və yaradıcılıqları haqqında apardığı araşdırma və onun nəticəsi olaraq AMЕA Folklor İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitabında Aşıq Əli Şairovun tərcümeyi-halı ilə bərabər "Ay qız" rədifli gəraylısı "Gördüm", "Keyti dağı", "Qanamı", "Getdi", "İndi", "Var", "Bu dada", "Ay fələk", "Gedirəm", "Görmüyəm" rədifli qoşmaları və "Qabaq" rədifli divanisi olmaqla cəmi 12 şeiri də işıq üzü görmüşdür. [5, s.60–66].
Yazılı mənbələrdəki araşdırmalarımızdan belə nəticəyə gəlinir ki, Aşıq Əli Şairovun 14 qoşması, 1 gəraylısı, 1 divanisi və 1 deyişməsi olmaqla hələlik bizə məlum olan cəmi 17 şeiri vardır.
Aşıq Əli Şairov 1941-ci ildə Böyük Vətən Müharibəsinə səfərbər olunanda subay olmuşdur. Onun sonuncu məktubu 1943-cü ildə Port-Artur şəhərindən gəlmişdir. Məktubda həmçinin üç bəndlik bir şeir də varmış.

Qan ağlar əlimdə kağızla, qələm,
Qoymur fələk gözdən yaşımı siləm.
Qorxuram ki, qürbət ellərdə öləm.
Mən görməmiş Vətənimi, Anamı.

Şeirdən aydın olur ki, Aşıq Əlinin müharibədən qayıdacağına gümanı olmayıb. Bəlkə də bu inamsızlıq ona Haqdan agah imiş.
Aşıq Əli Şairov müxtəlif janrlarda və dini mövzuda olan şeirlərindən məlum olur ki, o dini dərindən mənimsəmişdir.

Rəbbim de nə xəlq eylədi, əvvəl dünyadan qabaq?
Neçə bəşər gəldi, keçdi, Adəm Həvvadan qabaq?
Ərşi zəmin yox ikən, neçə mələk yarandı?
Neçə min il gərdiş vurdu, turi sənadan qabaq? [5, s.66].

Nümunə göstərilən "Qabaq" rədifli bu divani qıfılbənd xarakterlidir.
Aşıq Əli Şairovun yaradıcılığında deyişmələrə də rast gəlinir. Bunlardan öz əmisi oğlu Aşıq Abbasəli Xəlilov (1913–2007) ilə deyişməsini misal göstərmək olar.

Aşıq Abbasəli:
Gəl sənə söyləyim, ay cavan aşıq,
O, hansı şəhərdir birdi dükanı?
Bir bənna əyləşib o, şəhər üstə,
Yoxdu o, bənnanın cəsəddə qanı?

Əli Şairov:
Salamını aldım, ay cavan aşıq,
Cəsəd bir şəhərdir, ürək dükanı.
Könül bir bənnadı o, şəhər üstə,
Unutmaz heç zaman ilqar, imanı. [5, s.70].

Bağlama üstündə olan bu deyişmə sual-cavab şəklində yaradılmışdır. Adətən el şənlikləri keçirən sənətkarlar məclisi cüt idarə edirlər. Elə Aşıq Abbasəli ilə Əli Şairov da Göyçə mahalında çox məclisləri bərabər keçirmişlər.
Yaradıcılığını nəzərdən keçirdiyimiz aşığın şeirlərində özündən əvvəl yaşamış aşıq və şairlərin şeirlərinə bənzərlik də az deyil. Aşıq Əli Şairovun sələfi Şair Məmmədhüseynin "Ağrı dağı" qoşmasına aşığın "Keyti dağı" adlı qoşmasını misal göstərmək olar:

Şair Məmmədhüseyn:
Bir ərzim var, sənin xakı payına,
Eşit bu ərzimi sən, Ağrı dağı.
Sənə çıxan görər cümlə-cahanı,
Görünər gözünə Van, Ağrı dağı. [3, s.73].

Aşıq Əli Şairov:
Göyçə mahalından səfər eylədim,
Göründü gözümə mil, Keyti dağı!
Dastanı dilimdə əzbər söylədim,
Açılıb köksümdə gül, Keyti dağı! [5, s.62].

Bizə məlum olan şeirlərin bədii dəyərindən, növündən və mövzulardan aydın olur ki, onun zəngin ədəbi yaradıcılığı olmuşdur. Zənnimizcə, Aşıq Əli Şairovun bizə məlum olmayan qeyri şeirlərini də əldə edə biləcək və onların çapına nail olacağıq. Çünki Aşıq Əli Şairovun şeirlərini yadında-yaddaşında saxlayan sinədəftər göyçəlilər yenə də yeri gələndə bu aşığı yada salır, onun şeirlərini söyləyirlər.

İstifadə edilmiş ədəbiyyat:
1. Qara Namazov, "Aşıqlar" I kitab, Bakı, "Səda", 2004.
2. İslam Ələsgər, "Sazlı-sözlü Göyçə". Bakı, "Azərnəşr", 1999.
3. Xasay Zeynalov. "Göyçə mahalının tarixindən yarpaqlar" (əlyazma), Bakı, 2001.
4. "Durna qatarı-II", (toplayıb tərtib edəni: Məhəmməd Ələkbərli). Bakı, "Nurlan", 2006.
5. Araz Yaquboğlu. "Daşkənd aşıqları və şairləri", Bakı, "Nurlan", 2008.