Knyaz/İkinci pərdə

Vikimənbə saytından
Birinci pərdə Knyaz. İkinci pərdə
Müəllif: Hüseyn Cavid
Üçüncü pərdə


Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafı əlvan çiçəklərlə süslü bir havuz… Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oqşar. Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs… gündüz…

L e n a
(Marqo ilə bərabər gəlir, ətrafı süzərək)
Bülbülləri seyr eylə, nasıl şən,
Şaqraq səsə məftun olurum bən.
(Havuz kənarına yaqlaşır. Əlindəki kağızda bükülü ətmək parçasını ufaltaraq balıqlara atar)
Baq, oynaşıyor dürlü balıqlar,
Ən nəş’əli munis ufacıqlar.

M a r q о
Heyrət!.. Nə gözəllik, nə şətarət!..
Hoplar, sevinirlər, nə səadət!?

L e n a
(təkrar ətmək parçaları ataraq)
Altın kibi parlar sarı çapqın.

M a r q о
Baq, baq, şu qızıllar daha sapqın.

L e n a
Pək хoş о yosundan süzüləndə,
Bir lalə kayar sanki çəməndə.
Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahənglə çoban düdüyü çalınmağa başlar.
(Lena məczub.)
Ya Rəb, nə həzin səs, nə füsunkar?

M a r q о
Baq, burda məzarlıqda çalırlar.

L e n a
(çevrilib baqar, mütəəssir olur, əlini köksünə qoyaraq həsrətli
baqışlarla)
Ah, annəmi xatırladım iştə…

M a r q о
Almışdır onu Tanrı behiştə.

L e n a
Anton bana anlatdı ki, guya
Cənnət yalan, əfsanədir Isa.

M a r q о
Hiç dinləmə, yavrum, onu ah, sus!
Dinsizlərə uymuşdur о mənhus.
(Ətrafa baqaraq.)
Jasmen hanı?

L e n a
Daim о çıqar da,
Ətrafı dalar seyrə yuqarda.
(Aşağı yola baqaraq.)
Anton gəliyor, gözləri dalğın…

M a r q о
İnsanmı, bıraq sən də, о çılğın!..

A n t о n
(əlində qəzetə gəlir)
Sən burdamısın, Lena?

L e n a
Əvət, sən…
Ürküb qaçıyorsun yenə bizdən.

A n t о n
(havuz kənarındakı sıraya oturur)
Məşğul idim azcıq.

L e n a
(əli ilə yuqarı çıqmağa də’vətlə)
Gəl, oturma!

A n t о n
Yorğun kibiyim.

M a r q о
(Lenanın qolundan tutaraq, darğın və kinayəli)
Kəndini yorma,
Gəl, daş daşımış, bəlli ki, yorğun…
(Oğluna.)
Ah, sən bəni həp qəhr ediyorsun.
Tək bir gecə yatmaz da yataqda,
Həp başda daşırsın dəli sevda,
Izlər səni bin dürlü fəlakət…
(Gedərlər.)

A n t о n
(əli ilə rədd edər kibi)
Söylənmə, yetər, haydı, çəkil get!
(Əlindəki qəzetəyi mütaliəyə başlar.)

Ş a k r о
(bir az sonra aşağı tərəfdən çıqar. Antona yaqlaşır)
Sən nerdə idin dün gecə, yavrum,
Susmaq nə için? Həp bana mə’lum!

A n t о n
Dəf’ ol, yetişir…

Ş a k r о
Dur, bəni dinlə,
Bən arqadaşım iştə səninlə.

A n t о n
Hər xainə yoldaş olamam bən.

Ş a k r о
Xainmi?
(qoltuq cibindən bir dəftərçə çıqarır.)
Bu dəftər nə imiş?

A n t о n
(əlindən alır)
Sən
Həm firqəyə, həm kəndinə xain…
(Dəftərçəni yırtıb parçalar, yüzünə çırparaq.)
Al! Dərs olur əlbət bu səninçin,
Binlərcə sənin eşlərin ancaq
Yoqsulları etməkdə oyuncaq.

Ş a k r о
Bilməm ki, şaşırdınmı, nədir bu?
Zənnimcə yolun pək uçurumlu…
Bir arqadaşın dün gecə qaçmış,
Həp firqənizin sirrini açmış.
Çıq get, acırım halına… Ən son
Bir məsləhətimdir sana, Anton!

A n t о n
(acı qəhqəhəylə)
Binlərcə ac, işsiz əzilirkən,
Yalnız acıyorsun bana həp sən.
Məhbəs kəsilib yoqsula dünya,
Qarunlar edər hökmünü icra.
Layiqmi durub seyr eləyim bən,
Bir gün belə çıqmam bu şəhərdən.
Anton deyil azğın, deyil alçaq,
Acizlərə yardım dilər ancaq.

Ş a k r о
(gülərək)
Şən Tiflisi atmazsın, əvət sən,
Cəzb etmədə hər gün səni Jasmen.

A n t о n
Həp saçma, yalan…

Ş a k r о
(gülərək)
Bəlkə həqiqət,
Kim qılsa sizin gözlərə diqqət,
Aydın görünür girdiyiniz rol.

A n t о n
(qafasını oynataraq, laübali)
Bən istəmiş olsaydım, əmin ol,
Çoqdan bana həmdəmdi о afət,
Kəndim onu atdım…

Ş a k r о
(sərsəm gülüşlərlə)
Nə məharət!?
(İki-üç adım uzaqlaşaraq, ciddi.)
Bin təhlikə izlər səni hər gün,
İstərsə də Jasmen sana küssün,
Çıq get də, bıraq Tiflisi…

A n t о n
Alçaq!..

Ş a k r о
Yardımçı bənim bir sana ancaq.
(Çəkilib gedər.)

A n t о n
Knyazlara get, yardımı qoş… Bən
Yardım diləməm av köpəyindən.

J a s m e n yuqarı tərəfdən gəlir.

J a s m e n
Anton yenə dalğın, yenə tənha.

A n t о n
(hörmət və sevinclə)
Sən nerdə idin?

J a s m e n
İştə yuqarda,
Yüksəklərə çıq, gör də nələr var.
Хoş mənzərələr ruhunu oqşar.
Tiflis ayaq altında gülümsər,
Göz qırpar uzaqdan sana hər yer.
Ətrafı tamaşayə dalırkən,
Dünyayı yaratdım sanırım bən.

A n t о n
Bir yanda coşub-daşsa da varlıq,
Bir yanda sırıtmaqda məzarlıq.
Bir yanda gülümsər mədəniyyət,
Bir yanda amansız, acı dəhşət!

J a s m e n
Seyr etdim о hiçlikləri bən də,
Çırpındı könül matəm içində.

A n t о n
Knyazlara həp əmr ediyorkən,
Bilməm niyə bədbin olasın sən?..

J a s m e n
(istehzalı təbəssümlə)
Anton, yenə Jasmenlə alaymı?

A n t о n
Jasmenlə alay, sanki qolaymı?

J a s m e n
Sən köydə nəzakətli bir eşdin,
Aç, söylə, niçin böylə dəyişdin?

A n t о n
Sənsiz yaşıyorkən qabalaşdım,
Həm Jasmenə, həm kəndimə şaşdım.

J a s m e n
Yoq, Jasmen о Jasmendir, əmin ol.

A n t о n
Bambaşqa bu gün oynadığın rol.
Bən fabrikalar, paslar içində!
(Jasmenin üstündəki elmasları göstərir.)
Sən incilər, elmaslar içində!
Bən köydə sənin, sən də bənimdin,
Üstün gələrək yoqsula zəngin,
(İstehzalı təbəssümlə)
Altınla sönüb səndəki hər hiss,
Oldun ulu knyazlara munis.
Sərxoşlara uydun, bəni satdın…

J a s m e n
Ya… sən nə için Jasmeni atdın?
Ayrılmayaraq fabrikalardan,
Etdin bəni həp məsləkə qurban.

A n t о n
Yoq şübhə, anardım səni hər gün,
Məslək və vəzifəm daha üstün.

J a s m e n
Yoq səndə günah, iştə bu aydın,
Sən Jasmeni əvvəl hiçə saydın.
Baq, şimdi də bəndən qaçıyorsun,
Kinlər və dikənlər saçıyorsun.
Könlümdəki çarpıntını bilsən,
Bilsən ki, nələr çəkmədəyim bən…

A n t о n
(istehzalı qəhqəhələrlə)
Könlünmü?! İnanmam buna əsla!

J a s m e n
(onun əlini köksünə qoyaraq)
Baq, çırpınıyor, susmadı hala.
Knyaz qarşıdan çıqar, bu mənzərədən fəna halda sarsılır. Jasmen onu görüncə kəndini toplar.

K n y a z
Jasmen! Hanı Marqo? Hanı Lena?

J a s m e n
Yoq, bəncə, təlaş etmədə mə’na.
Çamlıqda gəzib əyləniyorlar,
Baq, iştə bərabər eniyorlar.
(Antona.)
Anton! Çağırın onları lütfən.

A n t о n
Baş üstünə!

K n y a z
(Jasmenin ruhunu oqurcasına kinli və qısqanc baqışlarla süzərək)
Jasmen! Bu nə, Jasmen?!
Təbrik edərim eşqini, ah, sən…
(Sözünü bitirəməz.)

J a s m e n
Bilməm ki, niçindir bu kinayən?

K n y a z
Sən Knyazı divanəmi sandın,
Yoq, yoq, görünür bəndən usandın.
Əğyar əli köksündə, nə zillət!
Bir sözlə, niçindir bu xəyanət?
Anton sana munis ki, deyildi,
Birdən-birə doktormu kəsildi?!

J a s m e n
Knyaz! Sanırım, fəzlə bu şübhən.
Sür’ətlə yürürkən, ürəyimdən
Dəhşət dolu bir vəlvələ qopdu.
Sandım qara bir zəlzələ qopdu.
(Knyazın əlini köksünə qoyar.)
Baq, şimdi də çırpınmada…

K n y a z
(şiddətlə əlini rədd edər)
Alçaq!
Hər sapqına oldummu oyuncaq?
Yeltənmə, saqın, hiyləyə, Jasmen!
Hər azğına əyləncəmiyim bən?!
(Barmağı ilə getməsi için yol göstərir.)

J a s m e n
Knyaz! Bəni vur, parçala, öldür!
Böhtan demə, qəhr et, bəni güldür.
Anton soyuq erkək, qaba insan,
Ürküb qaçıyor cümlə qadından.
Hər kəs tanıyorkən onu, söylə,
Təhqirə nə hacət bəni böylə?

K n y a z
Ah, sus! Bu nə yoldur gediyorsun,
Sən hiç, bəni bədnam ediyorsun…
Sapdırdı əminim səni Tiflis,
Ah, dünkü mələk, şimdi bir İblis.

Solomon təlaşla gəlir.

S о l о m о n
Knyaz! Xəbərin yoqmu?

K n y a z
Nə varmış?

S о l о m о n
Düşman yenə coşmuş da qabarmış.
Gürcüstanı bir hiç sanıyormuş,
Çarpışmağa hazırlanıyormuş.

K n y a z
(acı gülüşlə)
Həp nafilə, çarpışma nə lazim?
Er-gec oluruz onlara təslim.
Bə’zən alınır qəl’ə içindən;
Anton kimilər burda dururkən,
Dəhşət bizi məğlub edəcəkdir,
Var-yoq bütün əldən gedəcəkdir.

S о l о m о n
Anton nəçidir?

K n y a z
Ən qaba insan!
Ən sayğısız, ən qorqulu düşman!..

S о l о m о n
Zənnimcə bir az səhv ediyorsun.

J a s m e n
(təlaş və həyəcanla)
Ah, sən onu həp məhv ediyorsun.

K n y a z
(çılğın)
Jasmen! Bəni söylətmə, yetər, sus!
Anton, о, yılandan daha mənhus…

Bir х ə f i y y ə i k i s i l a h l ı m i l i s l ə gəlir.

Х ə f i y y ə
Anton deyə, Knyaz, biri varmış,
Duyduq ki, sizin evdə yaşarmış…

K n y a z
Pək doğru, nə olmuş?

Х ə f i y y ə
Dəmin evdən
Sorduq, dedilər, çıqdı о erkən.

K n y a z
Anlat, nə içindir bu soruşmaq?

Х ə f i y y ə
Bir sirr ki, hökumət bilir ancaq.

K n y a z
(yuqarı tərəfi göstərir)
Anton gəliyor, iştə!
Milislər gedir.
Rəzalət!

S о l о m о n
Yapmış, görünür, gizli xəyanət.

K n y a z
(qızğın)
Yoqsul deyərək tərbiyə etdik,
Göstərdi fəqət tərbiyəsizlik.

L e n a
(qoşaraq gəlir)
Ah… Yardım edin siz ona, yardım!

K n y a z
Kimdir о, qızım?

L e n a
Antona yardım!

K n y a z
Yoq qorquya hacət, yaqalansın,
Nankör və ədəbsizdir о çapqın.
Çıqmaz gecələr fabrikalardan,
Tə’lim ediyor hər kəsə isyan.

J a s m e n
(Lena ilə)
Knyaz!..

K n y a z
(sinirli)
Bəni söylətmə, çəkil, get!

Milislər A n t о n u gətirər.

M a r q о
(həyəcanlı halda gəlir, ağlayaraq)
Knyaz! Bu ağarmış saça rəhm et,
Oğlum gediyor, ah, bana yardım.

L e n a
(babasına yalvarır)
Anton ki, bizimdir, ona yardım!

K n y a z
Yavrum, bu hökumət işi, söylə,
Əldən nə gəlir?

M a r q о
(ağlar gözlə Knyazın qarşısında diz çökər)
Mərhəmət eylə!

A n t о n
Yalvarma, bıraq! Məhv olalım biz.
(Knyaza)
Sərxoş olaraq zevqə dalın siz!

M a r q о
(xaç çəkərək, göyə doğru)
Ya Rəb, bizə imdad!

A n t о n
О eşitməz…

M a r q о
(mütəəssir)
Ah, sus!

A n t о n
О fəlakətdən edər həzz.

M a r q о
Ah, mərhəmət! Ey, sevgili İsa!
Qurtar onu, bin cürmü də olsa…

A n t о n
Olsaydı onun qüdrəti, əfsus,
Çarmıxda bunalmazdı…

K n y a z
Yetər, sus!
Azğındakı həzyanlara bir baq!
Məhv olmağa layiqdir о ancaq.

Х ə f i y y ə
Artıq gedəlim.

A n t о n
Haydı.
Gedərlər.

M a r q о
(sinirli fəryad ilə)
Səfillər!..
Dur, getməliyim bən də bərabər…
(Oğluna yaqlaşır.)

Х ə f i y y ə
(onu qolundan itərək)
Dəf’ ol!

M a r q о
(Knyaza)
Bəni məhv et, onu qurtar!
(E’tinasız görüncə)
Qatillər, amansız canavarlar!

Yaralı hıçqırıqlar içində bayılıb düşər. Jasmenlə Lena yüzünə su səpərək ayıltmağa çalışırlar.

Ş a k r о
(həyəcan və təlaşla gələr)
Knyaz! Yetişin yardıma!..

S о l о m о n
Nolmuş?

Ş a k r о
Yanqın sarıyor evləri…

S о l о m о n
(ətrafa)
Bayquş!

K n y a z
Kimdən bu cəsarət, bu xəyanət?!

Ş a k r о
Dün qovduğunuz işçilər əlbət.

S о l о m о n
Bir başqası yapmaz bunu…

K n y a z
Lakin,
Bir gün də yaşatmam onu… Miskin!
Yüz buldu da hər baldırı çıplaq!
Kimlər bana meydan oquyor baq!
Kin püskürən azğınlara yalnız,
Dəhşətli ölüm vardır amansız!..

Kinli və sür’ətli adımlarla gedər. Solomon və Şakro da onu izlərlər.

M a r q о
(gözlərini açıb başını qaldırır)
Anton hanı, məhv etdimi cəllad?
Ah, yavrum!… Aman, yavruma imdad!..
(Təkrar bihal olub düşər.)

Pərdə