Bayatılar/G

Vikimənbə saytından
F Bayatılar. G hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
H
Sister Projects. Həmçinin baxın: Haqqında •

Gecə uzun, ay batmaz,
Dərdlilər gecə yatmaz.
Sənun kimi gözəli,
Tanrı bir də yaratmaz.

Gecələr, ay gecələr,
Gün gedər, ay icələr;
Bir dəfə üzün görsəm,
Ağlar gözüm dincələr.

Gecələr, il gecələr,
Dərdimi bil gecələr.
Mən burda qan ağlaram,
Sən orda gül gecələr

Gecələr, zar gecələr,
Verməz zinhar gecələr.
Ay batdı, Ülkər çıxdı,
Gəlmədi yar gecələr.

Gedirdim bağ arası,
Tapdım bir nar danası.
Gönül sevən göyçəyin,
Nə ağı, nə qarası.

Gedirəm sərdəşdə mən,
Olmuşam sərgəştə mən.
Gəlib əcəl fərmanı,
Yazılmışam başda mən.

Gedirəm yolum dağdı,
Gör nə heyvalı bağdı.
Unutmaram yarımı,
Nə qədər canım sağdı.

Getdi gülüm, ağlaram,
Oldu zülüm, ağlaram.
Əsdi vədə küləyi,
Təkdi gülüm, ağlaram.

Getdiyin Məşəd olsun,
Yolların gülşad olsun.
Səni məndən edəni,
Nə gülsün, nə şad olsun.

Gəl eyləmə qan, gözəl,
Qurban sənə can, gözəl.
Mən həsrətdən yanıram,
Sən də alış, yan, gözəl!

Gəl məni fağır ağla,
Kimsəm yox, sağır ağla.
Çıx dağların başına,
Adımı çağır ağla.

Gəl saçını görüm mən,
Bir-bir bəndin vurum mən.
Eyvana çıx, bax barı,
Bir üzünü görüm mən.

Gəlin bir aş bişirdi.
Gözündə yaş bişirdi.
Bütün günü işlədi,
Elə bil daş bişirdi.

Gəlin, diləkli gəlin.
Ceyran ürəkli gəlin.
Xəmir yoğur, çörək yap,
Ay şir biləkli gəlin.

Gəlin, gəlin, qız gəlin,
İncilərin düz gəlin.
Yeddi oğul istərəm,
Sonbeşigin qız gəlin.

Gəlin var nəs deyəndi,
Gəlin var pis deyəndi.
Gəlnimə qurban olum,
Oğlumu istəyəndi.

Gəlinə bax, gəlinə,
Əlin qoyub belinə.
Gəlinə söz deməyin,
Çıxar gedər evinə.

Gəlinə bax, gəlinə
Kəmər bağlar belinə.
Gəlinin incə beli,
Düşdü namərd əlinə.

Gəlinə bax, gəlinə,
Zülfün alıb əlinə.
Şirin-şirin danışır,
Mən qurbanam dilinə.

Gəlirdim Kür yaxası,
O taydan qız baxası.
Bənövşədən köynəyi,
Qızılgüldən yaxası.

Gəlirdim yollarından,
Min bir xəyallarından.
Gəl bir qol-budaq olaq,
Həmayil qollarında.

Gəlmişəm görüm səni,
Qəlbimə hörüm səni,
Qapı-baca bağlanıb,
Bəs hardan görüm səni?

Gəmi gəldi, yan gəldi,
İçində bir çan gəldi.
Vətən həsrəti çəkdim,
Gözlərimə qan gəldi.

Gəncədən fanar gəlir,
Od düşüb yanar gəlir.
Binamus yar ucundan,
Başıma nələr gəlir.

Gəncənin gədikləri,
Şəkərdir yedikləri.
Yadıma bir-bir düşür,
Yarımın dedikləri.

Gəncənin ocağında,
Şam yanar bucağında.
Baş qoyum dizin üstə,
Can verim qucağında.

Gəncənin talx üzümü,
Yeməyə talx üzümü.
Qoyub getmə məni sən,
Danlayar xalx üzümü.

Gəncənin təlx üzümü,
Yeməyə təlx üzümü.
Səndən əl götürmərəm
Danlasa xalq üzümü.

Gəzdim dağı, aranı,
Seçdim ağdan qaranı,
Vətən viran olsa da,
Cənnət gördüm oranı.

Gəzərəm suz dağları,
Bağlayıb buz dağları,
Hər kəsə şirin olar,
Öz yeri, öz dağları.

Görünən Hürü dağı,
Duman, gəl, bürü dağı.
Ölü dağı çəkilər,
Çəkilməz diri dağı.

Görünən İncədimi?
Miyanə, İncədimi?
Aşiq der: Baba görsün,
O mən deyinsədimi?

Göy bulud Şirvan ayaz,
Yaz məni, Şirvana yaz.
Günün yad eldə keçsə,
Dərdini Şirvana yaz.

Göyçə gözüm göyərdi,
Analığım söyərdi.
Yumruğuna qıymazdı,
Toxmaq ilə döyərdi.

Göydə bulud oynadı,
Gözüm yardan doymadı.
Çatmış idim xoş günə,
Namərd fələk qoymadı.

Göydə qara buludlar,
Parə-parə buludlar.
Mənim ərzi-halımı,
Apar yara, buludlar.

Göydə ulduz cidadır,
Canım yara fədadır,
Qəm çəkmə, maral gözlüm,
Mətləb verən xudadır.

Göydə ulduz xoş keçdi,
Cavan ömrüm boş keçdi.
Fələk, gəl sübut elə,
Hansı günüm xoş keçdi?!

Göyərçin, alabaxta,
Yuvası qəlbi taxta.
Məni vuran bəy oğlu,
Qan qussun laxta-laxta.

Göyərib qamışları,
Göydə oynar qışları.
Oğlan qızın dərdindən,
İtirib camışları.

Gözlərin xumar indi,
Yaş tökər, yumar indi.
Tök zülfün üzün üstə,
Könül nar umar indi.

Gözlərin şuxdu sənin,
Kipriyin oxdu sənin.
Dərdin məni öldürür,
Xəbərin yoxdu sənin.

Gül açıb ara bağlar,
Bəzənib bara bağlar.
Aşiq yüz söz qoşsa da,
Axırın yara bağlar.

Gül açıb bənövşəsi,
Qırılıb qəlb şişəsi.
Yarı nadan gözəlin,
Ağlamaqdı peşəsi.

Gül əkdim şaxta vurdu,
Nə yaman vaxtda vurdu
Bimürvət ovçu məni
Yardan iraxda vurdu.–

Güldanda gül əkirəm,
Güldən gülab çəkirəm.
Düşəsən eşq oduna,
Görəsən nə çəkirəm.

Güləm, gülə neylərəm?
Gülə xidmət eylərəm.
Versələr öz gülümü,
Özgə gülün neylərəm?

Gülərəm, gülən olsa,
Dərdimi bilən olsa.
Ağlamaqdan doymaram,
Göz yaşım silən olsa.

Güllər aşır deyərəm,
Ətir saşır deyərəm.
Əgər sən igid olsan,
"Məni qaçır" deyərəm.

Gülü biçdim oraqla,
Sərdim yerə paraqla.
İtirmişəm yarımı,
Axtarıram, soraqla.

Gülü biçənə qurban,
Suyu içənə qurban.
Kişmir geyib sallanır,
Burdan keçənə qurban.

Gülü biçənə qurban,
Suyun içənə qurban.
Dünyada igid çoxdur,
Candan keçənə qurban.

Gün çəkilib batanda,
Gündüzə şər qatanda,
Ovçu, əlin qurusun,
Marala ox atanda.

Gün doğalı, tar getdi,
Tərlan getdi, sar getdi.
Zaman elə dolandı,
Dostluq, etibar getdi.

Gün dolanar, ay batmaz,
Yar dərdi dərdə qatmaz.
Göz görüb, könül sevən,
Yaxın gələr, söz atmaz.

Gün getdi dağ başına,
Örtüb duvaq başına.
Könül şamama istər,
Dolanar tağ başına.

Gün getdi dağ başına,
Yar örtər ağ başına.
Oğlan şamama istər,
Dolanar tağ başına.

Gün gələr, batar gedər,
Durnalar qatar gedər.
Vəfalıya can qurban,
Bivəfa atar gedər.

Gün keçdi pərdə-pərdə,
Qatlanıram hər dərdə.
Yurdum –yuvam dağılıb,
Qalmışam quru yerdə.

Gündür gəlir, boş keçir,
Ömrü günə qoş, keçir.
Keçən gün keçdi, getdi,
Gələn günü xoş keçir.

Günləri bir-bir sına,
Yar verdi bir sirr sana.
Bir elm, bir də sənət,
Xəzinədir insana.

Günümü qara yazım,
Yoxumdur çara, yazım.
Ürək dəftərim dolub,
Dərdim var, hara yazım?