Adəmi adəm eyləyən parədir

Vikimənbə saytından
Adəmi adəm eyləyən parədir
Müəllif: Mirzə Ələkbər Sabir

Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,
Baş ayaq eyb içində olsan da –
Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın
Atəşi-xanə suzi-millət ikən –
Hər kəsin sacdəgahıdır xakın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,
Ta ki, var əldə beş puçuq quruşun –
Mötəbərsən gözündə əşrafın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Mənbə[redaktə]

  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 169.