Dağlılar
Dağlılar Müəllif: Cəfər Cabbarlı |
Ay Baba! Hər yerdə sənin əyyarların xəbər yazıb göndərirlər. Bircə dağlılar qalmışdır. Onlardan heç kəs bir xəbər bilməyor. Çünki dağlılar öylə cəngavər qövmdür ki, qorxudan kimsə onlara yaxın düşə bilməyor ki, işlərindən bir xəbər bilsin. Əmma necə olduysa bu günlərdə bən bədbəxt gəlib nagahan dağlıların arasına düşdüm. Gözümü açıb özümü Dağlı məhəlləsində görcək igidliyimi yığışdırıb, istədim mayallaq vurub bir ayrı məhləyə düşüm ki, dağlılar bəni görməsinlər. Amma yenə dedim: Lənət kor şeytana!.. Dayan, bunların da işlərindən bir xəbər bil! Belə qət elədim ki, gedim bunların məscidinə: Həmi cəmaət namazı qılım, həm də məscidlərdən bir xəbər bilim. Bən öylə bilirdim: orucluq ayı, ehya günü, günorta vəqti, böylə bir gündə məscid açılmamış, nə vəqt açılacaqdır?.. =
Müxtəsər, gəlib məscid həyətinə daxil oldum. Hər nə qədər axtardımsa, bir damcı su tapmadım, öz-özümə dedim: yəqin hər kəs öz evində dəstəmaz alıb gəlir. Məscidə tərəf baxıb gördüm: Paho... məscid bağlı! Qapısında da bir dənə zorba, paslı qıfıl var!.. Pəncərənin qabağında 7-8 dənə siçan çomur-çomur oynayırlar. Dərhal anladım ki, məscidin rəisləri çox insaflı adam imiş! Çünki məscidi açsaydılar, bu siçanlar narahat olardılar. Axşama qədər gəzdim, qayıtmaq istədikdə 15-ə qədər dağlılara rast gəldim. Hərəsinin əlində zəncir olduğu halda "Şirvanlı" məscidinə gedirdilər. Birisinə yaxınlaşıb dedim: Allah sizin rəislərinizə əcr versin çox... O biri bənə çatıb soruşdu: Sən kimsən? Dedim "Babayi-əmirin Əyyarlarındanam!” Bunu eşitcək on beş adam düşdü üstümə: Bənə zəncir... bənə zəncir... Gördüm ki, işim yaşdır, tez başımı ayağımın altına qoyub öylə atıldım ki, bir vəqt ayılıb gördüm Çənbərəkənd qəbiristanlığındayam. O yan-bu yana baxıb gördüm heç kəs yoxdur. Yavaş-yavaş şairliyim coşa gəldi. Dərhal bir çöldə qalmış müsəlman ayağını qapıb daşa bu sözləri yazdım. "Hər kəs inanmayorsa gedib oxusun".
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar!
Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!
Bən dedim atınız yabanı, elmə eylərsiz həvəs,
İstiyorsunuz əgər müsəlmanlara səsbəsəs,
Bən bu işdən qorxur idim, qalmış idim binəfəs.
Yaxşıdır, bilmişsiniz kəndiniz ürfandir əbəs
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?
Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!
Büsbütün unutmuşsunuz əldə tapança, xəncəri,
Sirr edirsiniz Rüstəm duran kimi hər bir yeri,
Qeyrət üstündə mat etmişsiniz şirü-nəri.
Adə zalımlar! Tamamən titrədirsiz yerləri,
Əhsən! Əhsən! Bir də əhsən! Mərhəba, ay dağlılar!
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?
Qeyrət təqsim edəndə sizlərə çatmış tamam,
Kani-hümmət, kani-qeyrət dağlılardır xasü am.
Qan töksəniz, oğruluqdur sənətiz hər sübhi-şam.
Cəhd ediniz ta əldə qalsın bu gözəl işlər müdam.
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?
Bərəkallah, bərəkallah, mərhəbà, ay dağlılar!
Məscidiniz bağlı, siçan oynar içində sərbəsər,
Məscidə hər qədər baxdım: yoxdur insandan əsər,
Məscidə getmək nədir? İnsan olan kəs baş kəsər!
Düz yolu tapmışsınız hər bir cəhətdən müxtəsər.
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?
Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!