Günəş və Ay ilahələri

Vikimənbə saytından
Günəş və Ay ilahələri
Müəllif: Şifahi xalq ədəbiyyatı


Günəş və Ay Göy tanrısının qızıydı. Tanrının əmrinə görə onlar növbə ilə insanların işləmələrinə göz qoymalıydılar. Böyük bacı – Günəş ilahəsi, adətən, dörd adamın çiynində apardığı kəcavədə otururdu. Kəcavəni gənclər aparanda dörd bir yana göz gəzdirir, qəşəng ulduzlara baxırdılar, buna görə də onlar asta tərpənirdilər və Günəş ilahəsi evə çox gec qayıdırdı. Nəticədə gün uzanırdı. Kəcavəni yaşlı adamlar aparanda ilahəni tez gətirməyə çalışırdılar; heydən düşmüş sümüklərinə daha çox dinclik vermək istəyirdilər. Bu zaman Günəş ilahəsi evə tez qayıdırdı və Yer üzündə günün ömrü qısalırdı.

Ay ilahəsi qətiyyən bacısına oxşamırdı. Onun tündməcaz, xudbin, soyuq xasiyyəti vardı. Onun xasiyyətinin dəyişkənliyindən adamlar çox əzab çəkirdilər. Göy tanrısı bundan xəbər tutanda arvadına məsləhət gördü ki, qızı ilə danışsın. İlahə ana Ayın üzünə boz kirşan səpdi, həmin gündən Ay mülayimləşdi, xeyirxahlaşdı, Yer üzündəki insanlar onu sevdilər. Deyirlər ki, Ay ilahəsi yerə baxanda bədrlənir, üzünü qəflətən döndərəndə isə onun sifətinin yalnız yarısı görünür. Ay ilahəsi üzünü sağa çevirəndə ayın birinci yarısı, sola döndərəndə isə ikinci yarısı olur.

Bundan başqa deyirlər ki, hər iki ilahənin əri şəhvətli Ayı idi. Onun göyə necə gedib çıxmasını, gözəl ilahələri necə yoldan çıxarmasını heç kəs bilmirdi. Bircə onu bilirdilər ki, Ayı aradabir onlara baş çəkir, ilahələri növbə ilə buludların arxasına çəkib aparır. Bu zaman yerdə ya ay, ya da günəş tutulurdu. Günəş və ay tutulanda insanlar ucadan qışqırır, təbilləri, qonaqları döyür və tələb edirdilər ki, kobud ayı nəvazişlərinə görə vəzifələrini unudan Günəş və Ay ilahəsini Ayı rahat buraxsın, bununla da məhsula ziyan dəyməsin. Ayını ilahələrin yanından dəfələrlə qovublar, lakin indinin özündə də o, gizlicə özünü onlara yetirir və buludlar arxasında zinakarlıqla məşğul olur.