Həsbi-hal (5) (H.Cavid)
Həsbi-hal (5) (1910) Müəllif: Hüseyn Cavid |
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh. |
Şimdi üçüncü qısma gələlim.
Üçüncülər: “yeni üsulda tərbiyə görüb, yaxud görmək istəyib, müəllimliyə həvəskar
olan gənclərdir” demişdik.
Bunların – bu müəllimlərin bir payı ibtidai türkcə, rusca təhsil görüb bir fəaliyyəticavanmərdanə
ilə çalışanlardır ki, sayları pək az, xidmətləri isə pək çoqdur.
Bir payı da vaqtilə yalnız mədrəsələrdə uğraşıb yorulmuş əfəndilərdir ki, şimdi işin
mahiyyətini anlayıb candan, yürəkdən, gecəligündüzlü çalışıb iləriləmək istiyorlar. Bir
tərəfdən türkcə tarixə, ədəbiyyata, lisanə diqqət edib, bir tərəfdən də xüsusi olaraq az-çoq
ruscaya həvəs ediyorlar. Onların bu dürlü açıqgöz olmaları ciddən şayani-təqdirdir.
Fəqət bunlardan bir taqım gənc xocacıqlar da var ki, yaşadığı əsrin mədəniyyətini
bilməyərək, yaxud bilmək istəməyərək, azacıq e’tinasız kibi görünüyorlar.
Fəqət onlar da işin əhəmiyyətini biləcəklər. Lakin az deyil, pək çoq peşimançılıq
çəkəcəklərdir.
Maarifpərvər zatların borcudur ki, hər yerdə onları şirin dil ilə, məhəbbət ilə çalışıb
iləriləməyə təşviq etsinlər. Təşviq etsinlər də həmonları, həm də kəndilərini qayeyiməqsədə
nail etsinlər, edə bilsinlər. Məhəbbət bəşəriyyətin ən dərin, ən ülvi bir
təcəlligahıdır.
Məhəbbət anlı-şanlı ordulardan, vulkanlı toplardan daha ziyadə qələbə və
müvəffəqiyyət ehraz edə bilir.
Qafqasyanın bə’zi yerlərində, daha doğrusu hər yerində az-çoq bir münazieyi-
şəxsiyyə cərəyan etməkdədir. Bu münaziəyə yol açan da bir taqım xüsusi
məhəbbətsizlikdən başqa bir şey deyildir.
Bir mühafizəkar bir təcəddüdpərvəri, açıqgöz bir gənci uzaqdan görüncə, yaxud ona
aid bir söz eşidincə dərhal sinirləri (ə’sabı) oynamağa başlar. Görməyə gözü olmaz, lakin
haqqı da var...
Yeniyetmə bir gənc, yaxud tərəfdari-təcəddüd bir əfəndi də mühafizəkara, əski fikirli
bir xocacığa təsadüf edərsə, əsla ona yaqınlaşmaq istəməz. Yaqınlaşsa da müstəhziyanə
suallar ilə zavallıyı xırpalamaq, qızartmaq istər.
Əvvəlki quşqulanmasında, yaqın durmamasında, nifrət və məhəbbətsizlik etməsində
ikinciyə nisbətən azacıq haqlıdır. Çünki həqiqətdən uzaqdır. Həqiqi elm, fəzilət nə
olduğunu eyicə kəsdirəmiyor. Onun için də bu tərəfə məhəbbətsizlik göstəriyor.
Fəqət ikincilər, yə’ni münəvvərəlfikr olanlar isə, bir çoq nöqteyinəzərdən yanlışdırlar.
Və sataşmaq, təkdir etmək kibi bir taqım hərəkətlərindən məs’uldurlar. Zira aldıqları
vəziyyət əksəriyyətlə onları islah edəməyib ədavətlə qarışıq bə’zi darğınlıqlara yol açır.
Şimdi bu iki qüvvət uzaqdan bir-birinə yan baqarsa, biri havaya, biri suya çəkmək
istərsə arabanın (məqsədin) olduğu yerdə qalacağına şübhə edilməməlidir.
Yaxud bir araya gəlib də bir-birinə yaqlaşmaq istərsə və yaqlaşıryaqlaşmaz bir
şiddəti-mexanikiyyə ilə çarpışır isə – tə’sir-əks tə’sir qanununca hər ikisi zəhmət duyar.
Hər ikisi zərərdidə olur. Hər ikisi şiddəti-müsadimə ilə geri fırlayıb ayrı, qeyri yaşamağa,
küsgün bir vəziyyət almağa məcbur olur. Bu vəziyyət isə büsbütün
tərəqiyyatimədəniyyətimizə mane olub daima ənvari-həqiqətə qarşı bir
zülmətitəhəmmülgüdaz hazırlanmış olur.
Bir də təfsilə nə hacət... Pisliyi qurcalamaq, qarışdırmaq, xasseyişaməyi incitməkdən
başqa bir şeyə yaramaz ki!
Mədəniyyətdən məqsəd rifahiyyət və səadətə nail olmaq isə, təbii, onu hər kəs
alqışlar, hər kəs sevər, hər kəs istər.
Bir mədrəsənişin tələbə, bir gənc xoca ki, yeni-yeni xocalığa hazırlanıyor, şübhəsiz ki,
məs’ud yaşamaq için sairlərdən daha ziyadə daireyi-mədəniyyətə girmək istər. Xar və
zəbun qalmaq istəməz.
Daha açıq tə’bir ilə – onlar Molla Nəsrəddinin “tavlamıxda bağlanıb qalmış buzovuna
bənzər”, mıxdan açılınca dört əlli, dört ayaqlı qaçmaq istərlər. Onları həyati-mədəniyyəyə
alışdırmaq için beş-altı aylıq rəhbərlik kifayət edər. Lakin şu rəhbərlikdə mülayimət və
məhəbbətdən əsla uzaq bulunmamalıdır. Onları inadla, məzəmmət ilə deyil, qardaş kibi
sevə-sevə daireyi-ittihada çağırmalıdır.
Mümkün dərəcədə hər şəhərdə, hər qəsəbədə bir qaç ə’zadan mürəkkəb bir cəmiyyət
təşkil edilməlidir. Bə’zi şəhərlərimizdə olan nəşri-maarif cəmiyyətləri kibi vaqt qaib
etmədən qəflət, cəhalət uçurumlarında yuvarlanan o biçarələri müəllimliyə təşviq etməli,
çalışdırmalı, bə’zi ufaq-təfək məsarifi dəröhdə etməlidir. Müxtəsərcə qiraət, hesab, türk
tarixi, islam tarixi, coğrafiya, qəvaidi-lisan kibi bir taqım mühüm, fəqət qolay şeyləri az
bir zamanda öyrədib pərvaz eyləməlidir.
Keçən həftələrdə Ə.T. əfəndilərinin bu məsələyə dair yürütdükləri mütaliəyi hər kəs
oquyub, görmüşdür. Onun için pək də təfsilə hacət yoq zənn edərim.
Fəqət burasını bilməli ki, bu hal inqilabi bir haldır. Bu üsul dəvam etsə-etsə ancaq iki-
üç sənə dəvam edə bilir. Pək ziyadə uzanması arzu ediləcək dərəcədə fayda verməz, çünki
bu qısım müəllimlərin beş-on aylıq təhsili ibtidai məktəbləri yarım-yamalaq idarə edə
bilir, çocuğu az-çoq qiraət, kitabət, tarix, lisan... və sairə kibi şeylər ilə müstəfid edərsə də,
fəqət bir çoq nöqteyi-nəzərdən nəticə qüsurlu çıqa bilir.
Beş aylıq təcəddüd, iyirmi beş illik mevhumat ilə paslanmış dimağları (beyinləri) hiç
də silib təmizləyəməz. Bəhərhal əski küp yenə az-çoq sızmağa başlar. İcab edən fəzali-
əxlaqiyyəyi, hissiyyatimilliyyəyi tələbəyə təlqin edəməyib, xoş bir qayəyə varamazlar.
Çünki o kibi fəzilətlər tədrici təkamül bir təhsilə möhtacdır.
Sür’ətlə alovlanan hər şey, hər əməl, hər duyğu səbat göstərməzsə pək çabuq sönər,
yaşayamaz, sür’ətlə münqəriz olur, yarım-yırtıq, qırıq-tökük işlər daima nəticəsiz qalır.
Təcrübəkar müəllimlərə, həqiqətaşina xocalara malik olmaq için er-gec iki böyük
müəssisəyə ehtiyacımız var ki, biri milli bir darülmüəllimin, digər də ruhani bir
darülelmdən ibarətdir.
Bu xüsusda fəzilətpərvər şeyxülislam həzrətlərinin keçənlərdə “Həqiqət”də bir
məqalələri də var idi.
O məqalə, Qafqasyada ciddi və həqiqi bir darülelm tə’sisini tövsiyə ediyordu. Və
orada tə’qib ediləcək proqramı da ayrıca göstəriyordu. Məzkur proqramı bəyənənlər pək
çoq oldu. Fəqət öylə bir mütaliəyi-haq bəyanına tə’qib edilmədi. Cavabsız qaldı, əqim
qaldı, nəticəsiz qaldı...
Bəli, bin dürlü hava və həvəsə qarşı pərəstiş edən milyonlar, bir çoq rəzilanə, səfilanə
işlərdə kül olub gedən altınlar, öylə bir nidayihəqiqətə qarşı susdu, qaldı. Səs vermədi, lal
oldu.
İllərcə ərz olunduğu kibi hər şey öz yerində, öz vaqtında yapılacaq. Qış keçib
gedəcək, yüzü qaralıq kömürə qalacaqdır.
Lakin anlaşıldığına görə bu iki darülelm, şimdilik ayrı-ayrı açılamıyacaq. Camaatda
az-çoq həvəs varsa da para (?) cənabları pək də aldırmıyor, müsaidə etmiyor, daha
doğrusu, məsləhət görmüyor.
Zatən Ərdəbil dəlləkləri baş ucunda hazır; kəndini zəhmətə, məşəqqətə, məsrəfə
soqmaq fəzlə deyilmi ya?
Bununla bərabər hər halda bizim için alim və müəllim yetişdirəcək müntəzəm və
mürəttəb bir müəssisə lazımdır.
Azacıq himmət, qeyrət edilərsə bu iki arzunu bir nöqtədə birləşdirərik. İki bostanı bir
ırmaqdan sirab edə bilərik. Müntəzəm bir darülmüəllimin tə’sis edilsə müəllim qıtlığı
çəkməkdən qurtularıq.
Sınıflar tə’qib edildikcə edilir. Səkiz-doquz sənə dərsə dəvam olunur. Müəllimliyə
istihqaq qazanıldığı təqdirdə tə’lim və tədrisə həvəskar olanlar müəllimliyinə gedər.
Axund (alim) olmaq arzusunda olanlar isə iki-üç sənə dəxi ayrıca darülmüəllimin
proqramına ilavə olunmuş, ilahiyyat şö’bəsinə dəvam edər. Dünya və axirət elmlərini
mükəmməlcə təhsil etmiş olur. Və həqiqi, mühakiməli, doğru bir mə’lumata malik olunur.
İştə o zaman haqqilə alim adına layiq alimlər görərik. Və müəllim qıtlığı çəkməkdən də
azad olarıq.