Eldən gedən el şairi

Vikimənbə saytından
Eldən gedən el şairi (2008)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Qərbi Azərbaycanın səsi" qəzeti, 11 iyul 2008-ci il


İnsanın dünyaya gəlişi ilə gedişi arasında böyük bir zirvə var. Gərəkdir ki, o zirvəni şərəflə yaşayasan. Xalqına, elinə, obasına gərəkli insanlar daim o zirvəni layiqincə aşa biliblər. Elinə, obasına, xalqına gərəkli şəxsiyyətlərdən biri də şair Aqil İman idi. Təəssüf ki, az ömür yaşadı. Ancaq Aqil İman sözün həqiqi mənasında mənalı bir ömür yaşadı. Dünyanın bütün pisliklərindən uzaqda dayanıb ömrünü sözə bağışladı. Atlıları atından, şahları taxtından salan sözə! Həmişə sözünün ağası oldu, söz onun ağası olduğu üçün. Neçə-neçə şeirləri özündən xəbərsiz Göyçə və Qarabağ mahallarında dillər əzbəri oldu. Hansı şairlərin şeirləri dillərdə nəğmələşib, şeirsevərlərin könlünü oxşayırsa, o şairlər heç vaxt ölmürlər. Bu qəbildən olan şairləri yazdıqları şeirlər əbədiyaşar edir. Bəli, Aqil İman da belə şairlərdən idi.
Aqil İman çox şirin ləhcəylə – qədim Göyçə şivəsində bulaq axarı ilə danışardı, zəngin nitq mədəniyyətinə malik gözəl natiq idi. Söhbətlərinə qulaq asdıqca, onu dinləməkdən doymaq olmurdu. Ovqatının xoş vaxtında yazıçılar, şairlər haqqında maraqlı söhbətlər edər, rəngarəng, yeni şeirlər söyləyərdi. O, həm də Qarabağ toylarında məşhur masabəyi idi. Ən ağır məclislərə Aqil İman dəvət olunardı. Elə şəxsən mənim toy şənliyimdə də Aqil İman masabəyi idi.
Aqil İman Aşıq Ələsgərdən, Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Hüseyn Arifdən, Məmməd Arazdan, Məmməd İsmayıldan, Zəlimxan Yaqubdan, el şairləri Rasim Kərimlidən, İsmixandan, Sərraf Şiruyədən, Sücaətdən, Bəhmən Vətənoğlundan, Azaflı Mikayıldan gəraylı, təcnis, qoşma, divani söyləyəndə şeir pərəstişkarlarına xüsusi zövq verirdi. Onun özünəməxsus deyim üslubu, qulağa yatan məhrəm səsi vardı. Hətta Sərraf Şiruyə dəfələrlə etiraf edərək deyir ki, İman məclisi məndən daha rövnəqli, daha şövqlə aparırdı.
Aqil İman rəhmətlik atam Yaqub Hacıyevlə doğma əmioğlu olduğundan, həm də hər ikisi Bərdə rayonunda Dəmir Beton Məmulatları Zavodunda mühəndis işlədiyindən daim işə səhər birlikdə gedər, axşam da birlikdə qayıdardılar. İman əmim bizə tez-tez gələrdi. Axşamlar atamla söhbət edər, televizora birlikdə baxar və çox vaxt da keçmişdə Göyçədə olmuş tarixi hadisələrdən, dünyada gedən ictimai-siyasi proseslərdən danışardılar.
Bir axşam İman əmim bizə gələndə mənə cibindən bir vərəq çıxarıb dedi ki, Araz, dünən axşam yazdığım şeirdi, al, oxu gör necədi? Və onu da əlavə etdi ki, şairlərin ilk oxucusu həmişə öz yaxınları olublar. Mən özüm də poeziyasevər olduğumdan şeiri böyük həvəslə oxudum və çox da xoşuma gəldi:

Ümman olan könlüm, çay olan könlüm,
Niyə sısqa oldu gözündə sənin?
Aqillər yanında bal olan sözüm,
Niyə zəhər oldu sözündə sənin?

Yaralı kamanam, həzin bir neyəm,
Qopan fırtınayam, əsən küləyəm.
Coşan şəlaləyəm, ötən tütəyəm,
Çəmənində sənin, düzündə sənin.

Söylə görüm, niyə məndən küsmüsən?
Bircə kəlmə danışmırsan, dinmirsən.
Biçarə İmana cavab vermirsən,
Gözlərim qalıbdı üzündə sənin.

Bu şeir elə o vaxtdan məndə qaldı. Yeri gəlmişkən onu da qeyd edim ki, Aqil İman çox vaxt yazdığı şeirləri saxlamaz və əlyazmalarını da yaxın dostlarına, şeir pərəstişkarlarına verər, harada yazardısa, orada da qalardı.
Bu yaxınlarda İman əmimin böyük oğlu Qılman mənimlə söhbətində bildirdi ki, atam Aqil İmanın şeirlərini toplayıb çap etdirmək istəyirəm. Mən ona bildirdim ki, məndə də Aqil İmanın bir neçə qoşması var, verərəm onları da kitaba daxil edərsən. Və söhbət əsnasında Qılman İmanı alqışladım. Eşq olsun belə gəncə! Şükürlər olsun ki, Aqil İman vaxtsız vəfat etsə də, Qılman İman kimi dəyərli və istedadlı şair oğlu var.
İnanıram ki, Qılman İman babası Həsən Xəyallının, əmisi Sərraf Şiruyənin, atası Aqil İmanın layiqli davamçısı olacaq. Axı, bu nəsildə sözün qiyməti daim dəyərləndirilib, uca tutulub. Ustad şairləri, el qəhrəmanları ilə məşhur olan bu nəslin davamçıları belə də olmalıdır.
Aqil İmanın vaxtsız ölümü onu tanıyanların hamısını sarsıtdı. Onun haqqında olan fikirlərim ürəyimdə qalaqlanıb şeirə çevrildi:

Gövhər sözlü, şirin dilli,
Aqil İmanım, hardasan?
El-obanın sevimlisi,
Dinim, imanım, hardasan?

Ölüm səni bizdən aldı,
Könlümüzü oda saldı.
Neçə ürək xəstə qaldı,
Təbib, loğmanım, hardasan?

Dərdin çəkdin yığın-yığın,
Həm Göyçə, həm Qarabağın.
Soldu vaxtsız ömür bağın,
Mahir bağbanım, hardasan?

Sənsiz ürəklər üzgündü,
Neçə baxışlar süzgündü.
Qəlblər fələkdən küskündü,
İncə qananım, hardasan?

Araz səndən saldı bəhsi,
Dostların titrədi səsi.
Söz dağının şah zirvəsi,
Şahi-xaqanım, hardasan?

Aqil İman özünü sağlığında geniş şəkildə şair kimi tanıtmadı. Bu onun təvazökarlığından, poeziyaya ciddi münasibətindən və özünə qarşı tələbkarlığından doğurdu. Ancaq onun kiçik bir qaralaması onu sevənlər üçün böyük bir sənət nümunəsi idi. Heyif ki, az yaşadı, özü ilə yazılacaq çox mövzuları apardı…
Ruhun Şad Olsun!AQİL İMAN.