Gərək (gəraylı, Koroğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gərək
Müəllif: Koroğlu
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

İgid meydana girəndə,
Qaynayıb coşmamaq gərək.
Əgər olsa Haqq vergisi,
Qismətdən qaçmamaq gərək.

Baxmaram düşmən hayına,
Haqq bəla versin xayına.
İgid igidin payına,
Köndələn düşməmək gərək.

Qoç Koroğlu çıxar düzə,
Baxmaram əlliyə, yüzə.
Mən dəlidən öyüd sizə,
Həddini aşmamaq gərək.