Düşübdü (Aşıq Qəhrəman)

Vikimənbə saytından
Düşübdü
Müəllif: Aşıq Qəhrəman
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.44; ISBN 978-9952-571-42-4

Bir sonam qalxıbdı göl kənarından,
Havalanıb burda tora düşübdü.
Sevdiyim nazlı yar əğyara uyub,
Bülbül güldən qalxıb xara düşübdü.

Sən gül xonçasına mən oldum bağban,
İnsaf et, çəkdirmə dostuna aman,
Qoymadın ki, məndə qala din-iman,
Meylim bağçadakı bara düşübdü.

Ayrıla bilmərəm yarın xasından,
Doymaram qaşının təmənnasından,
Keçməyir ürəyim qəm dəryasından,
Həsrət canım ahu-zara düşübdü.

Qəhrəman, mətləbin canana söylə,
Xəncər al, bağrımın başını teylə,
Dərmansız dindirmə, bir dərman eylə,
Gözüm qoynundakı nara düşübdü.