Gürcü şairi Akaki Sereteli yubileyinə dair

Vikimənbə saytından
Gürcü şairi Akaki Sereteli yubileyinə dair (1908)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Necə ki, ötən məqaləmizdə söz vermişdik, Akaki Sereteli cənablarının müxtəsər tərcümeyi-halını yazıb, əsərlərindən bəzi məlumat verməyə iqdam edirik.

Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər.

Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar.

Zahirdə bu adət nəzərə bir az təәccüblü gəlirsə də, həqiqətdə bunun yaxşı tərəfləri vardır. Belə ki, xass ilə amın, rəiyyət ilə ağanın mabeynində hər iki sinfi bir-birinə yaxınlaşdırmaq üçün bir vəsilə əmələ gəlir, xüsusən, o halda ki, tərbiyəyə verilən ağazadənin süd qardaşı və süd bacısı ola.

Burada balaca knyaz kənd uşaqlarının içində böyüyüb, onların adab və əxlaqını, dünyaya nə göz ilə baxmağını, hərəkat və səkanatını, danışıqlarını, adətlərini, bilaixtiyar iqtibas edib, onlar kimi sadə dolanmağa, soyuğa və istiyə, aclığa və susuzluğa körpəlikdən adətkərdə olmuşdur. Knyaz Sereteli indi də haman gözəl vaxtını həsrətlə yad edir və kənd uşaqları ilə bir yerdə oynadıqlarını, bağda və çəməndə gəzməklərini, çiçəklərdən dəstə bağlamaqlarını, dünyanın qayğısından əsla bixəbər olmaqlarını yada gətirməklə könlünü şad eləyir. Şair kənd əhlindən və balaca yoldaşlarından eşitdiyi qisim-qisim nağılları sonradan başqa libasa geyindirib, gözəl əsərlər meydana gətirmişdir.

Uşaq mövsümünün ikinci hissəsini şair valideyninin təhti-nəzarətində keçirir. Fəqir əkinçinin hisli və boş daxmasından dövlətmənd və sahib-hökumət knyazın müzəyyən və bəzəkli otağına müraciət edib və burada olan calalı və otuz nəfərdən ziyadə pişxidmətlərin qabağında əlibağlı durmağını görüb şair heyrətə düşür, oradakı yoxsulluq, ehtiyac və sadəlik, buradakı dövlət, təntənə, büsat, bolluq, izaf? x?rcl?r…. N? boyuk t?favut, n? ziyad? f?rq!….

Seretelinin əvvəlinci müəlliməsi mehriban anası olubdur, hansı ki, öz əsrində artıq bilikli və elmli arvadlardan birisi hesab olunurdu. Amma atasının çəndan elm və savadı yox imiş. Səkkiz yaşı tamam olduqda balaca Akakini atası Kutaisdə gürcü dvoryan gimnaziyasına qoyur. Burada əvvəl dəfə azadəliyə adət etmiş knyaza gimnaziyanın köhnə və sərt qaydaları çox ağır gəlir. O vaxt acıqlı, qaş-qabaqlı və mütəkəbbir müəllimlər ilə saziş eləmək doğrudan da ən çətin məsələlərdən birisi idi. Heç zadın üstündə şagirdi döymək, qaranlıq otağa salmaq, yemək və içməkdən məhrum etmək bizim köhnə məktəblərdə işlənən kimi gürcülərin gimnaziyalarında dəxi mötəbər qaydalardan sayılırdı. Kutais gimnaziyasında Sereteli çox zəhmət və məşəqqətlə rus dilini öyrənir, amma gimnaziyanın kursunu tamam etməyə üç-dörd ay qalmış müəllimlərin cövrü sitəminə artıq təhəmmül edə bilməyib, şair ata və ananın izni ilə oradan çıxır və Rusiyanın paytaxtı Peterburqa azim olur. Burada əlsinəyi-şərqiyyə mədrəsəsinə daxil olursa da, ona iktifa etməyib, o vaxtda məşhur professorların leksiyalarına qulaq asmaqla xeyli məlumat kəsb eləyir. Rus studentləri ilə dostlaşıb keçən əsrin altmışıncı sənəsində məşhur ədiblərin əsərlərini artıq həvəslə oxuyub, rusların məişəti ilə aşna olur.

Bu vaxtlarda knyaz Akaki özü dəxi başlayır qələmini imtahan etməyə. Onun əvvəlki yazıları vaxtın təqazasına görə imperator Aleksandr saninin verdiyi reformalara dair məqalələr idi.

Bu məqalələrdə ki, "İsti xəbərlər" sərlövhəsi ilə "Droeba" qəzetində çap olunurdu, Akaki reformanın tərəfdarı olmağını bildirib, rəiyyət tayfasının knyazların və mülkədarların təhti-hökumətindən və zülm-sitəmindən xilas olmasını suzişli dil ilə bəyan edərdi. Onun məqalələri artıq şövq ilə oxunurdu.

Bundan bir zaman keçmiş şair başlayır nəzmlə yazmağı və bizim Azərbaycan şairləri kimi gülü, bülbülü, bahar və şərabı vəsf edib, mədhi-dilbər barəsində gözəl şerlər yazır ki, indi də oxuyanları valeh edir.

Nəzmin əqsamindən savayı onun nəsr ilə yazılmış hər növ əsərləri: romanı, draması, komediyası, təlimi-ətfala dair nağıl və hekayələri və məzhəkələri vardır.

Seretelinin təbi ziyadə mövzun və rəvan olmağa görə yazdığı əsərlərin dəxi həddi-hesabı yoxdur. Bir şerində şair təbi-şeriyyəsini bəyan edib deyir: "Mənim mürəkkəbim zəhər və bal ilə, sirkə və göz yaşı ilə məmzucdur. Mən istəyirəm ki, şerlərimi fəqir oxuduqda fəqirliyini unutsun, bədbəxt oxuyanda təsəlli bulsun və haqq-savabı hər kəs nəzmimdə hiss edib xoşhal olsun, amma şerlərimin vasit?si il? dusm?nl?rin d? ur?yin? z?h?r dam?zd?rmaq ist?yir?m….".

Bununla belə, Akaki Seretelinin ümdə arzusu və baş fikri məhəbbət və qardaşlıqdır. Gələcək zamanda hamı millətlərin birləşib ittihad və ittifaqı və qardaş kimi mehriban dolanmaq arzusu şairin təbini güşadə edib, onun xəyalatını uca məqamlarda gəzdirir və bu ümumi ittifaqın ziddinə gedən təəssübkeşləri, nifaq və ziddiyyət toxumunu səpənləri və ürəklərdə kin və ədavət bəsləyənləri və filcümlə haqq üzünə pərdə çəkənləri nifrət ilə yad edib, lənət damğasını onların alnına basır. Sereteli yektərəf və mütəəssib
millətpərəstlərdən deyil ki, öz millətinin eyb və qüsurunu görməyib, ancaq onu layiqi-məhəbbət və təhsin bilsin. Sereteli üçün hamı millətlər müsavidir və bir-birinə qardaşdır. Şairin ibadət eylədiyi məbədgahda bütün insaniyyət sığışa bilir. Onun üçün kilsə, məscid və yəhudilərin sinaqoqu yeksandır. Çünki həqiqətdə hər bir millətin getdiyi yol əlavə isə də, məqsədi birdir. Cümlə haqq tərəfinə, xudayi-ləmyəzal canibinə sövq etməkdədir. Bu barədə Sereteli bizim şüəradan mərhum Abdulla bəy Asini və Hacı Seyid Əzim Şirvanini dərxatir edir ki, onların da məslək və əqidəsi və baş arzuları ümumi bəşərin və insaniyyət aləminin səadətidir, nəinki yalnız bir qövmün nicatı. Və məbudi-həqq birdir; hər kəs nə dil ilə və nə qayda təriqi ilə ona ibadət edəcәk etsin, necə ki, Asi deyibdir:

Kiniştu Kəbə yeksandır, əzizim,
Çu min xud talibi-didar imiştum. [1]

[1] Tərcüməsi:
İlahi, məscidə meyxanə dönsün,
Tökülsün badəsi, peymanə dönsün.

Və Hacı Seyid Əzim buyurubdur:

Kimisi Kəbədə həqqi, kimi deyr içrə görər,
Hərə bir növü gəzər, axtarar ol sübhani.

Və insaniyyət barəsində demişdir:

Demirəm rus, ya müsəlman ol,
Hər nə olsan get əhli-ürfan ol.

Seretelinin baş arzularından birisi də təzə nəsl ilə köhnə nəslin, yəni atalar ilə oğulların birləşib yekdil və yekcəhət olub, vətənin və millətin xeyr və səlahı üçün sərfi-hümmət etməkləridir. Bu xüsusda bir nəzmində deyir: "Hərdəm ki, gözəl bir xəndəni və canalıcı bir baxışı yada salıram, cürət və qüvvətim artır. Haqq yolunda bütün aləm ilə cəng etməyə müqtədir oluram. O xəndə mehriban ananın və sevgili yarın xəndəsi deyil, o xəndə yeni hasilə gələn cavan nəslin xəndəsidir ki, onu dünyanın malına dəyişmərəm. O xəndədir mənim qəlbimə səfa və təbimə tab və qüvvət verən!".

Akaki Seretelinin təbi romantizmdən xali deyil. Onun "Suliko" (Cancığazım) ünvanında yazdığı bir nəğmə başdan ayağa romantizmdir. Bu nəğmə rus və firəng dillərinə tərcümə olunubdur və tamam Gürcüstan onu sövt ilə oxuyur. Məzmunu budur: "Sevgili cananın qəbrini axtarırdım və heç yerdə onu tapmayıb ağlaya-ağlaya çağırırdım: Haradasan mənim canım, Suliko? Bu halda xar və tikan içrə gözüm yeni açılmış tər və tazə qızıl gülə sataşdı. Ondan sual elədim: mənim Sulikom sənmisən? Cavabında qızıl gül qızarmış və şərməndə başını aşağı dikdi və bir damcı duru və müəttər şeh göz yaşı tək yerə saldı. Bu əsnada gülün içindən bülbül pırıldayıb nəğməsini kəsdi. Müşfiqanə ondan sordum: Gözəl quşcuğaz, mənim Sulikom sən deyilsən ki? Bunu eşitcək biçarə bülbül dərhal uçub gül şaxının üstünə qondu və dimdiyi ilə gül yarpağına ahəstə toxunub başladı ah və nalə eləməyə, onun nəğməsi məni valeh etdi.

Qaranlıq gecədə ulduz zəif şəfəqini üzümə saldı. Ondan sual etdim: Ey gözəl ulduz, bəlkə mənim Sulikom sənsən? Ulduz atəş kimi alışıb yanmağa başladı və şəfəqini daha da artırıb üzümü və gözümü münəvvər etdi. Bu halda lətif bir yel əsdi və mənim qulağıma pıçıldadı: "Axtardığını tapdın, şad ol, qəm və qüssəni unut, vaxta ki, gün batar, dünyanı qaranlıq bürür, göydə ulduz, yerdə bülbül və gül sənin qəlbini şad edər. Sənin sevgilin vəfat edibsə də, səndən ayrılmayıbdır və üç sifətdə həmişə səninlə vardır". Odur ki, mən hər şeydən artıq gülün ətrini, bülbülün naləsini və ulduzun şəfəqini sevirəm. Hər üçündə mənim Sulikom özünə məkan tutmuşdur".

Akaki Sereteli knyaz Çavçavadze kimi vətən uğrunda və millət yolunda kişilərin mərdanəliyindən danışıb, gürcü arvadlarını da unutmayıbdır. Onların vətən yolunda qeyrət və namuslarını şairanə nəzmə çəkibdir.

Bir nəzmində belə bir əhval söyləyir: Gürcü xatınlarından birisi üç nəfər oğlunu vətən mühafizəsi üçün davaya göndərib, artıq iztirab ilə onlardan xəbər gözləyir. Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç bir şeyi gizlətməyib, ona dürüst xəbər versin.

Müxbir ahi-cansuz ilə cavab verir ki, sənə qara xəbər gətirmişəm. Arvad artıq söyləməyə macal verməyib deyir: "Bu barədə danışma, söylə görüm hansı tərəf qalib oldu, vətənimiz salamatdırmı, yoxsa düşmən əlinə düşübdür. Xəbərçi ona təsəlli verib deyir: "Qorxma xanım, gürcülərin qılıncı kəskindir və hünəri artıq. Biz düşmənə qalib gəldik".

Bunu eşitcək arvad allaha şükür edir və oğlanlarından xəbər tutur. Xəbərçi onun böyük və kiçik oğlunun vətən uğrunda qətlə yetişməyini xəbər verdikdə gözlərindən iki damla yaş salıb deyir: "Mən onları vətəni mühafizə etmək üçün bəsləmişdim. Bəs ortancıl oğlum qardaşlarının intiqamını aldımı?"--deyib sorduqda xəbərçi deyir: "Xeyr, xanım, bu barədə sənə təsəlli verməkdə acizəm. Ortancıl oğlun düşmənin hücumundan qorxub qaçdı, qardaşları qan tökən zaman o meşədə yarpaqlar altında gizlənmişdi". Bəşirin bu xəbəri biçarənin canına lərzə salır, uca səslə fəryad edib və saçlarını qum-qum dibindən qoparır, yaxasını çak qılıb, əmcəklərini əlinə alıb deyir: "Səni yox olasan ki, belə qorxaq oğul bəslədin və məni töhmət altında qoydun". Bizim xanımlar üçün şayani-ibrət bir haldır! Arvadların fədakarlığı və vətən yolunda izhar etdikləri hünər və sədaqət hər əsr və zamanda gürcülər üçün mayeyi-fəxr olub, ədibləri onların barəsində gözəl nağıl və hekayələr tərtib etmişlər. Onlardan birisi də Akaki cənablarının "Natela" ismində nəzm etdiyi hekayədir: Gözəl Natela ağ rəngdə bir çuxa tikibdir və elam edibdir ki, o çuxanı geyən xoşbəxt o kəs olacaqdır. Hansı ki, onu düşmənin qanı ilə əlvan və qırmızı boyayacaqdır və sakin olduğu qəsrin ətrafında yüz iyirmi paya sancıbdır. Hansı igid yüz iyirmi düşmən kəlləsi gətirib payaların başına sanca, Natela canını və cismini ona təslim edəcәkdir. Minqrel knyazlarından rəşid və nəcib Sotne Dadiani qaniçici nazəninə toy sövqatı üçün yüz iyirmi düşmən kəlləsi gətirir. Amma toy başlananda Natela nişanlısına təklif edir ki, öz dost-aşnaları ilə gedib, Kartaliniyanı (Gürcüstanın şərq tərəfini) monqolların zülmündən xilas eləsin və illa toy olmayacaqdır. Bu təklifi toya cəm olan cavanlar qəbul edib, şövq ilə monqollar üstə azim olurlar. Bunların qəsdini monqollar duyub, çoxlarını tələf edir və knyaz Dadiani yoldaşları ilə əsir düşür. Monqol padşahı Noinin fərmanı ilə knyazları çıplaq soyundurub ağaclara sarıyırlar və bədənlərinə bal sürtürlər ki, günün qabağında hər qisim həşərat onların qanını sorsun. Noin işrətdə ikən ona xəbər verirlər ki, bir arvad onu görmək istəyir. Arvad hüzura gəldikdə dəfətən üzündən rübəndini açıb yerə atır və cümləni gözəlliyi ilə heyran edir. Bu övrət knyaginya Natela imiş. Noinin işarəsi ilə hüzurda olanlar dışarı çıxır və özü taxtdan düşüb Natelaya tərəf hərəkət edir. Natela libasının altında gizlədiyi xəncəri çəkib hökm edir ki, yerindən tərpənməsin. Noin heyrətdə qalıb başlayır ona yalvarmağa və padşahlığının yarısını, mal və dövlətini ona vədə edir, hətta ona qul olmağı iqrar edir, ta ki, xahişini əmələ gətirsin, ona arvad olsun. Natela cümləsini rədd eləyib deyir: Mən özüm də sənin kimi padşaham, heç bir şeyə ehtiyacım yoxdur. Mən səndən təvəqqe edirəm ki, nişanlımı öz adamları ilə xilas edəsən. Noin ünas əhlindən əvvəlinci dəfə belə mərdanəliyi, rəşadət və cəladəti və ali hissiyyatı müşahidə etdikdə o, valeh və məbhut olur, bir az fikrə gedib onun dəruni aləmində bir təbəddülat vüquə gəlir. Dərhal sui-qəsdindən daşınıb, knyaz Dadiani ilə sağ qalmış yoldaşlarını xilas edir və rəşid Natela ilə Gürcüstan barəsində sülh bağlayıb Gürcüstandan çıxır.

Bu hekayənin az-çox əsli olmağı Gürcüstan tarixindən görünür. Knyaz Seretelinin bundan əlavə hübbi-vətən babində tarixdən əxz olunmuş hətta mütəəssir tragediyaları vardır ki, onda Gürcüstan arvadlarının fədakarlığı ədibanə yazılmışdır.

Onlardan məşhur "İraqli dövvüm" ("Patara qaxi"), "Tamara", "Medeya" və qeyriləridir. Dramdan savayı Akaki cənabları bir çox komediya dəxi yazmışdır ki, cümləsində gürcülərin məişətini artıq məharətlə göstəribdir və mərhum Mirzə Fətəli Axundovun komediyalarından məşhur "Xan sərabi"ni türkdən gürcü dilinə tərcümə etmişdir və bir çox romanlar, povestlər, hekayə və nağıllar vasitəsilə Gürcüstanın keçmişdəki və indiki halı ilə öz millətini xəbərdar etmişdir. Onların təmamisi ilə oxucuları aşna etmək qeyri-mümkündür. Onlardan nümunə üçün abxazların dolanacağından "Mürəbbi" ünvanı ilə yazdığı bir hekayənin məzmununu burada zikr etməyi münasib gördük. Bir halda ki, bu hekayənin təlim və tərbiyə məsələsində artıq əhəmiyyəti vardır.

Abxaziyada olan uca dağların birisinin başında cavan bir abxazlının evi qaralırdı. Burada cavan abxazlı gözəl və istəkli Nazibrola adlı yarı ilə dünyanın qayğısını unudub işrət edirdilər. Soyuq və boranlı bir gecədə məzkur abxazlının süd qardaşı qabardalı Səfər bəy ona qonaq olur. Yorulmuş müsafir qardaşının yanına bir işdən ötrü gəlibdir. Onun ürəyi eşq odu ilə alışıb yanır, çoxdandır gözəl Ziya xanıma aşiq olubdur, amma məzurə Ziya xanım ona təklif edir ki, Əlməqsudun kəhər atını oğurlasın və illa ona getməyәcəkdir. Əlməqsudun kəhər atı isə cəmi Abxaziyada adı ilə söylənir və hamı ona aşiqdir. Sahibi-xanə qardaşının sözlərini eşidib, onu bu xətalı səfərdən mən edir, amma qardaşının xatirəsi üçün bu çətin əmri öz öhdəsinə götürür.

Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı ki, rəşid abxazlı yedəyində kəhər at dar və qorxulu cığır ilə dağ başına, öz xanəsinə tərəf dırmaşırdı. Süd qardaşı yapıncı altında xabda idi. Amma onun istəkli yarı Nazibrola üzü-gözü qanlı, yaxası parçalanmış, zülfləri pərişan halda gözlərindən yaş tökürdü, rəxtxab isə dağınıq və pərişan halda idi.

Nə iş vaqe olduğunu abxazlı dəfətən anladı, ürəyi sıxıldı, başı ağırlaşıb bilaixtiyar yerə yıxıldı. Arvadın həzin səs ilə ağlamağı, qəm və qüssəsi bir dəqiqə onun ixtiyarını aldısa da, yenə abxazlı özünü toxdadıb, arvadının əlindən tutub dedi: "Mənim əzizim, ağlama, o bir yuxu idi, onu yadından çıxart. Sən günahdan paksan. Yenə bizim pakizə və müqəddəs məhəbbətimiz ulduz kimi saf və baqi qalacaqdır". Bu sözlərdən sonra onun üzündən öpüb, ürəyini sakit elədi.

Sonradan namusuna toxunan Səfəri mülatifətlə yuxudan oyadır. Səfər süd qardaşını adəti halında görüb xof və əndişədən çıxır və belə güman eləyir ki, arvad vaqiəni ərindən məxfi saxlayıbdır.

Abxazlı qardaşına güləş üzlə deyir: "Xahişini əmələ gətirdim. İstədiyin kəhər at səni gözləyir, tez ol yola rəvan ol, daha da artıq səni yanımda saxlardım, amma bilirəm ki, əziz yarının vüsalına tələsirsən".

Sonradan qonağa əl-üzünü yumağa su, yeməyə xörək verib … onunla bahəm dağın ətəyinə enir. Burada qonağa vida etdikdə ütab ilə ona deyir: "Səfər bəy! Sənin bəd əməlin və alçaqlığın mənə məlumdur. Sən mənim irzimə və namusuma toxundun. Bu fənalığı söyləməyə dilim qadir deyil. Bu fəna yaddan çıxmaz və əfv olunmaz. Öz yolunla get, bir də mənim gözümə sataşma, bu ləkəni ancaq qan ilə yumaq olar".

Bu sözləri eşitdikdə Səfər bəy titrədi və rəngi ağardı, ahəstə qardaşına dedi: "Doğru deyirsən, müqəssirəm, deməyə bir sözüm yoxdur. Şeytan məni günah əmələ saldı, mən sənin kəmtərin qulunam, rəhm elə, başımı cəsədimdən ayır".

"--Yox, sənə mənim əlim dəyməz, sən mənim anamın döşünü əmmisən, çəkil kənara, babalarımızın müqəddəs adətini pozmaqda mütəssir sən deyilsən. Vətəninə müraciət etdikdə öz müəllim və mürəbbilərinin hüzuruna gedib, mərdanəliyini ona söyləməyi səndən iltica edirəm. Hər qisim tənbeh o sənə qərar etsə, ona tabe ol!".

Səfər bəy pərişanhal və qəmgin vətəninə varid oldu və öz mürəbbisi alim və möhtərəm Hacı Yusifin hüzuruna gəlib, tamam əhvalatı ona söylədi. Bu söylədikcə Hacı Yusifin üzü bulud kimi qaralıb tutqun olurdu. Axırda güclə nəfəs alıb soruşdu: "Bəs sonra nə oldu, səninlə necə rəftar elədi, sənə nə dedi?".

Səfər bəy cavab verdi ki: "O məni əfv elədi süd qardaşlığı cəhətinə, amma məndən söz aldı ki, sənin hüzuruna gəlib təqsirimi ərz eləyim və hər əmr səndən sadir olsa, ona əməl edəm". "Aha! Düşünürəm, belə bir böyük günahın cəzası qandır, bunu ancaq qan ilə təmizləmək olar, başqa bir çarə yoxdur!" Belə deyib tapancanın çaxmağını qalxızdı. Səfər bəy döşünü qabağa tutub qəzasına razı oldu. Hacı Yusif onu rədd edib dedi: "Yox, ölümə layiq sən deyilsən. Sənin mürəbbindir ki, sənə tərbiyə verməkdə böyük qüsur göstəribdir". Bu halda tapanca açılır və Hacı Yusifin ruhsuz qəlbi yerə sərilir və alnından nazik qan çeşməsi açılır….

Müəllim və mürəbbilərə nə gözəl ibrətdir!

Bu misallı təlim və tərbiyəyə və yeniyetmə cavan nəslin təhzibi-əxlaqına dair Sereteli cənablarının daha çox bərgüzidə əsərləri vardır ki, təmamisini qəzetə sütunlarında zikr etməyə yer yoxdur. Bu axır vaxtlarda knyaz Akaki "Müsəlman qardaşlarıma" sərlövhəsində yazdığı bir şerində müsəlmanların qəflətdən ayılmağını müşahidə edib, onları təbrik, ülum və fənnin təhsilinə təşviq, ittihad və ittifaqa tərğib edib deyir: "Çox çəkməz ki, sizi zəif, bacarıqsız və elmsiz bilənlərdən siz qüvvətli, bacarıqlı və elmli olarsınız…." Heyfa ki, Akakinin bu təbriknaməsini ələ gətirə bilmədik ki, tərcüməsini eyni ilə burada yaza idik. Sereteli cənablarını cümlə müsəlman ədibləri və şairləri tərəfindən təbrik edib, Gürcüstanın fəxri üçün daha da çox yaşamaqlarını səmimi qəlbdən arzu və təmənna edirik.