Azərbaycan komediyaları

Vikimənbə saytından
Azərbaycan komediyaları (1895)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.

Mirzə Fətəli Axundovun komediyaları Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir. İstedadlı bir dramaturq olan və xalqı yaxşı tanıyan Axundov xalq məişətinin müxtəlif tərəflərini kifayət qədər düzgün və sənətkarlıqla əks etdirmişdir.

Hər əsərində, bütün komediyalarında Axundov xalqın həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkardır, onun yaradıcılıq istedadı, həyat təcrübəsi və hərtərəfli biliklə zəngin zəkası özünü hər yerdə göstərir. Biz bunu fransız nəbatat aliminin sadəlövh və qonaqpərvər Təklə-Muğanlı Hatəmxan ağa ilə ağıllı söhbətinin təsvirində görürük: Hatəmxan ağa öz qardaşı oğlunu inandırmağa çalışır ki, parislilərin adətləri ilə çox asanlıqla tanış olub başa düşmək olar ki, o xalqın adətləri tamamilə bizim adətlərin əksinədir (məsələn, biz əlimizə həna qoyuruq, onlar qoymurlar, biz başımızı qırxırıq, onlar saçlarını uzadırlar, biz əlimiz ilə xörək yeyirik, onlar çəngəl ilə yeyirlər, biz hər şeyə inanırıq, onlar heç bir şeyə inanmırlar, bizim arvadlarımız gödək paltar geyir, onların arvadları isə uzun paltar geyir, bizdə çox arvad almaq dəbdədir, Parisdə çox ər almaq və i.a.); yaxud biz bunu bir-birini sevən iki gəncin — gözəl Pərzadla cavan və igid Bayramın arasındakı təsirli məhəbbət səhnəsinin təsvirində də görürük: Pərzadın tamahkar əmisi qızın ilxısını və inəklərini ələ keçirmək xatirinə Pərzadı öz oğlu Tarverdiyə almaq istəyir, halbuki Tarverdi igidlikdə hələ heç bir ad çıxarmamışdır, o hələ bir dayça da oğurlamamışdır; yaxud, biz bunu rəhmsiz qoca — xəsis Hacı Qaranın mənəvi aləmindəki nifrət oyadan cəhətlərin açılmasında da görürük: bu qoca xəsis üçün dünyada puldan başqa heç bir müqəddəs şey yoxdur; Hacı Qara, öz dostu Heydər bəyin qoçaqlığını tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki, bizim zəmanəmizdə qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dəfə yaxşıdır.

Onun hər hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elə gəlir ki, uzun müddət yaxından tanıdığın adamların arasında olmusan və həmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan. Hacı Qaranın ona pis mal satmış Şuşa tacirinə yağdırdığı söyüşlər, özü mal satanda qurana and içib parçasını təriflərkən dediyi sözlər, yaxud Zalxa arvadın ağıllı muhakimələri uzun müddət adamın qulağında səslənir. Zalxa arvad Divanbəyiyə deyir ki, Tarverdi biçarənin heç bir təqsiri yoxdur, o nə eləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Divanbəyiyə deyən gərək ki, bacarırsan ölkəmizin qızlarına qadağan elə ki, quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamin ki, qurd qoyun ilə otlar və i.a.

Mərhum Axundov şərq dillərinin bilicisi hesab olunurdu; o, öz komediyalarını Azərbaycan türklərinin ləhcəsində, canlı, oynaq və cilalanmış bir dildə yazmışdır. Bu canlılıq və sadəlik sayəsində onun komediyaları bütün savadlı camaatın malı olmuşdur; doğrudan da, bir zamanlar həmin komediyalar böyük bir maraqla oxunurdu. Biz hələ bu komediyalardan hər birinin həvəskarlar tərəfindən dəfələrlə səhnədə tamaşaya qoyulduğunu demirik. Axundovun komediyaları bir zamanlar çox böyük maraq oyatsa da, xeyli vaxtdır ki, Azərbaycan ədəbiyyatında nə komediya, nə də başqa bir qiymətli bədii əsər meydana çıxırdı. Mən bizim bu günə qədər hələ də İran ədəbiyyatının təsiri altında gah gülün bülbülə məhəbbətini, gah "ay üzlü", "sərv boylu", "tuti kimi şirin sözlü" "gözəlləri" dəbdəbəli bir dillə tərənnüm edən əldəqayırma şairlərin erotik şerlərini demirəm. Onların yazdığı şerlər süni və yeknəsəq forma və məzmunu ilə hamının zəhləsini tökmüşdür, müasir oxucuların tələblərini ödəmir. Yalnız indi, yəni Axundovun komediyalarının meydana çıxdığı vaxtdan otuz il keçəndən sonra, mədəni müsəlmanların ciddi əsərlərə, xüsusilə, dramatik əsərlərə bir qədər meyl və həvəs göstərdikləri nəzərə çarpır.

Ədəbi əsərlərin bu axırıncı növünün nümayəndələri kimi biz Haşımbəy və Nəcəfbəy Vəzirovları, N. Nərimanovu və V. Mədədovu (erməni) göstərə bilərik. Haşımbəy Vəzirovun "Evlənmək su içmək deyil" komediyası haqqında mən vaxtilə tatar qəzeti "Tərcüman"da yazmışdım. Onun bu komediyası Axundovun "Məstəli şah" əsərinin təsiri altında yazılmışdır və müəllif komediyanın ayrı-ayrı yerlərində öz müəlliminə təqlid etməyin gözəl nümunələrini vermişdir. Bədii cəhətdən bu komediya Axundovun əsərlərindən xeyli geri qalır. Bununla belə həmin komediya yaxşı işlənmişdir, canlı dillə yazılmışdır; onda həqiqi məişət səhnələri və təbii yumor çoxdur.

…. Hər cəhətdən görünür ki, müəllif evlənmək və kəbin mərasimi ilə yaxşı tanışdır. Məlumdur ki, gəlin seçmək, elçi getmək, bəxşiş aparmaq və başqa bu kimi toy işləri müsəlmanlarda bütünlüklə arvadların əlindədir, onlar, o qədər də asan olmayan bu vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Haşımbəy təsvir etdiyi Behbud bəyin xalasının simasında elçilik edən araçı arvadlardan birinin səciyyəsini yaxşı vermişdir. Ümumiyyətlə, Haşımbəy qadın tiplərinin təsvirində böyük qabiliyyət göstərir. Onun yaratdığı kişi tipləri isə solğun və inandırıcı çıxmır.

  • * * * *


Nəcəfbəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər" komediyası ilə Haşımbəyin komediyası arasında ümumi cəhətlər çoxdur. Bunu isə müəyyən dərəcədə onunla izah etmək olar ki, hər iki əsərdə qələmə alınmış hadisələr bizim gündəlik həyatımızda tez-tez təkrar olunur, bu hadisələr hər iki müəllifin diqqətini eyni dərəcədə cəlb etmişdir. Hiyləgər və öz mənafeyini güdən ruhanilərin xalqa zərərli və pozucu təsiri hər iki komediyada qələmə alınmış əsas məsələdir. Lakin çox ola bilər ki, (bu ehtimal daha ağlabatandır) bu iki əsər arasındakı oxşayış müəlliflərin ikisinin də Axundovun "Məstəli şah" komediyasına təqlid etmələri üzündən meydana gəlmişdir. Mən burada Vəzirovların hansı tipləri Axundovun əsərlərindən bütünlüklə götürdüklərini bəzi təfərrüatı ilə də göstərə bilərdim. Lakin bu məsələ məni öz əsas məqsədimdən, yəni oxucuları yeni Azərbaycan pyeslərinin məzmunu ilə tanış etmək vəzifəmdən uzaqlaşdırardı.

  • * * * *


…. Üçüncü komediya — "Nadanlıq" bu yaxınlarda ədəbiyyat aləminə gəlmiş gənc müəllif Nərimanbəy Nərimanovun əsəridir. Bu pyes qarışıq növdən olan bir dram əsəridir. Hadisələrin düyümü pis düşünülmüş, onların açılması isə qeyri-təbii bir faciə ilə qurtarır. Əsərin heç də yeni olmayan ideyası — nadanlıq üzündən insanların necə kobudlaşdığını və rəhmsiz olduğunu göstərməkdən ibarətdir. Müəllif bədbəxt kəndlilərin şəxsində nadanlığın nümayəndələrini səciyyələndirmək üçün öz qara boyalarını əsirgəməmişdir. Lakin əsəri hər cəhətdən düşünüb mülahizə edəndə görürsən ki, müəllif kəndlilərin məişəti və adətləri ilə qətiyyən tanış deyildir; Nərimanovun çox biçimsiz və yöndəmsiz bir halda onların dilinə verdiyi bütün mənasız və mətləbsiz mülahizələr — boş fantaziya məhsulundan başqa bir şey deyildir. Hətta mərhum Axundovun qırx il bundan əvvəlki müsəlman həyatının həqiqi mənzərəsini verən komediyalarında, — yəni o zaman ki, igidlik, rəhmsizlik və quldurluq dəbdə idi, bir-birinə vəhşicəsinə hücum etmək və soyğunçuluq adi bir peşə sayılırdı və varlı bəylər, xanlar tərəfindən təbliğ olunurdu, — hətta belə bir "quldur qəhrəmanlığı" dövrünün canlı lövhələrini verən komediyalarda da cənab Nərimanovun göstərdiyi qədər rəhmsiz və yırtıcı vəhşi surətlərə rast gəlmirik. Halbuki biz nisbətən əmin-amanlıq yaradılmış bir dövrdə yaşayırıq.

Dörd pərdəli "Nadanlıq" komediyasında tam və bitkin əsərin məziyyətləri yoxdur. Burada kəndli həyatının müxtəlif tərəfləri solğun təsvir olunur. Hadisələr arasındakı hərəkət bir-biri ilə çox ağır bağlanır. Bu isə əsərin məzmununu ardıcıl surətdə nağıl etməyi də xeyli çətinləşdirir. Mən burada "Nadanlıq" əsərinin iki əsas qəhrəmanının — gənc müsəlman ziyalıları Məhəmməd ağa ilə Ömərin qüsurlarını qeyd etməklə kifayətlənəcəyəm.

Kənd müəllimi Məhəmməd ağa iki aydan artıqdır ki, təyin olunduğu yerə gəlibdir. Lakin bu vaxta qədər onun ancaq iki şagirdi vardır. Kəndlilər öz uşaqlarını dərs oxumağa vermirlər. Bu vəziyyət müəllimi kədərləndirir və narahat edir. Kəndin ağsaqqal adamları yüzbaşının vasitəsilə onun yanına gəlir və rus dilində təhsilə meyl göstərməmələrinin səbəbini cürbəcür izah edirlər. Varlı və nüfuzlu Hacı Abdulla ona deyir: "Ay Məhəmməd ağa, boş yerə başını niyə ağrıdırsan? Bizim adam oxumağa uşaq verməz. Hər kəsin özünə görə bir dərdi var. Birinin uşağı qaramal otarır, o birisininki qoyuna gedir, biri yer əkir; uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan masəva doğrusunu demək: "Rusca oxuyan düz yoldan çıxır".

Müəllim məktəbin böyük əhəmiyyətini kəndlilərə başa salmaq, yəni dərs oxumağın faydasını və rus dilini bilməyin vacib olduğunu sadə misallarla sübut etmək əvəzinə başlayır təbabət haqqında, vaxtından əvvəl evlənmək məsələsi barədə, Amerikada əkinçilərin yer şumlayanda qəzet oxumaları və ümumiyyətlə, siyasəti izləmələri haqqında səmərəsiz mühakimələr yürütməyə. Əlbəttə, kəndlilər qəzet oxuyan Amerika əkinçilərini, təbabətin əhəmiyyətini təsəvvür edə bilmədiklərindən müəllimin dediklərini başa düşmürlər və bu sadə, avam adamlar onu məsxərəyə qoyub gülürlər.

Sonra təklikdə müəllim öz-özünə fikrə gedir və deyir ki, mən bunlar kimi avam adam görməmişəm. Nadanlıq gözlərini bir mərtəbədə kor eləyibdir ki, namümkündür söz və nəsihətlə bunlara bir şey qandırasan. Düşdükləri bu acınacaqlı vəziyyətdən onları işıqlı günə çıxarasan.

Lakin iş burasındadır ki, müəllifin həddindən çox xoşa gəlməz şəkildə təqdim etdiyi bu adamlar o qədər də ümidsiz bir vəziyyətə düşməyiblər ki, onları xilas etmək mümkün olmasın. Əgər müəllim az danışıb, çox iş görsəydi, əgər boş yerə ah çəkib kədərlənmək əvəzinə öz vəzifəsini yerinə yetirmək üçün az-çox təşəbbüs göstərsəydi, faydalı bilikləri avam kəndlilər arasında yaymağa çalışsaydı, şübhə yoxdur ki, o, müəyyən dərəcədə öz məqsədinə nail olardı və bu qədər də mənəvi əzab çəkməzdi.

Cənab Nərimanov kənd müəlliminin simasında Azərbaycan ziyalısının tipini dolğun və kamil göstərməyə nə qədər cəhd etsə də, öz vəzifəsini yerinə yetirə bilməmiş və onun göstərdiyi ziyalı əsərdə küt, fəaliyyətsiz və yazıq çıxmışdır.

Onun əsərindəki o biri ziyalı tipi olan Ömər də pis təsvir edilmiş və müəllif burada da müvəffəq olmamışdır. Yuxarıda adını çəkdiyimiz Hacı Abdullanın oğlu olan Ömər yaxşı təhsil aldıqdan sonra öz avam həmyerlilərini maarifləndirmək məqsədilə kəndə qayıtmışdır. Lakin nə üçündürsə Ömərin fəaliyyət dairəsi quldurluq və soyğunçuluqla məşğul olan həmkəndlilərini və öz qohumlarını müdafiə etmək üçün hələlik yalnız məhkəmələrə və hökumət idarələrinə gedib-gəlməklə məhdudlaşmışdır. Uzun bir müddət ayrılıqdan sonra Ömər öz dostu müəllimin yanına gəldikdə isə üzr istəyib deyir ki, başı qarışıq və işi çox olduğu üçün vaxt tapıb onun yanına gələ bilməmişdir. Bununla birlikdə söhbət zamanı o deyir ki, kiçik qardaşı Vəli bir ay bundan əvvəl bir neçə nəfərlə gedib poçt yolunda karvan soyublar. Bunun üstündə naçalnik Vəlini həbsə almışdır. Mən möhlət alıb onu həbsdən qurtarmışam. İndi də çalışıram ki, təmiz qurtarsın. Naçalnik də mənə söz veribdir.

Başa düşmək olmur ki, nə üçün bu gənc ziyalı öz qüvvəsini və biliyini qətiyyən mərhəmətə və bağışlanmağa layiq olmayan adamların müdafiəsinə sərf edir, yəni ziyalı bir adam olan Ömər doğrudandamı başa düşmür ki, çirkin cinayətlərlə məşğul olan quldurları müdafiə etməklə o, pis əməlləri müdafiə etmiş olur? Cəmiyyətdə mövcud olan qüsurları daha da genişləndirir? Müəllif bu tipi təsvir edərkən hansı məqsədi əldə rəhbər tutmuşdur və nə üçün o, Öməri diqqətə və təqlidə layiq alicənab bir qəhrəman vəziyyətində göstərməyə cəhd edir? Bu suala cavab verməkdə çətinlik çəkirəm. Bu da aydın deyildir ki, Ömərin kömək etdiyi həmkəndlilər və onun öz qohumları nə üçün ona şübhə və təkəbbürlə yanaşırlar? Atası Hacı Abdulla onun haqqında danışanda deyir ki, Ömər sərsəm adamdır. Onun sərsəmləməsinin səbəbi isə şəxsiyyətin hüquqları və müstəqilliyi barədə öyrəndiyi sarsaq və vəhşi fikirlərdir, həm də onun oğlunun belə bədbəxt olmağının təqsiri rus dilində təhsil almağıdır ki, buna da o, az pul sərf etməmişdir.

Cənab Nərimanov çox çalışır ki, Hacı Abdulla öz oğlunu yeni ruhda böyütməsindən peşman olsun və oğlunun təhsil almağını böyük bir sarsaqlıq hesab etsin. O səbəbə ki, təhsil alanların hamısı axmaq adamlardır. Hacı Abdulla öz kiçik oğlu Vəlidən isə çox razıdır. Vəli barəsində dili ağzına sığmır. Çünki Vəli igid bir soyğunçu kimi ad qazanmışdır; Vəli rəhmsizcəsinə adamları soyub öldürür, öz vəhşi ehtirasını doyuzdurmaq üçün qan tökür, bütün bunlar isə Vəlinin atasına böyük ləzzət verir. Lakin ən kədərli cəhət budur ki, bu quldur Vəli hər dəfə çətinliyə düşəndə onu qurtaran insanpərvər ziyalı Ömərdir və axırda da həmin Vəli Öməri öldürür. Əsərin belə bir faciə ilə qurtarması həddindən çox qeyri-təbiidir. Bu faciə oxucuya və tamaşaçıya lazımi təsiri göstərmir. Onlarda nə Öməri öldürən qatilə qarşı qəzəb hissi, nə də günahsız məhv olmuş qəhrəmana acımaq hissi doğurmur. Belə bir laqeydliyin səbəbi isə məncə çox sadədir: Ömərə, onun hərəkətlərinə inanmaq olmur. İnanmaq olmur ki, müəllifin ziyalı, xeyirxah fikirli, rəhmdil bir adam kimi təsvir etməyə çalışdığı bu insan, caniləri, özünün ən yaxın qohumları olan yaramazları müdafiə etsin. Həmçinin mənəvi inkişafın nə qədər aşağı pilləsində olur-olsun, səbəbsiz halda öz xeyirxahına və müdafiəçisinə düşməncəsinə yanaşan adamların da varlığına inanmaq olmaz. Buna görə də həm ziyalı Ömərin, həm də avam və nadan valideynlərin tipləri eybəcər və qeyri-təbiidir.

Cənab Nərimanov öz komediyasında kəndlilərin həyatının digər qaranlıq tərəflərini də arabir göstərərkən çoxları üçün ümumi olan bir zəiflikdən yaxasını qurtara bilməmiş və mollanı da çəkib səhnəyə gətirmişdir. Mənim yuxarıda adlarını çəkdiyim iki komediyada molla surəti görkəmli yerlərdən birini tutur. Həm də bu surət dolğun və təbii verilmişdir. Bu komediyalarda, xüsusilə, Axundovun komediyasında molla ağıllı, öz yerini və vəziyyətini yaxşı başa düşən adamdır. Ona həqiqətin və nə isə əsrarəngiz bir qüvvənin təcəssümü kimi baxan avam və sadəlövh adamların arasında molla özünü əla aparır. Bu adamlar mollanın hər sözünü müqəddəs sayır, onun qarşısında sükut edirlər. Nərimanovun əsərində isə molla onu əhatə edən adamlar kimi sadəlövh və axmaq verilmişdir.

"Nadanlıq" əsərindəki böyük, hətta az savadlı oxucuların da nəzərinə çarpan bir qüsuru da qeyd etməyə bilmərəm. Bu qüsur komediyadakı işlənməmiş, necə deyərlər, yonulmamış dildir. Komediyada yanlış, Azərbaycan ləhcəsinin ruhu ilə uyuşmayan ifadələrə, demək olar ki, addımbaşı təsadüf olunur. Elə bil ki, bu ana dilində yazılmış orijinal bir əsər deyil, rus dilindən edilmiş zəif bir tərcümədir. İstər müəllif sadə xalq dilində danışıb, sözləri istədiyi kimi təhlil edəndə, istərsə də ədəbi dildə mühakimə yürüdüb (bu ən çox kiçik müqəddimədə özünü göstərir) ərəb-fars sözlərini yerli-yersiz işlədəndə onun danışığı bəzən gülünc çıxır, bəzən də başa düşülmür.

Lakin "Nadanlıq" hələ təcrübəsiz və ədəbi üsullarla az tanış olan gənc bir müəllifin ilk əsəridir. Buna görə də onun qüsurlarına güzəştlə yanaşmaq və müəllifə müvəffəqiyyət arzu etmək olar. Ən başlıcası isə budur ki, müəllif gərək öz gələcək əsərlərinə daha ciddi və diqqətli yanaşsın.

  • * * * *


Cənab Vasaq Mədədovun bu yaxınlarda çapdan çıxmış komediyası da bir növ yeni və orijinal əsərdir. Oxucu kütləsi bu müəllifi üç dildə — rus, erməni və Azərbaycan dillərində yazılmış və çox canlı bir komediya olan "Qırt-qırt" əsəri ilə tanıyır. "Qırt-qırt"da olduğu kimi, "Tamahkarlıq düşmən qazanır" adlandırılmış bu yeni komediyasında da müəllifin təsvir etdiyi tiplərə, həyat hadisələrinə obyektiv münasibəti onun nailiyyəti hesab edilə bilər….