Firqət içində yanıram, dərdimə eylə çarə gəl

Vikimənbə saytından
Firqət içində yanıram, dərdimə eylə çarə gəl
Müəllif: İmadəddin Nəsimi


Firqət içində yanıram, dərdimə eylə çarə gəl,
Yaralu oldu, üştə gör, bağrım içində yarə gəl.

Səbrimi qarət eylədi, qapdı qərarımı qəmin,
Necə cəfayı gör qəmin qıldı bu biqərara gəl.

Qəmdən əgərçi firqətin min çəri çəkdi üstümə,
Sən mana bəssən, ey sənəm, qorxmavü yeksüvarə gəl.

Düşdügüm ayru səndən uş yanar od oldu canıma,
Ey gözümün çırağı, sən yaxma məni bu narə gəl.

Zülfü rüxün vüsalına susamış, ey qəmər, gözüm,
Ey qəmərin qatında yüz ay ilə gün, sitarə gəl.

Möhnət içində qərqəyəm firqətinə ulaşalı,
Çək, sənəma, bu vərtədən zovrəqimi kənarə gəl.

Məndən ayırma vəslini necə ki, şad olur ədu,
Yürəgini ədulərin yaralu eylə, yarə gəl.

Düşmüşəm ahü naləyə səndən olalı ayrı mən,
Görmə rəva bu halımı, qoyma bu rəsmü karə gəl.

Müntəzir oldu vəslinə həsrətü dərdi çox könül,
Xoş degil, anı yandırıb və’dəvü intizarə gəl.

Canım içində gözlərəm mehrini ol saçın kimi,
Şövqi-rüxündən, ey pəri, pərdəsi oldu parə gəl.

Canü təni Nəsiminin sənsənü səndən özgə yox,
Var isə səndən özgə gər, can ilə təndə arə gəl.