Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar

Vikimənbə saytından
Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.124.

Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar,
Qılınclardır ki, qanlar tökmək ilə jəng tutmuşlar.

Qılıb təğyiri-surət vəsmədən yəğma qılırlar dil,
Hərami qaşların rəsmü rəhi-neyrəng tutmuşlar.

Könül mir’atını eylər mükəddər əql təklifi,
Xoş ol bibaklər kim, tərki-namü nəng tutmuşlar.

Fəzayi-ömrdən guya degillər qönçə tək vaqif
Olar kim, özlərin dünya üçün diltəng tutmuşlar.

Məni, kim səngsari-möhnətəm bazari-eşq içrə,
Bəla daği çəkən Fərhad ilə həmsəng tutmuşlar.

Ləbin dövründə zahidlər tutub meyxanələr küncün,
Qılıb təsbih tarın tərk, zülfi-çəng tutmuşlar.

Səhər bülbüllər əfğanı degil bihudə gülşəndə,
Füzuli naleyi-dilsuzinə ahəng tutmuşlar.