Koroğlu (opera)/Üçüncü pərdə

Vikimənbə saytından
İkinci pərdə Koroğlu. Üçüncü pərdə
Müəllif: Üzeyir Hacıbəyov
Dördüncü pərdə


X o r--

Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm.
Quş keçə bilməz bu səngərlərin üstündən,
Qəsd edə bilməz bu yerlərə heç bir düşmən.
Qəhrəmanlar yurdu Çənlibel,
Basılmaz bir ordu Çənlibel.
Məskən saldıq Çənlibeldə, hey….
Əlbir olduq Çənlibeldə,
Çənli-çənli, Çənlibeldə, Çənlibeldə hey….
Koroğlu vurdu, yıxdı, qırdı,
Tökdü xan-paşaları;
Azad etdi yoxsulları,
Qurtardı dərddən, qurtardı qəmdən,
Dərddən, qəmdən, zalım xanların zülmündən,
Zalım xanların zülmündən, hey!…
Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm,
Quş ötə bilməz bu səngərlərin üstündən,
Qəsd edə bilməz bu yerlərə heç bir düşmən.
Qəhrəmanlər yurdu Çənlibel,
Basılmaz bir ordu Çənlibel,
Çənli bel, Çənli bel….
Məskən saldıq Çənlibeldə, hey….
Düşmən vurduq Çənlibeldə, hey….
Əlbir olduq Çənlibeldə, Çənlibeldə, Çənlibeldə hey….
Koroğlu vurdu, yıxdı, qırdı,
Tökdü xan-paşaları, Azad etdi yoxsulları,
Qurtardı dərddən, qurtardı qəmdən,
Dərddən, qəmdən, zalım xanların zülmündən,
Zalım xanların zülmündən, hey!…

K o r o ğ l u--

Darmadağın eyləmişəm xanın qoşunlarını,
Ölkəsini dağıtmışam, almışam canlarını,
Talan edib qoymamışam daş üstündə daşını,
Həsən xanlar ala bilməz Kor oğlunun başını.
Mərd igidlər nərə çəksin davada….

X o r--

Hey!… Hey!…

K o r o ğ l u--

Şikar etsin tərlan kimi havada,
Dövran etsin misri qılınc davada,
Bağırsaq cəmdəyə dolanmaq gərək.

X o r--

Hey…. Hey!… (2 dəfə)

K o r o ğ l u--

Dövran etsin misri qılınc davada,
Bağırsaq cəmdəyə dolanmaq gərək.
Koroğludur içən düşmən qanını,
Nərəsindən davalarda tanını.
Qırın vəzirlərin, tutun xanını,
Leş-leş üstə bir-bir qalanmaq gərək.
Qırın vəzirlərin, tutun xanını,
Leş-leş üstə bir-bir qalanmaq gərək.

X o r--

Koroğlusan, mərd oğlusan, (2 dəfə)
Sənsən məzlum xalqın dostu,
Xanların qatil düşmanı,
Cox sag ol!…

K o r o ğ l u--

Xanlarından zülm görmüş ermənilər, gürcülər,
Başlayıb üsyana; bizlərdən gəlib yardım dilər.
Ermənilər, gürcülər, kürdlər--bu miskin kəndlilər.
Mən gətirdim bu camaat yoldaş olsun sizlərə,
Xan cəfasından qaçanlar qoy qoşulsun bizlərə.
Əlbir olsunlar bu yoxsullar bizimlə bir kərə,
Müttəfiq qüvvətlə zərbə endirmək düşmənlərə,
Qan içən düşmənlərə,
Məhv edən düşmənlərə,
Zülm edən düşmənlərə.

X o r--

Hər kəs olsa yoxsuldan,
Qaçmış olsa bəy-xandan,
Gəlsin, hər nə məzlum var,
Gəlsin, Çənlibeldə yeri var.
Gəlsin, hər nə məzlum var,
Gəlsin, Çənlibeldə yeri var, hey!…

K o r o ğ l u--

Çənlibeldə zülm olmaz,
Burda xan-bəy yaşamaz.
Azad olmaq istəyən gəlsin,
Rahat olmaq istəyən gəlsin.
Azad olmaq istəyən gəlsin,
Rahat olmaq istəyən gəlsin.

H a m ı--

Burda hər kəs qardaşdır,
Bir-birilə yoldaşdır.
Böylə bir söz verdik,
Əhdi-peyman etdik;
Mülkədara qarşı, zülmkara qarşı,
Hiyləgərə qarşı saldırmaq, məhv etdirmək.

K o r o ğ l u--

Hey … saldırmaq, məhv etdirmək.

X o r--

Cümlə mülkədarı, cümlə zülmkarı,
Cümlə hiyləkarı məhv etdirmək.

H ә m z ә b ә y--

Yandım, allah (2 dəfə)
Ver bir içim su….

X o r--

Kimdir bu, kimdir bu?

H ә m z ә b ә y--

Mən yazığam, siz mənə rəhm edin,
Mən fağıram, siz mənə rəhm edin.
Bir kəsim yox, siz mənə rəhm edin.
Mənə gəlin rəhm edin, rəhm edin….

X o r--

Rədd ol get!

H ә m z ә b ә y--

Yazığam.

X o r--

Rədd ol get!

H ә m z ә b ә y--

Yazığam.

X o r--

Hiyləgər, rəzil adam, rədd ol get!

H ә m z ә b ә y--

Yazığam.

X o r--

Rədd ol get!

H ә m z ә b ә y--

Yazığam.

X o r--

Bədsifət, səfil adam.

H ә m z ә b ә y--

Mən yazığam, rəhm edin siz mənə,
Gəlin mənə rəhm edin bir kərə.
Mən fağıram rəhm….

K o r o ğ l u--

Dayan! Kimsən, nəçisən, sənətin nədir?
Bura belə gəlməkdə məqsədin nədir?

H ә m z ә b ә y--

Sənətim atlara baxmaqdır,
Bu yolda çox mahirəm.
Xanların zülmündən qaçmışam,
Sənə, sənə mailəm.

K o r o ğ l u--

Aparın bunu tövləyə,
İş görsün orada fəraqət;
Hər gün, hər gecə Qıratı
Bəslətsin, eyləsin rahət.

X o r--

Rövşən, sən əbəs yerə eylədin bunu qəbul,
Səndən çıxmayan bir iş, ehtiyatsız bir üsul….
Bəlkə xan tərəfindən gəlmiş olsun bu füzul.

K o r o ğ l u--

Cəsus olsaydı əgər, verərdi xəbər Nigar,
Bunda olsaydı xətər, Nigar eylərdi xəbər,
Gözləyir o yar məni, gözləyir Nigar məni,
Düşdü yadıma Nigar, getdi əldən ixtiyar.
Sən çək orda min cəfa,
Biz görək burda səfa, ax….
Gəl, Nigar!…
Sevdim səni mən, ey Nigarım,
Rəna gözəlim, şən baharım.
Sevdim səni, canan!
Lakin zülmükar xan,
Xalqın qatil düşməni
Əsir etmişdir səni.
Ondan müşküldür ayrı düşmək,
Lakin çətindir bu görüşmək.
Oldum bu yolda mən
Öz-özümə düşmən,
Ayrı düşdüm səndən,
Mən ayrı düşdüm səndən, hey….
Səndən mən, hey…. Səndən mən, hey … səndən mən!…
Dönmərəm bu yoldan,
Xof etmərəm xandan,
Məqsəddən keçmərəm, ölərəm,
Keçərəm canımdan.
Ölsün düşmən, bu üsyandan
Qurtarmasın yaxasın.
Dağılsın, kor olsun kainat,
Onda nə zövq var, nə həyat.
Bu aləm sevgilər, məhəbbət
Yaratsın, yaratsın, hey!…
Sevdim səni mən, ey Nigarım,
Rəna gözəlim, şən baharım.
Sevdim səni, yarım,
Sənsən mənim canım.
Olmaz özgə sevgilim səndən,
Ayrı səndən, ayrı səndən,
Ayrı dusdum, Nigar!…
X o r (baslar)--

Gəlsin düdükçülər,
Çıxsın oyunçular,
Şadlıq edək bu gün,
Həm çənlibelçilər.

R ә q s

X o r--

Əhdimiz üstə durduq,
Burda biz qardaş olduq.
Xanlara qarşı üsyan
Tədbirini biz qurduq, qurduq, qurduq.

H ә m z ә b ә y--

Qırat mənimdir,
Yansın Koroğlu, həm Nigar
Mənimdir, yansın Kor oğlu, ha, ha, ha….

X o r--

Qırat oğurlandı, Qırat oğurlandı.
Alçaq, xain insan.
Qırat oğurlanmış, yırtıcı bir heyvan,
Yırtıcı, qanmaz heyvan, heç çıxmaz yaddan,
Apardı səni insafsız düşman, hey … amansız düşman!
Qırat, Qırat, Qırat!…

PƏRDӘ